525.Az

“Azərişıq” – işıqlı Azərbaycan naminə


 

“Azərişıq” – <b style="color:red">işıqlı Azərbaycan naminə</b>

Azərbaycanın elektrik enerjisilə tam şəkildə təminatı və infrastrukturun yenidən qurulması müstəqillik illərinə təsadüf edir. Hər sahəni yenidən inkişaf etdirmək, hər şeyi sıfırdan başlamaq, möhkəm təməlin qurulması əsas prioritet məsələlərdən biri idi. Zaman göstərdi ki, Azərbaycanda digər bütün sahələrdə olduğu kimi, enerji sahəsində də uğurlu inkişafa nail olmaq üçün ciddi islahatlar aparılıb və uğurlu nailiyyətlərə imza atılıb. Bunun nəticəsidir ki, ölkənin enerji təminatı sahəsində müsbət nəticələrə nail olunub.

MƏSULİYYƏTLİ VƏZİFƏ

Bakı və ətraf qəsəbələrin dayanıqlı və keyfiyyətli elektrik enerjisilə təmini üçün 2006-cı ildə Prezidentin müvafiq sərəncamı ilə “Bakıelektrikşəbəkə” yaradılıb. Qurumun qısa zamandakı uğurlu fəaliyyəti nəticəsində  “Bakıelektrikşəbəkə” bütün ölkə ərazisini əhatə edib.  Beləliklə, 2015-ci ilin 10 fevral tarixində Prezidetin  müvafiq Sərəncamı ilə “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin bazasında bütün ölkəni elektrik enerjisilə təmin edəcək “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Prezident İlham Əliyevin “İşıqlı Azərbaycan” layihəsinin reallaşdırılması çərçivəsində bu iş yeni yaradılan "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə tapşırılıb. Səhmdar Cəmiyyətin əsas missiyası istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisilə təchiz etmək, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, elektrik enerjisi istehsalçıları ilə əməkdaşlıqda diversifikasiyanın təşkili, ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetmənin formalaşdırılması, istehlakçılara göstərilən xidmətin keyfiyyətinin yüksək səviyyədə qurulması və daim təkmilləşdirmə, elektrik enerjisinin texnoloji sərfiyyatını minimum səviyyəyə endirmək idi.

“Azərişıq” yaradılarkən onun qarşısına çox məsuliyyətli vəzifələr qoyulmuşdu. Bu missiyanın yerinə yetirilməsinin çətin olduğu ilk başlardan məlum idi. Prezident İlham Əliyev hələ o zaman bu mövzuda danışarkən bildirdiyi kimi, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinın qarşısında vəzifə qoymuşdu ki, bölgələrdə elektrik enerjisi ilə təchizat Bakıdakı səviyyədə olsun:

“Çox sadə bir göstərişdir. Ancaq bunu icra etmək o qədər də sadə məsələ deyil. Həm vəsait lazımdır, həm texniki məsələlər həllini tapmalıdır. Bölgələrdə köhnəlmiş infrastruktur, əfsuslar olsun ki, kifayət qədər çoxdur. Yeni infrastruktur, ötürücü xətlər, transformatorlar, yəni bölgələrdə bütün elektrik təsərrüfatı Bakının səviyyəsinə qalxmalıdır”.

Ölkənin  şəhər və rayonlarında paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması, inkişafı üzrə hazırlanan və 2016-cı ilin aprel ayında Nazirlər Kabineti tərəfindən təsdiq edilən 2015-2025-ci illər üzrə Tədbirlər Planı isə regional elektrik şəbəkələrinin normal istismar vəziyyətinə çatdırılması üçün irihəcmli investisiya qoyuluşları, irihəcmli tikinti, yenidənqurma və bərpa işlərini nəzərdə tutan çox önəmli sənəd oldu.

HƏYATA KEÇİRİLƏN İŞLƏR

“Azərişıq” ASC-nin yaradılmasından keçən qısa zaman ərzində onun ölkə ərazisində gördüyü işlər isə miqyasına görə çox böyükdür.

İlk olaraq Cəmiyyət tərəfindən Bakıda paylayıcı şəbəkələr dünya meqopolislərinə uyğun texnologiya ilə yenidən quruldu. Strateji məqsəd kimi tam şaxələndirilmiş və fasiləsiz ekoloji təmiz elektrik enerjisi istehsalının təmini üçün mexanizmlər işlənib hazırlandı. Belə ki, abonentlərin keyfiyyətli, fasiləsiz elektrik enerjisilə təmini üçün az müddət ərzində regionlarda 19 ədəd 110 kV-luq, 91 ədəd 35 kV-luq yarımstansiya tikilərək istifadəyə verildi. Bu müddət ərzində güc defisiti və ifrat yüklənmələr dəf olundu. Texniki itkilər 16,9 faizdən 7,8 faizə endirildi.

Paylayıcı elektrik şəbəkədə həyata keçirilən ən mühüm islahat Bakı şəhərində elektrik təchizatının dayanıqlığını və etibarlılığını təmin edən 110 kV-luq dairəvi təchizat sisteminin yaradılmasıdır. Bu sxem günün istənilən vaxtında istehlakçıları elektrik enerjisi ilə dolğun, fasiləsiz təmin etməyə hərtərəfli imkan verir. İlk olaraq 110 kV-luq dairəvi sxem 220 kV-luq "Müşfiq” və "Xırdalan” qovşaq yarımstansiyaları arasında yaradıldı. Dairəvi sxemin yaradılması üçün yeni 110 kV-luq "Bayıl”, "İçərişəhər” və "Liman” yarımstansiyaları tikilib istifadəyə verildi. "Müşfiq” - "Badamdar” - "Bayıl” yarımstansiyalararası ikidövrəli 110 kV-luq hava xətləri kabel xətlərilə əvəz edildi. Bu dairəvi sistem paytaxtın mərkəzindəki mühüm obyektləri - Bayraq meydanı, Milli Park, "Baku Crystal Hall”, "İçərişəhər” Dövlət Qoruğu, habelə neft mədənləri, yaşayış massivləri,  müxtəlif sosial və məişət obyektlərini fasiləsiz, dayanıqlı elektrik enerjisilə təmin olunur.

Bakının Qaradağ, Binəqədi, Yasamal və Nəsimi rayonlarının elektrik təchizatında dayanıqlığı, fasiləsizliyi təmin etmək üçünsə 220 kV-luq "Səngəçal” və "Müşfiq” qovşaq yarımstansiyaları arasında ikinci 110 kV-luq dairəvi sistem yaradılıb. Bunun üçün Xocasən qəsəbəsində müasir tipli 110/35/10 kV-luq "Xocasən” yarımstansiyası tikilib. 110 kV-luq "Dağlıq” və "Yasamal-2” yarımstansiyaları yenidən qurulub. Bu dairəvi sistem yeni tikilən metro stansiyalarını, "Avtovağzal” kompleksini, Bakının su təchizatı sistemini, Bakı Stend Atıcılığı Kompleksini və digər obyektləri fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin etməyə şərait yaradır.

Həmçinin, “Xırdalan” və “Nizami” yarımstansiyaları arasında üçüncü 110 kV-luq dairəvi sistem yaradılıb. Bu məqsədlə 110 kV-luq "BMKZ” və 204 saylı yarımstansiyalar qapalı tipli olmaqla, yenidən tikilib. Bu yarımstansiyaları əlaqələndirmək üçün 36 km uzunluğunda 110 kV-luq ikidövrəli kabel xətti çəkilib. Eyni zamanda, 110 kV-luq "BMKZ” və 203 saylı yarımstansiyalar arasındakı hava xətləri kabel xətləri ilə əvəzlənib. Bu sistem Olimpiya stadionu, Milli Gimnastika Arenası, Atletlər kəndi, Heydər Əliyev adına neft Emalı Zavodu və Heydər Əliyev prospektindəki dövlət əhəmiyyətli obyektləri - ARDNŞ, Azərsu, Milli Sağlamlıq Mərkəzi, Dövlət Neft Fondu və başqa obyektləri fasiləsiz elektrik enerjisi ilə təmin olunur.

Sayca dördüncü olan “Müşfiq”, “Xırdalan” və “Hövsan” yarımstansiyaları arasında 110 kV-luq dairəvi sistem üç qovşaq yarımstansiyalarını əlaqələndirir. Bunun üçün 110/35/10 kV-luq 210 saylı və 110/35/10 kV-luq “Həzi Aslanov” yarımstansiyaları tikilib. Bu yarımstansiyalar da qapalı tiplidir və müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilib. Onları qidalandırmaq məqsədilə 110 kV-luq “Liman” – “210” – “Həzi Aslanov” – “Radiozavod” – “Əhmədli” yarımstansiyaları arasında ikidövrəli kabel xətləri quraşdırılıb. Bu dairəvi sistemin məqsədi Xətai və Nizami rayonlarının əksər hissəsini, “Ağ Şəhər” layihəsini, Yeni Bulvar - Zığ arası sahil boyu inşa olunan həm yaşayış, həm istirahət, həm də sosial obyektləri dayanıqlı enerji ilə təmin etməkdir.

110/35/10 kV-luq 2x40 MVA gücündə yeni “Buzovna-2” yarımstansiyanın tikintisilə Abşeron yarımadasında olan 110 kV-luq paylayıcı şəbəkələrin respublikamızın şimal bölgəsilə əlaqələndirilməsi planının ilk mərhələsidir. Bununla 3 elektrik stansiyanın (Şimal ES, Təmiz Şəhər ES, Sumqayıt ES) və 2 ədəd 220 kV-luq qovşaq yarımstansiyanın ("Zabrat” və "Sənaye Qovşağı”) əlaqələndirilməsilə 110 kV-luq elektrik təchizatı sxeminin etibarlığı artırılır. Bundan əlavə, yeni inşa edilmiş “Buzovna-2” yarımstansiyası mövcud 35 kV-luq şəbəkə üçün mənbə olduğundan ayrı-ayrı 35 kV-luq dairəvi sxemə aid olan yarımstansiyaları əlaqələndirir. Bu da öz növbəsində mövcud 35 kV-luq yarımstansiyalar arasında dairəvi elektrik təchizat sxeminin, elektrik şəbəkələrinin dayanıqlı iş rejiminin yaradılmasına şərait yaradır. Prezident İlham Əliyevin 2011-ci ildə açılışında iştirak etdiyi Mərkəzi Dispetçer Xidməti də səhmdar cəmiyyətin ən uğurlu layihələrindəndir. Yeni tikilən və əsaslı şəkildə yenidən qurulan yarımstansiyalar SCADA (elektrik avadanlıqlarının vəziyyətinə nəzarət və idarəetmə) sisteminə qoşulur. 110 və 35 kV-luq yarımstansiyaların SCADA sisteminə keçməsilə onların uzaq məsafədən operativ idarəsi təmin edilir. Bu illər ərzində ölkəmizin turizm cəlbediciliyi proqramı nəzərə alınaraq, Qəbələ, Şəki, Zaqatala, Qax, Quba və turizm potensiallı digər rayonlarda turizm obyektlərinin, eyni zamanda, əhalinin fasiləsiz elektrik təchizatının səmərəliliyinin artırılması məqsədilə geniş yenidənqurma işləri aparılıb. Eyni yenidənqurma işləri cəbhə bölgəsində də həyata keçirilib. Belə ki, qoşunların təmas xəttində “Tərtər”, “Şıxarx”, “Daş Salahlı”, "”Cocuqmərcanlı” kimi yarımstansiyalar tikilib, Lələtəpə və başqa qaynar nöqtələrə, o cümlədən, işğaldan azad olunandan 22 il sonra Tərtərin Çaylı kəndinə elektrik enerjisi verilib.

ASAN XİDMƏT

Bu gün əhali və qeyri-əhali istehlakçı qrupuna aid sifarişçilərin enerji təchizatı şəbəkəsinə qoşulması və sayğacların quraşdırılması “Azərişıq” ASC-nin yeni elektron xəritə sistemi vasitəsilə həyata keçirilir. “ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyəti ilə vətəndaşlara göstərilən xidmətdə mütəmadi yeniliklər tətbiq olunur. Belə yeniliklərdən biri də səyyar “ASAN Kommunal Xidmət” vasitəsidir. Evinə, bağına və ya tikinti obyektinə işıq çəkdirmək istəyən vətəndaş səyyar “ASAN Kommunal Xidmət”ə sənədlərini təqdim edir. Qeyd olunan obyekt elektron xəritənin məlumat bazasında müəyyən edilir və şəbəkəyə qoşulması üçün məsafə, lazımi mal-material, işin həcmi, görüləcək işlərin dəyəri müəyyənləşdirilir. Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri ödənildikdən sonra “Azərişıq” ASC-nin əməkdaşları operativ göstərilən ünvana yollanır, vətəndaşın obyektinə elektrik enerji xətti çəkilir, abonent üçün sayğac quraşdırılır.

“ASAN Xidmət”lə “Azərişıq” ASC-nin birgə göstərdiyi xidmətlər təkcə abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması prosesi ilə yekunlaşmır. Eyni zamanda, abonentlərin elektrik enerjisinə ödənişlərinin (borclarının) araşdırılması, əhali və qeyri-əhali istehlakçısının ad dəyişməsi, üzləşmə aktlarının təqdimi, abonentin geniş tarixçəsinin verilməsi, smart kartların bərpası, yenilənməsi və s. xidmətlər göstərilir. Bütün bu müraciətlər “bir pəncərə” prinsipi əsasında təmin olunur. İstehlakçının istənilən tələb və təklifini dərhal etmək üçün səhmdar cəmiyyətdə “Qaynar xətt” fəaliyyət göstərir. Abonentin çağırışını dərhal icra etmək üçün “Qəza xidməti” də fəaliyyətdədir.

SMART SAYĞACLAR

2011-ci ildən etibarən, tətbiqinə başlanılan SMS Smart sayğacların istismarını tam şəkildə həyata keçirmək məqsədilə, müəssisənin intellektual texnologiyalar mütəxəssisləri tərəfindən xüsusi SİMS proqram təminatı işlənib hazırlanıb. Bu proqram vasitəsilə SMS Smart sayğacların oxunması, balans artırılması, alarm - xəbərdarlıq mesajlarının alınması, məsafədən tarif cədvəlinin qurulması, abonentin ödənişləri, sərfiyyatı haqda tam məlumatların alınması,verilməsi, abonentin mobil telefonuna faydalı məlumatların ötürülməsi təmin edilir. SMS Smart tipli sayğaclar GSM - mobil rabitə kanalı vasitəsilə, şifrələnmiş informasiya mübadiləsi rejimində fəaliyyət göstərir və funksional imkanları tətbiq şəraitinə uyğun qabaqcadan proqramlaşdırılır. Son illər ərzində 150 mindən artıq SMS Smart sayğac paytaxt rayonlarında, ölkəmizin müxtəlif regionlarında quraşdırılaraq istifadəyə verilib.

YARIMSTANSİYALAR

“Azərişıq” ASC fəaliyyəti ərzində generasiya güclərinin artırılmasında da fəal iştirak edir. Prezidentin müvafiq sərəncamının icrası ilə əlaqədar “Azərişıq” ASC-nin balansına verilən Xızı rayonunun Yeni Yaşma, Şurabad qəsəbələrində yerləşən Külək Elektrik Stansiyalarında təmir və bərpa işlərinə başlanıldı. Stansiyaların istehsal etdiyi elektrik enerjisinin ötürülməsi üçün Yeni Yaşma Külək Elektrik Stansiyasının ərazisində 20/110 kV-luq 2x40 MVA gücündə və 10/35 kV0luq 4 MVA gücündə yarımstansiyalar inşa edildi, 110 kV-luq 4-cü Yaşma və 35 kV-luq Yaşma Bağları hava xətlərilə əlaqələndirildi. Ötən il oktyabrında Prezidentin iştirakı ilə alternativ enerji mənbəyi olan bu stansiyaların açılışı reallaşdırıldı və daha bir layihə uğurla icra edildi.

COCUQ MƏRCANLIDA MÜASİR STANDARTLARA CAVAB VERƏN YARIMSTANSİYA

"Azərişıq” ASC beş ildir ki, sərasər müharibə şəraitində olan ölkəmizdə cəbhə bölgəsində yerləşən rayonlara da xüsusi diqqət və qayğı göstərir. Düşmənlə təmas xəttində yerləşən Tərtər, Ağdam və Füzuli rayonlarında köhnəlmiş, istismara yararsız elektrik dayaqları dəyişdirilir, naqillər, transformatorlar yenilərilə əvəz edilir və müasir tipli yarımstansiyalar quraşdırılır. Bu bölgələrin fasiləsiz, dayanıqlı elektrik enerjisilə təminatı daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar müvafiq infrastrukturun yaradılması, o cümlədən, ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılıb. Səhmdar Cəmiyyət tərəfindən Cocuq Mərcanlı kəndi ərazisində müasir standartlara cavab verən 35/10 kV-luq yeni yarımstansiya inşa edilib.

ŞƏFFAF STRUKTUR

Ölkənin vahid elektrik şəbəkəsinin yaradılmasından bu günə kimi ən ucqar dağlıq bölgələrdə genişmiqyaslı proqram icra olunmaqdadır.

Yenidənqurma proqramının gedişi, hansı işlərin görüldüyü və abonentlərin elektrik enerjisilə keyfiyyətli, dayanıqlı şəkildə təminində nə kimi nəticələrin əldə edildiyi barədə ictimaiyyət vaxtaşırı məlumatlandırılır.  Hazırda tam Azərbaycan elektrik enerjisi infrastrukturunun vəziyyətinə görə bir çox qonşu ölkələrdən, o cümlədən, əksər MDB ölkələrindən öndədir. “Azərişıq” ASC prezidentin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq paytaxtdan başlamış ən ucqar bölgələrə qədər infrastrukturu müasir avadanlıqlarla, qurğularla yeniləməkdədir. Nəticədə Bakı da daxil olmaqla iri şəhərlərdə, bölgələrdə biznesin inkişafı üçün əsas şərtlərdən biri olan elektrik enerjisinə əlçatanlıq səviyyəsi yüksəlib. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Davos Forumunun hesabatına əsasən, Azərbaycan elektrik enerjisinin əlçatanlığı üzrə dünyada ikinci ölkəyə çevrilib. Digər mühüm nailiyyətsə şəffaflığın artırılmasıdır.  "Azərişıq” ASC hazırda ölkənin ən şəffaf işləyən strukturlarından biridir.

10 İLLİK PLAN

“Azərişıq” ASC tərəfindən 2015-2025-ci illəri əhatə edən fəaliyyət planı hazırlanıb. Qarşıdakı 10 il üçün elektrik enerjisinə olan tələbatın proqnozu çıxarılıb və artan dinamika müəyyənləşdirilib. 2015-ci ildən 2025-ci ilə qədər Azərbaycanda elektrik enerjisinə olan tələbat 7 min meqavatdan 10 min MVt-a qədər artacaq. Regionların elektrik enerjisinə olan tələbatın ödənilməsi, perspektivdə  yaranacaq elektrik yüklərinin qarşılanması üçün mövcud paylayıcı elektrik şəbəkələrinin təmirini, bərpasını, yeni elektrik verilişi xətlərinin çəkilişini aktuallaşdırıb.

“Azərişıq” ASC Azərbaycanı işıqlandırmaq missiyasını bu gün də uğurla davam etdirir. Əminik ki, Səhmdar Cəmiyyət ölkənin işıqlanması üçün bundan sonra da öz imkanlarını tam səfərbər edəcək.

Sevinc QARAYEVA

 

 





21.10.2020    çap et  çap et