525.Az

İsveçdə yanlış Qarabağ təsəvvürü - Nərgiz Qazi yazır


 

İsveçdə yanlış Qarabağ təsəvvürü - <b style="color:red">Nərgiz Qazi yazır</b>

Bir neçə gün əvvəl İsveç parlamenti üzvlərinin Dağlıq Qarabağ münaqişəsindən danışarkən böyük yanlışlığa yol verdiklərini gördüm. Bunu bilərəkmi edirlər, yoxsa doğrudan da həqiqəti bilmirlər, demək çətindir.

İsveç parlamentinin bəzi üzvləri ermənipərəst mövqe tutur və hökumət rəsmilərinə birtərəfli suallar göndərərək cəmiyyətdə anti-Azərbaycan və antitürk fikirlər yaratmağa çalışırlar. Eyni xoşagəlməz vəziyyətə İsveç mətbuatında da tez-tez rast gəlinir. Erməni mənbələrindən götürülən yalanlara əsaslanaraq səhv məlumatlar yayırlar və bu da İsveçdə ictimai rəyi yanlış tərəfdən formalaşdırır.

Mənim narahatçılığım əsasən tarixin saxtalaşdırılması ilə əlaqədardır. Bu insanlardan soruşmaq istəyərdim: "Dağlıq Qarabağ" və "Arsax" sözlərinin nə demək olduğunu və bu sözlərin etimologiyasını bilirsinizmi?

Bu gün ermənilər Dağlıq Qarabağa "Arsax" deyirlər. "Arsax" ərəb işğalından əvvəl xristian ölkəsi olan Qafqaz Albaniyasına (M.Ö. 400-M.S. 800) aid 12 vilayətdən biri idi. 9-cu əsrdə Qafqaz Albaniyası işğal edildi və bölgədə islamlaşma tətbiq olundu.

Erməni etimologiyasında "Arsax", "alban" və "Qarabağ" sözləri yoxdur - hər üçünün Azərbaycan türkcəsində mənaları var.

Rusiya 1813-cü ildə Azərbaycanı işğal etdikdən sonra yeni sərhədlərində xristian icması yaratmaq üçün İrandan və Orta Şərqdən erməniləri indiki Ermənistan ərazisinə və Dağlıq Qarabağ bölgəsinə köçürməyə başladı. O zamanlar Aleksandr Qriboyedov Rusiyanın Tehranda səfiri idi. Qriboyedovun rus çarına yazdığı məktublar bir milyondan çox erməninin köçürüldüyünə ən böyük sübutudur. İrəvan, Qarabağ, Naxçıvan xanlıqları və digər 8 xanlıq 19-cu əsrdə Rusiyanın işğal etdiyi Azərbaycan əraziləri idi, qalan 10 xanlıq isə bugünkü İranda yerləşir.

Çarın əmri ilə 1836-cı ildə alban kilsələri rəsmi olaraq ermənilərə verildi. Ermənilər bundan sonra alban kilsələrini və abidələrini öz adlarına çıxaraq min illər boyu sahibi olduqlarını iddia etməyə başladılar.

***

Azərbaycan xalqı dəfələrlə indiki Ermənistan ərazisindən deportasiya edilib. Sonuncu və ən böyük etnik təmizləmə 1988-ci ildə baş verdi. 1988-ci ildən sonra indiki Ermənistanda bir nəfər azərbaycanlı qalmayıb.

Rus imperiyası dövründə başlayan antitürk və anti-Azərbaycan siyasətini SSRİ dövründə kommunistlər davam etdirdi. Kommunistlər Qarabağı iki yerə böldülər və 1923-cü ildə Qarabağın dağlıq hissəsində ermənilər üçün muxtariyyət yaratdılar. Zəngəzuru Ermənistana bağışladılar, 1929-cu ildə isə Mehri rayonunu Ermənistana verməklə Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasındakı sərhədləri yox etdilər. Mehri Azərbaycanın ana torpağını Naxçıvan bölgəsi ilə birləşdirən yeganə dəhliz idi. Xəritəyə baxdıqda Ermənistanın Azərbaycanla Türkiyə arasında yerləşdiyi və ortada ayırıcı obyekt olduğu aydınca görünür. Rusiya və Ermənistanın məqsədi Türkiyə ilə Azərbaycan arasındakı tarixi əlaqələri pozmaq idi.

Fakt budur ki, kommunistlər Qarabağ problemini həll etmədilər, sadəcə, dondurulmuş vəziyyətdə saxladılar. Sovet İttifaqının süqutu ilə don əriməyə başladı və qanlı bir müharibəyə çevrildi.

Otuz il əvvəl Sovet İttifaqının süqutundan sonra Litva, Latviya və Estoniya kimi Qafqaz ölkələrinin də Qərb inteqrasiyası yolu tutması hədəfimiz idi. Azərbaycan Qafqaza sülh və rifah vəd edən neft kəmərlərini ən qısa yolla - Ermənistan yolu ilə çəkməyi təklif edirdi. Təəssüf ki, Ermənistan Rusiyaya vassal dövlət olmağı seçdi və işbirliyinə gəlmədi.

İsveç ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və münaqişənin dinc yolla həll edilməsi üçün məsuliyyət daşıyır. Təəssüf ki, Minsk qrupunun 28 illik atəşkəs siyasəti münaqişənin həllində uğur qazana bilmədi.

Niyə?

Erməni lobbisinin dünyada güclü olduğu üç ölkə var: ABŞ, Fransa və Rusiya. Hər üç ölkə Minsk qrupunun həmsədridir. Rusiya Ermənistana hərbi dəstək verdi, ABŞ və Fransa isə səssiz tamaşaçı oldu.

1 yanvar 2021-ci ildən İsveç ATƏT-ə sədrlik edəcək. İsveç həmçinin ATƏT-in Minsk qrupunun üzvü kimi Qarabağda sülh və təhlükəsizlik qaydalarının qorunması üçün məsuliyyət daşıyır. Belə bir durumda parlamentdə erməni tərəfdarı deputatların olması, mətbuatda bəzən qərəzli, çox vaxt da birtərəfli mövqelərin işıqlandırılması məni ümidsiz hisslərə bürüyür.

Fransa prezidenti Makronun Qarabağla bağlı açıqlaması, guya Qarabağa islamçı terrorçuların gətirildiyini deməsi bir vaxtlar dünya mətbuatının "İraqda kimyəvi qırğın silahları var" yalanını yadıma saldı. Dünya bu yalana inandı, İraq xarabazarlığa çevrildi. Amma o silahlar tapılmadı.

Bu gün beynəlxalq təşkilatlar Dağlıq Qarabağda atəşkəs çağırışı edirlər. Azərbaycan artıq 30 ildir bu münaqişəni sülh yolu ilə həll etməyə çalışıb.

Onu da qeyd etmək istərdim ki, Ermənistan hərbi qüvvələri öz raketlərini cəbhə xəttindən uzaq olan Azərbaycanın digər şəhər və kəndlərinə atır. Gəncə, Mingəçevir (Mingəçevirdə bir su elektrik stansiyası var), Beyləqan, Tərtər, Bərdə, Xızı rayonlarını və Abşeron yarımadasını atəşə tutur. Mülki əhali arasında ölənlər və yaralananlar var.

Ermənilər 1992-ci il Xocalı qırğınında olduğu kimi faşist üsullarla Azərbaycan xalqı arasında qorxu yaratmaq üçün dəhşətli videolar paylaşırlar. Əgər Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsini həll etməkdirsə, o zaman niyə mülki əhaliyə hücum edirlər?

Atəşkəs tələb etmək münaqişənin həlli deyil - onu növbəti döyüşlərə qədər dondurmaqdır. Bu münaqişənin yeganə həlli Ermənistanın 822, 853, 874, 884 saylı BMT qətnamələrinə əməl etməsi, öz ordusunu Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarmasıdır.

 





13.10.2020    çap et  çap et