525.Az

Qurtuluşun yaxındır, Zəngəzur! - Birinci yazı


 

ƏZƏLİ YURD YERLƏRİMİZİN TARİXİNƏ QISA EKSKURS

Qurtuluşun yaxındır, Zəngəzur! - <b style="color:red">Birinci yazı </b>

Azərbaycan dövləti və xalqının 27 sentyabr 2020-ci ildə işğalçı erməni faşistlərinin növbəti təxribatına cavab olaraq başlanan Qurtuluş Savaşı şanlı ordumuzun ardıcıl qələbələr ilə bizi qəti qalibiyyətə - Zəfər gününə aparır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə coşqun milli ruhla ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlər artıq Azərbaycanın tarixi Zəngəzur bölgəsinin Zəngilan, Qubadlı, Laçın rayonlarının sərhədlərinə yaxınlaşır.

2011-ci ilin 5 iyulunda Dünya azərbaycanlılarının III qurultayındakı nitqində Prezident İlham Əliyevin dediyi bu sözlər Qarabağ, Zəngəzurla bağlı tarixi həqiqəti dolğun, düzgün əks etdirir: "Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi".                        

Xatırladaq ki, tarixi Zəngəzur mahalı Ermənistanın Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri rayonlarını və Azərbaycanın Zəngilan, Qubadlı, Laçın rayonlarını əhatə edib. Hazırda Ermənistanın hərbi nəzarətində olan və intizarla əsirlikdən qurtuluşunu gözləyən Zəngəzur elləri ən qədim dövrlərdən Azərbaycan ərazilərində təşəkkül tapmış dövlətlərin tərkibində mövcud olmuşdur. Çox sayda yaxın, uzaq tarixi mənbələrdə, o cümlədən, erməni, rus, fars mənbələrində bu barədə birmənalı, təkzibolunmaz faktlar, məlumatlar mövcuddur.

Adlar yerin, torpağın danışan dilidir, onun üstündə yaşamışların ən etibarlı, uzunömürlü ünvanlarıdır. Zəngəzurdakı türk mənşəli toponimik adların mütləq çoxluğu da bu fikri təsdiqləyir. Toponimin adındakı "zəngi" leksik vahidi də türk tayfa adıdır. Türkdilli respublikalarda və Azərbaycanın çoxlu yer adlarında bu oğuz-türk tayfasının izləri yaşayır; Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngənə, Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəncan, Zəngilli, Zəngi çayı və sair.

Mahmud Kaşğari, Rəşidəddin, Əbdülqazi, A.Bakıxanovun əsərlərində və bir çox digər yazılı mənbələrdə oğuz-türk tayfasından biri olan "zəngi"nin adı keçir. Zəngi tayfaları Azərbaycan Atabəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından olub. Xatırladaq ki, məngi, səngi, vəngi adlı qohum türksoyların da adları mənbələrdən keçir və türksoylarının yaşadıqları yerlərdə çoxlu izləri qalmaqdadır. Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti" kitabında (səh.26, 42...) Xəlifə ilə Mosulun çox nüfuzlu atabəyi olmuş Zəngi arasında münasibətlərdən söz açılır: "Xəlifə özünün bütün planlarının yerinə yetirilməsini Zəngiyə həvalə etdi. Beləliklə, Bağdadda üçlər - Xəlifə, Davud, Zəngi - birliyi yarandı. Məsuda qarşı yönəldilmiş bu birlik əslində İraq sultanlığının mərkəzi hakimiyyətinə qarşı çevrilmişdi. Xəlifənin müttəfiqləri arasında atabəy Zənginin iştirakı və nüfuzu nəinki müttəfiq əmirlərin belə addım atmasına yol vermədi, Sultan Zəngini Farsa və onun nahiyələrinə hakim təyin etdi".

Zəngəzurdakı ikinci leksem əski türkcəmizdən bu günə qədər dilimizdə işlənən "sır" sözünün fonetik dəyişikliyə uğramış formasıdır, asan tələffüzə görə s-z-yə çevrilib, yəni dağlıq, daşlıq, sırsıralı, qayalıq yer, təbii hasar, qala, bürc deməkdir. Bu iki söz ərazinin relyefini düzgün səciyyələndirir-yəni zəngilərin yaşadığı dağlıq yer. Zəngəzur ərazisindəki adların bir çoxunda sır-sur-zur-zor daşlaşıb qalıb, "zor" sözü Qafqaz və Anadolu türklərinin dilində çox yaxşı, böyük, gözəl mənasında da gen-bol işlənməkdədir; güclü, qüvvətli, zor yer, zor kişi, zor adam və sair.

Bu baxımdan rus, erməni elmi dairələrinin belə fikirləri etibarsızdır.

"Kitabi-Dədə Qorqud"dan (X boy) bir yarpaq: "Oğuz igidi Usun oğlu Əkrək dədə-baba, el yolu, yəni Gorus-Əngələyüz-Dərəşam yolu ilə üç gün- üç gecəyə yortaraq Əlincə qalaya çatdı...". Zəngəzurun baş kəndi Gorus -Us, Uş tayfasının yaşayış yeri, yurdu, gorgahı olub. Qafqaz Albaniyasının tərkibində mövcud olmuş Sünik knyazlığı da əsasən Zəngəzurun Sisian və Gorus bölgələrini əhatə edirdi. Sisianın adı ilkin yazılı mənbələrdə "Sisakan"dır. Moisey Xorenatsi, Musa Kağankatlıda bu ad çox işlənib. "Alban tarixi"ndən sətirlər: "...Qoxtan əhalisi Sisak nəslinin varisləridir. (Arşak- Alban sülaləsi də vardı-H.N)...V əsrin əvvəllərində Qor və Qazan adlı iki qardaş böyük ordu ilə gəlib Sünikdə məskən saldı". Qor-əski türkcəmizdə həm də igid, cəsur adam deməkdi. Gorus bəzi mənbələrdə Qorus kimi də gedib - "igid uslar yurdu". Qazan köklü 30-dan çox toponim var Zəngəzur ellərində. Zəngəzurun 20 yer-yurd, dağ-dərə, el-oba adı Ana Kitabımız "Kitabi-Dədə Qorqud"dakı adlarla eynidir. Sisakan toponimində həm də türk-oğuz mənşəli arxaik söz daşlaşıb qalıb; "kan" -hündür dağ silsiləsi, dağlıq yer anlamında gen-bol işlənmişdir, yəni Sisakan -"Sisak nəslinin yaşadığı dağlıq yer" mənasındadır. Sisianda Şirikan adlı kənd də vardı. Müqayisə et: Balakən, Beyləqan, Abakan, Balkan, Alban dövlətinin vilayətləri Atropatakan, Vaspurakan, Varaşkan, Paytarakan, Mardpetakan...Bunlar islamiyyətdən əvvəlki alban mənşəli yer adlarıdır. Albanların türk mənşəli olmasına şəkk-şübhə edənlər var. "Kitabi-Dədə Qorqud"un əlyazmada adı "Kitabi-Dədəm Qorqud əla lisani-tayifeyi-oğuzan"-Oğuzların kitabının, oğuzların  baş qəhrəmanı, başçısı kimdir?! "alpanlar başı Qazan xan" hər boyda işlənir, Kitabımızda alp(p-b)anlar, alplar elə oğuzların özüdür. 

"Sünik" toponimi (knyazlığı, vilayəti, bu adda kənd də olub) sak türkdilli tayfa adı ilə bağlıdır. Zəngəzurun digər bölgəsi Laçın, Mığrı-Meğri adlarında da türk tayfalarının izi qalıb. Meğri rayonunun Nüvədi kəndindəki Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti ilə "Orxon-Yenisey" abidələrindən geridə qalmırdı. Bərgüşad çay və ərazi adında atəşpərəstlərin inandığı Bərgu peyğəmbərin adı qalıb. Qubadlının Əliquluşağı kəndində V əsin yadigarı olan Göyqala albanların ən möhtəşəm məbədlərindən biri olub, geniş ərazidə izləri qalmaqdaydı. Zəngəzurun ən böyük şəhərləri Qafan-qaf türk etnosunun, Qacaran-qacar tayfalarının yurd yerləri olmuşdur, an-əski türkcəmizdə cəmlik, çoxluq bildirir. Türk etnoslarının qədim və erkən orta əsrlərdə Azərbaycan ərazisində Manna və Maday (e.ə.VII-XII əsrlər), Sak çarlığı (e.ə. VII-V əsrlər), Atropatena (e.ə. IV eranın III əsrləri), Albaniya (e.ə. IV eranın VIII əsrləri), Cənub-Şərqi Avropada Skif çarlığı (e.ə.VII-III əsrlər), Sannat çarlığı (e.ə. III - eranın III əsrləri), Avar, Bolqar və Xəzər xaqanlıqları (e.ə. VI-IX əsrlər), Mərkəzi və Orta Asiyada Hun xaqanlığı (e.ə. III-I əsrlər), türk xaqanlıqları (VI-VIII əsrlər) və digər çoxlu türk dövlətləri Sünik-Zəngəzuru da əhatə etmişdi və bunlar mövcud olanda ermənilərin bu ərazilərdə heç bir izi olmayıb.

Zəngəzur Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin son məkanı olmuşdur. Həm də ona görə ki, atəşpərəstliyin ən məşhur məbədgahları bu yerlərdə idi və neçə-neçə abidədə izi yaşamaqda idi. Ərəblər məhz Arazı keçərək, Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə istiqaməti ilə hərəkət edib o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt etmişdilər.

1065-ci ildə Səlcuq-türk imperiyasının şanlı hökmdarı Alp-Arslanın başçılığı ilə 150 il davam edən səlcuqlu hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirdi.

1236-cı ildə monqol-tatarlar Zəngəzuru da işğal etdi. Elxanilər, Hülakilər, Şeyx Həsən Çoban, Məlik Əşrəf, Əmir Əxicuq, Şeyx Üveys Cəlairin hökmranlığı dövrlərinə aid bütün yazılı məxəzlərdə Zəngəzurdakı türk-Azərbaycan mənşəli yer-yurd adlarının adı keçir, bu yerlər qanlı savaşlar meydanına çevrilmişdi. "...1359-cu ildə Varzaqun yaxınlığında Cəlairi əmiri Məhəmməd bin Müzəffər tərəfindən məğlub edilən Əxicuq böyük itki verərək Qafana qaçmışdı. Çobanilərin Qafanda sığınacaq tapması hər şeydən əvvəl Qafan qalasının hərbi-strateji baxımdan alınmaz mövqeyi ilə bağlı idi....Əxicuq Qafana, ona ata kimi olan Sədrəddin Qafaninin yanına getdi. Üveys elçi göndərib Əxicuqu gətirdi və onunla barışdı" (XIV əsr salnaməçisi Zeynəddin bin Həmdullah Qəzvini, "Zeylü-tarixi-güzidə" əsərindən). Foma Mesoplu yazır: "...1386-cı ildə Qızıl Orda xanı Toxtamışın qoşunları Sünikin 12 vilayətini talan etdilər, əhalisinin çoxunu qılıncdan keçirdilər və əsir götürdülər". Salnaməçi onu da qeyd edir ki, aprelin 7-də qəflətən güclü qar yağması əhalinin bir hissəsini labüd ölümdən xilas etdi, çünki qoşunlar belə dağlıq ərazilərə çıxmağı, vuruşmağı bilmir, çoxlu itki verirdi.

1395-ci ildə Əmir Teymur Zəngəzuru özünə tabe etdi, bu ərazilər daha sonra Qaraqoyunlu (1410-68), Ağqoyunluların (1468-1502), 1502-ci ildə Səfəvi qızılbaşlarının hakimiyyəti altına düşdü, Osmanlı və İran xanədanları arasında bir neçə əsr savaş meydanına çevrildi.

 





16.10.2020    çap et  çap et