525.Az

Tarixi ədalət bərpa olunur... - "Bakı Universiteti"


 

Tarixi ədalət bərpa olunur... - <b style="color:red">"Bakı Universiteti" </b>

Əsrlər boyu xalqımıza qarşı məkrli planlar quran, hər fürsətdə öz çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərən bədnam qonşularımız ötən əsrin 90-cı illərinin əvvəllərində havadarlarının ciddi dəstəyi ilə, eyni zamanda, həmin dövrdə ölkəmizdə baş alan xaos, hakimiyyətsizlik şəraitindən istifadə edərək tarixi torpaqlarımız olan Qarabağı və ətraf rayonları bir-birinin ardınca işğal etdilər. Ölkəmizə qarşı elan edilməmiş müharibəyə başlayan Ermənistan Respublikasının silahlı birləşmələri müharibə dövrünün qanunlarına, beynəlxalq konvensiyalara zidd olaraq dinc əhalimizə də divan tutdular, tarixin yaddaşına Xocalı soyqırımı, Ağdaban faciəsi kimi qara səhifələr yazdılar. Bir milyondan çox soydaşımız əsrlər boyu ata-babalarının yaşadıqları yurdlardan didərgin düşdülər.

Hadisələrin sonrakı inkişafının təhlili sübut edir ki, əgər həmin dövrdə xalqımızın Ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etsəydi, ermənilər və onların havadarları öz çirkin niyyətlərini həyata keçirməyə nail olmayacaqdılar. Tariximizə Milli Qurtuluş Günü kimi düşən 1993-cü ilin 15 iyununda Ulu öndərimiz Azərbaycanda siyasi hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələr kimi ordu quruculuğu prosesi də sürətlə inkişaf etməyə başladı. Ulu öndərimizin rəhbərliyi ilə peşəkar ordunun formalaşdırılması, silahlı birləşmələrin vahid komandanlıq altında səfərbər olunması, Füzuli-Horadiz istiqamətində uğurlu döyüş əməliyyatlarının aparılması düşməni atəşkəs sazişini imzalamağa məcbur etdi. Atəşkəs dövründə peşəkar ordu quruculuğu, eyni zamanda, diplomatik cəbhədə qazanılmış uğurlar və ölkəmizin iqtisadi cəhətdən inkişafı Azərbaycanın mövqelərini günbəgün möhkəmləndirdi.

2003-cü ildən ölkəmizə rəhbərlik edən - Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev artıq möhkəm təməllərə malik olan dövlətçiliyimizi daha da inkişaf etdirdi, ölkəmiz dünya birliyinin hesablaşdığı qüdrətli dövlətə çevrildi. İqtisadi inkişaf tempinə görə dünyanın aparıcı ölkələrindən birinə çevrilən Azərbaycanda ordu quruculuğu daha geniş vüsət aldı, silahlı qüvvələrimiz maddi-texniki imkanlarına, döyüş qabiliyyətinə görə dünyanın ən peşəkar, qüdrətli orduları siyahısına daxil oldu. 2016-cı ilin aprel zəfəri, 2020-ci ilin Tovuz döyüşləri Azərbaycan ordusunun yenilməzliyini, bu gücün qarşısında heç bir düşmənin tab gətirə bilməyəcəyini bir daha sübut etdi.

Son dövrlər istər diplomatik cəbhədə, istərsə də döyüş xəttində bir-birinin ardınca acı məğlubiyyətlərə düçar olan Ermənistanın siyasi rəhbərliyi itirilmiş nüfuzunu guya geri qaytarmaq niyyətilə yenidən militarist bəyanatlar verməyə başlamış, yeni ərazilər uğrunda yeni müharibə tezisini irəli sürmüşdür. Siyasi səbatsızlıq və təcrübəsizlik şəraitində atdığı addımların fərqində olmayan Paşinyan hakimiyyəti, Ermənistan dövləti, eləcə də erməni xalqının uzun illər ərzində həyata keçirdiyi işğalçılıq siyasəti bu dəfə "gurultulu müvəffəqiyyətsizliyə" uğradı.

2020-ci ilin 27 sentyabrından başlayaraq cəbhənin müxtəlif istiqamətlərindən hücuma keçən Ermənistan silahlı qüvvələrinin çirkin niyyətlərinin qarşısı Ali Baş Komandanımızın müdrik qərarları, qətiyyətli tapşırıqları ilə dərhal alındı, əks hücum əməliyyatlarına başlayan şanlı ordumuz qısa müddət ərzində ildırım sürətli müharibə planı ilə uzun illərdir işğal altında olan tarixi torpaqlarımızın bir hissəsini işğaldan azad etdi, əzəli yurd yerlərimizdə Azərbaycan bayraqları yenidən və əbədi dalğalanmağa başladı.

Uzun illər dünya ölkələri və beynəlxalq təşkilatlar tərəfindən nəticəsiz sülh danışıqları prosesinə cəlb edilən və hər zaman özünün ədalətli, məsuliyyətli mövqeyi ilə seçilən Azərbaycan artıq mövcud status-kvonu mümkünsüz hesab edir. Dövlətimiz hər addımda sülhü təhdid edən, beynəlxalq hüquq normalarını tapdalayan Ermənistan Respublikasının 30 ildən artıq davam edən işğalçılıq siyasətinə birdəfəlik son qoymaq niyyətində və əzmindədir. Bu gün ölkəmizdəki sarsılmaz xalq-iqtidar birliyi, dünyaya örnək olan siyasi həmrəylimiz, ordumuzun döyüş qabiliyyəti və yüksək əhval-ruhiyyəsi onu deməyə əsas verir ki, apardığımız ədalətli müharibə ən yaxın müddətdə işğal altında olan torpaqlarımızın hər bir qarışının azad edilməsi ilə nəticələnəcəkdir.

Ölkəsində onsuz da olmayan dayaqlarını tamamilə itirən Paşinyan hakimiyyəti bu proseslərdə heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən dəstək ala bilmir, artıq dünya ictimaiyyəti Ermənistanı işğalçı ölkə kimi qəbul edir və işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxmalı olduğunu bildirir. Bunun tam əksinə olaraq, Azərbaycan dövləti dost və tərəfdaş ölkələrdən, dünya birliyindən ciddi siyasi dəstək alır, eyni zamanda, ölkədə fəaliyyət göstərən və  müxtəlif ideoloji xətləri təmsil edən siyasi qüvvələr də iqtidarla birmənalı şəkildə həmrəylik nümayiş etdirirlər. 50 siyasi partiyanın birgə bəyanat verərək ölkə rəhbərinin, aparılan siyasi xəttin, şanlı ordumuzun yanında olduğunu ifadə etməsi bu gün dünyaya örnək olacaq siyasi həmrəyliyin və milli birliyin ən yaxşı nümunəsidir. Lakin təəssüf hissi ilə qeyd olunmalıdır ki, ölkədə fəaliyyət göstərən iki siyasi partiya bu cür həssas məqamda milli məsələyə etinasız yanaşaraq həmrəylik bəyanatına imza atmamış, bununla da 5-ci kolonun maraqlarına xidmət etdiklərini bir daha nümayiş etdirmişlər. Eyni zamanda, ona da əminik ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində ölkəmizdə formalaşmış xalq-iqtidar birliyi sarsılmazdır, Azərbaycandakı sabitliyi, əmin-amanlığı pozmaq üçün müəyyən güc mərkəzlərinin bəzi ölkələrdə həyata keçirdikləri ssenariləri ölkəmizdə təkrarlamaq qeyri-mümkündür.

Son döyüşlər, bir-birinin ardınca əldə edilən qələbələr, strateji yüksəkliklərin şanlı ordumuz tərəfindən tutulması, tarixi ərazilərimizdə üçrəngli bayrağımızın yenidən dalğalanması xalqımızda böyük ruh yüksəkliyi və döyüş əzmi yaratmışdır. Səfərbərlik xidmətinə üz tutan on minlərlə Azərbaycan vətəndaşı düşmənlə amansız mübarizəyə atılmağa və torpaqlarımız uğrunda son damla qanlarına qədər döyüşməyə hazır olduqlarını nümayiş etdirirlər.

Əminik ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin mahir sərkərdəliyi ilə aparılan döyüş əməliyyatları şanlı qələbə ilə nəticələnəcək, Ermənistan dövlətinin 30 ildən artıq bir müddətdə davam edən işğalçılıq siyasətinə son qoyulacaq və tarixi ədalət bərpa olunacaqdır.

Torpaqlarımız uğrunda canlarını fəda edən qəhrəman hərbçilərimizə, mülkü vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik.

Yaşasın Azərbaycan dövləti, yaşasın şanlı ordumuz!

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.

Hər birimiz əsgərik, hər birimiz döyüşçüyük!

Qələbə bizimlədir!

Ələmdar Cabbarlı
BDU-nun dosenti

“Bakı Dövlət Universiteti mənim idealımdır”

Bu ilin bütün pandemiya çətinliklərinə, dünyada və eləcə də Azərbaycan təhsilində özünü göstərən narahatlıqlara baxmayaraq, bizim xalqımızın oxumaq, savadlanmaq, ali təhsil almaq həvəsi, istəyi yenə də hər şeyə qalib gəldi. Dünənin minlərlə abituriyenti bu gün artıq ali təhsil müəssisələrimizin birinci kurs tələbəsi adını almaq sevincini yaşamaqdadır. Bizim Bakı Dövlət Universitetinin çoxsaylı fakültələrinə minlərlə tələbə qəbul edilmişdir. Onlardan biri də BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat kimi mükəmməl bir fakültəsinə qəbul olmuş Nərminə Bayramlıdır. Biz Nərminə ilə əlaqə saxlayıb ondan kiçik bir müsahibə aldıq.

- Nərminə, salam! Səni ürəkdən təbrik  edirəm. Tanrı səni ən böyük arzuna çatdırıb. Tələbə olmağın sevincini necə yaşayırsan?

- Salam, bəli, tələbə olmaq arzuma çatdım, indi isə ailəm, yaxınlarım ilə sevincimi paylaşıram.

- Nərminə, sənin iki cəhətdən bəxtin gətirib: Birincisi, Azərbaycanın ən yüksək səviyyəli Universitetinə - BDU-ya qəbul olmusan, ikincisi, bu universitetin ən yaxşı fakültəsini seçmisən. Bu seçmin nəylə əlaqədar oldu?

- Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsini seçdim, çünki ailəmizdə də iqtisadçı var. Hələ 7-ci sinifdən bu yana Bakı Dövlət Universiteti mənim idealım olub, sonda da bəxtim gətirdi, mən bu ixtisası qazandım və öz idealıma qovuşdum...

- Nərminə, bitirdiyin orta məktəb və müəllimlərin haqqında nə deyərdin?

- Orta təhsilimin böyük hissəsini 95 saylı  tam orta məktəbdə almışam, müəllimlərimizin hər biri savadlı idi və biliklərini maksimum dərəcədə bizə öyrətməyə çalışırdılar. Ailəmizin yaxşı tanıdığı Şəlalə Rəhimovanın  əlavə tarix dərsləri  də mənə çox kömək oldu. Ona da sizin vasitənizlə ayrıca təşəkkür edirəm.

- İstədiyi Universitetə, istədiyi ixtisasa qəbul olmaq üçün gələn ilin abituriyentlərinə hansı məsləhətləri verərdin?

- Çalışsınlar və istəklərindən geri dönməsinlər, abituriyentlik dönəmi çətindir, amma nəticəni gördükcə bütün çətinliklər şirin olur. İnsan "nə yaxşı ki, geri dönmədim  yaxşı ki, tələbə adını qazandım" deyir.

- Mən bir daha səni təbik edirəm. İndi biz səninlə artıq bir ali məktəbdəyik.

- Sağ olun, mən indi Bakı Dövlət Universitetini "mənim Universitetim"  adlandırıram, bu, həyatımın ən xoşbəxt anıdır.

Sara Parlanova
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi

HANSI MÜƏLLİM UNUDULMUR?



Məktəb illərim yadıma düşür. 82 saylı orta məktəb. 7-ci sinifdə oxuyanda bir gün yuxarı siniflərdə oxuyan qardaşlarıma dərs deyən müəllimə Nərgiz Quliyeva tarix dərsimizdə bizim öz müəlliməmizi əvəzlədi. Azərbaycan tarixinin şanlı səhifələrindən olan İkinci Dünya müharibəsi, bu müharibədə Azərbaycanın rolu, partizan hərəkatı, Əhmədiyyə Cəbrayılov və  digər bilməli olduğumuz əhəmiyyətli hadisələrdən danışdı. O qədər savadlı, intellektual, erudisiyalı insan idi ki, dərsin bitməsini heç istəmirdim. Beləliklə, ilk tanışlıq gözəl nəticələndi. Abituriyent dövründə də əlindən gələn bütün köməyi məndən əsirgəmədi. Dərslərlə yanaşı, hər gün dünya görüşünü artıran, maraqlı məlumatlar deyər və mən də yazardım. Bugünkü Eldar Cəfərov olmağımda ən böyük rolu olan insanlardandır. İxtisas seçimində də yaxşı təhsil almaq, mütəxəssis olmaq üçün Bakı Dövlət Universitetini seçməyimi məsləhət bildi. Axı özü də 1982-ci ildə doğma universitetin məzunu olmuşdu.

Arzuladığım Beynəlxalq münasibətlər ixtisasına daxil oldum. Çox zaman tələbələr məktəb müəllimələrini unudurlar. Ancaq mən bilgimin çoxunu borclu olduğum insanı necə unuda bilərəm? Uzun illər keçib. Hələ də zəngləşirəm, görüşürəm.

Məktəb illərdində televiziyada tez-tez rejissor Rocer Mişelin çəkdiyi "Notting Hill" filmi göstərilirdi. Filmdə amerikalı aktrisa Anna Skotun  (Culia Roberts) Londona gəlməsi və kitab dükanında çalışan Vilyam Takerlə (Hyu Qrant) tanışlığı əks olunur. Filmin bütün ssenarisini yazmaq fikrində deyiləm. Maraqlananlar yenidən baxa bilər. Amma mənim üçün filmdəki bir səhnə həyatım boyu unudulmaz qaldı. Anna Vilyama dünyaca məşhur rəssam olan Mark Şaqalın "Gəlinlər" silsilə əsərlərindən biri olan "Kənd Madonnası" əsərini hədiyyə edir.

Filmdən təsirlənən mən, Nərgiz xanımla ilk görüşümüzdə rəssam Şaqal haqqında soruşdum. Yəhudi əsilli, rus-belorus-fransız rəssamı olduğunu, ekspressionizm və kubizm janrlarında çəkdiyini, tablolarında insanları qanadsız uçura bilən biri kimi mənə danışdı. Həmin an o tablonu görməyi çox arzuladım.

Və bu hadisədən 20 il keçdi. Mark Şaqalın məhz həmin "Kənd Madonnası" əsərini görmək üçün krallar şəhəri Madridə yollanıram. Yol boyu daxilimdəki hisslər mənə aman vermir. Uşaqlığım, məktəb illərim, qayğısız günlərim, o illərin həsrəti. Hər şey yadıma düşür.

Madrid futbolu ilə yanaşı, öz 3 muzeyi ilə də məşhurdur: Kraliça Sofiya muzeyi, Prado muzeyi, Tissen Bornemis muzeyi. Onlara "incəsənətin qızıl üçbucağı" da deyirlər. Hər üç muzeyi gəzirəm. Şaqalın həmin tablosu üçünsə Tissen Bornemisi ən sona saxlamışam. Və budur. Zaman gəlir yetişir. Muzeyə daxil olan kimi həmin tablonun yerin soruşuram. Dünyaca məşhur rəssamlar olan Salvador Dali, Rene Maqrit, Pablo Pikassonun da əsərləri həmin muzeydə olsa da, mənə arzularım üçün ilk olaraq həmin tablo lazım idi. Salonda asılmış bir tablonu görmək insanı bu qədər xoşbəxt edə bilərmi? Aman Tanrım. Mən bunu bacardım. Arzum həyata keçdi. Qarşımdadır. Odur. Şaqal və onun madonnası. Gözlərimi ayıra bilmirəm. Neçə dəqiqə, neçə saat keçdiyini də bilmirəm. Zaman o an mənim üçün artıq nisbi anlayış idi.

O qədər təəssüratla doluyam ki, bəlkə də bir ömür xoşbəxtliyə belə dəyər. Muzey işçisinə yaxınlaşıb telefonla danışmalı olduğumu dedim. Dəhlizin sonunda bunu edə biləcəyimi söylədi. Bakıya, müəlliməmə, Nərgiz müəlliməyə zəng edirəm. Dali, Pikasso, Maqrit kimi XX əsrin dahilərinin əsələrini, ən əsas da Şaqalın madonnasını gördüyümü, yanımda heç kimin olmadığını, məhz bu an bu təəssüratlarımı bölüşməyə kimsəm olmadığını, dərin təlatümdə olduğumu, sevinc və kədərin eyni anda gəldiyini ona söylədim. Hisslərimi ilk sözlərimdən anlamışdı artıq. Dinlədi. Məni təbrik etdi. Hər zaman arzularımın arxasınca getməyimi istədi. Sonda isə bütün dialoqlarımızın sonunda olduğu kimi, yenə də mənə sual verdi:

- Bəs de görüm Şaqal nə zaman çəkməyi bitirdi?

- Hmmm. Bilmirəm. Lütfən deyin. Lütfən

- Həyat yoldaşı Bella dünyasını dəyişəndə, qızını çağırıb deyir ki, bütün rəgləri və fırçaları atsın

- Sizi çox sevirəm Nərgiz xanım. Yaxşı ki varsınız.

Həyatımda belə müəllimlərdən dərs almışam mən. Heç vaxt haqların ödəyə bilmərəm. Bu gün mən də müəlliməm. Şagirdinin, tələbəsinin yaddaşında iz qoyan, bütün bilgisini paylaşan, vicdan, ədalət prinsiplərini hər şeydən üstün tutan bütün müəllimlər unudulmazdır.

Eldar Cəfərov
BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ümid sənədir ancaq, Azərbaycan əsgəri! 



2020-ci ilin sentyabr ayının 27-sini Azərbaycanın şanlı tarixinin möhtəşəm zəfər gününün başlanğıcı hesab etsək yanılmarıq. Ermənistanın cəbhə zonasında növbəti xain təxribatına cavab olaraq Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımız bütün cəbhə boyu əks-hücum əməliyyatı başlatmışdır. Qürurverici haldır ki, iki gün ərzində düşmənin bir çox hərbi texnikası, tank və artilleriya qurğusu sıradan çıxarılmış, yüzlərlə canlı qüvvəsi məhv edilmiş, hərbi qərargahları darmadağın edilmişdir. Rəşadətli və müzəffər ordumuz bir sıra əlverişli yüksəklikləri, 7 kəndi düşmən tapdağından azad etmiş, əməliyyat şəraitinə nəzarəti tamamilə ələ almışdır. Düşmənin sülh prosesinə ciddi zərbə vurması, qeyri-konstruktiv mövqeyi ilə danışıqlardan imtina edərək təxribata əl atması artıq Azərbaycanın onlarla sülh dilində danışmasını mümkünsüz vəziyyətə gətirib çıxardı. Bu dəfəki təxribatdan sonra artıq düşmənə ordumuzun növbəti dəfə gücünü yenidən göstərməyin zamanı gəlmişdir. Ordumuzun Şanlı Aprel qələbəsindən, Günnütün işğaldan azad edilməsindən sonra bu ilin iyul ayında Tovuz istiqamətində döyüşləri zamanı əldə edilmiş qələbələrindən sonra Azərbaycan Ordusunun zəfər çalacağına inamımız sonsuzdur.

Bu gün Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər tarixi yazılmaqdadır. Cənubi Qafqazın ən güclü ordusu ən müxtəlif növlərdə müasir döyüş texnikası ilə təmin edilmiş, müdafiə sənayesini kifayət qədər zənginləşdirmişdir. Hazırda hərbi qulluqçularımız arasında çox yüksək döyüş əhval-ruhiyyəsi, qələbə ruhu vardır. Hər birimiz Azərbaycan ordusuna güvənirik və ordumuzun şanlı tarix yazacağına əminik.

Gəlib çatdığımız məqam bizə onu göstərdi ki,  beynəlxalq hüququn norma və prinsiplərinə zidd siyasət aparan Ermənistanla diplomatik danışıqların heç bir faydası və mənası yoxdur. İmitasiya və riyakar mövqedən əl çəkməyən Ermənistanın siyasi rəhbərliyi dəfələrlə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ən yüksək beynəlxalq tribunalardan faktlarla ittiham edilmiş, onların faşist xisləti ifşa edilmişdir. Bölgədə sülhə və təhlükəsizliyə rəvac verən, terrora dəstək verən təcavüzkar siyasi rejimə, ancaq hərbi müstəvidə cavab verilməlidir. "Aprel döyüşləri", "Naxçıvan əməliyyatlar"ı və Tovuz döyüşləri buna ən bariz nümunədir.

Vurğulamaq lazımdır ki, Aprel döyüşləri xalqla ordunun birliyini daha da möhkəmləndirdi, yeniyetmələrin, gənclərin vətənpərvərlik duyğularını alovlandırdı, hər bir gənci əsgərləşdirdi. Ermənilər isə öz faşist xislətlərinə sadiq qalaraq hərb qaydaları ilə deyil, dinc əhalini hədəf seçib yaşayış evlərini ağır döyüş silahları, top və pulemyotlardan atəş açaraq bir daha beynəlxalq hüquqi normaları pozub, Azərbaycana qarşı növbəti təxribatlarını gerçəkləşdirdilər. Ancaq onların bütün təxribatlarının qarşısı alınıb və bundan sonra da əzəmətli ordumuz tərəfindən alınacaqdır. Dünya biməlidir ki, Azərbaycan haqq mübarizəsi aparır və bu mübarizədə heç bir qüvvə bizə mane ola bilməz. Azərbaycan öz doğma torpaqlarında əks-hücum əməliyyatları həyata keçirməklə bölgəyə sülh və sabitlik gətirməkdə tam qərarlıdır.

Hazırkı döyüşlər bir daha təsdiqlədi ki, bizim hər bir vətəndaşımız, əsgərimiz rütbəsindən və statusundan asılı olmayaraq düşmənlə ön cəbhədə vuruşmağa hazırdır. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin vahidliyi uğrunda gözlərini belə qırpmadan şəhidlik zirvəsinə yüksəlməyə istəklidirlər. Artıq bütün dünya Azərbaycanın qəhrəman oğullarının, canından keçən şəhidlərimizin, hərbiçilərimizin möhtəşəm vətənpərvərliyinin şahidi oldu. Onlar bütün dünyaya sözün əsil mənasında igidlik nümunəsi göstərdilər.  Bu günlərdə hər birimizin ürəyi səngərdə olan hərbiçilərimizlə birgə döyünür. Fərəhləndirci məqamlardan biri də odur ki, yaşından asılı olmayaraq bu gün minlərlə vətəndaşımız könüllü olaraq səfərbərliyə cəlb olunmuş, vətən torpağı uğrunda canlarından belə keçməyə hazırdırlar.

Əminik ki, ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə  elə bir tarix yazacaq ki, o, Azərbaycan xalqının illərdir səbirsizliklə gözlədiyi zəfər salnaməsinə çevriləcəkdir. Azərbaycan xalqı, ordusu əzəli və əbədi torpaqlarımızı azad edəcək, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, şəhidlərimizin qanını yerdə qoymayacaq, şəhidlərimizin ruhunu şad edəcəkdir. Azərbaycan xalqı ordusuna güvənir, ordusuna arxalanır. İnanırıq ki, ordumuz tezliklə bizə qələbə xəbərini verəcək, zəfər sevincini yaşadacaqdır.

Uca Allah vətənimizi və əsgərlərimizi qorusun!

Şəhidlərimizin ruhu şad olsun!

Ramin Səmədov
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri

Hardan başlanır vətən: ordumuzun uğurlarından



"Hardan başlanır vətən?" - bu sual zaman-zaman məni çox düşündürüb. Amma xüsusilə son vaxtlar baş verən hadisələrdən sonra, deyəsən, cavabı tapmışam. Vətən cəbhə xəttindən başlayır... O cəbhə xəttindən ki, düşmən uzun illərdir, demək olar, hər gün atəşkəsi pozur - təxribatlar törədir. Özlərinə yaraşan kimi - hiyləgər və uğursuz...

Biz müharibə şəraitində yaşayan bir ölkə üçün hərbi-vətənpərvərlik ruhunun nə qədər vacib olduğunu zaman-zaman daha yaxşı başa düşür və həm də sevinir, hərbçilərimizlə fəxr edirik. 2016-cı ildə baş verən dörd günlük müharibəni - Aprel döyüşlərini xatırlayın. Düşmən layiqli cavabı almadımı? Aldı. Biz mövqelərimizi irəli çəkmədikmi? Çəkdik. Lələtəpəni də azad etdik. İndi həmin yer Azərbaycan əsgərlərinin nəzarəti altındadır.

Dörd il sonra - təxminən iki ay əvvəl düşmən növbəti dəfə "qaşındı". Bu dəfə Dağlıq Qarabağda yox, Tovuzda təxribata cəhd göstərdi. Bəli, məhz cəhd göstərdi. Amma bacarmadı. Arzusu ürəyində qaldı. Zabit və əsgərlərimizin hünəri, şücaəti hesabına ermənilər geri otuzduruldu. Şəhidlər də verdik. "Vətən uğrunda ölən varsa Vətəndir"...

Bundan dərhal sonra qardaş Türkiyə on bir minlik qoşunla Azərbaycana gəldi. İki dövlət, bir millətin birgə təlimləri başladı...

Ermənistan baş naziri Nikol Paşinyan da şahmat dili ilə desək, artıq "mat" olduğunu etiraf edir. Bunun ən bariz nümunəsi düşmən ordusundakı demoqrafik böhran və muzdluların xidmətə cəlb edilməsi, könüllülərin imkanlarına ehtiyac duyulmasıdır...

Mən başqa bir məqama diqqət çəkmək istəyirəm. Bu, xalqımızın birliyi, həmrəyliyi, millətlə dövlət tandemidir. Hətta koronavirus pandemiyası kimi bəşəriyyət üçün ciddi təhlükənin olduğu bir vaxtda da insanlarımız onlara görə ən prioritet məsələnin Dağlıq Qarabağın azadlığı olduğunu isbatladılar. Keçirilən aksiya, çağırış məntəqələrinə könüllü müraciətlər bir yana, eyni zamanda, informasiya müharibəsində fəallığımızı göstərdik. Müxtəlif sosial şəbəkə platformalarında yazılar yazıldı, şəhidlərimizin fotoları, onlarla bağlı xatirələr paylaşıldı. Beləliklə, aparılan təbliğat sayəsində  ayrı-ayrı fərdlərin yox, yaşından, cinsindən asılı olmayaraq hər kəsin - bütöv cəmiyyətimizin ürəyi cəbhədəki əsgərlərimizlə birlikdə döyündü.

Bəri başdan deyim ki, indi deyəcəklərim subyektivizm, tərəfkeşlik kimi başa düşülməmilidir. Amma hələ də davam etməkdə olan informasiya müharibəsində BDU-nun müəllim-tələbə kollektivinin fəal çalışdığı hiss edilirdi. Bu, bəlkə də, həmin ali məktəbin tarixi ənənələri ilə əlaqəlidir. Axı indiyədək istər Qarabağ müharibəsində, istərsə də ondan sonrakı dövrdə şəhid olanlar, veteranlar arasında xeyli sayda BDU məzunu var. Universitetin həyətində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidə də dediyimiz fikrin bariz nümunəsidir.

Haqqında danışdığımız hadisələrlə əlaqədər BDU-nun müəllim-tələbə kollektivi arasında Jurnalistika fakültəsi heyətinin daha fəal olması isə, yəqin ki, təəccüblü deyil. Axı informasiya ilə  işləməyi, dezinformasiyalara qarşı mübarizə metodlarını ən yaxşı onlar bilirlər. Fakültənin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu, Yeni media və elektron kommunikasiya kafedrasının müdiri, professor Cahangir Məmmədli və başqaları, demək olar, hər gün sosial şəbəkələrdə, mediada çıxış edirlər. Onlar informasiya müharibəsində Azərbaycan tərəfinin imkanları, gördüyü işlərə dair fikirlərini bildirməklə yanaşı, həm də ordumuza dəstək məqsədli yazılar yazır, öz qələmləri ilə savaşırlar.

Əlbəttə, tələbələr də bu tendensiyadan, hərbçilərimizə dəstək kampaniyasından geri qalmadılar. Necə deyərlər, qələmlərini süngüyə çevirdilər. Fakültə yoldaşlarımız Günel Abbas, Qasım Xuluflu, Aləmdə Nəsib, Gülayə Məcid və onlarca başqaları şəhidlərimizin ruhlarının şad olmasından ötrü əllərindən gələni etdilər. Onların konkret mövzu ilə bağlı yazılarını nəinki sosial mediada, eləcə də, mətbuat orqanlarında da müntəzəm oxuyuruq. Məhz bunun sayəsində ermənilərin uydurduqları nağıllar, həmçinin, miflər puç edilir.

Həmişəki kimi yenə də gələcəyə ümidlə baxır, məğrurluğumuzu qoruyuruq. Başqa cür davranışa, inamsızlığı, süstlüyə nə əsasımız var, nə də haqqımız. Şəhidlərimiz getdikləri yerdən bizə baxıb nə deyərlər?..

Bu günlərdə ehtiyatda olan polkovnik, müasir Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biri - Horadiz əməliyyatlarına rəhbərlik etmiş Şair Ramaldanovla danışırdım. Səsi həmişəkitək gümrah idi. Baş verən son hadisələrlə bağlı suallarıma ətraflı cavab verdi. Lap axırda özünəxas şəkildə əlavə etdi: "...Nə təhər deyərlər, mən bu gün də, bu yaşımda da döyüşə getməyə hazıram. Hər günümü sabah cəbhə xəttinə gedəcəkmişəm kimi yaşayıram. Lakin bilirəm ki, Azərbaycan ordusu itirilmiş torpaqlarımızı mənsiz də ala bilər və alacaq..." Həmin sözləri çox qəribə intonasiya ilə dedi. Tarixi qələbəyə əminliyim birə beş artdı. İnanıram, o gün uzaqda deyil... Biz Dağlıq Qarabağa, Şuşaya, Laçına, Xocalıya və digər şəhər və rayonlarımıza qayıdacağıq. Lap deputat, "Ədalət" qəzetinin təsisçisi Aqil Abbasın ssenari müəllifi olduğu "Dolu" filminin son səhnəsindəki kimi. Həmin vaxt şəhidlərimizin  ruhu da bizimlə birlikdə olacaq...

Mən BDU-nun Jurnalistika fakültəsinin magistrantıyam. Ötən dörd ili də burada oxumuşam. Dəfələrlə ən müxtəlif rayonlara səfərimiz olub. Hətta bir dəfə yuxarıda adını çəkdiyim hörmətli millət vəkilimiz Aqil müəllimin təşəbbüsü və rəhbərliyi ilə Qarabağa - Ağdam və Ağcabədiyə də getmişik. Fikrimcə, qarşıdakı iki il ərzində (magistratura pilləsinin təhsil müddəti) heç olmasa bir dəfə Dağlıq Qarabağa da gedə biiləcəyik. Səfərə də Cahangir Məmmədli ilə Aqil müəllim rəhbərlik edəcəklər. Elə bil, hər gün burada gəzirmişlər kimi, bizi ən görməli yerlərə aparacaq, əzbər bilirmişlər kimi, yolları göstərəcəklər... Ola bilsin, ekskursiya iştirakçılarından çoxu buna təəccüblənəcək. Halbuki onlardan hər ikisi 30 il əvvələdək boya-başa çatdığı həmin yerlərə tez-tez gedirdilər...

Bəlkə də, nə vaxtsa Dağlıq Qarabağda, deyək ki, elə Şuşada Bakı Dövlət Universitetinin əzəmətli bir filialını da tikmək olar. Təəccüblü gəlməsin. Bu inamı məndə Azərbaycan dövlətinin uğurlu siyasəti, ordumuzun qüdrəti və insanlarımızın milli-vətənpərvərlik ruhu yaradıb...

Kənan Novruzov
Jurnalistika fakültəsi, Yeni media və kommunikasiya nəzəriyyələri kafedrasının magistrantı

Tələbə evi:  sabaha gedən yolun yeni başlanğıcı 



Azərbaycanın dünyaya inteqrasiya olduğu bu  günlərdə hər şey inteqrasiyaya uyğun olmalıdır. Ölkəmiz bugünkü hərtərəfli islahatları ilə artıq qabaqcıl ölkələrin təcrübəsinə qovuşmaqdadır. Bu gün Prezident İlham Əliyev ölkəmizdə intenesiv bir islahatlar məktəbi yaratmışdır. Bu islahatlar sistemində gənc kadrlara xüsusi qayğı göstərməkdədir. Aydındır ki, xalqımızın, dövlətimizin və birbaşa Prezidentimizin etibarlı kadr mənbəyi kimi qiymətləndirdiyi gənc mütəxəssislər  təhsil sistemində formalaşır. Azərbaycan dövlətinin təhsilimizə bu qədər çoxtərəfli qayğısı milli kadrlarımızın formalaşması üçün artıq  xarici universitetlərə üz tutması prosesi  səngiməkdədir. Və yəqin hər kəs belə bir faktı təsdiqləyir ki, ali məktəblər sistemində təhsilin keyfiyyəti ilə bərabər, bir sıra digər məsələlər də var. Bu sırada tələblərin yaşayış üçün yataqxanaların təmin edilməsi mühüm yer tutur. Əlbəttə, bəzi universitetlərimizdə yataqxana dediyimiz binaların köhnədən qalanlarının əsaslı təmiri, yenilərinin tikilib istifadəyə verilməsi prosesləri diqqət mərkəzindədir. Lakin  Bakı universitetlərinin əksəriyyətində belə obyektlərin hələ də problem altında olduğu heç kimə sirr deyil. Bu sırada Bakı Dövlət Universiteti də istisna deyil.  Bu Universitetin sovet dönəmində çox rahat yataqxanaları olmuşdur. Lakin sonralar bu binalar mənfur  Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarından köçkün düşmüş soydaşlarımızın müvəqqəti yaşayış yerinə çevrilmiş, binalar deformasiyaya uğramış, tamamilə yararsız hala düşmüşdür. Bu da məlumdur ki, Azərbaycan Prezidentinin şəxsən diqqətində olan qaçqın və köçkünlərimiz bir sıra rayonlarımızda olduğu kimi, Bakı şəhərində də yeni evlərlə təmin edilmişlər. Çox təəssüf ki, qaçqın və köçkünlərin artıq çoxdan tərk edib yeni rahat mənzillərə köçməsinə, bununla da Universitet yataqxanalarını boşaltmalarına baxmayaraq, həmin yataqxanların olsa-olsa maketi qalmış və burada heç bir təmir işi aparılmamışdır. Bakı Dövlət Universitetinin yeni rəhbərliyi yataqxana problemini pirioritet məsələ kimi önə çəkmiş və onun həllinə başlamışdır. Universitetin köhnə yataqxanalar yerləşən ərazisindəki binalardan biri tamamilə yenidən qurulub. Onun içərisi, fasadı və həyətyanı sahəsi müasir arxitektura səviyyəsində qurulmuş, tələbələrin istifadəsinə verilmək ərəfəsindədir.

Burada maraqlı faktlardan biri budur ki, Universitet rəhbərliyi hamını çoxdan narahat edən yataqxana leksikonundan imtina edərək bu yeni binanın üzərinə lap uzaqdan göz oxşayan "Tələbə evi" adını yazmışdır. Bizə elə gəlir ki, bu,  "yataqxanalar" üçün də vacib bir yeniliyin başlanğıcı olacaq. Ona görə ki, "yataqxana" sözü tələbələrin dörd illik ömür zamanını yaşadıqları belə binaların semantikasını-anlamını doğru ifadə etmir. Xarici dillərdə həmin terminə diqqət edək, rus dilində obşejitil - yəni ümumi yaşayışxana,  ingilis dilində hostel-ümumi yaşayış yeri və s.

Aydındır ki, tələbələr belə məkanda yalnız yatmaq,  gecələmək üçün deyil, Universitetdə keçirdikləri illəri hərtərəfli yaşamaqdadırlar. Ona görə də bu binalara  Tələbə evi adı çox yaraşır və məzmunu daha dolğun ifadə edir.

Bakı Dövlət Universitetinin "Tələbə evi"nin  bütün parametrləri ən müasir beynəlxalq təcrübəyə cavab verir. Biz inanırıq ki, Azərbaycan ali məktəblərinin flaqmanı adlandırdığımız Bakı Dövlət Universitetinin "Tələbə evi"nin  ətrafındakı köhnə yataqxanalar lap yaxın gələcəkdə ayrıca kampusa çevriləcək. Və hətta bu Universitetə divident gətirən xarici tələbələrin də sayı məhz bu fakta görə indikindən qat-qat çox olacaq. Uğur olsun, doğma Universitetimiz. Yeni rəhbərliyin yeni uğurları sənin yoluna içıq saçsın.

Yəqin ki, Universitetimizin yataqxanalar ərazisində gecəyə işıq saçan bu binanın yanından keçən hər kəs xüsusi ilə gecə burada işığa qərq olmuş "Tələbə evi"ni hər dəfə görəndə yeniliyin nə olduğunu da hiss edir. "Tələbə evi"nə qalxan uzun pillələrinin ətrafı lampalarla işıqlandırılmış, həyətdə yeni yaşıllıq salınmış, səliqəli göz oxşayan çoxsaylı avtomobillər üçün  rahat dayanacaq inşa edilmişdir. "Tələbə evi"nin həyətinə küçədən düzəldilən geniş qapısı bir tərəfdən Universiteti simvolizə etməsi ilə, digər tərəfdən milli ornametlə bəzədilmiş görünüşü ilə  hər kəsin qəlbini oxşamaqdadır.

Belə bir möhtəşəm qoşa qapı girəcəyi bu həyətin lap yaxın gələcəkdə kampusa çevriləcəyini vəd etməkdədir.

Mehdizadə Günel
BDU-nun Jurnalistika fakültəsinin məzunu

Milli jurnalistikamızın ali təhsil və elmi araşdırma mərkəzi

5 ildən bir milli mətbuatımızın yubileylərinin geniş keçirilməsi yeni müstəqillik illərində ölkəmizdə yaranmış ən dəyərli və davamlı siyasi mədəni-ənənədir. Anadilli mətbuatımızın ərsəyə gəlməsinin 145 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı növbəti sərəncam ölkəmizdə bu əlamətdar hadisənin dövlət səviyyəsində qeyd edilməsinə start verib.

Sərəncamda ifadə olunmuş müddəalardan qaynaqlanan yubiley tədbirlərində, qəzet-jurnallarda çap olunan yazılarda, teleradio və onlayn media yayımlarında milli mətbuatımızın keçib gəldiyi əsryarımlıq yola öyünclə nəzər salınır, onun tarixi təcrübəsi və yaşarılıq qazanmış ənənələri, görkəmli şəxsiyyətləri yada salınır, çağdaş jurnalistikamızın inkişaf yolları barədə önəmli mülahizələr səslənir.

Mətbuat tariximizdən məlumdur ki, "Əkinçi"dən başlayaraq bütün nəşrlərimizdə məmləkətimizdə milli oyanışa təkan verilməsi, xalq təhsili və elmin inkişaf etdirilməsi yolu ilə mədəni yüksəlişə, hərtərəfli tərəqqiyə nail olunması başlıca hədəf kimi qarşıya qoyulmuşdur. Milli ziyalılarımızın mətbuat tribunasından səslənən çağırışları və əməli fəaliyyətləri ilə bu tarixi vəzifə zaman-zaman yüksək səviyyədə gerçəkləşdirilmişdir. "Əkinçi"nin nəşrə başladığı vaxt oxuyub-yazmağı bacaran adamları barmaqla sayılacaq qədər olan, bir nəfər də jurnalisti və poliqrafçısı olmayan Azərbaycan bu yubiley günlərində dünyanın ən müasir jurnalistika şəbəkəsi yaratmış ölkələri cərgəsindədir.

Bu uğurun qazanılmasında milli jurnalistikamız üçün alitəhsilli, peşəkar kadrlar hazırlayan Bakı Dövlət Universitetinin və onun jurnalistika fakültəsinin də danılmaz xidmətləri olmuşdur.

Ötən il xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin tarixi yadigarlarından olan, ilk milli ali məktəbimiz sayılan Bakı Dövlət Universistetinin 100 illik yubileyini böyük təntənə ilə qeyd etdi. Bu əlamətdar hadisə media dairələrində ölkəmizin ali jurnalistika təhsili, mətbuat tarixi və nəzəriyyəsi sahəsində tədqiqat mərkəzi kimi tanınan BDU-nun jurnalistika fakültəsinin yaradılmasının 50 illiyinin də qeyd edilməsi ilə müşayiət olundu.

Bakı Dövlət Universitetinin mövcudluğunun ilk onilliyində əsası qoyulmuş jurnalistika təhsilinin bu ali məktəbin fəaliyyətinin 50-ci ilində ayrıca ixtisas strukturuna çevrilməsi milli mətbuatımızın və təhsilimizin tarixi inkişafı ilə əldə edilmiş önəmli bir nailiyyətdir. 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən ayyarım sonra onun xeyir-duası ilə fəaliyyətə başlamış jurnalistika fakültəsi peşəkar kadr hazırlığının əsas ağırlığını öz üzərinə götürməklə, çoxsaylı məzunlarının fəal iştirakı ilə milli jurnalistikamızın sonrakı inkişafına sanballı kömək göstərmişdir. Fəaliyyətinin ikinci yarıməsrinə qədəm qoymuş, ölkəmizdə ən təcrübəli və nüfuzlu ali jurnalistika təhsili ocağı sayılan BDU-nun jurnalistika fakültəsinin qazandığı uğurlara, qarşıda duran vəzifələrə milli mətbuatımızın 145 illik yubileyi günlərində bir daha nəzər salaq.

Əvvəla, onu deyək ki, bir əsrdən çox tarixi olan Bakı Dövlət Universitetinin peşəkar kadr hazırlığı sistemində jurnalistika təhsilinin öz tarixi yeri və mövqeyi var. Keçmiş SSRİ-nin universitetləri arasında ali jurnalistika təhsilinin əsası sovet dövründə Azərbaycan Dövlət Universisteti adlanan indiki BDU-nun pedaqoji fakültəsində jurnalizm və bibliologiya kafedrasının yaradılması ilə, ilk olaraq, 1928-ci ildə qoyulmuşdur. Müəyyən fasilədən sonra 1945-ci ildən ADU filologiya fakültəsinin nəzdində yaradılan jurnalistika şöbəsi 25 il bir kafedra - jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrası ilə təmsil olunmuşdur.

Kafedraya ilk illərdə təcrübəli qəzet işçisi, tanınmış dövlət və ictimai xadim Həsən Şahgəldiyev rəhbərlik etmişdir. Onunla birlikdə milli jurnalist kadrlarının hazırlığı işinə o dövrün görkəmli mətbuat işçiləri - Nəsir İmanquliyev, İsrafil Nəzərov, Qılman İlkin, Rza Quliyev, Cümşüd Əzimov da qoşulmuşlar. Akademik Məmməd Arif Dadaşzadə, professorlar Mir Cəlal, Əli Sultanlı, Feyzulla Qasımzadə, Muxtar Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Hidayət Əfəndiyev, Məmməd Qazıyev də gələcək jurnalistlərin ilk müəllimləri sırasında olmuşlar. Şöbənin birinci buraxılış məzunları 1950-ci ildə Azərbaycanda ilk dəfə ali jurnalistika ixtisası diplomları almışlar. Düz 50 il əvvəl isə - 1969-cu ildə jurnalistika şöbəsi ayrıca fakültəyə çevrilmişdir. Onun ilk dekanı professor Nurəddin Babayev olmuşdur.

Jurnalistika dinamik peşədir və şübhəsiz ki, daim yenilənir və bu ixtisasın ardınca gedənlərin qarşısında ciddi tələblər qoyulur. Bu səbəbdən, artıq yalnız auditoriya saatları ilə kifayətlənmək olmur, eyni zamanda, sabahın jurnalistləri üçün müxtəlif treninqlər və kurslar, təlimlər təşkil edilir. Məqsəd nəzəri biliklərlə yanaşı, tələbələrimizə həm də praktik vərdişlər aşılamaqdır. Birmənalı olaraq vurğulamaq yerinə düşər ki, fakültəmizdə bunun üçün hər cür şərait mövcuddur. Nəzəriyyə ilə praktikanın vəhdətini özündə təcəssüm etdirən jurnalistika ixtisası üzrə müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması, bu baxımdan yeni yanaşma və metodologiyaların tətbiqini zəruri edir.

Bu gün mediadan gözləntilər çoxdur. Bu gözləntilərə cavab verəcək peşəkar jurnalistlərin hazırlanması isə ciddi əhəmiyyət daşıyır.

Hazırda təhsilin üç dildə aparıldığı (Azərbaycan, rus və ingilis) fakültəmizdə bakalavr pilləsinə bir - jurnalistika; magistratura pilləsinə isə 7 ixtisas - teleradio jurnalistikası, beynəlxalq jurnalistika, jurnalistikanın nəzəriyyəsi və təcrübəsi, publisistik jurnalistika, mətbuat tarixi, radioteleviziya yayım menecmenti, media və kommunikasiya sistemləri üzrə qəbul keçirilir. Fakültədə tədris, elmi-metodik mərkəz kimi 4 kafedra - yeni media və kommunikasiya nəzəriyyəsi, milli mətbuat tarixi, multimedia və elektron kommunikasiya, beynəlxalq jurnalistika və informasiya siyasəti kafedraları; 1 tədris-teleradio studiyası; 1 elmi-tədqiqat laboratoriyası; "Barama" media mərkəzi, "Füyuzat" media mərkəzi və “online” media otağı fəaliyyət göstərir.

Vurğulamaq istərdik ki, kafedraların adları məhz son bir ildə BDU-da aparılan köklü islahatların nəticəsində dəyişdirildi, profil istiqamətlərinə görə tədris planında dəyişikliklər aparılmaqdadır və növbəti tədris ilində bu dəyişiklik artıq keyfiyyət nöqteyi-nəzərindən özünü göstərəcəkdir. Kafedraların profil istiqamətlərinə uyğun olaraq yeni, həm nəzəri, xüsusilə də praktik əhəmiyyəti olan fənlərin tədrisi  nəzərdə tutulur. Ümumiyyətlə, universitetdə aparılan struktur dəyişiklikləri həm tədrisdə, həm də idarəçilikdə keyfiyyət dəyişikliyinə də ciddi təkan verir.

Universitetdə aparılan struktur islahatlarının nəticəsində "Bakı Universiteti" qəzeti də Jurnalistika fakültəsinin tərkibinə daxil edildi. Tarixi və ənənəsi olan bu qəzetin yeni tərtibatda və yeni ruhda yayımlanan ilk nömrəsi isə, Universitetimizin məhz 100 illik yubiley nömrəsinə təsadüf etdi. Artıq ardıcıl olaraq, ayda bir dəfə qəzet, fakültəmizin birbaşa iştirakı və nəzarəti altında işıq üzü görməkdədir.

Nəzəri biliklərlə yanaşı, birbaşa praktik yöndən də tələbələrimizin müasir tələblərə cavab verən peşəkar kadr olaraq hazırlanmasını təmin etmək məqsədi ilə son bir neçə ildə, əsasən bir neçə istiqamətdə iş aparılır:

Praktik işlər. Fakültəmizdə 1984-cü ildən tədris-teleradio studiyası fəaliyyət göstərir. 2016-cı ildə TİKA-nın maliyyə dəstəyi ilə təmir edilən və ən müasir texniki avadanlıqlarla təchiz edilən yenilənmiş tədris studiyasında fakültə tələbələri tərəfindən müxtəlif teleradio verilişləri hazırlanır. Həftədə bir dəfə 3 dildə - Azərbaycan, rus və ingilis dillərində "BDU TV XƏBƏRLƏR" informasiya bloku təqdim edilir.

Eyni zamanda, "Gələcəyin sədasi", "Riyazi reallıq" kimi maarifləndirici, "Maraq nöqtəsi", "Tələbə bileti" adlı analitik televerilişlər, "BDU RADİO" studiyasında isə "Bu gün" və "Expromt" adlı maarifləndirici və musiqili radioverilişlər hazırlanır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş   32 dəqiqəlik "100 ilin təntənəsində" sənədli filmi hazırlanaraq yayıma təqdim edilmişdir. Tələbələr tərəfindən "Bir ömürdə iki tale", "Qazi", "Uğurun başlanğıcı", "Heykəltaraş"  adlı sənədli filmlər hazırlanıb. Verilişlərimiz "BDU TV" “youtube” kanalı və sosial şəbəkələr vasitəsi ilə yayımlanır. Hətta tələbələrimizin studiyamızda hazırladıqları süjet və verilişlərin bəzilərinin ümummilli yayımda olan TV kanalları vasitəsi ilə efirdə göstərilməsini də xüsusi vurğulamaq istərdik. Fakültəmizin nəzdində müstəqil tələbə internet televiziyası və radiosunun yaradılmasını da qarşımıza məqsəd qoymuşuq.

Bildirmək istərdik ki, yaxın gələcəkdə fakültəmizdə "Fotojurnalistika" studiyasının yaradılması ilə də bağlı müəyyən görüşlər keçirilməkdə və təkliflər hazırlanmaqdadır.

Fakültə tələbələrinin birbaşa iştirakı ilə "Jurnalist" tədris qəzetinin hazırlanması işi də uğurla davam etdirilir. Qəzetdə gedən materiallar, eyni zamanda, "525-ci qəzet" və "Şərq" qəzetlərinin xüsusi əlavə olaraq ölkə ərazisinə yayılır.

2017-ci ildə BDU-nun "Azercell Telekom" MMC ilə əməkdaşlığı çərçivəsində jurnalistika fakültəsində "Barama" media mərkəzinin açılışı da əhəmiyyətli hadisə oldu. "Azercell" və “PAŞA” Bankın dəstəyi ilə yaradılan bu mərkəzdə  media mövzusunda təlim və seminarlar, görüşlər təşkil etmək, Universitetin digər fakültələrində təhsil alan tələbələrin zəruri bilik və bacarıqlara yiyələnmələri üçün onları müxtəlif layihələrə və proqramlara cəlb etməkdir.

2019-cu ilin may ayının 22-də jurnalistika fakültəsinin nəzdində "Füyuzat" mərkəzinin açılışı oldu. Mərkəzin xətti ilə artıq ödənişsiz əsaslarla "Media dizayn" kursları keçirilməkdədir və daha bir neçə kursun təşkili nəzərdə tutulur.

Treninqlər. 2017-ci ildən başlayaraq tələbələr üçün praktik treninq və seminarların təşkil edilməsinə xüsusi diqqət ayrılıb. Treninq və seminarlar dərs saatlarından kənar vaxtda təşkil edildiyindən tədrisə mane olmadığı kimi, əksinə, nəzəri biliklərin praktik yöndən daha da möhkəmlənməsinə, eləcə də tələbələrin ixtisasa daha çox bağlanmalarına səbəb olmaqdadır. Bu mənada tələbələr üçün keçirilən üç treninqi xüsusi ilə vurğulamaq istərdik. "Jurnalistlər klubu"nun yaradılmasında başlıca məqsəd gənc jurnalistlərin bilik və bacarıqlarının artırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirmək, onları peşəkar kadr olaraq hazırlanması işinə dəstək olmaqdır. "Beynəlxalq jurnalistika məktəbi"nin yaradılmasında  başlıca məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə beynəlxalq jurnalistikanın, xarici media sistemlərinin, beynəlxalq təşkilatların media siyasətinin, diplomatiya və jurnalistikanın qarşılıqlı əlaqələrinin, qlobal informasiya məkanında informasiya təhlükəsizliyinin, informasiya müharibəsinin və digər mövzular üzrə təlimlərin keçirilməsi olub. "Tələbədən tələbəyə" treninqində isə həm dinləyicilər, həm təlimçilər tələbələrimizdir. Təlimin özəlliyi ondan ibarətdir ki, daha çox təcrübəsi olan yuxarı kurs tələbələri öz bilik və vərdişlərini aşağı kurslarda təhsil alan yoldaşları ilə bölüşürlər.

AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə Jurnalistika fakültəsi arasında bağlanmış əməkdaşlıq sazişinə əsasən, 2019-cu ilin noyabr ayından "WikiGroup"ların fəaliyyətinə də start verilib. Məqsəd Azərbaycan və başqa dillərdə Vikipediyada məqalələrin yaradılmasında və redaktə olunmasında Jurnalistika fakültəsinin tələbələrinin iştirakını təmin etməkdir. Yaradılan Vikipediya Metodik Mərkəzinin könüllüləri boşluqların aradan qaldırılmasına səmərəli töhfə verəcəklər.

Eyni zamanda, BDU-nun Jurnalistika fakültəsinin 11 tələbəsindən ibarət "Solution" komandasının ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət bürosunun təşkil etdiyi "Peer 2 Peer" “Facebook challenge” layihəsi çərçivəsində ekstremizmlə mübarizə proqramında fəaliyyətini də nəzərə çatdırmaq istərdik. Dörd aylıq fəaliyyətləri dövründə "Solution" komandası gender problemi, yaş ayrı-seçkiliyi və fiziki qüsurlu insanlara dəstək məsələləri üzrə işlər apamışlar, həmçinin, Quba rayonunda "Yaş ayrı-seçkiliyi" və "Gender bərabərliyi" mövzularında təlimlər təşkil etmişlər.

Jurnalistika fakültəsi eyni zamanda, son bir ildə müxtəlif dövlət strukturları və nazirliklərlə də müştərək treninq və təlimlərin təşkilinə ciddi önəm verir. Bununla əlaqədar olaraq 2019-cu ilin fevral ayında Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə "Aqrar jurnalistika", may ayında isə Vergilər Nazirliyi ilə birgə təşkil edilmiş "İqtisadi jurnalistika" təlim kurslarını qeyd etmək lazımdır. Hər iki kursda tələbələrimiz aktiv iştirak etməklə yanaşı, müvafiq sertifikatlarla da təltif ediliblər. Daha bir neçə nazirliklə profil istiqamətinə uyğun olaraq kursların təşkil edilməsi nəzərdə tutulub.  

Kastinqlər. Tələbələrin gələcəkdə işlə təmin edilməsini təmin etmək məqsədi ilə son bir ildə fakültəmizdə peşəkar media quruluşlarının rəhbərlərinin iştirakı ilə kastinqlər təşkil edilir. Bu kastinqlərin nəticəsi olaraq yuxarı kurslarda oxuyan tələbələrimizin bir çoxu AzTV, CBC, İTV, ARB, "Real" kimi ölkənin aparıcı televiziya kanallarında, eyni zamanda, bir sıra aparıcı internet portallarında, informasiya agentliklərində iş təklifləri almışlar. Keçirilən bu kastinqlərin nəticəsi olaraq 2018-ci il bakalavr buraxılışının, təqribən, 35 faizi hazırda istehsalatda çalışmaqdadır.

Görüşlər. Jurnalistika fakültəsində təhsil alan tələbələrin dünyagörüşlərinin geniş olması, onların dövlətimizə və dəyərlərimizə daha möhkəm bağlı olmaları, yad təsirlərə məruz qalmamaları üçün mütəmadi olaraq davamlı şəkildə millət vəkilləri, ictimai-siyasi xadimlər, aparıcı jurnalistlərimiz ilə maarifləndirici görüşlər təşkil edilir. Son iki il ərzində əlliyədək belə görüş keçirilib.

Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı ilə də fakültəmizin yaxın əlaqələri mövcuddur və bu əlaqələr eyni zamanda, səmərəli əməkdaşlıq imkanları yaradır. TİKA-nın xətti ilə professional jurnalistika fəaliyyəti ilə bağlı təşkil olunan treninqlərdə fakültəmizin tələbələrinə xüsusi diqqət göstərilir.

Fakültəmizdə üzərində daimi iş aparıldığı digər əhəmiyyətli istiqamət isə müasir tələblərə cavab verən dərslik və dərs vəsaitlərinin hazırlanması ilə bağlıdır. Bu gün ənənəvi media yerini interaktiv, rəqəmsal mediaya verir. İyirmi il bundan əvvəlki xəbər və ya analitik janrların xüsusiyyətləri hazırda tamamən fərqlidir. Bu səbəbdən də son illərdə yeni tələblərə cavab verən dərsliklər, dərs vəsaitlərinin hazırlanmasına xüsusi önəm verməkdəyik.

Hazırda biz informasiya əsrində yaşayırıq. İnformasiyasız gündəlik həyatımızı təsəvvür edə bilmirik. Jurnalistika informasiya ilə cəmiyyət arasında rabitə yaradan, körpü təşkil edən, yeri gəldikdə ona təsir etmək gücü olan ictimai-siyasi institutdur. Müasir dövrdə media həm də ən təhlükəli müharibə növü olan - İnformasiya savaşının başlıca və ən effektiv silahıdır. Təəccüblü deyil ki, bu gün "informasiya ekologiyası", "informasiya çirkliliyi" kimi ifadələrlə artıq daha tez-tez qarşılaşmalı oluruq. Bu baxımdan şübhəsiz ki, həqiqətlərimizin, doğrularımızın dünyaya çatdırılmasında jurnalistikanın önəmli rolu var.

Şübhəsiz ki, jurnalistikamızın inkişafına dövlət qayğısı da marağın, həvəsin artmasına təsirini göstərir. Bütün bu məqamlar ölkəmizdə media azadlığının möhkəmlənməsinə və eləcə də jurnalistikanın öz fəlsəfəsindən irəli gələrək bilgiləndirmək və maarifləndirmək funksiyalarını daha sərbəst və rahat şəkildə həyata keçirməsinə təkan verən əsas elementlərdir.

Milli mətbuatımızın 145 illik yubileyi barədə Prezident sərəncamında çağdaş jurnalistikamızın inkişaf meylləri və qarşısında duran vəzifələr də aydın, konkret əksini tapıb: "Kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır".

Doğrudan da, peşəkar yanaşma, qabaqcıl texnologiyaları mənimsəmək, həqiqətə sadiq qalmaq, sosial məsuliyyət və vətəndaş həmrəyliyi mövqeyindən çıxış etmək jurnalistlərin borclu olduğu ən vacib məqamlardır. Bu, zamanın tələbi olmaqla, həm də günümüzün reallığıdır. BDU-nun Jurnalistika fakültəsinin kollektivi bu önəmli məqamlardan çıxış edərək yeni nəsil peşəkar jurnalistlərin yetişdirilməsində öz ənənələrini zamanın öncül çağırışları ilə qovuşdurmaq əzmindədir.

Vüqar ZİFƏROĞLU
BDU-nun Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru
Cahangir MƏMMƏDLİ
BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

 





09.10.2020    çap et  çap et