525.Az

Vətənə sevgi dərsi - Təranə Paşayevanın yazısı


 

Vətənə sevgi dərsi - <b style="color:red">Təranə Paşayevanın yazısı </b>

Sentyabr ayının 27-dən ölkəmiz son onilliklər tariximizdə görünməmiş həyəcanlı, eyni zamanda, şərəfli bir həyat yaşamaqdadır. Ətraflı açıqlamaya ehtiyac yoxdur, məncə, söhbətin nədən getdiyini nəinki hər bir azərbaycanlı, bütün türk aləmi,  bütün dünya bilir.

İyul ayında Tovuz bölgəsində erməni silahlı qüvvələrinin təxribatının və bu təxribata Azərbaycan dövlətinin adekvat, qətiyyətli cavabının ardınca düşmən sentyabrın sonunda ölkəmizin üzərinə yenidən xaincəsinə basqın etmişdir. Bu xəyanət Azərbaycan xalqının, dövlətimizin səbr kasasını daşırmışdır. Əlbəttə, belə bir təxribatla üzləşən, öz milli varlığına, ərazilərinin bütövlüyünə və təhlükəsizliyinə laqeyd olmayan hər bir ləyaqətli xalq düşmənə törətdiyi qeyri-insani, qeyri-hüquqi hərəkət müqabilində cavab verməli, ona öz yerini göstərməli idi.

Elə bu səbəbdən də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı və rəhbərliyi ilə haqq-ədaləti bərpa etməyin son çıxış yolu kimi Azərbaycan ordusu ayağa qalxdı. Müharibə əməliyyatları, döyüş statistikası göz önündədir. Milli ordumuzun xilaskar yürüşləri nəticəsində Cəbrayıl, Hadrut kimi iri və strateji əhəmiyyətli yaşayış  məntəqələrimizin, Füzuli rayonunun onlarla kəndinin, Murovun timsalında həyati əhəmiyyətli yüksəkliklərin geri qaytarılması ən yaxın zamanda bütün Qarabağın azğın düşməndən azad olunacağına  xalqımızda sarsılmaz inam yaratmışdır.

Bu gün hər birimiz bütün varlığımız, daxili dünyamızla ordumuzun yanındayıq, müzəffər əskərimizin zəfərləri ilə nəfəs alırıq. Milyonlarla azərbaycanlı hər an hazırdır ki, vətənin çağırışına hay verərək döyüşə atılsın. Bu ruh, bu amal olduqca əhəmiyyətli bir stimul, həlledici istinad nöqtəsidir. Lakin Azərbaycan ordusunun nə xarici hərbi yardımlara, nə də kütləvi ümumxalq səfərbərliyinə ehtiyacı var. Azərbaycan ordusu xalqımızın tarixində bəlkə ilk dəfə nümayiş etdirir ki, müharibə, hərbi döyüş - sənətdir, elmdir. Azərbaycan ordusu müasir hərbi texnikanın idarə olunmasına mükəmməl yiyələnərək vətən sevgisinə, cəsarətə, mərdliyə sarılaraq düşmənin otuz ildən bəri hörümçək toru kimi bütün Qarabağı əhatələyən ağır döyüş vasitələrini, guya keçilməz, dağıdılmaz olan olan istehkamlarını yerlə yeksan edir. Bəs bu ədalət zərbələrinin qarşısına hansı davranışlarla çıxır Ermənistan?

Ermənistan yenə də 150 ildən bəri "məharətlə" tətbiq etdiyi terror yolunu tutur, cəbhə bölgəsindən yüz kilometrlərlə uzaqlarda yerləşən, əhalinin sıx yaşadığı kəndləri, evləri, tarlada çalışan, mal-heyvan saxlayan, gündəlik iş-gücə yollanan dinc insanları top, mərmi, ballestik raket atəşinə tutur. Bir qədər əvvəl Tovuz, Şəmkir bölgəsinə Ermənistan ordusu tərəfindən yağdırılan mərmilər, Gəncənin, Mingəçevirin, Yevlaxın, Tərtərin, Goranboyun, Ağcabədinin, Beyləqanın, Ağdam və Füzuli rayonları ərazilərinin, Cocuq Mərcanlının ağır atəşlərə məruz qalması onu göstərir ki, ermənilər tarixin gedişatını, Azərbaycanın 30 il bundan əvvəlki çaşqın bir ölkə olmadığını nəzərə almadan yenə də köhnə metodlarla insanların gözünü qorxutmaq, xaos yaratmaqla çirkin məqsədlərinə çatmaq yolunu tutublar. Bəli, bu, klassik, mənfur  erməni xislətidir. Paradoks bundadır ki, dünyanın ən qorxaq insan toplumu tarixdə saysız-hesabsız qəhrəmanlıq səhifələri yaradan bir xalqı qorxutmaq istəyir!

Azərbaycan xalqı ona qarşı yönələn bütün təxribatlardan üstün durmağı, öz doğal təbiətinə sadiq bir şəkildə humanist duyğularla yaşamağı bacaran bir xalqdır. Bütün arsenalı ilə tüğyan edən erməni vandalizminə baxmayaraq Ali Baş Komandanımızın düşmənə sonuncu şans verməsi, humanitar məqsədlə müvəqqəti atəşkəsin Rusiya, Azərbaycanın xarici işlər nazirləri səviyyəsində razılaşması da bunu bir daha sübut edir. Ermənilər isə atəşkəsdən heç bir sutka keçməmiş, gecənin yarısı, günahsız insanların, məsum körpələrin yuxuda olduğu vaxt Gəncə əhalisinin başına raket yağdırır, Mingəçeviri hədəfə alıb Azərbaycanın işığını söndürmək istəyir.

Budurmu sülh davranışı? Budurmu atəşkəs?

Xəyanət erməninin xislətindədir. Biz bunu uzun illərin ibrət dərslərində görmüşük. Erməninin davranışı azərbaycanlı, türk insanının meyarlarına görə əxlaqdan kənardır, anlaşılmazdır. Çünki bizim  hətta şifahi sözümüz, Ali Baş Komandanın söylədiyi kimi, imzamız qədər etibarlıdır.

Bəli, biz bu gün elə məsuliyyətli bir dövrdə yaşayırıq ki, peşəsindən asılı olmayaraq hər kəs baş verən hadisələrə laqeyd qala bilmir, istər-istəməz öz münasibətini bildirir. O sıradan biz psixoloqlar da...

Məhz bu hadisələrin fonunda düşünürəm ki, bizim 27 il ərzində hətta azğınlığına tam əmin olduğumuz düşmənin hərəkətlərinə dözüm, səbr nümayiş etdirməyimiz təsadüfi deyil. Bunu ən müxtəlif aspektlərdən yozmağa cəhd göstərənlər olmuşdur, indi də var.

Azərbaycanlı psixologiyasında səbr allahın isimlərindən biridir. Biz ən çətin məqamlarda səbr nümayiş etdirməyimiz səbəbindən ən mürəkkəb münaqişələri qansız, savaşsız, danışıq yolu ilə həll edən bir millət olmuşuq.

Amma səbrin də bir həddi var. O zaman ki, bıçaq sümüyə dirənir, o zaman ki, Hüseyn Cavid demişkən, "alçaqlar əzəmət düşkünüdür", o zaman ki, "rəqsi axsaqlar təlim edir", o zaman ki, mənşəyi bilinməyən həyasız bir toplum sənin ləyaqətini, milli hisslərini təhqir etmək xülyasına düşür, bax onda türkün silahı danışmağa başlayır! Bu, bizim üçün sınanmış bir dərsdir...

Ali Baş Komandan İlham Əliyev bu gərgin günlərdə bir neçə beynəlxalq informasiya vasitələrinə sözün həqiqi mənasında tarixi əhəmiyyətli, xüsusən, Azərbaycan üçün taleyüklü mahiyyət daşıyan müsahibələr verdi. O, dönə-dönə təkrar etdi ki, bizim ordumuz düşmənə dərs verdi. Bu, həqiqətdir! Ermənilərin məğlubedilməz mifi döyüşlərin iki-üç günü ərzində darmadağın edildi. Prezidentimiz haqlı və ədalətli olaraq söylədi ki, əgər ermənilər son tədbirlərimizdən dərs almasalar, onların aqibəri daha rəzil olacaqdır!

Mən isə, bax elə sözün bu yerində məsələnin psixoloji-mənəvi tərəfindən yanaşıb  deyirəm ki, son vətən müharibəsinin xalqımız üçün də dərsləri var.

Əvvələn onu deyim ki, məhz bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 il ərzində apardığı düzgün, uğurlu dövlət  siyasəti bütün panoramı, parametrləri ilə xalqımızın gözləri  önündə bir daha canlandı. Əslində, rəhbərimiz son on-on beş il ərzində çox sadə sözlər deyirdi. O, deyirdi ki, Azərbaycan iqtisadi cəhətdən qüdrətli olmalıdır, o deyirdi ki, Azərbaycanın güclü ordusu olmalıdır. O deyirdi ki, Azərbaycanda xalqla dövlətin monolit birliyi olmalıdır. O deyirdi ki, Azərbaycanın ən dəyərli sərvəti insan kapitalıdır. Bəlkə də dinc günlərdə bütün bu ifadələr birmənalı olaraq ölkəmizin hərtərəfli və uğurlu idarə olunmasına dair çağırışlar kimi səslənə və anlaşıla bilərdi. Amma indi xalqımızın, ordumuzun qeyrət meydanına atıldığı bir vaxtda Prezidentin bu çağırışları təməl xarakter daşıyır. Biz məhz indi bütün qatları ilə anlayırıq ki, cənab Prezident güclü iqtisadiyyat, düzgün xarici siyasət, güclü ordu, xalqla dövlətin vəhdəti, insana ən yüksək dəyər verilməsi çağırışlarını edərkən və bunu yerinə yetirərkən nə qədər dəqiq, doğru, xalqın mənafeyinə uyğun addımlar atırmış...

Əgər bunlar olmasaydı, biz müqəddəs Qarabağ torpaqlarını belə sürətlə azad edə bilərdikmi?

Əgər bunlar olmasaydı, mənfur erməniyə sarsıdıcı zərbələr vurub onları diz çökdürə bilərdikmi?

İndi hər kəsin gözü ekranlarda, qulağı radio dalğalarındadır. Həyəcanla böyük qələbə xəbərini gözləyirik. Tez-tez qəlbi vətən sevgisi ilə çırpınan jurnalistlər birbaşa verilişlərində atəş altında olan insanlardan əhval-ruhiyyələri barədə soruşurlar. Yeri gəlmişkən, əhval-ruhiyyə də, ruh yüksəkliyi də psixoloji durumu ifadə edən terminlərdir. Biz əhalinin cavablarından dərhal hiss edirik ki, xalqın ruhu diridir, qorxmazdır. Onların evini bomba dağıdır, söyləyirlər ki, təki vətən sağ olsun, ordumuz sağ olsun, evin yenisini tikərik...

Bu tərzli mərd cavablar səbəbsiz deyil. Mən həmişə xalqımız haqqında nikbin düşüncədə olmuşam. Və bilirəm ki, adamların əhvalındakı ruh yüksəkliyi indinin işi deyil, bu, qan yaddaşıdır, psixoloji gücdür. Məhz xalqın bu gücüdür ki, qəhrəman əsgərlərimiz də döyüş meydanında hünər göstərir. Deməli, gözəgörünməz tellərlə ən qədim tarixə bağlanan zaman boş keçməyib, xalqımız yeni tarixə yetkin bir halda gəlməyi bacarıb!

Qarabağ uğrunda döyüşlər, qazandığımız qələbələr, məncə, bizim üzərimizə yeni vəzifələr qoyur. Çünki böyük qələbədən sonra dünya yeni bir Azərbaycanla, yeni bir türk insanıyla qarşılaşacaq və ona qarşı bəzən ədalətsiz mövqedə dayandığını anlayacaq. Məhz buna görə də bizim hər birimiz həm tarixin, həm də bu şərəfli günlərin diktə etdiyi dərsləri yenidən dəyərləndirməli olacağıq.

Nədir bu dərslər?

Bu dərslər bizə deyir ki, yeni nəslin vətənə sevgi, milli köklərə bağlılıq ruhunda yetişdirilməsi ən vacib məsələdir. Bəlkə də bu məsələ yox, bir nömrəli vəzifədir. Əgər biz vətənimizin əbədi olaraq sülh içində yaşamasını, hər an, hər zaman düşməni bu günlərdə olduğu kimi diz çökdürmək, sülhə məcbur etmək istəyiriksə, hər evdə oğul, qız adına əsgər böyütməliyik. Süfrələrimizin ən ləziz, müqəddəs tikəsi Vətən sevgisi olmalıdır!

Ordumuzun zəfərləri göstərir ki, Ali Baş Komandanımızın bizə verdiyi dərs və uzun illərdən bəri böyük zəkası ilə çalışıb nail olduğu həqiqət budur! O, bizdən umur, bizdən gözləyir ki, valideyn də, müəllim də, ümumən cəmiyyət də anlasın ki, yeni Azərbaycanın gələcəyi daha mərd, daha vətənsevər, daha intellektual nəslin yetişməyindən asılıdır.

İndiki həyəcanlı və şərəfli günlərimiz tam həqiqəti bir daha təsdiqləyir. Otuz il bundan öncə başına gələn müsibəti dünya ictimaiyyətinə çatdırmaq üçün primitiv, ən adi imkanlardan məhrum olan Azərbaycanda bu gün elə oğullar, qızlar yetişib, elə kadr korpusu irəli çəkilib ki, onlar məntiq və arqumentləri, intellektual potensialı, dil bilmək bacarıqları, psixoloji dayanıqlılıq səviyyəsi ilə xalqın sözünü, istək və arzularımızı bütün təfsilatı ilə dünyaya çatdıra bilirlər. Çünki bizim Ali Baş Komandanımız yeri gələndə silahdan, sursatdan daha kəsərli zəka arsenalı ilə bir əsgər kimi döyüşür!

Psixoloqların düşüncəsinə görə uğur qazanmaq üçün parlaq nümunə qədər etibarlı vasitə yoxdur. Mən də bu düşüncənin tərəfindəyəm!

Və nə yaxşı ki, bu, belədir!

 





14.10.2020    çap et  çap et