525.Az

"Biz haqlıyıq və əminəm ki, məqsədimizə çatacağıq" - Xaricdə yaşayan azərbaycanlılar


 

XARİCDƏ YAŞAYAN SOYDAŞLARIMIZ AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ SOSİAL MEDİADA NECƏ TƏBLİĞ EDİRLƏR?

"Biz haqlıyıq və əminəm ki, məqsədimizə çatacağıq" - <b style="color:red">Xaricdə yaşayan azərbaycanlılar</b>

Ermənistanın növbəti təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun sentyabrın 27-dən başlatdığı əks hücum əməliyyatları uğurla davam edir. Belə bir tarixi dönəmdə təkcə cəbhə bölgələrində yox, həm də informasiya sferasında, o cümlədən, sosial mediada gərgin mübarizə, müharibə gedir. Döyüş meydanında uduzan düşmən, beynəlxalq aləmdə yalan informasiyalar yayaraq acizliyini burada da göstərir. Azərbaycan həqiqətlərini dünyada təbliğ etmək hər bir vətəndaşın, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının borcudur. Bu gün informasiya savaşında, xüsusilə də sosial mediada gedən mübarizədə fəal iştirak edənlər təkcə Azərbaycanda yaşayan vətəndaşlarımız deyil. Özləri vətəndə olmasalar da, qəlbi vətən sevgisi ilə döyünən həmyerlilərimiz də Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün sosial şəbəkədə aktiv fəaliyyət göstərirlər. Xaricdə yaşayan belə fəal soydaşlarımızdan bəziləri ilə əlaqə qurub bu istiqamətdə hansı işlər gördükləri ilə maraqlandıq, üzləşdikləri problemlər, qarşılaşdıqları çətinliklər barədə danışdıq.

"Hər kəs yatmazdan əvvəl öz vicdanı ilə söhbət edir"

Hazırda Amerikada yaşayan, AiD ləqəbi ilə tanınan (keçmiş H.O.S.T qrupunun üzvü) reper Orxan Zeynallı təbliğat apararkən böyük çətinliklərlə üzləşmədiyini bildirdi:
 
"Mən əsasən İnstaqram və Feysbuk üzərindən fəaliyyət göstərirəm. Daha çox öz dilimizdə dəstək və ya izah xarakterli mətnlər paylaşıram. Beynəlxalq səhifələrdə isə ingilis dilində mövzu ilə əlaqəli kommentlər yazıram. Azərbaycanla bağlı əsl həqiqətlərin insanlara olduğu kimi çatdırılması üçün əlimdən gələni etməyə çalışıram. Hələlik səhifəmin bloklanması kimi sıxıntım olmayıb". Orxan Zeynallı onu da qeyd etdi ki, bu gün insanlar arasında birliyin, həmrəyliyin  olması onu çox sevindirir: "Heç kimin işinə qarışmıram. Hər kəs gecə yatmazdan əvvəl öz vicdanı ilə söhbət edir. Ümid edirəm ki, xalqımız kimin kim olduğunu unutmayacaq. İstədiyim nəticə insanlarda vəhdət hissini görməkdir. Əgər bu birlikdə, bu həmrəylikdə  zərrə qədər töhfəm olarsa, bu, məni xoşbəxt edər".

"Biz faktları pafossuz, olduğu kimi paylaşa bilirik"
 
"Amazon" şirkətinin biznes analitiki,  Lüksemburqda yaşayan həmyerlimiz Yaşar Əhmədli dedi ki, o, özünün sosial şəbəkədəki əcnəbi izləyicilərinə Azərbaycan həqiqətlərini olduğu kimi, faktlarla  dünyaya yaymaları ilə bağlı müraciətlər edir:

"Mən əsasən Feysbuk və Tvitter üzərindən ingilis dilində təbliğat aparıram. İngilis dili qlobal və əksəriyyətin anladığı dildir. Azərbaycandilli auditoriya əsl reallıqları bildiyi üçün Azərbaycan dilində paylaşımlar etməyin mənasız olduğunu düşünürəm. Xüsusilə, məni izləyən əcnəbilər üçün informasiyaları dəqiq faktlarla yaymağa çalışıram ki, onlar da öz izləyiciləri ilə paylaşsınlar. Sosial şəbəkələrdən qaydalara uyğun istifadə etdiyim üçün səhifəmin bloklanması kimi çətinliklə üzləşməmişəm. Ancaq təbliğat zamanı yaranan əsas çətinlik məlumat kirliliyinin olmasıdır. Çünki sosial mediada kimin tərəfindən və  nə məqsədlə yayımlandığı bilinməyən informasiyalar həddindən artıq çoxdur. Bu məqsədlə mən məlumatları öz süzgəcimdən keçirdikdən sonra insanlarla paylaşıram ki, problem yaranmasın. Bilirik ki, bu mübarizədə haqlı tərəfik, torpaqlarımız işğal olunub, bizə qarşı qətliam törədilib. Ona görə də, biz faktları pafossuz, saxtakarlığa yol vermədən, olduğu kimi paylaşa bilirik.  Amma düşmən tərəf  uydurma məlumatlar paylaşır və tezliklə bu yalanların yayılmasına nail olur".



Yaşar Əhmədli istənilən halda vətənə dəstək olmağın vacibliyini qeyd edir:
 
"Xaricdə yaşayan vətəndaşların və ya məşhurlarımızın dəstəyinin az olması yalnız indiki vəziyyətlə bağlı deyil, hər zaman olub. Məsələn, Amerikada üç nəsil, 150 ildir yaşayan ermənilər, yəhudilər öz milli kimliyini qoruduğu halda, bizim bir çox həmyerlilərimiz hava limanına endiyi andan etibarən ingilis dilində danışır və uşaqlarına ingilis adları qoyur, özlərini tamamilə assimilyasiya edir, azərbaycanlı olduqlarını danırlar.  Sözsüz ki, bu, məndə  xoş təəssürat yaratmır.  Bəzi məşhur həmyerlilərimiz isə siyasi və ya izləyici kütləsinin azala biləcəyindən ehtiyatlanıb dəstək postları paylaşmır, məlumatları yaymırlar. Amma düşünürəm ki, bütün çətinliklərə baxmayaraq, istənilən halda ölkəmizə dəstək olmaq mümkündür. Etdiyimiz təbliğatlar isə öz nəticəsini verir. Gəncədə törədilən terror üçün atılan bir milyon tvit top-trendə düşdü və nəticədə fərqli ölkələrdən olan insanların diqqətini çəkdik, həqiqətləri gördülər. Ancaq həqiqətlərimizi daha sürətlə dünyaya çatdırmaq üçün sadə insanlardan çox, diasporumuzun güclü rolu olmalıdır. Təəssüf ki, biz bu fəaliyyəti istədiyimiz səviyyədə görmürük.  Bu həmrəyliyə hansısa tanınmış təşkilatımızın rəhbərlik etməsi qat-qat effektli nəticə göstərərdi. İstər döyüş meydanında, istərsə də informasiya müharibəsində  biz haqlıyıq və əminəm ki, məqsədimizə çatacaq, doğma Qarabağımıza qovuşacağıq".

"Ermənilərin hədələrinə məruz qalıram"

Fransada yaşayan azərbaycanlı bloqer Məryəm Osmanova xaricdə yaşayan ermənilər tərəfindən təhdid məzmunlu mesajlarla üzləşdiyini bildirdi:

"Feysbuk və Tvitter üzərindən Azərbaycan, ingilis və fransız dillərində paylaşımlar edirəm. Ancaq digər dillərdən fərqli olaraq, fransız dilində məlumatlar az olduğu üçün informasiyaları daha çox fransızca yaymağa üstünlük verirəm. Əlavə olaraq, paylaşım edəndə hər zaman faktları asan anlaşılan, aydın və sürətli formada insanlara çatdırmaq üçün diqqət edirəm. İnstaqramdan etdiyim paylaşımları görməmələri üçün Ermənistanı blokladığıma görə çox böyük çətinliklə üzləşməmişəm. Lakin Fransada və başqa ölkələrdə yaşayan ermənilər tərəfindən qeyri-etik və hədə-qorxu məzmunlu mesajlar alıram".


 
Məryəm Osmanova bu çətin günlərdə ölkəmizə dəstək olmayan insanlara zaman ayırmadığını da bildirdi:

"Fikrimcə, insanlar özlərini yorub milyonlarla izləyicisi olduğu halda informasiya savaşına qatılmayanları bu prosesə dəstək verməyə təkid etməməlidirlər. Əvəzində, məlumatları öz ətrafı ilə paylaşa biləcəyini düşündükləri insanlara, məsələn, azərbaycanlı olmasa belə, dəstəkləyənlərə zaman ayırmalıdırlar. Nəticəyə gəldikdə isə, necə deyərlər, tək əldən səs çıxmaz. Birlik olmaq vaxtıdır və biz bunu bacarırıq. Biz Tvitterdə paylaşdığımız haştaqlar nəticəsində trendə düşdük. Bəzi insanlar reaksiya verməsə belə, ən azından, yazdıqlarımızı görür və oxuyurlar. Ən əsası isə Ermənistan üçün dəstək paylaşımı edən bir çox məşhur insan nəticədə həqiqətləri görüb yazdıqlarını silirlər. Düşünürəm ki, zaman-zaman daha da yaxşı nəticələr əldə edəcəyik".

Aytac ASLAN

 





18.10.2020    çap et  çap et