525.Az

"Azərbaycan tibb sahəsində də regionun lider ölkəsinə çevrilə bilər"


 

ABŞ-DA TİBB ÜZRƏ DOKTORANTURA TƏHSİLİ ALAN CƏMİLƏ MƏMMƏDOVANIN SÖZLƏRİNƏ GÖRƏ, BUNUN ÜÇÜN LAZIMİ POTENSİAL VAR VƏ MÜVAFİQ ADDIMLAR ATILIR

"Azərbaycan tibb sahəsində də regionun lider ölkəsinə çevrilə bilər"<b style="color:red"></b>

Qloballaşan dünyada dinamik inkişaf edən təhsil sisteminin formalaşdırılması hər bir ölkənin beynəlxalq rəqabətliliyini təmin edən və gücləndirən  həlledici faktorlardan birinə çevrilib.  Prezident  İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" ali təhsil sisteminin yeni və müasir inkişaf  istiqamətlərinin, strateji hədəflərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.  

Dövlət Proqramının həyata keçirilməsində əsas məqsəd elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkədə yeni nəsil mütəxəssislərin yetişdirilməsidir. "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı uğurla həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın davamı hesab etmək olar. Bu proqram strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın ali təhsil sisteminin daha da gücləndirilməsinə yönələn bu proqramın icrası nəticəsində təhsilin doktorantura səviyyəsində xaricdə təhsil və təcrübənin maliyyələşdirilməsi ilk dəfə həyata keçirilir.

Bu gün Azərbaycanda ölkənin ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara böyük ehtiyac var. Məhz bu proqram sayəsində xaricdə təhsil alan və fəlsəfə doktoru dərəcəsi olan yüksək ixtisaslı kadrlar təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdaraq müqavilə tərəfdaşı olan yerli ali təhsil müəssisəsində pedaqoji fəaliyyətə cəlb ediləcəklər. Məhz bu yolla da Azərbaycanın ali təhsil müəssisələrinın kadr potensialı gücləndiriləcək.

Dövlət Proqramının icrasını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirir. Xaricdə doktorantura təhsili üzrə il ərzində 100 tələbənin maliyyələşdirilməsi nəzərdə tutulur. Proqramın icrasını təmin etmək məqsədilə müxtəlif qurumlara ayrı-ayrı vəzifələr həvalə edilib. Bu  vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

Bu il 34 nəfər proqram çərçivəsində 11 ölkənin 22 nüfuzlu ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil almaq hüququ qazanıb.

Proqram çərçivəsində doktorantura təhsili almaq hüququ qazanan gənclərimizdən biri də Amerika Birləşmiş Ştatlarında doktorantura təhsili alan Cəmilə Məmmədovadır. O, Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili alıb.  2011-ci ildə Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetində "İqtisadi planlaşdırma"  ixtisası  üzrə magistratura, 2017-2020-ci illərdə ABŞ-nın Florida Universitetində "Mikrobioloiya və hüceyrə elmi"  üzrə ikinci bakalavr təhsilinə yiyələnib.  Hazırda isə ABŞ-ın  Cənubi Florida Universitetində tibb üzrə doktorantura  təhsili alır.

C.Məmmədovanın  sözlərinə görə, tibb sahəsinə marağı uşaqlıqdan olub: "Yadımdadır ki, orta məktəbdə təbiət elmlərinə marağım yüksək idi. Fizika, kimya və biologiya kimi fənləri həmişə yüksək həvəslə oxumuşam və məktəbdən sonra kitabxanaya gedib, əlavə ədəbiyyatlardan məlumatlar alırdım. Bundan başqa, ailəmizin üzvü çətin xəstəlik ilə yaşayırdı. Tibbi təkcə nəzəri olaraq deyil, həm də praktiki tərəfindən uşaqlıqdan izləmişəm. Xəstəxanalara tez-tez getməli idik və tibb xidmətlərinin insanların həyat keyfiyyətinə nə dərəcədə təsir etdiyini yaxından yaşamışıq. Tibbi xidmətlərin təkmilləşdirilməsinin necə mümkün olduğunu həmişə düşünürdüm. Ailəmizin məsləhəti ilə ilk karyera addımlarım iqtisadiyyat və strateji planlaşdırma sahəsində olub. Gələcəkdə isə, tibb üzrə doktorantura təhsilini alandan sonra, həm strateji planlaşdırmanı, həm texniki bilikləri əhatə edən perspektivimi tibb sahəsinin inkişafına yönəltmək istəyərdim".



O bildirib ki, tibb sahəsində ilk təcrübəni ABŞ-nın xəstəxanalarında alıb: "Burada tibb sahəsinə aid olan elmləri oxuyarkən, həftə sonu və ya boş vaxtlarımda  həm xəstəxanalarda çalışırdım, həm də tibbi  öyrənirdim. İlk təcrübəm ümumi xəstəliklərə baxan ailə həkiminin yanında olub. Daha sonra isə oftalmoloqun yanında İnsanın İmmunçatışmazlığı Virusu xəstələrinin göz problemlərini öyrəndim.  İş təcrübəmdən bu sahəyə aid olan həkim məsuliyyəti və işə sədaqətliliyi  öyrəndim. Texniki biliklərin vacibliyi nə qədər yüksək olsa da, pasiyentlərə qarşı diqqətliliyin və qayğının göstərilməsinin vacibliyini də anladım. Yanında işlədiyim həkim həmişə deyirdi ki, "Pasiyentə diqqətlə qulaq asmaq düzgün diaqnozun yarısıdır". Bunları izləyərkan anlayırdım ki, tibb xidməti yalnız texniki biliklərdən ibarət deyil və ünsiyyət sənətini, bacarıqlarını da əhatə edir.

Tibb sahəsində tədqiqatın önəmliliyini də qeyd etmək istərdim. ABŞ-da qabaqcıl xəstəxanalar yalnız yeni tədqiqatlara əsasən müalicə aparırlar. Bu yanaşmanın uğurunu xəstəxanaların statistik göstəricilərindən dərk etmək olur. Misal üçün, Tampa şəhərində yerləşən və xərçəng xəstəlikləri üzrə ixtisaslaşan Moffitt xəstəxanasının pasiyentlərinin sağqalma ehtimalı hər il daha da artır".

C.Məmmədovanın dediyinə görə, o, doktorantura təhsilini  Dövlət Proqramı çərçivəsində davam etdirmək hüququ qazanıb: "Proses aydın və səliqəli şəkildə aparılıb. Bütün tələb olunan sənədlər öncədən internetdə qeyd olunmuşdu və bu sənədləri toplayıb göndərmək üçüb kifayət vaxt verilmişdi. Proqramda iştirak etmək üçün onlayn şəkildə hesab açdım (login) və tələb olunan sənədləri yüklədim. Qeyd etmək istərdim ki, Təhsil Nazirliyinin işçiləri prosesi çox professional şəkildə aparıblar. Misal üçün, hansısa qeyri-adi sual yaranarkən, e-mail şəkildə suallarımı göndərirdim və cavabı qısa zamanda alırdım. Fikrimcə, Dövlət Proqramı qərbdə əldə olunmuş bilikləri Azərbaycana inteqrasiya etmək üçün önəmli layihədir.  Ümid edirəm ki, proqram nəticəsində  xaricdə təhsil alaraq Azərbaycanın inkişafına maksimal şəkildə töhfələrimizi verə bilərik".

O qeyd edib ki, ABŞ-da tibb üzrə doktorantura təhsili ölkədə ən rəqabətli proqramlardan biri hesab olunur. Digərləri, hüquq məktəbi və mühəndislikdir. Dörd il proqram çərçivəsində biz bir neçə tədqiqat işini aparırıq və elm jurnallarda dərc olunuruq: "Proqrama qatılmışam və artıq birinci tədqiqat işimi başlamışam. Hazırda, immun çatışmazlığı və yumurtalıq xərçəngi arasında əlaqəni araşdırıram. Əsas tədqiqatımı yenə də xərçəng xəstəliyi üzrə planlaşdırıram. Həm genetik terapiya, həm xüsusi immun müdaxilə terapiyanı dərindən öyrəndikdən sonra, nəticələri tədqiqat işimdə analiz etməyə planlaşdırıram".

C.Məmmədovanın söylədiyinə görə, Cənubi Florida Universitetində (CFU) tədqiqatçılıq fəaliyyəti universitetin ümumi  təhsil siyasətinin mərkəzindədir. Qabaqcıl ali təhsil müəssisəsi olaraq, tədqiqat işlərinə görə Cənubi Florida Universiteti  Amerikada dövlət universitetləri  arasında top-50 universitet siyahısındadır.  Ali məktəb hər il  tibb, təbiət elmləri,  mühəndislik və informasiya  üzrə tədqiqatlar aparır: "2017-2018-ci illərdə CFU-nun tədqiqat fəaliyyətinə həsr olunan büdcəsi 500 milyon  ABŞ dollarından artıq idi. Bu,  ona görə önəmlidir ki, yeni tədqiqatlar yeni avadanlıq və bilik ekspertlərini tələb edir. Yaxın zamanlarda   universitetdə  bir elmi konfransda iştirak etmişdim və bəzi alimlər deyirdi ki, tibb sahəsində biliklər hər 18 aydan bir ikiqat artır. İndiki inkişaf sürətinə bərabər inkişaf etmək üçün həm zəhmətkeşlik,  həm də büdcə önəmli faktorlardır. CFU kimi qabaqcıl tərəfdaş universitetlə tədqiqat işlərini aparmağı özümə böyük bir inkişaf imkanı kimi dəyərləndirirəm və böyük məmnuniyyətlə bu işə başlayıram".

O vurğulayıb ki, sahədən asılı olaraq, xaricdə təhsil almağın keyfiyyəti böyük üstünlük ola bilər. Misal üçün, hazırda elm yüksək sürətdə inkişaf edir.  Qabaqcıl universitetlər elm sahəsində əldə olunan yenilikləri öz kurikulumuna daxil etmək üçün böyük maliyyə vəsaitləri ayırırlar. Əlavə olaraq, həmən yenilikləri inkişaf etdirmək üçün ali təhsil müəssisələri bir-biri ilə rəqabət aparırlar. Bu rəqabət maliyyə cəhətdən baha başa gəlir və hər universitet lazım olan qədər maliyyə vəsaitlərinə malik deyil. Bu faktor universitetlər arasında təhsil keyfiyyətinin fərqini bir tərəfdən izah edir. Buna görə, aparıcı universitetlərdə təhsil almaq həqiqətən biliklərin keyfiyyəti üçün böyük üstünlükdür: "Eyni zamanda qeyd etmək istərdim ki, təkcə elmi dərəcə deyil, tədqiqat sahəsini də nəzərə almaq lazımdır. Misal üçün, ingilis ədəbiyyatı üzrə PhD proqramına investisiya etmək hazırda prioritet olmaya bilər. Bu cür proqramlar indiki dövrdə  onlayn şəkildə tədris olunur. Ancaq elmi öyrənmək, inkişaf etdirmək üçün xüsusi laboratoriya və avadanlıq tələb olunur. Bu bilikləri yalnız universitetin özündə almaq mümkündür. Bir də universitetin səviyyəsini mütləq nəzərə almaq lazımdır. Xaricdə yerləşsə də, hər universitet yüksək təhsil təmin edə bilmir. Yaxşıdır ki, Dövlət Proqramı yalnız xüsusi universitetləri və ixtisasları nəzərə alır. Mənim fikrimcə, bu, optimal və gələcəkdə böyük fayda verəcək yanaşmadır".

Gələcək planlarından söz açan C.Məmmədova deyib ki, əsas hədəfi Azərbaycanda tibb sahəsinin inkişafına öz töhfələrimi vermək, bu sahəni  gücləndirməkdir: "Bu planın iki böyük məqsədi var. Birincisi, Azərbaycanda yaşayan vətəndaşlarımız üçün daha yüksək səviyyədə tibb xidmətlərini təmin etməkdir. Oxuduğum qabaqcıl tədqiqatları, müalicə protokollarını və Qərbdə olan aparıcı təcrübəni Azərbaycana gətirmək istərdim. İstərdim ki, vətəndaşlarımız,  ailələrimiz, dostlarımız  yüksək tibb xidməti üçün xaricə getmədən, Azərbaycanın özündə bu xidmətləri ala bilsinlər. Ölkəmizdə də yüksək tibb xidmətləri göstərilsin. İkincisi  isə, Azərbaycanda tibb üzrə qabacıl işçi qüvvəsini formalaşdırmaqla regionda tibb üzrə Mərkəz qurmaqdır. Məncə, ölkəmizin ətrafında yüksək səviyyədə tibb xidmətlərini almaq istəyən qonşularımız çoxdur və Azərbaycan tibb sahəsində də regionun lider ölkəsinə çevrilə bilər".

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





09.10.2020    çap et  çap et