525.Az

Suqovuşan - şükür qovuşdurana! - El Romanın yazısı


 

Suqovuşan - şükür qovuşdurana! - <b style="color:red">El Romanın yazısı</b>

"Bu gün Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!"

"2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!" - bu möhtəşəm xəbərləri Azərbaycanın Prezidenti, Ali Baş Komandan İlham Əliyev özünün "Twitter" hesabından elan edərək tarixi ədalətin bərpası yolunda dövlətimizin başçısı kimi önəmli addımlar atdı.

Köhnə adı Madagiz olan məntəqə Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı inzibati ərazi dairəsində yerləşən kənddir. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı 26 il sonra Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarixi adı bərpa edilərək Suqovuşan adlandırıldı.

Bir vaxtlar Ağdərə rayonunun bir parçası olan bu kənd, işğaldan sonra Tərtər rayonuna birləşdirilmişdi. Ərazidəki zavod və fabriklərin çoxluğu göstərir ki, ermənilər buranı yaşayış məntəqəsindən çox, istehsal məntəqəsi kimi istifadə ediblər. 2016-cı ilin aprel ayına qədər burada 500 nəfərə qədər erməni yaşayırdı. Məhz həmin ildə baş verən Aprel döyüşləri prosesində Suqovuşanın işğaldan azad edilməsi ilə əlaqəli xəbər yayılmış, sonradan isə bu xəbər öz təsdiqini tapmamışdı. Nəhayət, bu dəfə xalqın böyük sevincinə səbəb olan xəbər gerçək çıxdı. Hazırda minlərlə azərbaycanlı öz dədə-baba yurdları olan bu qədim torpağa - Suqovuşana qayıtmağı səbirsizliklə gözləyir.

Kəndin ərazisində üç tarix-memarlıq abidəsi var: Müqəddəs Yelisey Monastırı, 1898-ci ildə inşa edilmiş Kilsə və qədimi körpü. Bu üç abidənin mənşəyi qədim Azərbaycan dövlətlərinə gedib çıxır və bu torpağın Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyir.

Düz 1994-cü ildən bu günə qədər sürən həsrət... Ta qədim zamanlardan gələn miflərdə, nağıllarda suyun önünü kəsərək əhalini susuz qoyan əjdaha obrazı minilliklər sonra sanki bu şəkildə təzahür etdi. Lakin bütün nağıllarda olduğu kimi, bu dəfə də xeyir şər üzərində qələbə çaldı - Suqovuşan, sözün hər iki mənasında susuz qalan insanların imdadına yetdi. Belə ki, bu ərazidən həm 3 rayon su ilə təmin olundu, həm də xalqın illər sürən həsrət yanğısının üstünə səpilərək onu söndürdü. Suqovuşan, illərdir bu yanğıdan içi cəhənnəmə dönmüş, dodaqları səhra torpağı kimi çat verib qurumuş çarəsiz insanların cəhənnəminə cənnət şəlaləsi, səhrasına yağış oldu.  İlahi ədalətin hesabına, illər öncə atalarının içdiyi o sudan indi övladları da içəcəklər. Necə ki, hələ illər öncə atalarının keçdiyi körpüdən bu gün övladları zəfər bayrağı, zəfər marşı ilə keçirlər...

Bir yozuma görə isə, yuxuda axar su görmək duaların və diləklərin gerçəkləşəcəyinə işarədir. Beləliklə, düz 26 il sonra yuxudan oyandıq və bizim də yuxumuz çin, dualarımız gerçək oldu. Suqovuşan, şükür bizi qovuşdurana!

 





14.10.2020    çap et  çap et