525.Az

Belarus sarsıntılı günlər ərəfəsində


 

Belarus sarsıntılı günlər ərəfəsində<b style="color:red"></b>

Belarusda avqustun 9-da keçirilən prezident seçkisindən sonra siyasi ehtiraslar səngimək bilmir.

Aleksandr Lukaşenko seçkinin qalibi elan olunsa da, ölkədə rəsmi nəticələrlə razılaşmayan böyük çoxluq mövcuddur. Beynəlxalq aləmdə də eyni vəziyyət hökm sürür. Qərb ölkələri tam tərkibdə Aleksandr Lukaşenkonu prezident kimi tanımaqdan imtina edir. Hətta Lukaşenkoya qarşı sanksiyanın tətbiqi də gündəmdədir. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin mətbuat katibi Peter Stano mətbuata açıqlamasında deyib ki, Aleksandr Lukaşenkoya qarşı sanksiya hökmən tətbiq ediləcək: "Sadəcə olaraq, bunun nə zaman baş verəcəyi məlum deyil. Bu, bir neçə gündən və ya həftədən sonra baş verəcək". Aleksandr Lukaşenkoya qarşı sanksiyanın tətbiqi Belarus rəsmiləri ilə Qərb strukturlarının əlaqələrinə son qoyulması və Minskin beynəlxalq maliyyə institutlarından ala biləcəyi yardımların kəsilməsi demək olacaq. Bu isə sosial-iqtisadi vəziyyətin gərgin olduğu ölkə üçün çox ciddi sınaqlar vəd edir.

Belarusun bu sınaqlardan çıxa biləcəyi isə hazırkı vəziyyətdə mümkün görünmür. Bütün bunlar azmış kimi, seçkilərin qalibi adlandırılan Svetlana Tixanovskaya Aleksandr Lukaşenko hakimiyyətinə qarşı üç tələb irəli sürüb. Həmin tələblər etirazçılara qarşı zorakılıqlara son qoyulması, siyasi məhbusların azad edilməsi və Aleksandr Lukaşenkonun istefa verməsindən ibarətdir. Xanım Tixanovskaya tələblərinin qəbul edilməsi üçün rəsmi Minskə oktyabr ayının 25-ə kimi vaxt verib. Hazırda Qərbdə Belarusun lideri kimi qəbul edilən Svetlana Tixanovskaya əks halda bütün Belarusu oktyabrın 25-dən tətillərə başlamağa çağırıb. Ekspertlər isə bildirirlər ki, tətillərin başlaması Belarusda sosial-iqtisadi böhranı dərinləşdirərək sosial partlayış həddinə çatdıracaq.

Qərb Lukaşenko ilə son körpünü yandırmaq ərəfəsində olduğu bir zamanda Belarusun yeganə legitim təmsilçisi hesab etdiyi Svetlana Tixanovskayanın mövqelərini də gücləndirilir. Litva parlamentinin xanım Tixanovskayanı Belarus prezidenti kimi tanınması bu prosesin başlanğıcı oldu. Bir neçə gün öncə isə Svetlana Tixanovskaya ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Con Makkeyn adına mükafatına layiq görüldü. Bu hadisə Avropanın ardınca ABŞ-ın da xanım Tixanovskayanı Belarusun yeganə legitim təmsilçisi kimi tanımağa başladığını göstərir.

Svetlana Tixanovskayanın beynəlxalq aləmdə mövqelərinin gücləndirildiyi bir zamanda Aleksandr Lukaşenkonun Belarusda mövqeləri zəifləyir. Hətta Rusiyanın da yardımları Lukaşenkonun mövqelərinin gücləndirilməsinə kömək edə bilmir. Bu arada Lukaşenkonun Dövlət Təhlükəsizlik Komitəsinin istintaq təcridxanasına gedərək həbsdə olan opponentləri ilə görüşməsi də əks effekt verib. Müxalifətin liderlərindən birinə çevrilən Mariya Kolesnikovanın bu görüşdən imtina etməsi olayın Lukaşenkonun əleyhinə işləməsinə səbəb olub.

Lukaşenkonun əleyhinə işləyən əsas faktorlardan biri də iki qadını - Svetlana Tixanovskaya və Mariya Kolesnikovanı ram edə bilməməsidir. Svetlana Tixanovskaya həyat yoldaşı Sergey Tixanovskinin DTK-nin istintaq təcridxanasında saxlanılmasına və faktiki Lukaşenkonun əsiri olmasına baxmayaraq, rəsmi Minskə qarşı çıxışlar etməkdən çəkinmir. Mariya Kolesnikova da həbsdə olmasına baxmayaraq, müqavimət göstərməkdə, rejimə qarşı çıxmaqda davam edir. Bu iki qadının fəaliyyəti isə Belarusda siyasi ehtirasları daha da qızışdırır və Lukaşenkonun mövqelərini sarsıdır. Çox böyük ehtimalla söyləmək olar ki, Lukaşenkonun  bu mübarizədən qalib çıxmaq şansı yoxdur.

Belarusu qarşıda sarsıntılı günlər gözləyir. Bunun qarşısını almaq  isə Lukaşenkonun imkanları xaricindədir. Hətta Rusiyanın Lukaşenkoya dəstəyi də ona siyasi təlatümlərin yaratdığı sosial-iqtisadi sarsıntıların qarşısını almağa kifayət etmir.

 





19.10.2020    çap et  çap et