525.Az

"Türkologiya"nın növbəti sayı nəşr olunub


 

"Türkologiya"nın növbəti sayı nəşr olunub<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalının 3-cü sayı (2020) çapdan çıxıb.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov məlumat verərək bildirib ki, "Türkologiya" jurnalının 3-cü sayında türkologiyanın müxtəlif sahələrinə dair Azərbaycan, türk və rus dillərində elmi məqalələr dərc olunub.

O qeyd edib ki, jurnalın bu sayında Əhməd Cəfəroğlunun "Azərbaycan və Anadolu dialektlərində monqol mənşəli ünsürlər", İmre Paçainin "N.A.Baskakovun rus frazeologiyasında türk izləri haqqındanəzəriyyəsinə dair yeni məlumatlar", Əhməd Sami Elaydinin "Hüseyn Cavidin "İblis" faciəsi (insanlıq fəlsəfəsi, ədalət vəhəqiqət axtarışları kontekstində)", Xəzər Zeynalovun "Azərbaycan təsviri sənətində Atatürk obrazı" başda olmaqla bir çox orijinal məqalələrə yer verilib.

Jurnalın bu sayının klassik irs, dilçilik, ədəbiyyat və folklor, tarix və etnoqrafiya, mədəniyyət və incəsənət rubrikalarında Misir, Macarıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın elmi mərkəzlərindən göndərilmiş sanballı elmi araşdırmalar dərc edilib. Məqalələrdən bir neçəsini nümunə verək: Muradgeldi Soyeqov. "Qızıl Ordanın Çingiz xanədanı nə üçün özünü Turan hökmdarı Əfrasiyabın davamçısı hesab edirdi? (stereotipləri pozmağa daha bir cəhd)" (Türkmənistan); Baxtiyor Abduşukurov. "Rabquzinin "Qisəsül-ənbiya" əsərindəki bəzi sözlərin semantik izahı" (Özbəkistan), Minara Aliyeva Çinar. "Ədhəm Tenişev və Lobnor dialekti" (Türkiyə) və s.

Elmi həyat, resenziyalar, personalia və nekroloqlar rubrikalarında isə türkologiyada əlamətdar hadisələrə, önəmli nəşrlərə və görkəmli şəxsiyyətlərə dair maraqlı yazılar dərc edilib.

Qeyd edək ki, "Türkologiya" jurnalı ildə 4 dəfə, 3 aydan bir nəşr olunur. Jurnalın növbəti sayları üçün məqalə qəbulu davam edir.

ŞAHANƏ

 





19.10.2020    çap et  çap et