525.Az

“Bizim Ermənistan ərazisində hər hansı hərbi hədəfimiz yoxdur”


 

“Bizim Ermənistan ərazisində hər hansı hərbi hədəfimiz yoxdur”<b style="color:red"></b>

“Bizim belə fikrimiz yoxdur, mən bunu dəfələrlə demişəm. Bizim Ermənistan ərazisində hər hansı hərbi hədəfimiz yoxdur”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Ermənistan torpaqlarından hücuma cavab olaraq Ermənistan ərazisində hərbi əməliyyatların aparılıb-aparılmayacağı barədə sualı cavablandırarkən bildirib.

Dövlət başçısı deyib ki, bizim hərbi əməliyyatları Ermənistan ərazisinə keçirmək fikrimiz də yoxdur: “Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Biz sadəcə, ölkə hüdudları çərçivəsində, beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən tanınmış qanuni Azərbaycan torpaqları çərçivəsində bu əməliyyatları aparırıq. Bu günə qədər Ermənistan ərazisinə biz keçməmişik. Onu da bildirməliyəm ki, iyul ayında Ermənistan-Azərbaycan sərhədində bizə hücum edilmişdi. Ermənistan silahlı qüvvələri Tovuz bölgəsinin müəyyən yerlərinə girə bilmişdi. Biz onları oradan rədd etdik, öz torpaqlarımızı qoruya bildik, onları sərhəddən kənara atdıq. Ondan sonra da sərhədi keçə bilərdik. Yəni, bizim qarşımızda hər hansı ciddi maneə yox idi. Zatən, bu savaş da bunu göstərdi ki, burada keçə bilmişiksə, orada daha asandır. Çünki orada bu istehkamlar yoxdur. Amma bunu etmədik. Çünki biz hesab etdik ki, bu, düzgün olmaz. Biz öz torpağımızda özümüzü müdafiə edirik və işğalçıları öz torpağımızdan qovmalıyıq. Ancaq eyni zamanda əgər Ermənistan ərazisindən bizə qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan onlar istifadə edəcəklərsə - necə ki, Gəncəni onlar Ermənistanın Vardenis rayonundan vurdular - əgər bu davam edəcəksə, bu, bizim üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilsin”.

 





16.10.2020    çap et  çap et