525.Az

"Bu işlərdə bir Hikmət var" - Türkan Turan yazır


 

"Bu işlərdə bir Hikmət var" -<b style="color:red"> Türkan Turan yazır </b> Çöhrəsindən bitkinlik, neçə günün gərgin iş rejiminə görə gözlərindən yorğunluq, ağır-ağır vuran kirpiklərindən yuxusuzluq yağır. Dodaqlarının küncündən sanki daş asılıb.

Amma bütün bunlar su kimi axan nitqinə, səlist danışığına mane olmur. Əzmi, iradəsi sanki dayanmadan ona güc verir. Səsinin tonu hər kəsi onu dinləməyə vadar edir. İti zəkasına, dərin savadına, hazırcavablığına valeh olmamaq qeyri-mümkündür. Azərbaycan dilinin haqqını verən tək-tük siyasətçilərdəndir o. Bu ərəfələrdə hər kəsin gözü, diqqəti, nəzəri onun üzərindədir. Qəzetlərdə şəkli olan səhifələr oxunmadan keçilmir, saytlarda adının çəkildiyi başlıqlar tərəddüdsüz açılır. Açıqlamaları, müsahibələri birmənalı şəkildə ən çox oxunanlar sırasındadır. Sosial şəbəkədə onunla bağlı paylaşılan videolar izlənmə rekordu qırır. Müxtəlif səhifələrdə şəkilləri paylaşılanda bəyənilmə sayı alıb başını gedir. Yazılan rəylərin demək olar, böyük əksəriyyəti təqdir və sevgi dolu fikirlərdən ibarətdir. Müxalifətdən iqtidara qədər hamı onu "bu işdə bir Hikmət var" adı ilə təqdim edir.

Söhbət Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdən gedir. Onun çıxışlarını Operativ Qərargahın təşkil etdiyi brifinqlərindən izləməyə başlamışdım. Hər kəsin koronavirus ucbatından çaş-baş qaldığı, hamının aqressiyadan, hirsdən, əsəbdən yerə-göyə sığmadığı o kritik günlərdə Hikmət Hacıyevin qadağalar, qısıtlamalarla bağlı təmkinli, səbrli, dolğun, bəzən yumor qataraq verdiyi açıqlamalarını böyük zövqlə seyr edirdim. Brifinqlərin birində "mən özüm də ictimai nəqliyyatdan istifadə edirəm" deməyini, xəbərin bir neçə dəqiqə ərzində işıq surətiylə yayılmağını və insanlara inandırıcı gəlməməyini yaxşı xatırlayıram. Brifinqin sonunda jurnalistlərdən birinin ictimai nəqliyyat kartının həqiqətən olub-olmadığını doğrulamaq üçün onunla çəkdirdiyi şəkil diqqəti daha da artırmışdı. Bu günlərdə isə o, yeddidən yetmişə hamının əzizinə çevrilib. Əbəs yerə demirlər, xalqın gözü tərəzidir. Xalq onun işinə necə vicdanla, böyük məsuliyyətlə, ciddiyyətlə yanaşdığını, vətən, torpaq və ən əsası, Qarabağ sevgisini görür. Kirpiyindən, saçından, üzündən, gözündən yağır bu sevgi.

Əminəm ki, bu, nə onun tutduğu vəzifə ilə, nə də uğurlu siyasətçi olmağı ilə əlaqəlidir. Elə təkcə etdiyi çıxışların birində, "3300-3500 metr yüksəklikdə Azərbaycanın rəşadətli oğulları düşmənlə mübarizə aparırlar və biz onlarla fəxr edirik" deyərkən udqunmağı və iki-üç saniyəlik sükutu onun necə insan, necə siyasətçi və necə şəxsiyyət olduğunu rentgen kimi insanların gözü önünə sərdi. Hələ xarici ölkələrin səfirlərinin qarşısındakı danışığı ilə minləri, milyonları necə sehirlədiyindən bəhs etmirəm. Məlumdur ki, internet əsrində yaşayırıq. Ona görə də təkcə jurnalistlər deyil, əksər insanlar siyasətçilərin danışığından tirajlanmalı "çp"lər axtarırlar. Aylardır bu qədər  öndə olmasına, az qala, hər gün açıqlamalar verməsinə, çıxışlar etməsinə rəğmən Hikmət Hacıyevin dilindən bir dənə də "çp" tutulmayıb. Çünki özünün, danışığının, sözlərinin, tutduğu mövqenin, daşıdığı vəzifənin, öhdəliklərinin fərqindədir. Son vaxtlara qədər başqa ölkələrin olduqca sadə yaşayan, işini vicdanla və layiqincə görən siyasətçilərinə baxıb köks ötürürdük. Ancaq görünən budur ki, artıq buna ehtiyac qalmayacaq. Çünki bizim də Hikmət Hacıyevimiz var. Azərbaycana onun kimi kadrlar arzulayıram. Cənab Prezidentə isə Azərbaycan siyasətinə Hikmət Hacıyev kimi siyasətçi qazandırdığı üçün minnətdaram!..


 





10.10.2020    çap et  çap et