525.Az

Üzeyir Hacıbəyli publisistikasinda milli özünüdərk - V məqalə


 

Üzeyir Hacıbəyli publisistikasinda milli özünüdərk - <b style="color:red">V məqalə </b>

Ədəbi düşüncədə milli özünüdərk problemləri 

Bir əsrdə iki dəfə müstəqilliyini qazanmış Azərbaycan xalqı buna qədər böyük bir milli özünüdərk prosesindən keçib. Zaman-zaman xalq bu mərhələlərdən keçərək milli özünüdərkin ən yüksək səviyyəsinə çatıb və dövlətçiliyini formalaşdırıb. XIX əsrin ortalarından xalqın ədəbi, bədii, mədəni fəaliyyət potensialı artaraq milli ideya ətrafında birləşib. Xalqın milli ideya ətrafında keçdiyi özünüdərk prosesi həm də ədəbi düşüncədə öz əksini tapıb.

Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin publisistikası və felyetonları milli özünüdərk baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə ki, onun  müxtəlif mətbu orqanlarda -"Kaspi", "Həyat", "Tərəqqi", "Tərcüman", "İrşad", "İqbal", "Yeni iqbal", "Həqiqət" qəzetlərində, eləcə də "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan, bu yan", "Dərədən-təpədən" və digər başlıqlar altında "Ü.", "U", "U. Qadjibekov", "U.Q.", "Ü.H.", "Ü.Hacıbəyov", "Üzeyir", "Y.", "Filankəs", "Yazan Filankəs" və başqa gizli imzalarla dərc etdirdiyi xeyli məqalə, oçerk, felyeton və satirik miniatürlərdə milli ictimai şüurun formalaşması məsələləri qoyulur. Bu yazılarında xalqın gündəlik həyatı, baş verən hadisələrə münasibəti və bu münasibətlərdə üzə çıxan cəhalət, biganəlik, bir-birinin ayağından çəkmək vərdişləri duzlu yumorla, yüksək bədiiliklə öz əksini tapır.

Ü.Hacıbəylinin  məqalə və felyetonları "Ordan-burdan", yaxud "O yan, bu yan" başlıqları altında dərc edilirdi. Bu felyetonların və məqalələrin böyük bir hissəsi Rusiyada və dünyada baş verən ictimai-siyasi proseslərə həsr olunurdu. Lakin bu yazıların özündə belə publisist hadisələri Azərbaycanla və yaşadığı cəmiyyət hadisələri ilə əlaqələndirirdi. Yazılarında hadisələrə münasibətində aydın təhlillər verir, dövrün xarakterini uzaqgörənliklə dəyərləndirirdi. Ən mühümü isə hadisələrə münasibətinin əsasında vətəndaşlıq cəsarəti dayanırdı. "Rusiyaya dair" məqaləsində açılmaq üzrə olan Dövlət Dumasından danışır, dərhal da Qafqaz deputatlarının vəzifələrinə keçir. Ona görə ki, Dumada Qafqaz məsələsinin də danışılacağını istisna etmir. Ü.Hacıbəyli ümumrusiya müsəlman deputatlarının keçən iclaslarda elə bir iş görməməsinə diqqət çəkərək yazır: "Qoy müsəlman məbusları burasını həmişə nəzər önündə tutsunlar ki, 30 milyonluq müsəlmanların bütün ehtiyacati-milliyyə, diniyyə, iqtisadiyyə, elmiyyə və sairlərinin rəfi yalnız bir dumaya bağlıdır. Duma isə bu məsələdə müsəlman məbuslarının ağzına baxacaqdır. İştə o ağız sahibləri öz vəzifələrini pişəzvaxt yaxşıca düşünsünlər".

Millət Dumanın naqis seçkisinə bir o qədər əhəmiyyət verməyib ondan islahat gözləyirdi. Lakin onun bu axırıncı ümidi də Duma buraxıldıqdan sonra puça çıxır. Rusiyada baş verən bu hadisələr Azərbaycan üçün də son dərəcə gərəkli olduğundan siyasi prosesləri milli düşüncə baxımından təhlil edirdi. Bu təhlillər yerli ictimai proseslərdəki hadisələrə də öz təsirini göstərirdi. İran və Osmanlıda gedən proseslər də bu məqalələrin əsas tənqid hədəflərindən olurdu. Məqalələrdə bu ölkələrə nəzər edir və "Millətin qoyun sürüsü kimi dolanıb pərişan və sərgərdan qalmağının" səbəbini  "bürokratiyanın gücü və ixtiyaratı"nda görürdü.

Ü.Hacıbəylinin felyetonlarının böyük bir qismi milli düşüncəni oyatmağa, özünütanımaya yönəlmişdir. O, hər bir felyetonda bir problem qoyur və ardıcıl olaraq həmin problemə bəzən bir neçə felyeton həsr edirdi. Bu felyetonlarda xalqın, millətin özünü tanıması üçün ayrı-ayrı problemlər qoyulurdu; cəhalət, geridə qalmışlıq, maarif, cəsarət, ləyaqət, mərifət, cəmiyyət və s. "Təəssüflər olsun" məqaləsində publisist üzlərinə bağlanan maarif və mədəniyyət qapılarının  xalqı "cəhalət və vəhşaniyyət vadisində" sərgərdan qoyması təsvir olunur. Müəllifin keçmişə lənət oxumasının əsasında uzun zaman "içimizdən millət, camaat qəhrəmanı olacaq" bir adamın çıxmamasıdır. Əgər çıxmış olsaydı, bu gün xalqın qarşısında duran sədləri aşıb keçə bilər, indiki kimi yazıq olmazdıq. Onu narahat edən odur ki, XX əsrdə qeyri millətlər baxmayaraq ki, bizdən yaxşı vəziyyətdə yaşayırlar, bununla belə, özlərinə yeni yollar axtarır, məişət və güzəranlarını düzəltməyə çalışırlar: "Amma biz... Biz də qeyrət edirik. Lakin nəyə? Öz-özümüzü bundan daha zəlil və rəzil hala salmağa". Üzeyir bəy daha dərin qatlara enərək bizim bu halımızın səbəblərini özünütanımamaqda, həyat və məişət haqqında öz yolunun olmamasında görürdü. Yaşadığı müsəlman cəmiyyətinin ən böyük qüsuru ayrı-ayrı fərdlərin cəmiyyətin rifah halını düşünməməsidir: "Odur ki, heç bir vaxt ümumi camaatın mənafeyini nəzərə almayıb, ancaq öz xüsusi mənfəətimizi gözləyirik". Üstəlik, öz xüsusi mənfəətimizi arayan zaman yoldaşımızın zərər və ziyanını özümüz üçün böyük bir vasitə hesab edirik. Buna əyani misal kimi Rusiyanın Yaponiyaya müharibədə məğlub olmasını göstərir. Onun fikrincə, heç bir cəmiyyətdə ümumi üzvlərin mənafeyi nəzərə alınmadığı halda ayrı-ayrı fərdlərin vəziyyəti yaxşı olsun. Vəziyyətin bu şəklə salınmasında  anlaya bilməməyimiz, anlaya bilməməyimiz isə elmimizin olmamasından irəli gəlir.

Ü.Hacıbəylinin "Ordan-burdan" felyetonlarında özünüdərk bir neçə istiqamətdə verilir. Bunlardan biri də müsəlman aləminin daxilində ittifaqın olmamasıdır. Milli birliyin olmaması xalqın ictimai-siyasi və gündəlik güzəranına da təsir edir. Çox zaman publisist fikrini müqayisə yolu ilə çatdırır. "Dərin quyular" məqaləsində Rusiyada yaşayan müxtəlif millətlərin həyatı müqayisə edilir. Məlumdur ki, Rusiyada müxtəlif millətlər yaşayır. Bu millətlər ayrı-ayrı cəmiyyətlərdən ibarət olub "zahirdə müttəhid və müttəfiq göründükləri kimi, batində, yəni öz üzvləri arasında" da müttəfiq və müttəhiddirlər. Bu vəziyyət isə onların milli bir ittifaq təşkilində olmalarını şərtləndirir. Üzeyir bəyin bunu deməkdə məqsədi odur ki, Rusiya bu millətlərin ayrı-ayrı cəmiyyətləri və üzvləri arasında dərin quyular qaza bilmir. Bu fərdlər və cəmiyyətlər arasında boşluq tapa bilmir. Lakin Rusiya mütləqiyyətinin bu millətlər içində quyu qazan aləti millətlərin içində daşa və qayaya çırpılsa da, "biz müsəlmanların içində quyu qazılmağa qabil olan yerlər" tapıldı: "Bizə qalırsa, biz müsəlmanların arasında quyular qazımaq üçün Rusiya hökuməti bir o qədər zəhmət çəkmədi, çünki bizim aramızda şərir əllər əvvəldən quyu qazıb hazır qoymuşdular. O quyunu ancaq bir qədər də dərinləşdirmək və lazım olsa, digər bir quyu qazımaq kifayət idi. Rusiya hökuməti onu da elədi, bunu da".

Ü.Hacıbəyli Rusiya hökumətinin müsəlman aləminin içində qazdığı quyuların ünvanını da göstərir; bunlar şeyxülislam təyini, müfti nəsbi, "Ömər" şkolası, "Əli" şkolası, şiə zakonauçiteli, sünni zakonauçiteli təsisləridir. Daha dərin quyular da var ki, bunlar da tatar, ləzgi və s. kimi ibarələrdən istifadə etməsidir. Qazılan bu quyular Rusiya hökumətinin rahat oturmasına imkan vermişdir. Göründüyü kimi, problem çox dərindədir və publisist bu quyuların aradan qaldırılması ilə bağlı yollar axtarır və tapır:

1. Quyuları tapıb kənardan bir yol aramaq; bu yol ilə nə cür olur-olsun birtəhər ittifaq yaratmaq;

2. Quyular üzərindən bir körpü salmaq, yəni həmən məsələni həll etmədən birdən-birə özgə məsələlərə keçmək;

3. Quyuları doldurub bilmərrə basdırmaq, yəni illər sərf edib bu məsələni bilmərrə aradan götürmək.

Ü.Hacıbəyli müsəlman cəmiyyətlərinin ən zəif tərəflərini axtarıb tapır və həmin ünvanı tənqid atəşinə tuturdu. Əgər əvvəlki felyetonda müsəlman cəmiyyəti "quyu" detalı üzərindən tənqid olunurdusa, "Nərdivan" felyetonunda eyniadlı detaldan istifadə edilir. Burada da yenə özünütənqid elementinə yer verilir, çünki özünütənqid sosial baxımdan sağlam cəmiyyətin əsas inkişaf kateqoriyalarından biridir. Ona görə də mövcud cəmiyyətdə olan "xəstəlikləri" kökündən aradan qaldırmaq üçün Ü.Hacıbəyli ən kəskin üsuldan istifadə edir. Felyetonun əvvəlində "O şey nədir? O şey nərdivandır! Necə yəni nərdivan? Nərdivan nədir?", - suallarına cavab axtarılır. Əlbəttə, nərdivan bir alətdir və onun vasitəsilə adamlar yuxarı çıxa bilərlər. Yəni nərdivansız yuxarı çıxa bilməzsən. Əgər nərdivansız yuxarı çıxmaq istəsən yıxılarsan. Bu adi həqiqətlə bağlı informasiya təsadüfi verilməyib. Hər bir iş görüldükdə, nərdivanı pillə-pillə çıxdığın kimi, gərək gördüyün işi də sistemli şəkildə görə biləsən. O zaman uğur qazana bilərsən. Məsələn, qonşular əvvəlcə siçan, sonra keçi, sonra eşşək, camış və sonra da fil boyda iş görürlər. Ancaq müsəlman cəmiyyəti belə etmir, həmişə başından böyük iş görür. Gözünü ovxalayıb görür ki, qeyri millətlər iş görür və o da iş görmək istəyir. Özlərinin gücünü hesablaya bilməyən toplum fil boyda işlər görməyə başlayır. Axırı isə yaxşı olmur, işi yarımçıq qoyurlar: "Filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik, gəlin təzədən başlayaq, ancaq burasını iqrar eləyirik ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə, dəvə. Qərar qoyuruq ki, dəvə boyda qayıraq, başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılırıq deyirik ki, dəvə iridir, ondan balacasını başlayaq. Ondan balaca nədir? Camışdır. Başlayırıq camış boyda iş görməyə, lakin camışa da gücümüz çatmır. Aşağa enirik (halbuki qonşular fildən yuxarı çıxırlar). Deyirik ki, eşşək boyda iş görmək, amma eşşək də bizə güc eləyir. Tuturuq keçini. Görürük yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə.

Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi!..

Biz belə iş görürük".

Müsəlman cəmiyyətnin tərəqqisinə, qabağa getməməsinə mane olan digər faktorlar da Ü.Hacıbəylinin felyetonlarında tənqid hədəfinə çevrilir. Əgər tərəqqinin bir ölçü vahidi olsaydı, o zaman cəmiyyətin bir addım qabağa, iki addım geri getməsini görmək olardı. Publisist cəmiyyətin irəli getməsini yeni yerimək öyrənən uşağa bənzədir. Təzə yerimək istəyən uşaq necə yıxılıb durursa, müsəlman cəmiyyəti də eləcə ayaqları bir-birinə dolaşıb yıxılır. Felyetonçunun fikrincə, uşağın bu cür yıxıla-dura getməsinin səbəbi əzaların cismani qüvvətsizliyidir. Müsəlman cəmiyyətinin də yıxıla-dura, bir addım qabağa, iki addım geri getməsinin səbəbi əzaların - yəni iş başında duranlarımızın qüvvətsizliyidir: "Amma bizim əzalarımızın qüvvətsizliyi cismani qüvvətsizlik deyildir. Yəni əzalarımız çolaq, şil və şikəst deyildirlər. Onların qüvvətsizliyi mənəvi qüvvətsizlikdir! Mənəvidə qüvvətsizlik budur: Səmimiyyət - yəni cani-dildən işə girişməklik yox, fəaliyyət - yəni oyaq və ciddi cəhd ilə iş görmək yox, hamısından bədtər mətanətli qəlb, yəni cürət, ürəklilik yox, şövq yox, arzu yox... Vallah mən bilmirəm ki, bu əzalarımız öz xüsusi işlərindən nə törədirlər. Amma onu bilirəm ki, millət işinə qalanda, bunlar mənəvi qüvvətsizdirlər ki, rusca buna besxarakternost deyirlər. Türkcəsinin dürüstlüyünü bilmirəm".

Müsəlman cəmiyyətinin başqa bir problemi isə bəzi adamların dalınca getdikləri işin nədən ibarət olduğunu doğru-dürüst bilməmələridir. Ona görə də onların gördükləri işin heç bir xeyri olmur. Burada "Ördək, balıq və xərçəng" təmsilini yazan Krılovun başqa bir təmsilindən "Əgər başmaqçı durub bulka çörəyi bişirə və bulkaçı da başlayıb başmaq tikə, bu cürə işdən əziyyətdən başqa bir şey çıxmaz" - sözlərini xatırladaraq adamlarımızın məqsədi iş görmək olmayıb, özünü iş görən kimi göstərməkdir. "Odur ki, deyiblər: "Bülbülümüzdə həvəs yox, qarğamızda səs". "Hər işi öz əhlinə tapşırmalı" felyetonunda bir daha bu məsələyə qayıdaraq cəmiyyətlərimizin, ittifaqlarımızın camaatımıza heç bir mənfəət verməməsinin, yaranan kimi də pozulub dağılmasının ictimai səbəblərini axtarır. Onun fikrincə, çox vaxt bu cəmiyyətlərin başında duranlar yanlış adamlar olublar. Yəni bu işi öz üzərlərinə götürdükləri vəzifənin funksiyalarını bilmədikləri ilə yanaşı, məsuliyyətini də dərk etməyiblər. Yəni bu kimi adamlar gücünü boş yerə və boş şeyə sərf edirlər. Çünki üzərinə götürdükləri işin əhli deyillər. Məşrutəli dövlətlərdə işi bacarana verdikləri üçün həmin dövlətlərdə millət və dövlət inkişaf edir, irəliyə gedir. Başqa bir səbəb isə seçdiyimiz, yaxud seçilmiş adamı rahat buraxmamaq və onun işinə qarışmaqdır: "...madam ki, bu işə əhl adam seçildi və iş də ona tapşırıldı, ondan sonra həmin əhl adamı tamam və kamal sərbəst buraxmalıdır. Heç bir halda onun işinə qarışmamalıdır. Onun əl-ayağına dolaşmamalıdır" (Yenə orada, s. 147).

"Halımıza dair" felyetonunda da Ü.Hacıbəyli yenidən həmin problemə qayıdaraq, başqalarının (qeyri-millətlərin!) "əjdaha qədəmi" ilə irəliyə getdiyi halda, bizim "tısbağa addımı", bəzən isə "xərçəng kimi" geri getməyimizin ümdə səbəbini gördükləri işin mahiyyətini bilməməsinə bağlayır. İronik dil və üslub problemin ciddiliyini bütün mahiyyəti ilə üzə çıxarır. Cəmiyyətin öndə gedənlərinin öz tutduğu iş barəsində heç vaxt düşünmədiyini, dərindən fikir və mülahizə etmədiyini önə çəkən müəllif yazır: "Dəlil istərsiniz? - Buyurun: camaat yolunda tutduqlarımız işin nətiçələri öz-özlüklərində şafi bir dəlildir. Gizlətmək lazım deyildir; biz camaat işlərinə qarışıb "islahat" əmələ gətirmək istədikdə, iki məqsədin dalına düşürük, daha doğrusu, bir məqsədi, yəni ümumən xoşuna gələn məqsədi ancaq xalqa elan edib, ikinci məqsədi, yəni öz xüsusi məqsədlərimizi təqib edirik. Çünki bu məqsədin hüsuli, əvvələn, bizim üçün şəxsi bir mənfəət qazanır və saniyən onun təriqi-üsulu da asandır. Və bu şəxsi mənfəət, görünür ki, bizdən ötrü o qədər arzu olunacaq mərtəbə əzizdir ki, biz bunun hüsulundan ibarət olan xüsusi məqsədimizi ümumi camaatın mənafeyinə tuş olan digərpəsəndi də məqsəd içində gizlədib, "üzü bürünmədən" meydana atılmağımızı məsuliyyətli və xatər-nak bir şey hesab etməyirik". Lakin bu "cəsarətin" axırı nə olur? Hər bir biabırçılığı ötmüş bir ürəksizlik, qorxaqlıq və lap axırda, müvəqqəti də olsa, boynu buruq qulluq.

Ü.Hacıbəyli yumor, gülüş hissinin müxtəlif formalarından istifadə edərək müsəlman cəmiyyətinin qüsurlarını satirik düşüncə tərzi ilə tənqid edir. Satiranın yaradıcı qüdrəti xalqın mənəvi dayaqsızlığını, iztirablarını, geriliyinin səbəblərini ifşa vasitəsilə ortaya çıxarır. "Halımıza dair", "Övzamız", "Xəbərdarlıq", "Rəhbərlərimiz", "Öz halımızdan", "Halımız" və s. silsilə felyetonlarında da oxşar vasitələrlə cəmiyyəti içindən qurd kimi söküb dağıdan məsələlərə münasibətini bildirir. Tənqid etdiyi bu məsələlərə xalqın, millətin sıradan bir qüsuru kimi baxmır, onun inkişafına, tərəqqisinə, maarifə, mədəniyyətə mane olan faktor olaraq baxır. Bu faktorlar bütövlükdə cəmiyyətin mahiyyətini təmsil edir, onun inkişafındakı radikal, mürtəce forma kimi üzə çıxır. Cəmiyyət üçün çox təhlükəli olan bu məsələlərdən biri də müsəlmanlarda rəhbərliyin olmaması, yaxud zəif olmasıdır. Çünki hər bir millətin təkamülünə və tərəqqisinə səbəb o millətin başında duran, rəhbəri olan bir və ya bir neçə tərəqqipərvər firqələrin başında duran adamlardır. Həmin firqələrin öz millətini müxtəlif yollarla irəli aparmaq yolunda ciddi-cəhd və mərdanəliklə fəaliyyət göstərməsidir. Lakin müsəlman cəmiyyətlərində hələ elə rəhbərlər yoxdur. Bunun da əsas səbəbi camaatımızı bürüyən ətalət və kəsalətlə bərabər, rəhbərliyə layiq olan şəxsiyyətlərimizin "məişətcə dar gün keçirmələri"dir.

"Əhvalımızdan" və "Öz halımızdan" felyetonlarında yenə də millət və onun tərəqqisini satirik tənqid hədəfi edir. Ü.Hacıbəyli birinci felyetonda müqayisə yolu ilə tərəqqi nəticəsində mədəniyyət sahibi olmuş məmləkətlərdə əhalinin həyat və məişətinin dəfələrcə bizdəkindən yaxşı olmasına diqqət çəkir. O xoşbəxt yerlərin əhalisinin "rəfah hal" ilə yaşayıb da rahatca öz qəsbkarlarına məşğul olmalarını həsəd ediləcək bir iş hesab edir. O yerlərdə hər bir kəs insanlığın və insan kimi ömür sürməyin yolunu bilib, bu nəhv ilə sərbəst və müstəqil yaşayırlar. Belə rahat və azad yaşamaq sayəsində günü-gündən bir şey ixtira edirlər ki, özlərinə və bütün insaniyyətə mənfəət yetirir. Publisist ad çəkməsə də, söhbətin Avropadan getdiyi anlaşılır. Burada insanlar təzyiq altında deyil, hər kəs sərbəstdir, kimsə kimsənin haqqını tapdalamır, hər kəsə verilmiş hürriyyətdən lazımınca istifadə edilir, hökumət isə insanın rahatlığını pozan hadisələrin dəfi üçün çalışır. Buna görə də burada cəmiyyət inkişaf edir.  Hürriyyətdən məhrum olmuş cəmiyyətlərdə isə bu nemətdən məhrum qaldığı kimi, müdafiə və məsuliyyətdən də məhrumdular. Onların asayiş və təhlükəsizliyini qoruyacaq heç bir qüvvə yoxdur. Belə cəmiyyətlərdə insanın dəyəri olmur, məişət insanlar üçün çətinləşir. Heç kəs öz canından, övladından və malından əmin olmur. Qeyd etmək lazımdır ki, Ü.Hacıbəylinin bu təsvirləri demokratik cəmiyyətə aid idi. Onun yaşadığı cəmiyyətin bu cür nemətdən məhrum olduğunu nəzərə almış olsaq, deməliyik ki, müəllif bu cəmiyyəti nəzəri cəhətdən əsaslandıra bilirdi. Felyetonda antidemokratik cəmiyyətin də tərifi verilir: "Hürriyyət nemətindən məhrum qalmış ölkələrdə isə bu əhvalat tərsinədir. Əhali mədəniyyətsiz və mərifətsiz olduğuna görə insanlığın və insan kimi yaşamağın yolundan çıxıb axşam sağ və salamat qayıdacağını bilmədiyi kimi, qayıdıb ev-eşiyini öz yerində görəcəyini də bilmir. Çünki bu yerlərdə hər kəs, hər yerdə və hər bir an hər bir cürə vəhşiyanə tərizlərə düçar ola bilər.

Söz, hərəkət, gediş, gəliş, pul, dövlət, büxl-həsəd, din, əqidə, aclıq və bu kimi səbəblər ucundan hər kəsin canı fənaya gedə bilər. Və belə fənalıqların vüquini dəf etməyə də heç bir tədbir görən olmur. Odur ki, bu yerlərdə də hər nə pis və murdar əməl varsa, hamısı baş verməyə başlayır" (Yenə orada, s. 186).

"Öz halımızdan" felyetonunda isə millətpərəstliyin nə olduğunu başa salır. Müəllif xalqın ağzından düşməyən, yerli-yersiz işlətdiyi millətpərəstlik məfhumunu yenə də "Avropada və bizdə" formulu ilə müqayisə edir. Avropa ilə müqayisəyə Ü.Hacıbəylinin millətlə, cəmiyyətlə və millətin özünü dərk etməsilə bağlı yazdığı felyetonlarda sıx-sıx rast gəlinir. Bu da təbiidir; müqayisə problemin anlaşılamasını asanlaşdırır və daha da görümlü edir. Çünki həmin dövrdə millət və millətpərəstlik haqqında hər yerdə söhbət getsə də, onun nə olduğunu anlayanlar az idi. Müəllifin də əsas məqsədi əsl millətpərəstliyin necə olduğunu ortaya çıxarmaq idi. Onun fikrincə, "Millətpərəst olmaq, yəni millətin xeyirxahı olmaq. Millətin xeyirxahı isə millətin hər biri barədə tərəqqisini arzu edir". Buna misal olaraq Avropa əhalisini göstərir. Çünki buradakı tərəqqi nəticəsində Avropa əhalisi dünyanın bütün maddi, mənəvi və ruhani nemətlərinə nail olub. Lakin millətin inkişafını arzu edən şəxs bir arzu ilə kifayətlənməyib, bu yolda iş görüb. Felyetonçu nümunə olaraq bir şəxsi götürür. Bu şəxs xalq, millət yolunda əgər öz canını fəda edirsə, lazımdır ki, millət də ondan sonra onun ailəsinə baxsın, dayaq olsun. Müqayisənin ikinci tərəfi öz cəmiyyətimizdir. Müəllif burada da tənqid silahından istifadə edərək ünvanı düzgün müəyyənləşdirir: "Lakin bizlərdə millətin tərəqqi və təməddününə böyük bir ehtiyacı olan zamanda, bu cürə tərəqqi və təməddün mənbəyi olan şəxslərə heç bir qədr və qiymət qoyan yoxdur. Onlara vüsət verən, qabaqlarına tiz bir meydan açan adam yoxdur. Biləks, istedad sahiblərinin başından vururlar, həvəsdən salırlar, incidirlər, haqqında bir çox narəva və nagüvəra işlər görürlər".

Müəllifin gəldiyi nəticə məntiqi olduğu kimi, oxucunu düşündürməyə sövq edir. Bu cür cəmiyyətlərdə hər bir istedad sahibi həvəsdən düşərək adi adamlar cərgəsinə girir, adi işlər, yəni özündən başqa heç kimə lazım olmayan işlərlə məşğul olur. Felyetonçu nəticədən alınan təəssüf və təəccübü də onun öhdəsinə buraxır. Felyetondan çıxan bu nəticə milli gerçəkliyi əks etdirirdi.

"Öz qədrimizi bilmirik" felytonunu bu mövzunun davamı hesab etmək mümkündür. Buradakı kinayə problemə bu dəfə başqa rakursdan baxmağı və qiymət verməyi şərtləndirir. Bakının keçmişinə ekskurs edən müəllif yüz il bundan əvvəl burada ot bitməmişdir, indi isə hətta onun ətrafı da qiymətə minərək insanlar üçün möhtərəm və əziz olub. Nəinki öz millətimiz, hətta başqa millətlər də bizdən xeyir götürür. Lakin nədənsə bizim camaatın içindən Yevropadakı kimi adamlar çıxmır. Müəllif sual edir: "Məgər allah-taala bizi qabiliyyətsiz, istedadsız yaradıbdır?" Özü də cavab verir: "Xeyr, bizim hamımızın xilqəti birdir. Ancaq mühitimiz olan şərait bizim dahilər üçün müsaid dəyildir. Bizdən də ümuminsaniyyət dahiləri çıxmağa yol vermirlər. Və işıq gələn yerləri bərk-bərk bağlayırlar. Doğrudan da, növicad və ehtiram edilib də xalqa mənfəət yetirən şeylərin adına "min əməli şeytan" deyəndə, hankı müsəlman oğlu müsəlman telefon, teleqraf, maşın və sair bu kimi şeylər icad etmək fikrinə düşərdi?!" Şübhəsiz ki, Füzuli kimi, Üzeyir bəy kimi dahilər yetişdirən bir xalqın daha çox dahilərinin olması üçün "işıq gələn yerləri açmaq", cəhalətdən qurtulmaq lazımdır.

Üzeyir Hacıbəyli üçün xalqın, millətin ən əsas xəstəliklərindən biri cürətsizlikdir. Bu sifət çox adamın bədbəxtliyinə səbəb olur, çünki cürətsiz adamdan yaxşı iş baş verməz, bəlkə də başqalarının bədbəxtliyinə bais olar. Cürətsiz adam heç nəyə təşəbbüs etməz, başqalarına fayda verməz və s. Hər işdə cürət lazımdır, uğura gedən yol cürətdən keçir. Bundan başqa, cürətsiz həmişə cürətlinin ayaqaltısı olar. "Təəssüflər olsun" felyetonunda yenə də milli özünüdərkə üz tutur. Onun lənət oxuduğu ünvan xalqın düşüncə tərzinə birbaşa təsir edir. Müəllif "Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu", -  içimizdən millət, camaat qəhrəmanı olacaq bir dahi çıxara bilməməyimizi lənətləyir: "Bir dahi ki, həqiqi ömür sürmək üçün, qabağımızı kəsib duran sədləri nistü nabüd edəcək qədər qüvvəti-mənəviyyəyə və cismaniyyəyə malik olub, bizi zülamicəhalətdən nuri-maarifə tuş edə biləydi! Onda biz indiki kimi yazıq olmazdıq. Başsız, rəhbərsiz, gələcəyi şək və şübhə ilə dolu qalmazdıq... Lakin olmuşuq və qalmışıq!" (Yenə orada, s. 388).

Ü.Hacıbəyli məqalə və felyetonlarında xalqın təfəkküründə baş verən prosesləri araşdırır və gülüş, ironiya projektorlarını təfəkkürdəki ən gizli nöqtələrə tuşlayır. O, bu xüsusiyyətləri tənqid etməklə cəmiyyəti dəyişmək istəyir. Bu isə ancaq cəmiyyətin özünüdərketməsi yolu ilə baş verə bilərdi. Publisistin bu tənqidləri olduqca kəsərlidir, düşündürücüdür və islahedicidir. O şeyə ki, sənətkar gülür, tənqid edir, onu islah etmək mümkündür.  Bu islahın əsasında isə xalqın özünü tanıması və dərketməsi dayanırdı.

 





15.10.2020    çap et  çap et