525.Az

5 yaşlı Səidin beynəlxalq müsabiqədə böyük uğuru


 

AZƏRBAYCANLI VOKALÇI ASTANADA KEÇİRİLƏN MUSİQİ YARIŞMASINDA BİRİNCİ YERİ TUTUB

5 yaşlı Səidin beynəlxalq müsabiqədə böyük uğuru<b style="color:red"></b>

Müasir dövrdə gənc nəslin vətənpərvər ruhda yetişməsi olduqca vacib məsələlərdən biri kimi mühüm əhəmiyyət kəsb edir. Çünki öz ölkəsini dərindən sevən yeni nəsil Vətənimizin parlaq gələcəyinin təminatçısıdır. Belə balaca vətənpərvərlərimizdən  biri də 5 yaşlı musiqiçi Səid Nəzərlidir.

S.Nəzərli vokal sənətinə 4 yaşından maraq göstərir. Balaca ifaçımızın repertuarında Vətənimizi tərənnüm edən mahnılar yer alır. Belə ki, S.Nəzərlinin səsləndirdiyi ilk əsər Azərbaycan Respublikasının Dövlət Himni olub. Bundan başqa, ifaçının repertuarında M.Maqomayevin "Azərbaycan" və digər mahnılar yer almaqdadır.

Vətənə məhəbbət və sevgi ilk növbədə ailədən başlanılır. S.Nəzərlinin də vətənpərvər ruhda tərbiyə olunması təsadüfi deyil. Belə ki, onun atası Əməkdar artist, Respublikamızın ilk kontratenor səsinə malik opera müğənnisi, onlarla nüfuzlu beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov yaradıcılığı ilə musiqi mədəniyyətimizi dünyanın bir sıra ölkələrində uğurla təmsil etməkdədir.  Qəlbi daima Vətəni ilə döyünən sənətkarın repertuarının "vizit kartı" M.Maqomayevin Respublikamızın ikinci himninə çevrilən "Baharlı yurdum, Azərbaycan" mahnısıdır.



Atasının başladığı böyük sənət yolunu kiçik yaşlarından uğurla davam etdirən S.Nəzərli də artıq beynəlxalq müsabiqə laureatıdır. Yeniyetmə vokalçı sentyabrın 30-da Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən "VI Tessa Musiqi Müsabiqəsi"ndə birinci yerə layiq görülərək laureat adını qazanıb.

Müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna, Qazaxıstan və digər ölkələrdən gənc musiqiçilərin iştirak etməsinə baxmayaraq, ifaçımızın böyük həvəs və bacarıqla E.Kapuanın "O, sole mio" əsərini səsləndirməsi münsiflərin  marağına səbəb olub.

Gələcəyin əsgəri olan Səid Nəzərliyə yeni-yeni yaradıcılıq uğurları və Vətənimizin adını daim uca tutmağı arzu edirik!

 





21.10.2020    çap et  çap et