525.Az

Abel Məhərrəmova mükafat verdilər


 

Abel Məhərrəmova mükafat verdilər<b style="color:red"></b>

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESCO) “Elm və Texnologiya sahəsində 2012-ci ilin İSESCO mükafatı”nın Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova verilməsi haqqında qərar qəbul edib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən 525.az verilən məlumata görə, bu prestijli mükafat akademik Abel Məhərrəmova Kimya (nanomateriallar və nanotexnologiyalar) sahəsindəki böyük uğurlarına görə verilib.

Sertifikat, qızıl medal və puldan ibarət mükafat 20-21 noyabr 2012 tarixlərində Sudanın Xartun şəhərində keçiriləcək “Ali Təhsil və Elmi Tədqiqatlar Nazirlərinin altıncı İslam Konfransı”nın çərçivəsində təqdim ediləcək. “Elm və Texnologiya sahəsində mükafat” İSESCO tərəfindən təşkilatın üzvü olan 56 ölkə üzrə sosial-iqtisadi əhəmiyyətli elmi-texniki problemlərin həll olunması uğrunda görülən mühüm işləri mükafatlandırmaq və innovativ istedadlı insanları təşviq etmək məqsədilə 2008-ci ildə təsis edilib. Həmin mükafat 2 ildən bir - biologiya, kimya, geologiya, riyaziyyat və fizika sahələrində əldə edilən nailiyyətlərə görə 56 ölkə üzrə yalnız 1 nəfərə verilir. Akademik Abel Məhərrəmov bu mükafata layiq görülən ilk azərbaycanlı alimdir.

Məlumatda bildirilib ki, İslam Təhsil Elm və Mədəniyyət Təşkilatı (İSESCO) 1979-ci ildə İslam Konfransı Təşkilatı tərəfindən təsis edilib. Təşkilatın baş qərargahı Rabat (Mərakeş) şəhərində yerləşir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu təşkilatın xoşməramlı səfiridir.

S.QARAYEVA

 





16.10.2012    çap et  çap et