525.Az

Rəssam əsgər olanda... - Müsahibə


 

Rəssam əsgər olanda... - <b style="color:red">Müsahibə </b>

Rubrikamızın budəfəki qonağı Azərbaycan Rəssamlar İttifaqının üzvü, Qarabağ müharibəsinin iştirakçısı İntiqam Ağayevdir. Onunla müəllifi olduğu "Nahar"tablosu haqqında danışmışıq. 

- "Nahar"ın yaranma tarixçəsi haqqında nə deyə bilərsiniz?

- 2009-cu ildə qərar verdim ki, müharibə mövzusunda rəsmlər çəkəcəm. Elə də etdim. Çəkdiklərimin də əksəriyyəti Qarabağ müharibəsində gördüklərim, yadımda qalanlar oldu. Yaddaşımdan kətana köçürdüyüm mənzərələrdən biri də bu rəsmdir. Burada olmuş bir hadisəni təsvir etmişəm. Bu hadisə 1994-cü ildə baş verib. Bilirsiniz ki, müharibə zamanı yemək, yaxud yuxu əsgər üçün həyatda qalmağa vasitədən başqa bir şey deyil. Ona görə də  həmin vaxt süfrə bəzəyib nahar etmək yadımıza düşmürdü. Ancaq həmin gün xatirimdə başqa cür qalıb. Deməli, bizim döyüşdüyümüz ərazidə bir ev dağıdılmışdı. Dağıdılan evdəki qab-qacaq da sınıb tökülmüşdü. Mən orda olanda gözüm sınan qab-qacağa sataşdı. Nahar vaxtı olduğu üçün həmin qabları yığıb belə bir süfrə düzəltdim. Çəmənlikdən dərdiyim çobanyastığı da lap yerinə düşdü.

- Onda rəsmdəki əsgər də siz özünüzsünüz?

- Hə, mən özüməm. Həmin vaxt yaralı olduğum üçün başımı sarımışdılar. O, belə yadımda qalmışdı. Rəsm üzərində işləyərkən özümə oxşayan bir əsgər çəkmək əsas qayəm olmasa da, təsvir etdiyim özüməm.

- Mən düşünmürəm ki, müharibə zamanı hansısa əsgərin yadına çobanyastığı dərib belə estetik mənzərə yaratmaq düşsün. Deyəsən, bu, həm də  rəssam olmağınızdan irəli gəlir.



- Hə, bəlkə də, haqlısınız. Harda olmağımdan asılı olmayaraq rəssam kimliyim də mənimlə idi. Rəssamlar isə hər yerdə gözəllik axtarırlar. Amma bu gün bu rəsmləri işləyərkən hərbçi İntiqam mənimlədir. Məsələn, mən burada mülayim mühit təsvir etsəm də, əsgərin silahı yuxuladığı halda belə əlindədir. Hərbin qanunlarına bələd olduğum üçün hərbə aid ən kiçik detallara da diqqət etməyə çalışıram. Batal mövzuları işləyərkən insanları çaşdıra biləcək, yaxud yanlış fikir yaradacaq məqamların olmaması önəmlidir. Bu gün fırça həm də mənim silahımdır.

- Əlinizdəki silahı görməsəm, elə bilərəm ki, romantik yemək üçün süfrə düzəldib, sevgilisini gözləyən oğlanı təsvir etmisiniz.

- Bunu düşünməmişdim (gülür). Bilirsiniz, mən müharibə mövzusunda çəkilmiş o biri əsərlərimdə müharibənin ən qızğın məqamlarını təsvir etsəm də, burada müharibənin başqa tərəfini göstərməyə çalışmışam. Əsgərin yorğunluğuna qarışmış sakitliyi. Müharibə iştirakçıları bu rəsmi görəndə o mənzərəni dərhal xatırlayıb, bunu mənə dəfələrlə deyiblər.

- Asiman kimdir?

- Asiman mənim hərbdəki ləqəbimdir. Müharibə zamanı bizə adımızdan savayı bir ləqəblə də müraciət edirdilər. Birinə "Qartal",  birinə də, məsələn, bir rəqəm deyirdilər. Mənə də "Asiman" deyə xitab etdikləri üçün bu adı yaşadıram. Ona görə də əsərdə imza yerinə öz adımı yox, "Asiman" yazmışam. "Asiman" mənə o dövrdən qalan xatirədir.

- Əsərin rəng koloriti barədə nə deyə bilərsiniz?

- Batal mövzuda işləyərkən əsasən tünd rənglərə üstünlük verməyimizə baxmayaraq, bu rəsmdə daha çox açıq rənglərdən istifadə etmişəm. Bu, daha çox rəsmin ovqatından irəli gəlir. Mavi rəngdən istifadə hadisənin gündüz baş verdiyini bildirir. Məlum məsələdir ki, naharı təsvir edirəm. Bu rəng həm də əsərə sanki sakit, mülayim bir effekt verir. Digər rənglər isə yadımda qalan mənzərənin rəngləridir. Tünd rəng demək olar ki, yalnız əsgərə baxdığımızda gözə çarpır.

- Bu rəsm bizə nə deyir?

- Ən çətin məqamda belə, görülə biləcək gözəlliyi...

 





14.10.2020    çap et  çap et