525.Az

"Əsgər, sənə salam olsun!" - Mina Rəşidin şeiri


 

"Əsgər, sənə salam olsun!" - <b style="color:red">Mina Rəşidin şeiri </b>

Əsgər, sənə salam olsun,
Xoş gəlmisən, Qarabağa!
Bu yurd sənin vətənindi,
Qalx bu dağa, qalx o dağa.

Qartal kimi zirvəyə çıx
Göydə bayrağım sevinsin.
Torpağımı azad eylə,
Elim-oymağım sevinsin...

Qardaşımın canındadı
Hələ də düşmən qəlpəsi.
Otuz ildi ürək yaxır
Anaların ah-naləsi.

Atamı düşmən gülləsi,
Anamı həsrət apardı.
Məni Xocalı ağrısı
Dünyadan çəkib qopardı.

Otuz ildi, dərd dağıyam,
Əsir yurdam - qolubağlı.
Adına "qaçqın" deyəndə
Utanıb hər qarabağlı...

Allahın ədalətiylə
Düşmənin çırağı söndü.
Mən daha qaçqın deyiləm
Düşmənlərim qaçır indi.

Ay yurdumun şan-şöhrəti,
Qazi əsgər, qalib əsgər...
Zalımları qov sonadək,
Ol bu yurda sahib, əsgər!

 





16.10.2020    çap et  çap et