525.Az

Gəncədə yaralanan Karina Qriqoryan: "Ermənilərin təcavüzkar xislətini pisləyirəm"


 

ERMƏNİLƏRİN ARTİLLERİYA ATƏŞİ ZAMANI YARALANAN 77 YAŞLI GƏNCƏ SAKİNİ: "AZƏRBAYCANLILARDAN DAİM YAXŞILIQ, XOŞ NİYYƏT GÖRMÜŞƏM"

Gəncədə yaralanan Karina Qriqoryan: "Ermənilərin təcavüzkar xislətini pisləyirəm"<b style="color:red"></b>

Mənfur erməni işğalçılarının son günlər ikinci şəhərimiz - Nizami yurdu Gəncəyə alçaqcasına, dinc əhalinin həyatına qəsd məqsədilə həyata keçirdiyi artilleriya və raket zərbələri nəticəsində 1 nəfər sakin həlak olub, 35 nəfər yaralanıb, mal, mülk və əmlaka xeyli ziyan dəyib.

Yaralananlar arasında erməni və polyak əsilli 77 yaşlı Gəncə sakini Karina Qriqoryan da var. Bu yaşlı qadının qonşuları - azərbaycanlıların qolları üstündə təhlükəli yerdən çıxarılıb, təcili yardım göstərilməsi səhnəsi xalqımızın ən sadə nümayəndələrinin belə  müdrikliyinin, humanizminin bariz nümunəsidir. Öz soydaşlarının alçaq xəyanətkarlığının qurbanı olan bu qadın da həmin fikirdədir: "Mən buranı - Azərbaycan torpağını özümə doğma yurd bilirəm. Ömrüm burda, Gəncədə keçib. Azərbaycanlılardan daim yaxşılıq, xoş niyyət görmüşəm. Övladlarım da həmçinin. İndi onlar Rusiyada yaşayırlar. Bu alçaq, nakor hərəkətləri ilə özlərinə yalnız nifrət qazandıra bilən ermənilərin təcavüzkar xislətini pisləyirəm. Dinc sakinlərin atəşə tutulmasını bağışlamaq olmaz. Onların bu alçaqlığı lənətə layiqdir".

Xəstəxanada zəruri müalicələrini almış yaralılar arasında ana-bala Həsənovlar da var. 14 yaşlı İlyas evlərində televizora baxırmış. Qəfil partlayış onu və anası Leyla xanımı divara çırpıb. Üstəlik, uşağın üzərinə divar parçaları düşüb. "Məni elə bil qəfil, güclü külək götürüb divara çırpdı. Üstümüzə də daş-divar töküldü. Uşağı uçqun parçalarının altından çıxardılar. Şükür, xəsarətlərimiz yüngül ötüşdü. Hesab edirəm ki, Allah bizi qoruyur! Çünki bizim xalqımız xoşniyyətli, xəyanətdən uzaq, haqq yolu tutan və bu yola həmişə sadiq millətdir", - deyə Leyla xanım bildirir.

Doğrudan da, yaşlı erməni qadınının öz nankor həmmillətləri barədə kiçicik "təhlil"i və azərbaycanlı ananın hər şeyin haqq işinə bağlı olduğu haqda qənaətləri bir daha sübut edir ki, dünyada hər bir şeyin cavabı var, hər seyin öz zamanı var.

Zakir MURADOV
Gəncə

 





08.10.2020    çap et  çap et