525.Az

Bir əsrlik həsrətə son qoyan lider - İbrahim Cəfərovun yazısı


 

Bir əsrlik həsrətə son qoyan lider - <b style="color:red">İbrahim Cəfərovun yazısı</b> Sentyabrın 27-dən başlayan haqq davamızda uğurlu günlər bir-birini əvəzləməkdədir.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı erməni işğalından azad etməyə davam edir. Azərbaycanın ən yeni tarixinin yazıldığı bu günlərdə rəşadətli Ordumuz artıq Murovdağ zirvəsini, Cəbrayıl şəhərini, Cəbrayılın 23, Xocəvəndin 14, Füzulinin 11, Tərtərin 2 kəndini, Suqovuşanı və əlavə bir neçə yüksəkliyi düşmən tapdağından xilas edib. Artıq Cəbrayılda, Hadrutda, Suqovuşanda şanlı üçrəngli bayrağımız dalğalanır. Və Ordumuz hər gün rəşadətlə irəliləyir. Dövlət başçısı İlham Əliyev oktyabrın 13-də Türkiyənin "Haber Türk" televiziyasına müsahibəsində işğaldan azad olunmuş yeni ərazilərin anonsunu verib: "Bütün cəbhə boyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad edib. Və işğaldan azadetmə əməliyyatımız uğurla davam edir. Bu gün səhər mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək".

Bu, həqiqətən də Azərbaycanın ən yeni tarixidir. Xoşbəxtik ki, bu tarixin yazılmasının canlı şahidləriyik. Bizim məktəb vaxtımız şəhər və rayonlarımızın işğal edildiyi tarixləri əzbərləməyə təsadüf etdi. Gələcək nəsillər isə həmin ərazilərimizin düşmən tapdağından azad olunduğu tarixləri yaddaşlarına qürur hissi ilə  yazacaqlar. Və 50-100 il sonra fəxrlə xatırlanacaq tariximizin bu şanlı günlərinin altında İlham Əliyev imzası olacaq.

Azərbaycan tarixinin yaralı səhifələri çoxdur. Təəssüf ki, əsrlər boyu tarixi ərazilərimizi itirmişik. İstər Cənubi Azərbaycan olsun, istər Dərbənd, Borçalı, Zəngəzur, istərsə də İrəvan. Sonuncu dəfə Azərbaycan öz ərazilərini ötən əsrin əvvəllərində işğaldan azad edib. 1918-ci ildə Cümhuriyyət dövrünə təsadüf edən o günlərdən sonra biz heç vaxt itirdiyimiz torpaqları geri qaytara bilməmişik. Dövlət başçımız İlham Əliyev hazırda 102 illik həsrətə son qoyur, son bir əsrdə heç kimin bacarmadığını edir. 1918-2020-ci illər aralığında erməni qəsbkarları müxtəlif vaxtlarda ərazilərimizə iddia ediblər. Son olaraq da ötən əsrin 90-cı illərinin əvvəlində təsdiqlənmiş 86,6 min kvadratkilometrlik Azərbaycan ərazisinin 20 faizini işğal ediblər. Amma bu günlərdə biz həmin əraziləri erməni işğalından azad edirik.    

Artıq ermənilər də məğlubiyyətləri ilə yavaş-yavaş barışırlar. Son bir ildə dünyanın müxtəlif siyasi arenalarında Azərbaycan Prezidenti ilə debatlarda ağır məğlubiyyətlər alan düşmən ölkənin lideri bu günlərdə döyüş meydanında da yenilgi acısı yaşayır. "Bu müddət ərzində xeyli itki verdik. Hazırda itkilərimizin sayı böyükdür" - deyən Paşinyan 2 gün əvvəl xalqa müraciəti zamanı Ermənistan qoşunlarının şimal və cənub istiqamətində geri çəkildiyini də etiraf edib. Siyasətçidən daha çox təlxək təsiri bağışlayan, gücü yalnız mülki vətəndaşlar yaşayan əraziləri atəşə tutmağa çatan, qadın və uşaq qatili olan Paşinyanın bu acı etirafı düşmənin çarəsizliyinin göstəricisidir.

Qarşısında heç vaxt olmadığı qədər güclü Azərbaycan görən Ermənistan rəhbərliyi hazırda başını itirib. Gəncəyə atılan raketlər, Mingəçevir Su Elektrik Stansiyası və Bakı-Tbilisi-Ceyhan kəmərinin hədəf seçilməsi də Paşinyan başda olmaqla Ermənistanın saman çöpündən yapışmaq cəhdidir. İndiki məqamda düşmən ölkəyə Paşinyan kimi təlxəyin başçılıq etməsi bəlkə də, bizim xeyrimizədir. Azərbaycanın dövlət başçısı İlham Əliyev də son müsahibələrinin birində bu məqamı vurğulayıb: "Paşinyan küçədən gələn bir adamdır. Kim idi o? Heç kim. Bir yazar idi, heç yazar da deyil. Bir qəzetin müxbiri idi və küçədən gəlib rəhbər oldu və nə etdi bundan sonra? Ermənistanı fəlakətə apardı. Paşinyan hakimiyyətdə nə qədər çox qalsa, bizim üçün bir o qədər yaxşıdır".

İki ölkənin liderlərini müqayisə etmək qeyri-mümkündür. Bir tərəfdə erməni xalqı tərəfindən İrəvanın küçələrində tabutu hazırlanan Paşinyan, digər tərəfdə isə milyonlarla azərbaycanlının qüruru olan, fəxr etdiyi İlham Əliyev. Bu gün Azərbaycanda misli görünməmiş birlik yaşanır. 7-dən 77-yə hər kəs Ali Baş Komandana inanır və onun ətrafında birləşib. Xalqın dövlət başçısına etibarı sonsuzdur.

Hər kəs əmindir ki, İlham Əliyevin rəhbərliyi altında biz daha böyük əzmlə, iradə ilə düşmənə qarşı vuruşacaq, öz torpaqlarımızı işğaldan azad edəcəyik. Bu gün Cəbrayılda, Hadrutda ucalan Azərbaycan bayrağı ən qısa zamanda Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə dalğalanacaq. İlham Əliyev kimi bir əsrdən artıq davam edən həsrətə son qoyan lideri olan bir ölkəyə ancaq Qələbə yaraşır.

Qələbə bizimdir! Qarabağ Azərbaycandır!
 





18.10.2020    çap et  çap et