525.Az

Haqqa dəstək sədaları kəsilməsin! - Şahanə Müşfiqdən yeni yazı


 

ÜMİDVARIQ Kİ, İRAN DÖVLƏTİ İŞĞALÇI İLƏ MÜBARİZƏDƏ AZƏRBAYCANA ARXA DURMAĞA ÇAĞIRAN

Haqqa dəstək sədaları kəsilməsin! - <b style="color:red">Şahanə Müşfiqdən yeni yazı</b>

Sentyabrın 25-də, yəni növbəti erməni təxribatının ardınca böyük Haqq Savaşımızın başlanmasından 2 gün öncə Güney Azərbaycandan olan bir gənc sosial şəbəkədə Qarabağla bağlı video paylaşmışdı. Videoda o, Azərbaycan Prezidenti İlham Əliyevə bu sözlərlə müraciət edirdi: "Biz, güneydə yaşayan azərbaycanlılar sizin bir əmrinizlə səfərbərlik elan etmənizi gözləyirik. Bir milyon igid Qarabağ döyüşlərinə gəlməyə hazırdır. Sizin əmrinizi gözləyirik və səfərbərlik elanınızı istəyirik. Səfərbərlik elan edin və Güney azərbaycanlılar Azərbaycana gəlsin, öz ana yurdlarına borclarını ödəsin. Biz Qarabağa borcumuzu ödəmək istəyirik".

Bu, yüz ildən çoxdur ayrı düşdüyümüz, canı bir, qanı bir cənublu qardaşlarımızın nə ilk müraciəti idi, nə də son. Sərhədlər açılandan, onlarla əlaqələrimiz bərpa olunandan sonra hər zaman güneydəki soydaşlarımızın isti nəfəslərini, bizə doğru can atan ürəklərinin səmimi hərarətini hiss eləmişik. İllərdir, bütün qadağalara, məhdudiyyətlərə baxmayaraq, onlar "Azərbaycan türkü" kimliyindən bir an da vaz keçmədilər, keçmirlər də. Yuxarıda nümunə çəkdiyim müraciət də bunun növbəti sübutudur.

Nəhayət, Azərbaycan xalqının 30 ilə yaxın gözlədiyi o böyük gün - intiqam günü gəldi, Qarabağa gedən zəfər yolu göründü.Amma bizdən öncə o yolu müzəffər ordumuz, igid əsgərlərimiz getməli idilər. 20 gündür davam edən müharibə və cəbhədən aldığımız xoş xəbərlər isə onu göstərir ki, qəhrəman oğullarımız bu müqəddəs işi layiqincə yerinə yetirir, o yolu nəinki gedir, bir qartalsayaq uçurlar.
Azərbaycanda başlanan bu Vətən Savaşı bütün dünyada yaşayan soydaşlarımızı bir olmağa, birlikdə olmağa səslədi. Dünyanın hər yerində yaşayan azərbaycanlılar vətənə gəlib ordu sıralarına yazıla bilmədiklərindən Qarabağ həqiqətlərini yaşadıqları ölkədə təbliğ etməyə başladılar. Türkiyə və başqa ölkədə yaşayan, çalışan həkimlərimizin bir çoxu könüllü şəkildə vətənə qayıdıb, cəbhə bölgəsinə getdilər.
Əlbəttə, Azərbaycanda baş verən bu hadisələr cənubdakı soydaşlarımızın diqqətindən kənarda qala bilməzdi. Azərbaycanın ədalətli müharibəsinə ilk dəstək verənlərdən biri də məhz onlar oldular.
Oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Urmu (Urmiya) və Ərdəbildə, eləcə də Tehranda on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirildi. Bu aksiyalarda iştirak edənlər Azərbaycanın şanlı bayrağını dalğalandırdılar. Təəssüf ki, haqq səsini ucaldan 100-dən çox azərbaycanlı fəal həbs edildi.
Oktyabrın 3-də Güneydə yaşayan 669 yazıçı, şair tədqiqatçı və alim soydaşımız yaydıqları bəyanatla dövlətimizə və qəhrəman ordumuza öz dəstəklərini bildiriblər. Bəyanatda deyilir: "Tanrının Quranda and içdiyi qələm və düşüncənin hörmətinə və habelə, öyrəndiyimiz dini inam və insani məqamlarımızı əməllərimizdə də göstərmək adına, zülm əli ilə 30 ilə yaxın ev-eşiklərindən didərgin düşüb və fəci işgəncələrə məruz qalan Qarabağın məzlum millətindən himayəmizi bildiririk. Niyə ki, dinimiz və habelə, insanlıq qaydaları həmişə bizi zalimdən uzaq və məzluma yaxın olmağı vurğulayır. Qarabağ milləti o millətdir ki, 20000 nəfəri işğalçılar əli ilə şəhid olub yada itkin düşüblər. Hələ gönüllərində Xocalı sızıltısı var. Biz bütün ayıq vicdanlar və azadə insanlarla birlikdə Qarabağın qeydsiz və şərtsiz Ermənistan işğalından azad olmağını istəyirik.

Biz qələm və fikir insanlarıyıq və təbiidir ki, top-tüfəngə nifrət edirik. Biz bölgəmizdə və habelə, dünyanın hər yerində savaşları məhvedici sayırıq və qınayırıq. Digər tərəfdən də buna inanırıq ki, işğalçı öz işğalçılığına son verməlidir, yoxsa başqaları ona qarşı durmaqla onun zülmünü bitirməyə çalışmalıdır. Dörd BMT qətnaməsi əsasında Qarabağ Azərbaycan torpağı sayılır və Ermənistan tərəfindən quldurluqla işğal olunubdur. Barış, qələm və düşüncənin o əraziyə qayıtmağı üçün işğalçı Ermənistanın işğala son verməkdən başqa yolu yoxdur. Elə bu üzdən də Qarabağın namərdcə işğalını qınayır və məhkum edirik. Öz himayəmizi də Azərbaycan millətinin işğala qarşı dirənişindən və torpaqlarını geri qaytarmasından yana kəskin qətiyyətlə bildiririk...

Ümid edirik, yaxın gələcəkdə torpaqların azadlığı ilə savaş, döyüş və qarşı durma səngərləri öz yerini bilim, hünər və düşüncə ilə dəyişəcək.

Güney Azərbaycan Şairlər və Yazıçılar Birliyi".

Sosial şəbəkələrdə və cəmiyyətdə "Biz Azərbaycan tərəfdarı deyilik, biz Azərbaycanın özüyük!" şüarı ilə aparılan dəstək aksiyaları, verilən bəyanatlar, əfsuslar olsun ki, İran rəsmi dairələrini narahat etməyə başladı. Xüsusən "İrandan Ermənistana humanitar yardım adıyla silah-sursat daşınması"na dair şübhələrin doğurduğu ictimai narahatlığın təsirilə ortaya qoyulan təpkilər sərt tədbirlərlə qarşılandı. Bu aksiyalara qoşulub qardaşlarına dəstək verən, haqq səsini ucaldan güneylilərin saxlanılıb incidilməsi, bildiyimizə görə, hələ də davam edir. Ən son əldə etdiyimiz məlumatlara əsasən, Güney Azərbaycanda tanınmış naşir, 12 kitab müəllifi, "Çıraq" nəşriyyatının baş redaktoru Vüqar Nemət "Qarabağa və Azərbaycan Ordusuna dəstək" kampaniyasında iştirak etdiyi üçün Kəleybər şəhərində tutularaq harasa aparılıb. 



Bundan başqa, heykəltəraşlar Muctəba Pərvin, Mustafa Pərvin, Murtəza Pərvin, ərdəbilli şair Əli Xeyrcu (yeri indi də bilinmir), uşaq teatr rejissoru və aktyoru Hamid Heydəri (artıq azad edilib), görmə əngəlli tanınmış ozan Səccad Covlanı da həbs olunmuşlar. Həbsdən əvvəl Səccad Covlanının əlində Qarabağa dəstək plakatı tutaraq aksiyada iştirak etdiyi zaman polis hücumuna məruz qaldığı və burnu qırıldığı bildirilmişdi. Ziyalılardan həbs olunanların siyahısı dəqiqləşdirilir. Həbs olunan sıravi vətəndaşların isə sayı, məlumatlara görə, qat-qat çoxdur.   
  
Daha sonra 58 tanınmış güney azərbaycanlı şair və yazıçı bəyanat yayaraq Azərbaycan xalqının işğal olunmuş torpaqlarının bütünlüklə azad edilməsini "qeyd-şərtsiz" dəstəklədiklərini bir daha bildirdilər.
Bəyanatda deyilirdi ki, sülhün bərpasının yeganə yolu Ermənistanın işğal olunmuş ərazilərdən geri çəkilməsidir.

İranın bir qrup azərbaycanlı musiqiçisi də bənzər bəyanat yayaraq Qarabağın azadlığına dəstək verdiklərini dedilər.

60 tanınmış musiqi xadiminin imzasını daşıyan bəyanatda Qarabağın Azərbaycan musiqisinin inkişafında əvəzolunmaz payı olan simaların yetişdirdiyinə diqqət çəkilib, Azərbaycan xalqının bir çox mədəniyyət və incəsənət əsərlərinin kökünün məhz o torpaqda olduğu vurğulanıb.

Güney Azərbaycanın musiqi xadimləri, həmçinin, Ermənistandan Qarabağın işğalına son verməyi və BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsini tələb ediblər.

Neçə gün əvvəl də Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətinin Vəkillər Kollegiyası, eləcə də İranın bir qrup azərbaycanlı kinematoqrafçısı oxşar bəyanat yayaraq Azərbaycan Respublikasının işğalçılara qarşı haqlı mövqeyini dəstəkləmişdilər.

Güney azərbaycanlılar öz qüvvələri hesabına bir neçə dəfə İrandan Ermənistana silah-sursat daşımasından şübhələndikləri maşınların qarşısını almağa çalışdılar. Onlar İranla Ermənistan arasındakı Nurduz keçid məntəqəsinin ən azı müvəqqəti bağlanmalı olduğunu irəli sürdülər. Bu işdə iştirak edən soydaşlarımızın bir çoxunun da taleyi, bildiyimizə görə, indi də müəmmalıdır. Yəqin ki, onlar da həbs olunanlar sırasındadırlar.
Əfsuslar ki, İrandakı soydaşlarımızın üzləşdiyi təzyiqlər bunlarla da bitmir. Belə ki, artıq iki həftədən çoxdur, Güney Azərbaycanın az qala unsuz, çörəksiz, ətsiz, ərzaqsız qoyulduğu xəbərləri gəlməkdədir. Şübhələr var ki, oralara çatmalı olan un və digər ərzaqlar Ermənistana göndərilir.

Lakin üzləşdikləri bütün bu rəsmi və qeyri-rəsmi sıxışdırmaların, sərt tədbirlərin güneyli soydaşlarımızı qorxudub-sındırmadığını da sevinc hissilə öyrənirik. Onlar bu mühüm mərhələdə hamılıqla Azərbaycan dövlətinin, xalqının yanında olduqlarını dilə gətirir, dəstəklərini hər vəchlə göstərməkdən çəkinmirlər. Buna görə onların hər birinə böyük ehtiram və minnətdarlığımızı bildiririk.

Ümid edirik ki, soydaşlarımızın haqq səsi eşidiləcək, İran dövləti öz vətəndaşlarının bu kimi haqlı tələblərini yerinə yetirəcək, terrorçu, işğalçı Ermənistanı dəstəkləməkdən vaz keçəcək, özünün də dediyi kimi bu müqəddəs savaşda haqlının - dost və qardaş Azərbaycanın yanında olacaq.

Şahanə MÜŞFİQ

 





18.10.2020    çap et  çap et