525.Az

İnamımız və birliyimizlə güclüyük - Yazı


 

İnamımız və birliyimizlə güclüyük - <b style="color:red">Yazı </b>

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun iştirakı və vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın Xarici İşlər nazirlərinin ötən həftə keçirilən görüşündə humanitar atəşkəslə bağlı əldə olunan razılıq ictimaiyyət tərəfindən narahatlıqla qarşılandı. 

Görüş bitənə qədər sosial şəbəkələrdə müxtəlif fikirlər səsləndirildi. Görüşün uzanmasından yaranan nigarançılıq atəşkəsin əleyhinə olan insanları bir az da gərginləşdirdi.

Azərbaycan tərəfi bu dəfə də humanist prinsipləri üstün tutaraq humanitar atəşkəs qərarı ilə razılaşdı. Halbuki bu qərar yalnız Ermənistan üçün əlverişli sayıla bilərdi. Neçə gündən bəri davam edən döyüş əmliyyatlarında sarsıdıcı zərbələr alan, böyük itkilərlə üzləşən Ermənistan tərəfi üçün atəşkəs toy-bayram olmalı idi. Amma Ermənistan həmişəki kimi bu dəfə də sözünün üstündə dayanmadı. Atəşkəsdən sonra cinayətkar əməlləri daha da şiddətləndi.

Bunun ən qanlı nəticəsi isə Gəncədə törədilən qətliam oldu. Dünya ictimaiyyəti bir daha Ermənistanın iç üzünü gördü, işğalçı ölkənin müharibənin dayandırılması, münaqişənin sülh yolu ilə həlli prosesinə bilərəkdən mane olduğu növbəti dəfə öz təsdiqini tapdı.

Bəzən siyasətçilərimiz bir sıra məsələləri ictimaiyyət qarşısında açıq deməkdən ehtiyatlanırlar. Aysberqin görünməyən üzü isə onlara yaxşı məlumdur. Azərbaycana beynəlxalq güclərin təzyiqləri ictimaiyyət kimi, təbii ki, siyasətçilərə, ali orqan nümayəndələrinə də aydındır. Bu mənada jurnalistlər, məsələni təhlil edən ictimai fəallar onların üzündəki ifadələrdən, mimikalarından, səslərindəki  ehtiyatlı tondan reallıqları sezməyi bacarmalıdırlar. 

Ermənistanın atəşkəsi pozmasına səssiz qalan dövlətlərin əsas məqsədləri indi daha da aydınlaşdı. Məlum oldu ki, həmin dövlətlərin narahat olduğu məqam müharibə deyilmiş. Onların sülh çağırışları pərdəsi altında Azərbaycanın qalib gələcəyindən ehtiyatlanan mənfəətçilər olduğu üzə çıxdı. Əgər Minsk qrupu həmsədrləri Azərbaycanın sivil əhalisinə qarşı erməni cinayətlərinə lazımi reaksiya versəydilər, hardasa onların obyektivliyinə ümid bəsləmək olardı. Əslində isə, bu gün Ermənistanın təcavüzkar addımları beynəlxalq hüquq normalarına birmənalı şəkildə zidd olduğu kimi, həmsədrlərinin mövqeyi də ATƏT-in mandatına adekvat deyil.

Rusiyanın vasitəçiliyi ilə imzalanmış humanitar atəşkəsə Ermənistanın əməl etməməsi, Gəncə qətliamını törətməsi, bunun ardınca isə Ermənistan Xarici İşlər nazirinin Rusiyaya çaparaq səfəri ermənilərin təxribatlardan əl çəkməməsinin kökündə başqa bir çox nüansların da mövcudluğundan xəbər verir. Bu, bir daha sübut edir ki, münaqişənin həlli prosesində həmsədr ölkələrin, o cümlədən, son atəşkəs razılaşmasında vasitəçiliyi birbaşa üzərinə götürən Rusiyanın münaqişə ilə bağlı mövqeyi birtərəfli olaraq qalır.

Yenə yazının əvvəlində toxunduğumuz məsələyə, atəşkəslə bağlı Mokvada aparılan danışıqlara qayıdaq. Yəqin diqqətli oxucular xatırlayar, danışıqlar gedən saatlarda sosial şəbəkələrdə ciddi bir narahatlıq müşahidə olunurdu. Hətta hövsələsizlik edib Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovu qınayanlar da var idi. Amma gəlin ədalət naminə etiraf edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi ilk gündən etibarən bütün gücü ilə əlindən gələni etməyə çalışır. Xarici ölkələrin rəsmiləri ilə mütəmadi telefon danışıqları, mövcud vəziyyət haqqında verilən bəyanatlar, hadisəyə anında reaksiyalar XİN-nin peşəkarlığından və işgüzarlığından xəbər verir. Bu mənada XİN-i, onun rəhbəri Ceyhun Bayramovu atəşkəsin elan olunmasına görə qınamaq ədalətsizlikdir. Unutmayaq ki, siyasətin görünməyən yönləri görünən tərəflərindən daha çox və daha dərindir. Bu situasiyada cəmiyyətdə yaranan nigarançılığa gəlincə isə, bununla bağlı həlledici sözü Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev öz müsahibələrindən birində dedi: "Nəyi nə vaxt etmək lazımdır, bunu mən bilirəm!"

İndiki məqamda bir əsas prinsip var ki, biz ona əməl etməliyik. Dövlətimizin apardığı siyasətə inanmaq və bu inam ətrafında birləşmək lazımdır. Biz hələ yolun başlanğıcındayıq. Kimisə nəyəsə görə günahlandırmağa tələsməyək, yolun sonunu gözləyək. Hamılıqla inanaq ki, nə Azərbaycan hökumətinin, nə də Azərbaycan Ordusunun qətiyyətini heç bir vəchlə sındırmaq mümkün deyil.

Biz birlikdə güclüyük!

Qarabağ Azərbaycandır!

Nadir RZALI

 





15.10.2020    çap et  çap et