525.Az

Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır - İbrahim Cəfərovun yazısı


 

Hər kəs öz işi ilə məşğul olsa yaxşıdır - <b style="color:red">İbrahim Cəfərovun yazısı </b>

Sentyabrın 27-dən müharibə gedir. Kiminə görə ikinci, kiminə görə üçüncü Qarabağ müharibəsi. Bəziləri də bu savaşa Vətən müharibəsi deyir. Məncə isə, bu, bizim haqq savaşımızdır. Bu, bizim özümüzə qayıdışımızdır. Bu, bizim dünyaya əsl azərbaycanlı kimliyinin sübutudur.

Ötən əsrin son on illiyində şotlandlardan sonra dünyanın ən vətənpərvər ikinci xalqı seçilsək də, torpaqlarımızın 20 faizini itirdikdən sonrakı 30 ildə eşitmədiyimiz söz qalmadı. Gah məşhur "Ya Qarabağ, ya ölüm" repində də səslənən "hamınız qorxaqsız" kəlməsini üzümüzə vurdular, gah hansısa 13-15 yaşlı çeçen uşağının rus kanalında dediyi "mən azərbaycanlı deyiləm ki, torpağımı qoyum qaçım" cümləsindən bizi aşağılamaq üçün istifadə etdilər. Ən sonda isə Paşinyan kimi əbləh bizə meydan oxudu: "Azərbaycanlılar torpaqlarını geri qaytarmaq istəyirlərsə, buyursunlar, müharibə etsinlər". O qədər harınladılar ki, Qarabağın göz bəbəyi olan Şuşada qondarma "prezident"lərinə andiçmə mərasimi keçirməkdən belə çəkinmədilər... 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin də dediyi kimi, biz bu gün ən yeni tariximizi yazırıq. Biz təkcə döyüş meydanında zəfər qazanmırıq. Biz həm də 30 ildir formalaşan "azərbaycanlılar qorxaqdılar", "azərbaycanlılarda birlik yoxdur" kimi fikirləri darmadağın edirik. Bütün dünyaya sübut edirik ki, torpağımızın bir qarışını belə düşmənə güzəştə getməyəcəyik. Son 2 gündə cəbhə bölgəsində çəkilən kadrlar dünya mətbuatına gündəm olur. Gəncədə evi bombalanan mülki vətəndaşımız əlində Azərbaycan bayrağı ilə evdən çıxır. Bu möhtəşəm kadrı Rusiya mətbuatı günün fotosu seçdi. Ucarda meyvə satan vətəndaşımızın "əsgər payı" yazısı Qərb mətbuatında geniş tirajlanıb, şok effekti yaradıb. Bütün dünya anlayır, görür və əmin olur ki, azərbaycanlılar torpaqlarını sevirlər, vətənləri uğrunda ölməyə hazırdılar. Azərbaycanda olan hazırkı birliyə dünyanın heç bir ölkəsində rast gələ bilməzsən. Dünyada savaşa toya gedən kimi gedən neçə millət var? Müharibə gedən neçə ölkənin vətəndaşları savaşın davam etməsindən yox, bitməsindən narahatdır? Yaxud hansı ölkənin vətəndaşı sosial şəbəkədə müharibəyə aparılmamasından şikayətlənir, buna etiraz edir? Bütün bu tarixi yazan bizlərik, Azərbaycan xalqıdır. Amma Azərbaycanın ən yeni tarixinin yazıldığı bu günlərdə təəssüf doğuran bəzi məqamlarla da rastlaşırıq.

Müxtəlif tanınmış peşə sahiblərinin cəbhə bölgəsinə yollanaraq ordumuza mənəvi dəstək göstərmələrində qeyri-adi nəsə yoxdur. Lakin bu cür məqamların ictimailəşdirilməsi, bu tip xəbərlərin tirajlanması bir çox hallarda kənardan heç də xoş təsir bağışlamır. Ordudakı əsgərlərimizə dəstək olmaq, onları ruhlandırmaq hər birimizin borcudur. O cümlədən də, müxtəlif sahələri təmsil edən tanınmış insanların. Lakin unutmayaq ki, cəbhə bölgəsi Balaxanı deyil ki, hamı gedib orda şəkil çəkdirsin, özünü təbliğ eləsin. Yaxşı olardı ki, bu mühüm günlərdə hər kəs öz işi ilə məşğul olsun. Əksəriyyətin də fikri belədir ki, tanınmış simalar cəbhədə şəkil çəkdirməkdənsə, öz sahələrində ordumuza dəstək vermələri ilə xalqa daha çox fayda vermiş olarlar.

Müharibə sentyabrın 27-dən başlayıb. Geridə qalan günlərdə sosial şəbəkələrdə də tez-tez musiqiçilərimizin sükuta qərq olmaları, bu şanlı günlərdə vətənpərvər ruhda bircə yeni mahnının yazılmaması, ifa olunmaması narazılıqla qarşılanır. İnsanlar tamamilə haqlıdırlar. Yaxşı olar ki, tanınmış simalar cəbhə bölgəsinə gedib özünütəbliğatla məşğul olmaqdansa, ortaya yeni iş qoysunlar. İstər ordudakı qəhrəmanlarımız olsun, istər mülki vətəndaşlarımız - indi hər kəsin belə şou xarakterli fotolara yox, məsələn, vətənpər ruhda yazılmış yeni mahnılara ehtiyacı var. Axı, nə vaxta qədər "İgid əsgər möhkəm dayan"la irəli gedəcəyik?

 





09.10.2020    çap et  çap et