525.Az

Çin KİV-i Qarabağda davam edən müharibəni diqqət mərkəzində saxlayır


 

Çin KİV-i Qarabağda davam edən müharibəni diqqət mərkəzində saxlayır<b style="color:red"></b>

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Ermənistan baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin diplomatik yolla həllinin olmaması barədə fikirlərinin yer aldığı məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Nikol Paşinyanın məlum bəyanatına əsasən Ermənistanın münaqişənin danışıqlar yolu ilə həllində maraqlı olmaması barədə açıqlamasına istinad edilib: “Ermənistanın baş nazirinin “münaqişənin diplomatik həlli yoxdur” açıqlaması növbəti dəfə onu nümayiş etdirir ki, Ermənistan danışıqlar yolu ilə münaqişənin həllində tamamilə maraqlı deyil. Bu açıqlama ilə Ermənistan rəhbərliyi özü etiraf edir ki, Ermənistanın məqsədi Azərbaycanın işğal olunmuş ərazilərini işğal altında saxlamaqdır. Bununla, rəsmi Yerevanın münaqişənin danışıqlar yolu ilə həlli barədə açıqlamalarının riyakarlıqdan başqa bir şey olmadığı bir daha öz təsdiqini tapır”.

Çin Mərkəzi Televiziyasının xəbər kanalı olan CCTV13-də yayımlanan reportajda isə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 20-də xalqa müraciətinə toxunulub. Reportajda Prezident İlham Əliyevin Azərbaycan Ordusunun əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin məhv edilən və ələ keçirilən hərbi texnikası, silah-sursatı barədə fikirlərinə yer verilib.

Sinxua agentliyinin xəbərlərində isə Azərbaycanın Müdafiə Nazirliyinin cəbhədəki vəziyyətlə bağlı açıqlamalarından söz açılıb.

Nüfuzlu “China Daily” qəzetinin mövzuya dair növbəti məqaləsində Azərbaycan Müdafiə Nazirliyinə istinadla qeyd olunub ki, Ermənistan humanitar atəşkəsi pozaraq, Azərbaycanın mövqelərini atəşə tutub. Məqalədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə yaşayış məhəlləsini raket atəşinə tutması nəticəsində mülki insanlar arasında ölən və yaralananların olduğu bildirilib.

Çinin internet portallarındakı mövzuya dair başqa bir xəbərdə isə Azərbaycan Ordusunun Xudafərin körpüsünü azad etdikdən sonra Zəngilan istiqamətində irəlilədiyi qeyd olunub.

 





22.10.2020    çap et  çap et