525.Az

Köhnə albom (hekayə)


 

Köhnə albom <b style="color:red">(hekayə)</b>

Nilufər A. ŞIXLI 

"Salam, əzizim El! Çoxdandır səndən heç bir xəbər ala bilməmişəm. Tez-tez yadıma düşürsən, uşaqlığımızın o qayğısız xoşbəxt günləri üçün burnumun ucu göynəyir...

Dünən, vaxtdan bəri axtardığım məktəb albomum əlimə keçib. Köhnəlib... Elə bilirdim ki, yeni evə köçən zaman itirmişəm onu. Tapanda elə sevindim ki! Həvəslə əski şəkillərimizə baxmağa başladım. Birinci sinifdən son sinfədək - bütün həyatımız gözümün önündən gəlib keçdi...

Sanki çoxdan, lap çoxdan baxdığım maraqlı bir filmin kadrları idi bu şəkillər. Zamanın soldurduğu bu rəsmləri uzun-uzun seyr edərək, nəsə yeni bir şey, daha doğrusu unutduğum köhnə bir şeyi tapmağa çalışırdım.

Bax, indi yenə , bizim köhnə albomumuzu vərəqləyirəm. Baxıb heyrətə gəlirəm - zaman bizlər neçə dəyişir...

...Bax burada birinci sinifdəyik, sən mən, yanaşı oturmuşuq. Hər ikimizin uzun hörükləri, bantları... Mən obyektivə ürkək-ürkək baxıram, sən isə əksinə, şən-şən gülümsəyirsən.

Burda isə, Əlifba bayramındayıq. Başımızda kartondan düzəldilmiş taclar var: mənimkində İ hərfi, səninkində isə D hərfi yazılıb. Xatırımdadı, özümüz bu hərfləri istəmişdik müəllimdən, sən demişdin ki, bu İki Dost deməkdir.

Bu şəkildə isə artıq dördüncü sinifdəyik. Bütün sinif uşaqları ilə. İbtidai sinfin buraxılış günü bayramındayıq. Hamımız səliqəli təmtəraqlı geymişik: qızlar - kofta, qara ətək, oğlanlar isə köynək, qara şalvar. Qəribə olsa, mən bu günü aydınlıqla, bütün təfərrüatı ilə xatırlayıram. Yadımdadır, ilk müəlliməmiz Olqa Nikolayevna - o ciddi təmkinli qadın - həmin gün yaman kövrəlmişdi. Şəhadətnamələrimizlə birgə, yazdığımız ilk imlaları çəkdiyimi ilk rəsmləri bizə təqdim edəndə göz yaşlarını gizlətməyərək, bir-bir üzümüzdən öpmüşdü.

Hər şey elə dəyişir ki! Sən - mehriban səmimi rəfiqəm, zamanla, hər kəsin diqqət mərkəzində olan cazibədar şıltaq gənc qıza çevrilirdin. Məktəbdəki oğlanların əksəriyyəti sənə vurulmuşdu. Rəfiqən olduğum üçün, sənə çatacaq sevgi məktubları mənə verirdilər. Heyranlarının sayı gündən-günə artırdı. Əvvəllər, hər an səni izləyən yad nəzərlərdən, addımbaşı deyilən təriflərdən utanır, qıp-qırmızı olardın. bu xüsusiyyətin çox xoşuma gələrdi.

Xəbərin yoxdu ki, sən öz zehnin, savadın, gözəl yaddaşın özünü sevdirə bilmək qabiliyyətlərinlə həmişə mənə örnək olurdun. Düzdür, səninlə yanaşı mən sanki yox kimiydim, heç kimin diqqətini çəkmirdim, amma bu məni elə narahat etmirdi. Çünki səni bir rəfiqə kimi deyil, bacı kimi sevirdim.

Aylar, illər keçirdi, böyüyürdük.

İndi bir şəklə baxıram: sən, mən paralel sinifdən olan iki oğlan. Onların hər ikisi səni sevirdi.

Əzizim El! Sənin xarici görünüşünlə birgə daxili aləmin necə dəyişirdi! Qocaman tarix müəllimimiz (yadımdadı, bəzən sərkərdələrin adını dolaşıq saldığı üçün, sən ona "huşsuz" deyirdin) bir aforizmi tez-tez işlədərdi: "Honores mutant mores, sed raro in meliores". Bəli, sən yavaş-yavaş vurğunlarının baxışlarına, komplimentlərinə, qulluqdarlığına öyrəşirdin. Hətta, kiminsə sənə məhəl qoymaması, diqqət göstərməməsi səni özündən çıxarırdı. Adətən, sənin dediyinə görə, belə oğlanlar şir bürcündən olurdu. Qoroskoplarla, bürclərlə yaman maraqlanırdın, İlahi,  "şir"lərə necə nifrət edirdin! Necə olur-olsun onları özünə məftun edib qələbə çalmaqdan  həzz alır özünə "şirləri ram edən qadın" deyib gülürdün.

Düzünü deyim ki, getdikcə sənin davranışların mənim xoşuma gəlməməyə başlayırdı, amma susurdum, çünki sən tənqidi sevmirdin. İndi başa düşürəm ki, heç düzgün hərəkət etməmişəm... Bu dostluq deyil! İnsan öz dostu ilə yalnız həmfikir yox, həm dürüst olmadır! Yeri gələndə, çatışmayan cəhətlərini üzünə deməli, səhvlərini göstərməlidir! Mənsə, bunları etməyə qorxurdum... indi buna görə utanıram...

Yadındadırmı, onuncu sinifdə oxuyarkən, bir dəfə ədəbiyyat müəlliməmiz xəstələnmişdi, dərsimiz boş idi. Sinif uşaqları ilə oturub "evlilik" mövzusunu müzakirə edirdik. Onda sən öz sözlərinlə hər kəsi mat qoydun; dedin ki, ərin sənin xətrinə dəysə, şəksiz-şübhəsiz, onun başını yararsan. Bəlkə bu sənin yersiz zarafatın idi, bilmirəm, amma elə sərt qətiyyətlə demişdin ki, hamı sənə ikrahla baxmışdı. Sonra da demişdin ki, heç kim sənə ev işləri gördürə bilməz, yemək bişirmək, paltar yumaq - səninçün deyil. Bu ancaq qulluqçu işidir. Sənsə - xüsusi insansan,  yalnız yüksək vəzifələrdə çalışmaq, məşhur olmaq üçün dünyaya gəlmisən. Özünü "taleyin ağası" adlandırdın.

O zaman mən dəhşətə gəldim sənin təkəbbür özündənrazılıq kimi pis xüsusiyyətlərini kəşf etdim. Lakin olur-olsun, özümü inandırmağa çalışırdım ki, bu müvəqqətidir sən dəyişəcək, yenə əvvəlki - sevdiyim hörmət etdiyim insan olacaqsan. Ah, necə yanılırammış!

Bax, həmin bu şəkil! Buraxılış sinifdə çəkilmişdi. Yenə sən mən, amma...  sən üzünü yana tutub qürurla harasa baxırsan. Elə durmusan, sanki, yanaşı şəkil çəkdirməklə, mənə nəsə böyük bir yaxşılıq kimi...

elə bu ildən, sən özünə yeni bir əyləncə tapmışdın - sinfimizdəki iki sakit fağır qıza lağlanmaq...

Düzdür. Onlar sənin kimi əlaçı deyildilər, amma pis oxumurdular. Sənə neyləmişdilər, bilmirəm, amma müvafiq şərait düşən kimi, həyatlarını çəkilməz etmək üçün əlindən gələni əsirgəmirdin. Gah vurduqları ətrin iyindən ürəyinin bulandığını deyib, burnunu tutub otaqdan çıxır, gah geyimlərinin dəbdən düşmüş olmasına lağ edir, gah da saç düzümlərinə gülürdün.

Əlbəttə! Bu planda sən ideal idin: sənin ətirlərin bahalı başgicəlləndirən olurdu, paltarların hər zaman mütənasib bədəninin üstündə gözəl oturur, uzun, ipək saçların isə sənə daha artıq yaraşıq verirdi. Lakin bu sənə ixtiyar vermirdi ki, özünə bənzəməyənləri incidə, könüllərini qırasan! Dəfələrə, sənin qabalıqlarından sonra, o bədbəxt qızların ağladıqlarının şahidi olurdum. Dəfələrlə sənin - ən yaxın rəfiqəm bildiyim insanın yerinə utanıb xəcalət çəkirdim.

Əgər bilsəydim ki, qəlbin hərəkətlərin kimi çirkindir, and olsun Allaha ki, bir an belə tərəddüd etmədən, səninlə bütün əlaqələri kəsərdim. Lakin mən ayrı cür düşünürdüm, mən inanırdım ki, sənin etdiklərin - bizim günahımızdır!  Bizim - səni bütləşdirib təriflərlə gözə ucaldanların! İnsanın əqidəsi qədər yüksək olur-olsun, bu yaşda, gənckən  "ulduz xəstəliyi" qarşı dura bilməzdi, sən bacarmadın...

Bəli, dostum! Səni hər gün tərifləyib başqa şagirdlərə nümunə göstərən müəllimlərin, hər istəyini yerinə yetirib, oxşayıb əzizləyən valideynlərin, diqqətləri məhəbbətlərilə göz açmağa aman verməyən heyranların ... yanında ola bilmək üçün hər sözünlə razılaşan, bəzən hiddətlənmək əvəzinə susan rəfiqələrin - heç səndən az günahkar deyildilər!

Alicənab mədəni insanlar olan valideynlərini çox yaxşı tanıyırdım. bilirdim ki, son vaxtlar sən onları da kədərləndirirsən. Düzdür, əvvəlki kimi yenə yalnız  əla qiymətlər alır, onların sevdiyi kimi, çoxlu kitab oxuyur, klassik musiqilər dinləyir, səliqə-səhmanına hər zamankından da artıq diqqət yetirirdin. Lakin... getdikcə ata-anandan uzaqlaşmış kimiydin... soyuqluğunla, biganəliyinlə, laqeydliyinlə... Özünüsevən Nərgizgülü kimiydin - səni səndən başqa heç kim maraqlandırmırdı...

Bir dəfə dedin: "Mənimlə olmayan mənə qarşıdır!" Bu sözləri mənəmi eşitdirirdin? Bəlkə yox, amma bununla da, səninlə çoxillik dostluğumuza son qoydun. mən səni tərk etdim. İllər öncə, birinci sinfə gəldiyimiz ilk gün, tanış olub əlimdən tutan əziz rəfiqəm bunu hiss edərdi, sənsə hiss etmədin, çünki artıq o sən deyildin. Acınacaqlısı da elə bu idi.  Sən öz-özündən uzaqlaşdığın kimi, mən eləcə, hiss etdirmədən səndən uzaqlaşdım.

Tanış olduğumuz o sentyabr günündə qorxmuş, həyəcanlanmış, bu qədər müəllimin uşağın içində özümü itirmişdim. Sənsə bunu görüb arxayınca mənə yaxınlaşmış, adımı soruşmuşdun. Biz əl-ələ tutub sinfə birlikdə girmiş bir parta arxasında oturmuşduq. Beləcə başlayan 11 illik dostluğumuzun bitməsini qəbul etmək çox ağrılı idi, El, çox ağır!...

Bircə onu bil ki, olur-olsun, səni heç zaman unutmayacam. Sən özün bilmədən mənə çox şeylər verdin: dostluq hissi, əvəzsiz məktəb xatirələri, ən başlıcası isə - həyat dərsi!  Mən başa düşdüm ki, dünyada ən vacib şey - özünü itirməməkdir! həm anladım  - kimdir Dost! Səndən öndə, ya da arxada gedən insan Dost deyil. Dost - hər zaman səninlə yanaşı addımlaya biləndir!

Bütün bunlara görə, əzizim, sənə çox minnətdaram!

Ümid edirəm ki, heç olmasa hərdən bir, sən məni xatırlayırsan. Bu sərt qaçılmaz gerçəkliyi danışdığıma görə məni bağışla! Hərçənd ki, bunu heç zaman eşitməyəcək, oxumayacaqsan. Çünki, bu, köhnə məktəb albomumuzu vərəqləyərkən sənə yazdığım xəyali məktub idi..."

 

Moskva

 





04.02.2014    çap et  çap et