525.Az

Az qaldı... - Xatirə Hüseynova yazır


 

Az qaldı... - <b style="color:red">Xatirə Hüseynova yazır</b>

Jurnalistika təhsili almış hər kəs yaxşı bilir ki, obyektivlik, qərəzsizlik, tərəfsizlik qızıl qaydalardandır. Hələ tələbəlik illərimizdən Qoroxov, Proxorov, Katsev, Muratov, Sappak, Boretski, Fere, Yurovskinin qalaq-qalaq kitablarından oxuyub öyrəndiklərimiz, cild-cild nəzəriyyələr bizə birmənalı olaraq jurnalistikanın obyektivliyinin zəruriliyini diqtə edirdi. Amma illər sonra kitablardan başımızı qaldırıb ekrana baxanda yazılanlarlın elə oradaca qaldığını gördük.

Keçmiş sovet tənqidçisi Sappak yazırdı:
 
“Biz evimizin qapılarını televiziyanın üzünə açdıq, demək olar ki, öz ailə üzvümüzə çevirdik, elə buna görə də ondan bəzən nəsə tələb etməyə haqqımız var, bəli, o cümlədən əxlaq kodeksinə dair”.

Əlbəttə, Azərbaycan tamaşaçısının da evlərinin qapısı həmişə Rusiya kanallarına açıq olub. Baxmışıq, qəzəblənmişik, gileylənmişik, təəssüflənmişik, amma yenə də baxırıq. Əxlaq tələb edirik, sadəcə əxlaq. Baş verənləri olduğu kimi çatdırmaq, balansı bu qədər pozmamaq, həqiqətə bu qədər çamur atmamaq üçün əxlaq lazımdır, sadəcə əxlaq. Peşə əxlaqı, insan əxlaqı. O da ki...

Regionda baş verən digər münaqişələrin işıqlandırılmasını qoyuram bir tərəfə, 1988-ci ildən üzü bu tərəfə Qarabağ probleminin Rusiya televiziyalarında əksi yumşaq desək, həmişə birtərəfli olub. Neytral videoxəbər efirə getsə belə, başlığı verən aparıcı mütləq ya bir atmaca atıb, ya da ekranda gah xəritəmiz təhrif olunub, gah da yer adlarımız. O qədər alışıblar ki, etirazımızı belə təəccüblə qarşılayırlar.

Tok-şou proqramları isə başqa bir aləmdir. Tələbələrə bu proqram tipini tədris edəndə dönə-dönə vurğulayırıq: Tok-şouda aparıcının söz yükü o qədər də çox deyil, amma onun hər bir addımı - üzünün ifadəsi, yerinə düşən təbəssümü, replika və müdaxilələri, çevik reaksiyası, hazırcavablığı, ünsiyyətçilliyi, düşündürücü pauzaları, xoşqılıq olması və sair - hər şey kameranın iri planındadır. Elə buna görə də bəzən aparıcının tez-tez özünü gözə soxması, yersiz iradları, söz kəsmələri, kobudluğu, yaxud kiməsə yarınmaq cəhdi auditoriyanın kəskin etirazına səbəb olur. Qıcıq yaradır. Axı jurnalist hakim, qonaq müttəhim deyil. Aparıcı müzakirəyə çıxardığı məsələdə tərəf deyil, sadəcə tərəflərin öz mövqeyini sərbəst ifadə etməsi üçün müəyyən platformada şərait yaradan şəxsdir. Aparıcı tərəflərdən hər hansı birinə simpatiyasını bildirməməli, nəhayət emosiyalarını idarə etməyi bacarmalı, kobud, kinayəli, sərt suallardan qaçmalıdır.  Belə olmalıdır, bəs əslində necədir?

Əvvəllər Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsinə heç bizim mövqeyimizi müdafiə edə biləcək ekspertlər dəvət olunmurdu. Təbliğat maşını özü deyib, özü cavablayırdı. İndi dəvət edirlər. Amma qonaqların seçiminə baxanda hər şey aydın olur.

Bu günlərdə Rusiya kanallarından birində yenə səs-küylü tok-şoulardan birinə baxdım (nə qədər baxmamağa qərar versəm də, yenə Azərbaycan adı gələn kimi diqqət kəsilirəm, məncə, əksəriyyətimiz beləyik). Demək, iki aparıcı və altı ekspertin iştirakı ilə qızğın müzakirələr gedir. Müzakirə qızışdıqca tərəflər arasındakı çat böyüyür, qütbləşmə kəskinləşir, ekspertlər beşin birə nisbətində mövqe mübarizəsi sərgiləyir. Bir nəfər öz dediyində israrlı olsa da beş opponentə cavab verməli olur, hələ aparıcıların da kinayəli atmacalarını, studiyadan efirə verilən təktərəfli videoları da hesaba alsaq, yaranmış ədalətsiz mənzərəni təsəvvür etmək çətin olmaz. Nəticə - gözümüzün önündəcə televiziyanın güclü təbliğat və təşviqat müxanizminə çevrilməsi uğurla davam edir.

Bu arada, erməni silahliları Azərbaycan Televiziyasının əməkdaşlarını utanmazcasına atəşə tutub. Bu, həm də onların havadarlarının susdura bilmədikləri həqiqətə, doğru sözə açdığı atəşdir! Möhkəm durun, uşaqlar, az qaldı!

 

 





15.10.2020    çap et  çap et