525.Az

Naxçıvandakı daha bir toponimə dair mülahizələr - Yazı


 

Naxçıvandakı daha bir toponimə dair mülahizələr - <b style="color:red">Yazı</b>

Naxçıvanın oronimləri xalqımızın özü qədər qədim və zəngin tarixə malikdir. Burada hər bir dağın, dərənin, təpənin, düzənliyin öz adı, öz yaranma yolu vardır.

Naxçıvan oronimləri xalqımızın dağlara, qayalara hopmuş qan yaddaşı, keçmişimizdən bu günümüzə şahid olan daş yaddaşıdır. Ümumiyyətlə, Naxçıvan toponimləri müəyyən tarixi şəraitlə bağlı yaranmış, illər, nəsillər bir-birini əvəz etdikcə formalaşmış və milli mənəvi abidələrimiz kimi minilliklərdən zəmanəmizə qədər gəlib çatıb.

Naxçıvan toponimləri xalqımızın milli ünvanıdır! Ərazidəki oronimlər bu xalqın qanı ilə yoğrulmuş milli adlardır. Bu səbəbdən də Naxçıvan toponimlərinin mənşəyini bu yurddan kənarda axtarmaq olmaz. Toponimlərimizi öyrənmək milli yaddaşımızı unutmamaqdır. Alimin silahı qələmdir. Hər daim toponimlərimizi qələmə alaraq, ictimaiyyətə çatdırmağın özü də torpaqlarımızda gözü olan mənfur düşmənə elə bir cavabdır. Bildiyimiz kimi, torpağımız tarixi proseslər üzündən əsrlər boyu yadellilərin aramsız hücümlarına məruz qalıb. Buna görə də zaman keçdikcə həmin adların bir qismi müəyyən dərəcədə dəyişsə də, kökündəki əlamətlərə görə onların mənşəyini  aydınlaşdırmaq mümkün olur.  Və öz tarixi adlarımızı təhlil edib, araşdırmaq heç də çətin olmur. Çünki oronimlərin leksik tərkibinin böyük bir layını xalqımızın təşəkkül tarixində mühüm rol  oynamış, qədim türk tayfa və tayfa birləşmələrinin adları təşkil edir. Bu adlar xalqın milli kökü, varlığı, etnik tərkibi ilə birbaşa əlaqədardır. Ona görə xalqımızın etnogenezini  öyrənmək üçün oronimlərin mənşəyini, onların yaranma və formalaşma yollarını müasir toponimik səviyyədə araşdırmaq əsas şərtlərdən biridir. Elə bu oronimlərdən biri də Bağırsaq dərəsidir ki, tədqiqata cəlb etməyi uyğun görmüşük.

Qeyd edək ki, Bağırsaq dərəsini paralel olaraq həm Şərur rayonunun, həm də Sədərək rayonunun oronimləri sırasına daxil etmək mümkündür. Bağırsaq oroniminə eyni zamanda, Babək rayonunun Gərməçataq kəndi və Culfa rayonunun Yaycı kəndlərinin ərazisində rast gəlinir. Toponimistlərin bir qismi Bağırsaq oronimini təhlil edərkən yazırlar ki, bu yer adı bağırsaq bədən üzvünün adı ilə bağlıdır. Daha sonra o göstərilir ki, müəlliflər həm Bağırsaq dərəni, həm də Sədərək rayonunun ərazisində olan Bağırsaq dağı oronimlərini relyef quruluşuna görə izah etməyə çalışmışdır.

Lakin hesab edirik ki, oronim heç də bədən üzvü deyil, əksinə, etnooronimdir. Və bu qədim ad sak tayfalarının  adı ilə bağlıdir. Bəs necə? Daha geniş izahata varsaq, görərik ki,  Bağırsaq adındakı Bağır komponenti Buğra sözünün fonetik dəyişmələr nəticəsində təhrif olunmuş formasıdır. Məlumdur ki, lüğətlərdə Buğra sözünün iki mənası əksini tapmışdır. Birinci mənada bu söz "iri erkək dəvə" mənasını verir. Adın digər bir mənası isə durna qatarına başçılıq edən erkək, "başçı durna" mənasındadır. Qaraxanlılar dövlətinin hökmdarlarından birinin adı və ya titulu da tarixə Buğra xan kimi düşmüşdür.  Buradan belə bir məna anlaşılır ki, Bağırsaq sözündəki birinci element "erkək", "başçı"  və "güclü-qüvvətli" mənalarını ifadə edir. Heç də təsadüfi deyildir ki, bu gün dilimizdə güclü-qüvvətli adamı ifadə etmək üçün "nər (erkək dəvə) kimidir" ifadəsi işlədilir. Saq/Sak isə məlumdur ki, sak türkləri ilə bağlıdır. Bu mənada sözü "igid, güclü qüvvətli sak" mənasında izah edə bilərik. Beləliklə, bu nəticəyə varırıq ki, toponim heç də bədən üzvü deyil, əksinə, sak türklərinin adı ilə bağlıdır və etnotoponimdir.

Buna görə də, biz tariximizi, yəni toponimlərimizi uzaqda deyil, elə öz kökümüzdə axtarmalıyıq. Çünki Naxçıvanda oronimlərin əsas hissəsinin leksik tərkibini tarixin müxtəlif mərhələlərində bu ərazidə məskunlaşan ayrı-ayrı türk tayfa və tayfa birləşmələri ilə bağlı adlar təşkil edir. Tarix boyu qıpçaqlar, oğuzlar, peçeneklər, saklar, suvarlar, xəzərlər, hunlar, kəngərli və digər tayfalar xalqımızın təşəkkülü və formalaşmasında mühüm rol oynamış, bu tayfa və tayfa birləşmələrinin adları Naxçıvan oronimlər sistemində öz ifadəsini tapdığının da şahidi olduq.

 





15.10.2020    çap et  çap et