525.Az

İlham Əliyevin rəhbərliyilə Azərbaycan yeni tarixinin ən şərəfli səhifələrini yazır


 

İlham Əliyevin rəhbərliyilə Azərbaycan yeni tarixinin ən şərəfli səhifələrini yazır<b style="color:red"></b>

Sentyabrın 27-də Ermənistan ordusunun növbəti təxribatı ilə başlayan Azərbaycan Silahlı Qüvvələrinin əks hücum əməliyyatları uğurla davam etməkdədir.
 
Hər zaman olduğu kimi bu günlərdə də Azərbaycan xalqı bir yumruq kimi, ölkə Prezidentinin, Ali Baş Komandanın ətrafında sıx birləşərək, öz həmrəyliyini nümayiş etdirir. Çünki Azərbaycan xalqı öz liderinə inanır, ona güvənir. Bizim indi döyüş meydanında qələbələr qazanmağımız və bu günlər ərzində bütün ölkələrlə siyasi danışıqlarda haqlı mövqeyimizi çatdıra bilməyimiz Prezident İlham Əliyevin siyasi xadim kimi müdrik fəaliyyəti, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsi, xalqın ona inamının nəticəsidir. Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və bütün addımlarını ən xırda detalınadək hesablayarır. Həm danışıqlar masasında, həm də hərb meydanında. Dövlət başçısı öz çıxışlarında dəfələrlə vurğulayıb ki, xalqın milli maraqları onun üçün birinci sıradadır.

Milli Məclisin deputatı Azər Badamov deyib ki, bu gün Azərbaycan xalqı öz lideri, Ali Baş Komandanın ətrafında sıx birləşib. Prezident İlham Əliyev dünya səviyyəli, müdrik, uzaqgörən siyasi liderdir. Deputat bildirib ki, sentyabrın 27-də düşmən tərəf qoşunların təmas xəttində növbəti təxribata əl ataraq mövqelərimizi, o cümlədən də, dinc əhalini, kəndlərimizi atəşə tutdu və buna cavab olaraq, Azərbaycan Ordusunun komandanlığı tərəfindən Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlaması barədə qərar qəbul edildi. Ötən günlər ərzində isə ordumuz döyüş meydanında nəyə qadir olduğunu nümayiş etdirərək düşmənə layiqli dərs verməkdədir. Məhz Silahlı Qüvvələrimizin uğurları Dağlıq Qarabağ münaqişəsinin nizamlama prosesində yeni bir mərhələ açıb - artıq nizamlama prosesində diktə edən tərəf Azərbaycandır.

A.Badamov vurğulayıb ki, istər regionda, istərsə də qlobal miqyasda hər zaman sülhün və inkişafın dəstəkçisi qismində çıxış edən Azərbaycan dövləti bu münaqişənin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı olub. Yerləşdiyi regionun əsas iqtisadi-siyasi aktoru və lider dövləti olan Azərbaycan istər hərbi müstəvidə, istərsə də iqtisadi platformada Ermənistandan dəfələrlə güclüdür və bu, sirr deyil. Bununla belə, biz illərdir ki, bu münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə həllini tələb edirik. Bu faktın özü Azərbaycanın sülhpərvər olduğunu aşkar şəkildə ortaya qoyur: "Bu gün Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ən yeni tarixinin ən şərəfli səhifələrini yazmaqdadır. İnanırıq ki, ötən illər ərzində öz iqtisadi, hərbi potensialını artıran, böyük bir inkişaf yolu keçən Azərbaycan dövləti qısa zamanda öz ərazi bütövlüyünü təmin edəcək, Dağlıq Qarabağ və digər rayonlarımız azadlığa qovuşacaq".

Deputat deyib ki, qısa zaman kəsiyində - cəmi 20 gündə 3 şəhər və 50-dən artıq kəndimizin, strateji yüksəkliklərin düşməndən azad olunması Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında yer aldığının faktoloji sübutudur. Bu ordunun qurucusu, rəhbəri isə İlham Əliyevdir: "Müasir dünyada öz məram və məqsədlərinin beynəlxalq platformada bəyan etmək, bütün dünyaya çatdırmaq olduqca mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Ordusu düşmənə döyüş meydanında böyük zərbələr vurur, öz üstünlüyünü təmin edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan informasiya müharibəsində də Azərbaycan açıq üstünlüyünü təmin edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlətimiz və xalqımız üçün bir nömrəli ümummilli məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün bütün beynəlxalq platformalardan istifadə edir. Prezidentin bütün sferalarda apardığı fəaliyyət Azərbaycanı tam qalib dövlətə çevirib və bu gün istər döyüş meydanında, istərsə də masa arxasında diktə edən tərəf güclü Azərbaycan dövlətidir".

PƏRVANƏ

 





21.10.2020    çap et  çap et