əməkdar incəsənət xadimi
Sovet İttifaqında 20-ci illərin sonuna və bütün 30-cu illərə təsadüf edən hadisələr kütləvi repressiyalar dövrü kimi bəşər tarixinə düşüb. Sovet rejiminin əleyhinə söylənilən, onun ədalətli olub-olmamasından asılı olmayaraq hər hansı sözə görə, bəzən də şərləmə, böhtan yolu ilə ölkənin ən işıqlı simaları həbsxana barmaqlıqları arxasına atılırdı. Belə adamları “xalq düşməni” damgası “qazanmaqla” ya güllələyir, ya da SSRİ-nin çox soyuq və yaşayış üçün xeyli çətin olan ucqar guşələrinə sürgün gözləyirdi. Gələcəyinə böyük ümidlər bəslənən gənc Azərbaycan rəssamı Ələkbər Rzaquliyev həmin illərdə repressiyanın qurbanına çevrilmiş çoxsaylı yaradıcılarından biri oldu.
Taleyinə yazılan ömür payının çoxunu sürgündə keçirən Ələkbər Rzaquliyev (1903-1974) “pantürkizm” ideyalarının yayıcısı kimi əvvəlcə 6 illiyə Arxangelskə, azad olunandan sonra isə dərhal yerli kommunist liderlərindən biri olan R.Axundovun təkidi ilə uzaq Solovkiyə, ən nəhayət Altay vilayətinə sürgün olunmuşdu. 25 illik (!!!) ağır sürgün həyatı keçirən Ələkbər Rzaquliyev yalnız Stalinin vəfatından üç il sonra Azərbaycana dönə bilmişdi. Vətənə qayıdan və bədxahlarına özünün mənəvi gücünü və mübarizliyini sərgiləyən rəssam qalan ömrünün gecəsini-gündüzünü ürəyində donub qalan sənət arzularının gerçəkləşdirilməsinə həsr etmiş və çox qısa müddətdə ərsəyə gətirdiyi “Köhnə Bakı” qrafik silsiləsi ona əsl sənətkar şöhrəti qazandırmışdı. 1964-cü ildə bənzərsiz yaradıcılıq uğurları ilə sovet ideoloqlarını belə heyrətlənməyə məcbur edən rəssama “Əməkdar rəssam” fəxri adı verilmişdi. O, haqlı olaraq keçmişimizin bədii mənzərəsini yaradan ən yaxşı sənətkarlardan sayılır...
Təəssüf ki, bu xoşagəlməz taleyüklü təzyiqə tuş gələn təkcə o deyildi. Rəssamlardan Həsən Haqverdiyev, Hüseyn Axundov, valideynlərinin “antisovet fəaliyyəti”nə görə isə Azər Rəsulzadə, Tahir Salahov, Toğrul və Vidadi Nərimanbəyovlar, Oqtay və Toğrul Sadıqzadələr də otuzuncu illərin günahsız qurbanlarından olmuşlar. Daxili “düşmən” axtarışına sürüklənən cəmiyyətin öz əli ilə çox işıqlı simalarına, o cümlədən də gözəllik aşiqi olan rəssamlara qənim kəsilmələri mahiyyətinə görə heç şübhəsiz təzadlarla dolu tariximizin heç nə ilə yuya bilməyəcəyimiz qara ləkəsidir desək, həqiqəti söyləmiş olarıq.
Doğrudan da həmin illər özünün ağrılı – acılı hadisələrinə görə çox da uzaq olmayan keşməkeşli keçmişimizin heç vaxt unudulmayacaq səhifələrindən birini təşkil edir. Belə ki, həmin qanlı-qadalı illərdə Vətənini, millətini varlığı qədər sevən neçə-neçə yurddaşımız evindən – eşiyindən pərən – pərən salındı, uzaq – uzaq ellərə sürgün edildi. İşıqlı əməl sahibləri olan bu adamların çoxunun günahsız olduğu çox təəssüf ki, yalnız çox-çox sonralar üzə çıxdı və onlar haqlı olaraq bəraət də aldılar. Taleyinə məcburi didərginlik yazılanların sırasında Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olan Məmməd Əmin Rəsulzadənin ailəsi də vardı. İş elə gətirdi ki, repressiya dalğası səngisə belə, bu ailə sonralar da bir yerdə ola bilmədi. Ölkəsini müstəqil görmək istəyən atanın ömür yolu –işıqlı arzulara köklənmiş həyatı uzaq Almaniya, Polşa və Türkiyədə, oğlu Azərin məşəqqətli günləri isə Azərbaycandan kənarda – Qazaxıstan torpağında keçdi...
Azər Rəsulzadə (1920-1993) Qazaxıstanda ailə həyatı qurdu və ömrünün axırına kimi də burada yaşadı, rəssamlıqla məşğul oldu. O, sürgündən əvvəl Bakı rəssamlıq texnikumunu bitirmişdi. Təhsil sonrası illərdə Qazaxıstanda yaşayan Azər Rəsulzadə oradakı orta məktəbdə uşaqlara rəsm dərsindən dərs deyib, böyük həvəslə onlara rənglər vasitəsilə gözəllik yaratmagın sirlərini öyrədib. O, sonralar Qaraqanda şəhərində Bədii Fondda rəssam işləyərkən sənət aləmi ilə daha dərindən təmasda olub, özünəməxsusluğu ilə seçilən əsərlər yaradıb və hamıya realizmin bədii ifadə ənənələrinin nəhayətsiz olduğunu əyani göstərməyə nail olub. Müxtəlif janrlarda çəkilmiş həmin lövhələrı Qazaxıstanda təşkil olunan ayrı-ayrı sərgilərdə uğurla nümayiş etdirib. Azərbaycan sənətsevərləri isə yalnız 1994-cü ildə Bakıda təşkil olunmuş sərgidə Azər Rəsulzadənin və onun Azərbaycanda yaşayan oğlu Raisin yaradıcılığı ilə tanış ola biliblər.
Azər Rəsulzadənin portret və mənzərə janrlarında işlədiyi tablolarda yuxarıda qeyd etdiyimiz kimi onu əhatələyən gerçəkliyə real bədii münasibət mövcuddur. O, müasirlərinin (“Avtoportret”, 1950; “Həkim Əbdürrəhman Hüseynov”,1951) obrazlarına, xüsusilə təbiət motivlərini (“Yol”,1960; “Yay motivi”,1962) Vətən həsrətilə bələməyə nail olmaqla, onların duyulası təsirliliyini əldə edə bilib. Rəssamın görüntüyə gətirdiyi obrazlara xas incə və səciyyəvi cizgiləri rənglərin dili ilə ifadə edə bilməsini ilk növbədə onun insan psixologiyasına bələdçiliyinin nəticəsi saymaq olar. Onun mənzərələrində də bədii görkəm almış təbiət motivləri rəng tutumuna görə kifayət qədər duyğulandırıcıdır. Bunu isə Azər Rəsulzadənin dərin müşahidə qabiliyyəti ilə yanaşı, müşahidə etdiyi real görüntüləri poetik ovqat daşıyıcısına çevirə bilmək istedadının cəlbedici nəticəsi saymaq olar...
Azər müəllimin oğlu Raisi Qazaxıstandan Azərbaycana qaytaran onun rəssam olmaq istəyi oldu.O, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini 1969-cu ildə bitirdi və geri – Qazaxıstana qayıtmadı. Rais Rəsulzadənin yaradıcılığı elə o vaxtdan bu günə kimi Azərbaycanda keçdiyindən sənətsevərlər rəssam kimi onun imzasını müxtəlif sərgilərdən yaxşı tanıyırlar. Uzun illər ərzində Azəbaycan Dövlət Pedaqoji Universitetində dərs deyən Rais müəllimin gənc kadrların yetişməsində xidməti əvəzsizdir desək, həqiqəti söyləmiş olarıq. İstedadlı fırça ustasının ən müxtəlif janrlarda çəkdiyi əsərlərdə dünyanı fərqli bədii şərhlə ifadə etmək istəyinin uğurlu nəticəsini görmək mümkündür. Tarixi abidələrin, qədim yurd yerlərinin təsvirləri (“Naxçıvan dağları”,1980; “İçərişəhərdə”, 1985; “Şamaxı dağları”,2003) irili-xırdalı əsərlərdə dəyişgən və cəlbedici rəng həlli ilə açıqlanıb.
Onun işlədiyi müxtəlif tutumlu tablolarda (“Şərq natürmortu”,1980; “Metro inşaatçıları”,1986; “Gizlində”,1988; “Yorğun əsgər”, 1989) psixoloji yozumlar və ovqat ifadəsi (“Rəssam Qadir Süleymanovun portreti”,1985, “Balıqçının portreti”,1990) fərdi müəllif yaşantıları ilə qoşalaşdığından çox düşündürücüdürlər...
Görkəmli yazıçı, otuzuncu illərdə repressiyaya uğramış Seyid Hüseynin ailəsində böyümüş Oqtay və Toğrul Sadıqzadələrin də özünəməxsus sənət dünyası var. Xalq rəssamı Oqtay Sadıqzadənin real biçimli portretləri (“Şairə Natəvanın portreti”,1983; “Mügənni F.Qasımovanın portreti”,1986), onun kiçik qardaşı Toğrul Sadıqzadənin (1926-1995) janr və ovqat genişliyi ilə seçilən yaradıcılığı (“Yeddilliyin səhəri”,1963; “Neft dagı”,1967; “Xirosima”,1965; “Mahnı”, 1985) Azərbaycan rəngkarlığının maraqlı səhifələrindən birini təşkil edir...
Sərhəd rayonlarından birində raykom katibi işləyən Teymur Salahovun otuzuncu illərdə repressiya qurbanı olması oglu Tahirin də gələcək həyatını puç edə bilərdi. Belə ki, o, Bakıda rəssamlıq məktəbini bitirəndən sonra Sankt-Peterburq (keçmiş Leninqrad) şəhərindəki iki ali məktəbə uğurla imtahan versə də, ona tələbə adını qazanmağa imkan verməmişdilər. Əvvəlcə İ.Y.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda, sonra isə V.Muxina adına Ali rəssamlıq-sənaye məktəbində mövcud olan “Hərbi kafedra”lar onun bioqrafiyasında atasının repressiyaya məruz qalmasını ona bagışlanılmaz irad tutaraq sovet ali təhsil ocagında oxumasına qadağa qoymuşdular. Yalnız 1951-ci ildə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutuna imtahan verən T.Salahov burada arzuolunmaz hərbi kafedranın yoxluğu üzündən tələbə adını qazanır. 1957-ci ildə “Növbədən qayıdanlar” adlı diplom işi ilə dünya təsviri sənətinə “sərt üslub” kimi bədii üslub bəxş edən rəssam, sonrakı səmərəli yaradıcılığı ilə Azərbaycan incəsənətinin şöhrətlənməsinə böyük xidmətlər göstərib. Onun “Səhər qatarı” (1958), “Qara Qarayevin portreti” (1960), “Təmirçilər” (1960), ”Abşeron qadınları” (1967), “Yeni dəniz” (1970) və digər əsərləri milli təsviri sənət xəzinəmizin inciləridir.
Görkəmli fırça ustası Toğrul Nərimanbəyov və onun böyük qardaşı Vidadi Nərimanbəyov da vaxtilə Fransada təhsil almış ataları Fərman bəyin repressiya qurbanı olmasının ağrısını çəkməli olublar. Repressiya nəticəsində ata həbs edilərək Rusiyanın soyuq Kolım şəhərinə, ailə üzvləri – həyat yoldaşı İrma xanım, oğlanları Vidadi və Toğrul Özbəkistana sürgün ediliblər. Yalnız sonralar Fərman bəyin bəraət alması övladlarının təhsil almalarına imkan yaradıb və onların hər ikisi rəssamlıq sahəsində mükəmməl təhsil alıblar. Xalq rəssamı Vidadi Nərimanbəyov sənətsevərlərin yaddaşında daha çox hərbi mövzuda əsərlər (“Müharibə uşaqları”,1980; “Xatirə”,1985) çəkən bir rəssam kimi qalıb.
Ötən il Parisdə dünyasını dəyişən və arvadının inadkarlığı nəticəsində elə orada dəfn olunan Toğrul Nərimanbəyov isə sözün əsl mənasında XX əsr Azərbaycan təsviri sənətini dünyaya tanıdan yaradıcılardan biri olub. Onun dəzgah və monumental rəngkarlıq, kitab qrafikası və teatr-kino sahəsində yaratdığı sənət nümunələri özündə ilk növbədə dünyaya çox fərqli “Toğrul baxışı”nı yaşadırlar. Onun “Muğam” (1965), “Göyçay bağlarında” (1965), “Tarla düşərgəsində” (1967, “Payız bazarı”,1976)) lövhələri, Kukla teatrını, Milli Məclisi və s. yerləri bəzəyən bənzərsiz monumental divar rəsmləri məhz bu qəbildəndir.