525.Az

“İnsulindən qorxunun tək səbəbi məlumatsızlıqdır" - Müsahibə


 

"İNSULİN ORQANİZMƏ HEÇ BİR ƏLAVƏ TƏSİR GÖSTƏRMİR. ŞƏKƏR XƏSTƏSİ İNSULİNDƏN 100 İL DƏ İSTİFADƏ ETSƏ, HEÇ BİR ZİYANI YOXDUR”

“İnsulindən qorxunun tək səbəbi məlumatsızlıqdır" - <b style="color:red">Müsahibə </b>

Daxili xəstəliklər uzmanı, terapevt doktor Həbib Sahratov 1988-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsində ali təhsil alıb.

Daha sonra 1996-2017-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi həkim kimi fəaliyyət göstərib. 2001-2005-ci illərdə Gülhanə Hərbi Tibb Akademiyasında daxili xəstəliklər üzrə uzmanlıq dərəcəsi alıb. 2017-ci ildən bir neçə özəl klinikalarda işləyib. Hazırda "Leyla Medical Center"də fəaliyyətini davam etdirir.

Doktor şəkərli diabetlə bağlı suallarımızı cavablandırdı. Müsahibəni təqdim edirik.  

- Daxili xəstəliklərə nələr aiddir və nə zaman həkimə müraciət etməliyik? 

- Daxili xəstəliklər dediyimiz zaman insan orqanizmində - döş qəfəsi, qarın boşluğunda olan orqanların xəstəlikləri nəzərdə tutulur. Bura döş qəfəsi, ürək, ağ ciyərlər, qarın boşluğunda mədə-bağırsaq, qaraciyər və böyrəklərin sistemi ilə bağlı olan xəstəliklər daxildir. Bu xəstəliklər zamanı həkimə müraciət etmək labüddür.

- Şəkərli diabet hansı simptomlarla özünü göstərir? İnsan özündə bu xəstəliyi müəyyən edə bilərmi?

- Bu xəstəliyin klassik simptomları var. Artıq şəkəri olmayan insanlar da bu simptomlarla tanışdır. İnsanda ağız quruluğu, çox su içmə, tez-tez sidiyə getmə şikayəti varsa, ilkin simptomlar hesab edilir. Bir müddət sonra bu xəstələrdə zəifləmə hiss olunur. Əgər şəxsdə bu sadaladıqlarım varsa, biz artıq şəkərli diabetdən şübhələnirik .

- Şəkərli diabetə şübhə yarandıqda hansı müayinələr aparılır?

- Şəkərli diabetin simptomları olan şəxslərdən ilk tələb edəcəyimiz şey aclıq qan şəkərinin analizidir. Bu, pasiyentin 12 saat ac qaldıqan sonra qanında yoxladığımız şəkərin miqdarıdır. Bu şəkərin miqdarı əgər 126 milliqram/destilitrdən çoxdursa, şəkərli diabet dioqnozu qoya bilərik. Bundan başqa, qanda hemoqlobin A1c  dediyimiz dəyər də var. Bu isə bizə 3-4 ay ərzində orqanizmdə olan şəkər haqqında informasiya verir. Eyni zamanda, diabet üçün sidik analizinə də baxa bilərik. Xəstənin şikayətlərini dinləyərək laborator müayinələrlə birlikdə diabetin dioqnozunu rahatlıqla qoya bilirik.

- Şəkərli diabetin gedişatı digər xəstəlikləri oyada, yaxud  hansısa orqanları sıradan çıxara bilərmi?

- Bu xəstəliyi müalicəmizin əsas məqsədi xəstəni gələcəkdə şəkərli diabetə aid olan fəsadlardan qorumaqdır. Şəkəri nəzarətdə saxlamaq lazımdır, çünki o, bütün orqanlara təsir edə bilər. Göz, ürək, böyrəklər, ayaqlarımızda olan sinir sistemi və digər orqanlara mənfi təsir etməsi mümkündür. Misal üçün, gözdə nefrapatiya əmələ gəlir, ürək damarlarını tutduğuna görə gələcəkdə infarkt keçirmə riski çoxalır, beyin damarlarında olan problemlərdən dolayı xəstələrdə işemik insultlar əmələ gəlir, böyrək damarlarındakı problemə görə isə böyrək çatışmazlığı və dialezə qədər çıxan fəsadlara səbəb ola bilir.

- Diabet olan şəxs üçün insulin iynəsi nə qədər təhlükəsizdir?

- Şəkərli diabet xəstəliyinin müalicə yolu oral antidiabetiklər olan həblər və insulin müalicəsidir. Cərrahi müalicəsi də mümkündür, lakin bu üsul rutin bir formaya keçid etməyib. Adətən müalicəyə həblərlə başlayırıq. Amma müəyyən zamandan sonra xəstədə ciddi təsir yaratmaz və şəkəri nəzarətdə saxlamazsa, insulin müalicəsinə keçid edirik. Bu müalicə diabet xəstələri üçün idealdır. Xəstələr bundan qorxmamalıdır. Hər müalicədə istifadə olunan insulinlər fərqlidir. Biz xəstənin yaşı, çəkisi, yanaşı xəstəliklərinə uyğun olaraq insulin dozasını təyin edirik. Xəstə də həkimin verdiyi təyinata uyğun insulini qəbul edir və şəkəri normada saxlayır. Əgər yazılmış insulin şəkəri tənzimləmirsə, xəstə təkrar müayinə edilir, insulin dozasına dəyişiklik edilir. Qeyd edim ki, insulinin orqanizmə heç bir əlavə təsiri yoxdur. İnsanlarda insulinə qarşı qorxunun tək səbəbi məlumatsızlıqdır. Yəni bu xəstəlik və insulin haqqında düzgün məlumatı olmayanlar qorxurlar. Tez-tez belə bir sualla rastlaşırıq: insulinə başlasam, sonra nə olacaq? İnsanlar heç bir əsası olmayan qorxular yaradırlar özlərində.

- İnsulininin yarıda saxlanılması nə ilə nəticələnir?

- Əgər xəstə insulin vurdurub daha sonra onu kəssə, diabetik komaya düşə bilər. Bir xəstə insulinə başlayıb və nəticədə normallaşıbsa, bunu nə üçün yarıda qoymalıdır ki? Təbii, ömrü boyu istifadə etməlidir. Qeyd edim ki, insan insulini 100 il də vursa, heç bir ziyanı yoxdur. Çünki həblər müəyyən zamandan sonra effektli olmur.

- Diabet simptomları olan xəstəni əlavə xərclərdən necə qorumaq olar? Siz bu tip xəstələrin müalicəsində ilk nəyə diqqət edirsiniz?

- İlk olaraq dioqnozu dəqiqləşdirmək lazımdır. Bəzən xəstə gəlir ki, məndə şəkər xəstəliyi var. Qeyd etdiyim ki, sadəcə qan şəkərinə baxmaq belə diabet haqqında yetərli məlumatları almağımıza imkan verir. Əgər uzun müddət şəkərli diabeti olub müalicə almayan xəstə varsa, ürək damarlarının müayinəsi və  sidik analizinə ehtiyac var ki, zülalın olub-olmamasını müəyyən edib diabet haqda informasiya ala bilərik. Yoxsa əlavə xərcə və digər müayinə dioqnozlarına qətiyyən ehtiyac yoxdur.

- Bu xəstəliyin səhv dioqnozu hansı ağır nəticələrə gətirib çıxara bilir?

- Mən diabetlə bağlı xəstələr arasında ən çox görülən səhvləri qeyd edim. Birincisi, insulin müalicəsi. Qeyd etdiyim kimi, bu müalicə insanlar arasında birmənalı qarşılanmır və xəstələr adətən bu üsuldan imtina edirlər. Hətta bununla bağlı bir hadisə baş vermişdi. Müayinəyə təqribən 7-8 yaşlarında diabetik komada bir uşaq gətirmişdilər. Uşağın şəkərini ölçdük və çox yüksək olduğundan komaya girdiyi bəlli oldu.  Belə olan hallarda  biz artıq insulin müalicəsi təyin edib heç vaxt kəsməməyi diqqətə yetiririk. Bu uşağı da insulinlə müalicəyə başladım və nisbətən normala döndükdən sonra evə yolladım. Ancaq qonşu gəlib və uşağa indidən insulin vurdurmağın gələcəkdə pis nəticələnəcəyini bildirib. Ailəsi də həmin an insulini kəsib və sonra təkrar komaya düşən uşağı yenidən xəstəxanaya gətirmişdilər. Lakin onu xilas etmək artıq mümkün olmadı. Bu, ən ağır nəticələrdən biri idi. Bundan başqa, həkimlərin etdiyi ən böyük səhlənkarlıq həblərlə bağlıdır. Xəstələrlə həb müalicəyə başlayırlar, lakin xəstənin şəkəri bununla normaya düşməsə belə, xəstə həmin həblərə davam edir. Əgər bu həblər şəkəri normaya salmırsa, həkim müdaxilə edib onun dozasını dəyişməlidir. Vaxtında dəyişilməyən doza gələcəkdə ciddi fəsadlara gətirib çıxarır. Diabetə aid orqanizmdə yaranan fsadların bərpası isə çox çətin olur.

- Diabet olan insanlara nə tövsiyə edirsiniz? Gündəlik həyatda nələrə diqqət edilməlidir?

- Şəkəri olan şəxslər buna çox qorxulu, dəhşətli reaksiya verməsinlər. Sözsüz ki, müalicə düzgün aparılmadıqda ciddi fəsadlar törədir. Lakin vaxtında müraciət və müdaxilə bu xəstəliyi adi həyat tərzinə çevirir və insanlar buna uyğunlaşa bilir. Zamanında müayinə və düzgün müalicə ən başlıca tövsiyədir, eləcə də həyati əhəmiyyətlidir.

Həkimlə əlaqə: 055-850-03-69

Afaq RZA

 





14.10.2020    çap et  çap et