525.Az

Azərbaycan və Türkiyə yazıçılarından Əlif Şəfəqə etiraz


 

Azərbaycan və Türkiyə yazıçılarından Əlif Şəfəqə etiraz <b style="color:red"></b>

Azərbaycan və Türkiyənin nüfuzlu ədəbiyyat xadimlərindən bir qrupu tanınmış yazıçı Əlif Şəfəqə bu günlərdə sosial şəbəkədə nümayiş etdirdiyi haqsız mövqeyinə - işğalçı erməni faşizminə mənəvi dəstək verməsinə görə sərt etirazlarını bildiriblər.

Bununla bağlı onların Ə.Şəfəqə ünvanladıqları müraciətdə deyilir:

"Sizə həm də çoxsaylı azərbaycanlı oxucu auditoriyası adından müraciət edirik. Dünən sizin rəsmi Tvitter səhifənizdə paylaşdığınız foto və erməni dostunuza təşəkkürünüzü böyük təəssüf hissiylə qarşıladıq. Bu paylaşımı nə üçün etdiyinizin səbəbini araşdırmaq istəmirik. Sadəcə onu bildirmək istəyirik ki, bu hərəkətiniz əzəldən Azərbaycan torpağı olan Qarabağın aqressor ölkə Ermənistanın işğalından azad olunması uğrunda Vətən müharibəsi aparan Azərbaycanda böyük narazılıq və etiraz dalğası doğurmuşdur. Sizə onu da bildirmək istəyirik ki, Ermənistanın ölkəmizin dinc əhalisinə qarşı yönətdikləri raket zərbələri nəticəsində hər gün məsum uşaqların qanı tökülür, onlarla mülki şəxs qətlə yetirilir və yaralanır, minlərlə adam evindən məhrum olur.

Əgər siz hansısa səbəbə görə Qarabağ münaqişəsinin səbəblərini bilmək və öyrənmək istəmirsinizsə, bu barədə biz yalnız təəssüflənə bilərik. Ümid edirik ki, sizin düşünülməmiş və məsuliyyətsiz paylaşımınızdan sonra, çoxsaylı haqlı şikayət və narazılıqları nəzərə alaraq siz Qarabağ münaqişəsinin kim tərəfindən başlandığını və nəyə gətirib çıxardığını öz erməni mənşəli məsləhətçilərinizin köməyi ilə yox, əsl tarixi faktlar və sənədlər əsasında formalaşdıracaqsınız. İşinizi yüngülləşdirmək üçün sizə Azərbayacan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması və 1 milyon qaçqınının acı taleyi barədə bir neçə link də göndərəcəyik.

Yəqin ki, bu paylaşımınızı edərkən siz sülhpərvər məramınızı nümayiş etdirmək istəyirdiniz. Amma onu bildirmək istəyirik ki, əksinə olaraq, tamamilə başqa bir reaksiya doğurdunuz: nəticə olaraq minlərlə insanın əzəli torpaqlarını erməni işğalından qəhrəmancasına azad etmək, qaçqınları doğma ocaqlarına qaytarmaq, tarixi ədaləti dünyanın gözü qarşısında bərpa etmək arzusuna köklənmiş ən ülvi hisslərini təhqir etdiniz.

Siz yazıçı və qadınsınız və anlamalısınız ki, sülhə çağırış edərək siz təkcə öz dostlarınızın gözündə yaxşı görünmək məqsədini güdməməli, həm də bu həssas zamanda hər gün, hər gecə düşmənin raket zərbələrinə məruz qalan Gəncənin, Tərtərin, Ağdamın, Bərdənin, Mingəçevirin və Azərbaycanın digər şəhərlərinin yüzlərcə dinc sakininin, övladlarını və valideynlərini itirən, yaralanan və ev-eşiklərindən məhrum olan onlarla mülki vətəndaşın acı taleyi haqqında da düşünməlisiniz.  Azərbaycan xalqının hazırda apardığı Böyük Vətən Müharibəsi özünü türk hesab edən hər kəs üçün müqəddəs anlayışdır və biz təəssüf edirik ki, bu məsələdə siz özünüzü "sülhpərvər" kimi yox, məhz məsuliyyətsiz və qərəzli müşahidəçi kimi göstərdiniz.

Ümid edirik ki, səhvinizi anlayıb ermənilər tərəfdən maliyyələşdirilən sosial şəbəkələrdəki digər ulduzlar kimi Azərbaycan xalqından üzr istəməyə özünüzdə qüvvə tapacaqsınız".

Müraciəti Xalq yazıçısı Anar, Xalq şairi Fikrət Qoca, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Nəriman Həsənzadə, Xalq yazıçısı Elçin, Xalq yazıçısı Kamal Abdulla, Xalq yazıçısı Afaq Məsud, Xalq şairi Ramiz Rövşən, Xalq şairi Vahid Əziz, Xalq yazıçısı Natiq Rəsulzadə, Xalq yazıçısı Elmira Axundova, yazıçı Günel Anarqızı, şair-publisist Rəşad Məcid, yazıçı İlqar Fəhmi, şair-publisist Xəyal Rza, tənqidçi, tərcüməçi İntiqam Qasımzadə, şair Qulu Ağsəs, şair və tərcüməçi Səlim Babullaoğlu. Tənqidçi, publisist Azər Turan, yazıçı, tərcüməçi Vaqif Əlixanlı, yazıçı Əjdər Ol, şair-publisist Mehmet Nuri Parmaksız, yazıçı, professor Nurullah Çetin, yazıçı İlter Yeşilay imzalayıblar.

 





15.10.2020    çap et  çap et