525.Az

AMEA Naxçıvan Bölməsində yeni kitabların müzakirəsi olub


 

AMEA Naxçıvan Bölməsində yeni kitabların müzakirəsi olub<b style="color:red"></b>

AMEA-nın Naxçıvan Bölməsində Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndəsi, Naxçıvan Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigarın "Xaqani" dastanı", "O mənim ürəyim deyil", "Yollarında qaldı gözüm" və Günay Şirəliyevanın "Asim Yadigarın yaradıclıq yolu" adlı kitablarının müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev şair Asim Yadigarın zəngin ədəbi-bədii yaradıcılıq nümunələrinə nəzər salıb. Bildirib ki, yaradıcılığına şeir ilə başlayan və bu gün daha çox poema və dram əsərləri ilə tanınan Asim Yadigar 40 ilə yaxındır ki, ədəbi yaradıcılıqla məşğul olur. Onun şeirlərinin əsas qayəsi Vətən, tarix, qəhrəmanlıq üstündə köklənib.

Vurğulanıb ki, Asim Yadigarın yaradıcılıq yolu Günay Şirəliyevanın qələmə aldığı monoqrafiyada geniş şəkildə əksini tapıb. İsmayıl Hacıyev şairə bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Sonra Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Günay Şirəliyeva "Asim Yadigarın həyatı və yaradıcılıq yolu", bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev "Yollarında qaldı gözüm" kitabı haqqında düşüncələr", həmin institutun şöbə müdirləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov "Asim Yadigar yaradıcılığında poema" və filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov "Asim Yadigarın lirikası" mövzusunda məruzələri ilə çıxış ediblər.

Tədbirin sonunda şair Asim Yadigar çıxış edərək Naxçıvanda şair və yazıçılara göstərilən diqqət və qayğıdan minnətdarlıqla söz açıb. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin qayğısı ilə çap olunan əsərləri diqqətə çatdırıb.

 





14.10.2020    çap et  çap et