525.Az

"Biz qan görəndə qorxmuyoruz, "naaborot" qızışıyoruz..." - Tarixçə


 

KEÇMİŞ DÖYÜŞÇÜ OLAN SADƏ BİR GƏNCƏLİNİN TÜRK TELEVİZİYASINA DANIŞARKƏN İŞLƏTDİYİ, DİLLƏRDƏ GƏZƏN BU "ORİJİNAL" İFADƏNİN QAYNAQLARI HAQDA

"Biz qan görəndə qorxmuyoruz, "naaborot" qızışıyoruz..." - <b style="color:red">Tarixçə</b>

Son bir neçə gündür, erməni həyasızlığının ən kobud nümunələrindən biri kimi, ölkəmizin ikinci şəhəri Gəncənin, eləcə də digər dinc yurd yerlərimizin  davamlı bombardman hadisələrini əyani və teleekranlardan izləyənlər  sadə azərbaycanlıların, təhlükə altında olsalar belə, heç vaxt mənəvi sarsıntıya uğramadıqlarının, əksinə, bu çətin günlərdə onların vətən eşqinin birə beş artdığının şahidi olurlar.

Bu baxımdan, ötən günlər Gəncədə dağılmış bir binanın yanında türkiyəli jurnalistə müsahibə verən gəncəlinin söylədikləri, könüllərdə  ifadələrinin tərzinə görə xoş təbəssüm doğurmaqla yanaşı, xalqımızın övladlarının qəhrəmanlıq ənənələrinin genetik əsasları məsələsinə də bir xatırlatma kimi dillərdə dolaşmaqdadır:

"Biz gəncəlilər, ümumiyyətlə, azərbaycanlılar qan görəndə qorxmuyoruz,  "naaborot" qızışıyoruz".

İfadəsinin içində türk qrammatik tərzi ilə qətilik anlamında Gəncədə çox istifadə edilən bir rus sözünü də işlədən bu adam keçmiş döyüşçü, Qarabağ qazisi Tariyel Şahverdiyevdir. Bakıda Dövlət Universitetinin hüquq fakültəsini bitirəndən sonra doğma Gəncəyə qayıdan gənc Tariyel burada bir müəssisədə çalışıb. Qarabağ uğrunda savaş başlayan kimi, könüllü döyüşlərə qatılmaq istəyini bildirib və yeni yaradılan  "OMON"a qəbul olunub. Daxili İşlər Nazirliyinin hərbi bölmələri tərkibində cəbhənin müxtəlif  istiqamətlərdə fədakarcasına döyüşüb. Dəfələrlə təltif olunub.

"Mən hamıya xoş gələn o sözləri elə-belə deməmişəm. Qəhrəmanlıq bizim xalqın  qanındadır. Özümün və döyüş yoldaşlarımın dəfələrlə ölümün gözlərinə dik baxa-baxa döyüşdən-döyüşə atılmağımız da Vətənin torpağının, suyunun hopduğu  həmin qanda qaynayıb-coşan igidlik xüsusiyyəti ilə bağlıdır. Dəfələrlə yaralanmağıma baxmayaraq, o hisslər məni yenə döyüş meydanlarına aparıb. Cəbhədə aldığım güllələrdən biri hələ də mənim sinəmdə, ürəyimə bitişik halda durur. Bizim millət tarix boyu onu incidəni bağışlamayıb,  "qana-qan" deyib. 30 il bundan qabaqkı gəncliyimizdə millətimizin mərd övladlarının - Cavad xanın, laçınlı Soltan bəyin, elin təəssübünü çəkən qaçaqlarımızın, eləcə də Həzi Aslanovun, İsrafil Məmmədovun və digərlərinin igidlikləri bizim üçün bir örnək olub. Bu gündə o qəhrəmanların ruhu bizi düşmənə layiqli cavab verib, şəhidlərimizin, qurbanlarımızın intiqamını almağa səsləyir!", - deyə keçmiş döyüşçü bildirir.




Qarabağ qazisinin həmişə el içindən çıxmış, sadə camaatın tərəfində durub, onlara qarşı ədaləsizliklərin intiqamını alan  qorxmaz qaçaqlarımız haqda xatırlatmasına qüvvət olaraq, Qafqaz tarixində yenilməz qalan yeganə qaçaq Dəli Alını xatırlamaq yerinə düşər.

Hələ 25 yaşındaykən, 1898-ci ildə çar hakimiyyətinin yerli məmurları ilə sözü çəp gələn Gəncəbasar elinin Qarasuçu kənd sakini, məğrur və çılğın Alı əlinə silah götürərək bu yerlərin dağ və meşələrinə çəkilir. Bir neçə ildən sonra onun dəstəsində artıq yüzlərlə adam var idi. Peterburq mətbuatının "Qafqaz şeytanı" adlandırdığı Dəli Alı 15 illik qaçaqçılığı dövrü ərzində çar kazak və strajnikləri ilə neçə-neçə əsl döyüşlərə girib. Hətta onun bu zaman göstərdiyi saysız-hesabsız igidlikləri xalq qisasçısı haqda bir çox dastanlarda əks olunub. Bir məşhur aşıq havası Dədə Ələsgərə məxsusdur:

Dəli Alı qoşunuyla
Azərbaycan xanı kim,
Yanında yoldaşları var,
Misirin sultanı kimi.
Hər yana namə göndərib,
Süleyman fərmanı kimi,
Ordu pozar, tüp dağıdar,
Qüdrətin Aslanı kimi.


Lakin Dəli Alının ən mühüm, tarixi qiymətə layiq olan xidməti, şübhəsiz, onun öz dəstəsilə 1905-ci ildəki məlum hadisələrlə bağlı oynadığı həlledici roldur. Həmvətənlərinin taleyindən narahat olaraq dağlardan enən Dəli Alı və onun yüzlərlə silahlı döyüşçüsü Gəncədəki "Difai" milli təşkilatının qüvvələri ilə birləşərək, nəinki hakimiyyətin təhriki ilə müsəlmanlara qarşı hücuma keçən ermənilərə layiqli cavab verdilər, həm də Gəncə zonasındakı bütün erməni məhəllələ və kəndlərini tam mühasirəyə aldılar.

Yalnız general-qubernator Bauerin tanınmış gürcü knyazları və digər nəcabətli şəxslərlə birgə Tiflisdən Gəncə ağsaqqallarının yanına xahiş-minnətə gəlməsindən və ermənilərin "qələt etmişik" deyib üzr istəmələrindən sonra mühasirə götürüldü. Dəli Alı isə ağ atın belində, öz dəstəsinin önündə camaatın alqışları altında Gəncənin küçələrindən möhtəşəm bir qalibiyyətlə keçərək, dağlara qayıtdı (bax. Nağı Şeyxzamanlı. "Azərbaycan İstiqlal mücadiləsi xatirələri", Bakı 1997. səh.18).

Bu hadisənin və həmin "parad"ın xalqın mənəvi yüksəlməsində və öz gücünə inamının formalaşmasında hansı rolu oynadığını təsəvvür etmək çətin deyil. 1905-ci ilin həmin payız  günlərində şəhər sakinləri minnətdarlıq əlaməti olaraq, Dəli Alıya, əl işləri Peterburq və Paris sərgilərində mükafatlar da almış tanınmış gəncəli zərgər Ağamirzənin düzəltdiyi, üstündə "Alı mərdi-mərdana, budur girdi meydana" yazılmış qızıl xəncər bağışladılar.

Heç də az əhəmiyyət kəsb etməyən bir fakt kimi, onu da qeyd etmək yerinə düşər ki, rejim tərəfindən qoyulmuş yüksək məbləğə baxmayaraq, Gəncəbasarda heç kim cəsur qaçağın ələ verilməsi hesabına varlanmaq istəməyib. Hakimiyyətin çoxsaylı plan və əməliyyatları da bir nəticə verməyib.

İgidlik epopeyası ləyaqətlə də sona yetib. 1913-cü ilin əvvəlində Peterburqdan Gəncəyə xüsusi tapşırıqla knyaz Qolitsin gəlir. Knyazın xahişi ilə Gəncə ağsaqqalları, qubernatorun da iştirakı ilə onun Dəli Alı ilə görüşünü təşkil edirlər. Burada məlum olur ki, İmperator Alının igidlik və cəsarətini yüksək qiymətləndirərək, Romanovlar sülaləsinin hakimiyyətinin 300 illiyi münasibətilə onu əfv etmək qərarına gəlib və bu yubiley şərəfinə keçiriləcək təntənələrdə yenilməz qaçağı da öz qonaqları sırasında görmək arzusundadır. Çarın bu qərarı və dəvəti minnətdarlıqla qəbul edilir (bax. Hüseyn Baykara. "İstiqlal mübarizəsi tarixi", Bakı 1992).

Xüsusi vurğulamaq lazımdır ki, bu cür, həqiqətən də yüksək şərəfə Rusiya İmperiyası tarixində, bu hadisələrdən 50 il qabaq, yalnız Şeyx Şamil layiq görülmüşdü. Həm də Şeyx Şamil əsir alındıqdan sonra əfv edilib, Dəli Alı isə axıracan yenilməz qalıb.

"Özünün bağışlanması münasibətilə babam Gəncənin Şah Abbas məscidində kasıblara bir kasa qızıl onluq ianə edib. Dəli Alı igid adamlara xas olan səxavəti ilə də seçilib", - deyə yenilməz qaçağın nəvəsi, təqaüdçü Flora Məhərrəmova bildirir.

Yeri gəlmişkən, Flora xanımın atası, Dəli Alının oğlu Məmməd Alı oğlu Məhərrəmov Böyük Vətən Müharibəsində göstərdiyi şücaətə görə (ot kökü üstə bitər), 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.  Müharibədən sonra "Geroy Mamed" uzun illər kolxoz sədri olub.

Dəli Alı 1917-ci ildə öz nökəri tərəfindən öldürülüb. Qəsdi səbəbləri tam aydın olmasa da görünür, qatil kiminsə sifarişini yerinə yetirib. Yenilməz qaçaq Kərbəlayı Alı Məhəmməd oğlunun məzarı müqəddəs məkan sayılan "İmamzadə" məqbərəsi ətrafındakı qəbiristandadır.

Kişi sözlü, mərd hərəkətli Dəli Alının əhvalatını bir nümunə kimi xatırlatmaqla, bu günlərdə ölkəmizin hər bir guşəsində istənilən vətəndaşımızın dilindən çıxan, Vətən və Millət sevgisinin yeni bir intibahını əks etdirən Ürək Sözlərinin tarixi yaddaşımızdan gəldiyininə diqqət çəkmək istərdik.

Zakir MURADOV,

Gəncə


 





10.10.2020    çap et  çap et