525.Az

Yadındamı Ağdam?! - Əli Əmirli yazır


 

Yadındamı Ağdam?! - <b style="color:red">Əli Əmirli yazır</b>

Qələbə əzmi ilə yaşadığımız bu gərgin, qanlı-qadalı, ölümlü-itimli, həm də fərəhli günlərdə, əsirlikdən azad elədiyimiz kəndlərimizə, şəhərlərimizə qovuşduğumuz xoşbəxtlik anlarında Ağdama yetişmək istəyi dözülməz, ağrılı bir istəyə çevrilir.
 
Axırıncı dəfə 45 yaşımda xudahafizləşdiyim doğma şəhəri 72 yaşımda elə o vaxt -  27 il qabaq gördüyüm kimi apaydın xatırlayıram. Həm də Ağdam nisgili ilə bircə il bundan qabaq yazdığım "Yadındamı Ağdam?!" yazımı yada salıram:

"...Yadındamı Voroşilov küçəsində kimlərin evləri vardı?.. Xatirindəmi mədəniyyət evində keçirilən tədbirlər, çal-çağırlı konsertlər, muğam gecələri, bəs İmarət deyilən tarixi abidələr məkanı?.. Yadındamı məşhur Ağdam stadionundakı futbol oyunları, sonralar çörək muzeyinə çevrilmiş od dəyirmanı, haqqında nağıllar söylənən Dəyirman həyəti, Çin memarlığı üslubunda tikilmiş Çay evi?.. Bəs  Şah Abbasdan yadigar qaldığı deyilən Cümə məscidi, Mir Heydər ağanın qoşa minarədən ucalan azan səsi?.. Yadındamı Ağdam?!

Hayıf ki, qoruya bilmədiyimiz viranə Ağdam haqqında yeni heç nə deyə bilmirik, axı ölmüş adam haqqında daha yeni bir şey olmur, ondan ancaq xatirələr qalır. Ağdam da dünyasını dəyişmiş adam kimidir. Nə qədər ağır olsa da, nə qədər istəməsək də, etiraf etməyə məcburuq: bizim tanıdığımız, sevdiyimiz   Ağdamı düşmən öldürdü, qətlə yetirdi, yüz il içində yığıb qatılaşdırdığı kin-küdurətlə, iblisanə bir nifrətlə oda qaladı, yandırıb-yaxdı, yağmaladı, nifrətlə çabalayan murdar  ürəyi soyumadı şəhəri yerlə-yeksan elədi...  Ağdamlılar pərən-pərən düşdü, vətəndən vətənə qaçmağa məcbur oldu. Bu qaçqınlıq illərində dərddən, qüssədən, xəcalətdən  ölənlər öldü, qalanlar  ölmüş şəhərini, dağıdılmış xanimanını, böyük vətən içində kiçik, amma daha doğma vətənini yana-yana xatırlamaqla,  oxşamaqla, onun haqqında söhbətlərlə ovunmalı oldular.

İtirilmiş Ağdam ağrısının içində  şirin, həzin  kədər də var. Bu   kədər Ağdamın keçmişini yada salanda zühur edir, sızıldayır. Ölüb getmiş adamın yaxşı əməllərini yada salanda baş qaldıran həzin kədər kimi..."

O vaxt həmin yazını  rekviyem adlandırmışdım - ölmüş, dünyasını dəyişmiş adamın ruhuna  bəstələnmiş kədərli musiqi əsəri. Amma bu rekviyem daha çox dirilər üçün idi, Ağdamsız qalmış ağdamlılar üçün. Məqalənin ümumi ruhunda  rekviyemdən gələn bir kədər,  hüzn vardı, amma  bu kədər sonsuz  deyildi, onun içində bir ümid ulduzu görünürdü.  Ağdamın azad olunacağına solmaz-sarsılmaz bir ümid, inam vardı...

"... Hiyləgər düşmən ölkəmizin ən çətin, zəif düşdüyü  gücsüz vaxtında daha güclülərə arxalanıb  Qarabağı, o cümlədən, Ağdamı işğal elədi, amma haqq nazilər, üzülməz, zaman bizim xeyrimizə işləyir,  Azərbaycan ordusu günü-gündən güclənir. Bu gün Azərbaycan ordusu regionun ən qüdrətli ordusuna  çevrilmişdir. Azərbaycan əsgəri işğalda olan bütün torpaqlarımızı azad etmək əzmindədir. O gün uzaqda deyil, yaxındadır, biz hamımız buna inanırıq, inanmalıyıq!   Biz Ağdamı sülh danışıqları ilə deyil, döyüşlə qaytaracağıq!  Necə ki qəhrəman oğlumuz Fred Asif ölümlə çarpışdığı məqamda  demişdi: "Ağdam döyüşlə azad edilməsə, mən ora qayıtmayacam"...

Qəhrəman oğlumuz haqlı imiş, beş min şəhid vermiş  Ağdam sülh danışıqları ilə deyil, döyüşlə, savaşla qaytarılacaq, Ağdam Ali Baş Komandanın qətiyyətli rəhbərliyi altında rəşadətli ordumuzun qəhrəmanlıq savaşı ilə azadlığa qovuşacaq. Ağdam yenə də Qarabağın mərkəzinə çevriləcək,   daha möhtəşəm bir şəhərə, daha qüdrətli məkana, yeni Ağdama çevriləcək...

"... amma yeni Ağdam daha əvvəlki Ağdam olmayacaq. Ağdam uşaqlığı, gəncliyi  işğaldan qabaqkı  Ağdamda keçmiş  ağdamlıların xatirələrində qalacaq, Ağdam haqqında  yazılarda, məqalələrdə, nağıllarda, rəvayətlərdə, nəğmələrdə, kitablarda  yaşayacaq.

... Yadındamı, İmarət yolunda, Ağdamın göyçəmən stadionunda düzənlənən "Xarı bülbül" musiqi festivalı, skamyalarda sıx-sıx oturmuş insanların üzündəki sevinc, fərəh, xoşbaxtlıq işığı... Yadındamı, ateizmin tüğyan etdiyi bir vaxtda Ağdam Cümə məscidinin həyətindəki məhərrəmlik dəsgahı, şəbeh tamaşaları...  Yadındamı bir nömrəli məktəbdən dəstə-dəstə çıxdığımız  nağıl günlər... Yadındamı fəxr elədiyimiz, sevdiyimiz, qürrələndiyimiz, mənəm-mənəm deyən  şəhər...

Yadındamı AĞDAM?!"

Əlbəttə, yadımdadı, vəhşi xislətli murdar düşmən onu yerlə-yeksan eləsə də, daşını daş üstdə qoymasa da, Ağdam xatirimizdə elə həmin Ağdamdır, çünki üstündə çox şeylər dəyişsə də, torpaq özü dəyişmir, Vətən rəngini, havasını-qoxusunu qoruyub saxlayır, yaxşı tanıdığı sahiblərini gözləyir, onların qələbə ilə qayıdacaqlarına inanır.

Qələbə bizimlədir!

Ağdam Qarabağdır!

Qarabağ Azərbaycandır!

 





24.10.2020    çap et  çap et