525.Az

Nisgilli ruhun sevinsin, Səxavət! - Nadir Rzalı mərhum xanəndəni anır


 

Nisgilli ruhun sevinsin, Səxavət! - <b style="color:red">Nadir Rzalı mərhum xanəndəni anır</b>

Milli musiqimizin Qızıl Fondunda elə səslər qorunub saxlanır ki, onların yeri təkcə fondun yaddaşında bərqərar olmayıb.

O səslərin ahəngi ilə ərsəyə gələn əsərlər dildən-dilə keçərək könüllərə yansıyıb, ürəkləri oxşayıb. Sanki insanların  zövqü, ruhu bu səslərlə yoğrulub. O səslər ki, xalqın bütün ağrısını, sevincini özündə ehtiva edib. Belə səs sahiblərindən biri də böyük sənətkar Səxavət Məmmədov idi. Səxavət Məmmədovun səsindəki nisgil heç bir səsdə yox idi. Səxavət Məmmədov ifası büsbütün Qarabağın özü idi. Bu səs bəzən böyük bir sükut içində fəryad edirdi, bəzən isə coşqunluqla hayqırırdı. Səxavət Məmmədovun "Orta segah"ı nə qədər ürək dağlayırdısa, "Heyratı"sı da bir o qədər cuşa gətirirdi. O, həyatdan xoşbəxt köçdü. Ona görə ki, sağlığında doğma kəndi Abdal-Gülablının dağı sinəsinə çəkilmədi. Amma əfsus ki, o dağ ölümündən sonra məzarı üstünə çəkildi, çünki əsirlikdə qalan qəbri həm sevənləri üçün dağ oldu, həm də sənətkar ruhunu dincəlməyə qoymadı. Bir var vətəndən ayrı qalıb əzab çəkmək, bir də var o vətəndə nigaran, narahat, kimsəsiz qalmaq. Doğulub boya-başa çatdığı doğma Abdal-Gülablı torpağı ona məzarı ilə birlikdə qürbətə çevrildi. Bizi Səxavət Məmmədovdan sarı üzən məqam onun vaxtsız itkisi idisə, ikiqat ürəyimizi incidən onun gözü yolda qalan ruhu idi. Səxavət Məmmədovun sağlığında Qarabağ münaqişəsi közərməyə başlayırdı və o, bu məsələlərdə sözün əsl mənasında vətəndaşlıq mövqeyi nümayiş etdirdi ki, yazının sonrakı hissələrində bu haqda ətraflı söhbət açacam. Səxavət Məmmədovun ifası sanki əvvəlcədən nisgillə yoğrulmuşdu. Sən demə, onun səsi başımıza gələcək bütün fəlakətlərin acı müqəddiməsi idi... 

***

Azərbaycan xanəndəlik tarixinə adını qızıl hərflərlə yazdıran böyük sənətkar, xanəndə Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdu. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan Səxavət Məmmədov ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. Hacıbaba Hüseynov məktəbinin təsiri Səxavət Məmmədovun yaradıcılığında aydın şəkildə hiss olunurdu. Birinci növbədə Səxavət Məmmədov söz seçimində çox həssas sənətkarlardan olub. Biz onun istər el şənliklərindəki səs yazılarını, istərsə də, Azərbaycan televiziyasının arxivində qorunub saxlanan ifalarını dinləyəndə görürük ki, Səxavət Məmmədov ifalarında qəzəl təkrarçılığına yol verməyib. Guşəxan sənətkar dəsgahlarda şöbədən şöbəyə çox böyük məharətlə keçir, bütün "ayaq"ları dəqiq ifa edirdi. Təsadüfi deyil ki, sonralar Səxavət Məmmədov tərzində ifa edən böyük xanəndə ordusu yetişdi. Səxavət Məmmədovun oxu tərzi özünəməxsus idi və bu,  onun dövründə bəzən birmənalı qarşılanmırdı. Alim Qasımov kimi Səxavət Məmmədovun da improvizasiyaları bir çox qısqanclıqlara səbəb olurdu. Yalnız o vaxt bunu həzm edə bildilər ki, Səxavət Məmmədov çox böyük kütlənin ürəyini fəth etdi. Xalq sevgisinin qarşısında heç kim dayana bilməzdi.

Səxavət Məmmədov yaşının azlığına baxmayaraq, dövrünün çox nəhəng sənətkarlarının əhatəsində olub, onlarla çiyin-çiyinə fəaliyyət göstərib. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsilini başa vurduqdan sonra ustad sənətkar Əlibaba Məmmədovun rəhbərlik etdiyi, dövrünün çox məşhur ansamblı olan "Humayun" ansamblının solisti olub və 10 il fasiləsiz fəaliyyət göstərib. Səxavət Məmmədovun bu ansambl ilə birlikdə Azərbaycanın, demək olar ki, bütün rayonlarında, xarici ölkələrin bir çoxunda konsertləri olub. Əlibaba Məmmədov öz xatirələrində danışır: "Humayun" ansamblı ilə Moskvaya konsert verməyə getmişdik. Səxavət oxuyandan sonra Rusiyanın səs üzrə mütəxəssisi mənə yaxınlaşdı. Professor təkid elədi ki, arıq oxuyan oğlanı görmək istəyirəm. Səbəbini soruşanda dedi ki, mən baxmaq istəyirəm ki, görüm onun boğazında aparat var, ya yoxdur. Onu heyrətləndirən Səxavətin zəngulələri idi. Səxavətin boğazına baxandan sonra dedi ki, səhnədə elədiklərini burda edə bilərsənmi? Səxavət dərhal oxumağa başladı. Səxavətin səsinə bənzər səs yox idi. Səxavət Məmmədovu heç kimlə müqayisə etmək olmaz".

Səxavət Məmmədovun sənətinin böyüklüyü onda idi ki, nəinki Azərbaycanda,  ölkə xaricində də onun kifayət qədər böyük fanat ordusu var idi. Demək olar ki, dünyanın yarısından çoxunu öz böyük sənəti ilə gəzmişdi. Xüsusilə, İsraildə ona böyük rəğbət bəsləyiblər. Ustad xanəndə İslam Rzayev öz xatirələrində danışır: "Mən İsraildə taksiyə mindim. Sürücü Səxavət Məmmədovun səs yazısını qoşdu və mən çox təəccübləndim. İsraildən Səxavətin səsinin gəlməsi məni çox sevindirdi və çox kövrəldim".

Səxavət Məmmədovdan bizə yadigar qalan "Qarabağ" ansamblı onun şah əsərləri sırasındadır. Qarabağ münaqişəsi ilə bağlı ilkin qığılcımlar alışan vaxt Səxavət Məmmədov bu ansamblı yaratdı. Ansambl yaranandan sonra o, bu ad ilə bir çox ölkələrdə qastrol səfərlərində oldu. Sanki Səxavət Məmmədov bununla Qarabağ adının Azərbaycana aidliyinə dair bir brend yaratdı və səfərdə olduğu ölkələrin nümayəndələrinə çatdırmaq istəyirdi ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır və bizim mədəniyyətimiz, xalq musiqimiz, milli kökümüz bu torpaqların içindən doğub şaxələnir. Bir vətəndaş kimi, musiqiçi kimi onun da əlindən bu gəlirdi...

***

Vaxtilə Səxavət Məmmədovla dostluq edən şəxslərin yanında Səxavət adı anılanda çox yanğılı bir ah çəkirlər. Elə ah ki, bu ahın içində darıxmaq da var, təəssüf də. Bu yazını yazmazdan qabaq Rəşad Məcidlə söhbət edəndə də bu ahın şahidi oldum. O, Səxavət Məmmədovla bağlı şirin bir xatirə danışdıqdan sonra gözü yol çəkdi. Otağa həzin bir sükut çökdü və Rəşad Məcid bu sükutu pozaraq dilləndi: "Səxavətin dəfni yadıma düşür. Gülablıda dəfn vaxtı dörd bir yana kamazlar düzülmüşdü ki, düşmən güllə atsa, camaat xəsarət almasın". Səxavət və Gülablı sözlərini deyəndə Rəşad müəllimin səsinin titrəməyini sözə sığdırmağa gücüm çatmır. Elə Səxavət Gülablı kontekstində, Gülablı da Səxavət timsalında ürəyimizi yandırır...

Qulu Ağsəslə Səxavət Məmmədovun dostluğu barədə əvvəllər də eşitmişdim. Ona görə də bu yazını hazırlayarkən onunla da danışmağı vacib bildim. Qulu Ağsəs bütün fəaliyyət illərində Səxavət Məmmədovun xatirəsinin əbədiyaşar olması üçün əlindən gələni əsirgəməyən insanlardan biridir. Səxavət Məmmədov haqqında çəkilən filmlərin, hazırlanan verilişlərin ərsəyə gəlməsində onun rolu çox böyükdür. Telefon zəngində Qulu müəllim "Nabran novellası" kitabından Səxavət Məmmədov haqqında yazdığı "Abdal-Gülablıdan Allahacan" adlı esseni mənim üçün oxudu: "...Səs də qabağından yeyən deyildi. Ağır məclisləri yola verdi, yüngül məclisləri yelə. Adamlar bir yana, quşlar da bu səsin meydanında uçurdular. Səsin ayağı dəyən yerdə torpaq havalanırdı, göyə çıxan buludlar canını qoymağa yer tapmırdı. Hamınındı bu səs, heç kəsin deyildi - Tanrınındı. Günlərin bir günü Tanrı səsini içinə çəkdi... Səxavətin atası Əmirxan kişiyəsə bu xəbəri ayrı cür nağıl elədilər..."

Söhbətimiz zamanı Qulu müəllimin Səxavət Məmmədov haqqında dediyi bir məqam var idi ki, xüsusilə vurğulamaq istəyirəm: "Hər bir insan həyatında qəzaya uğraya bilər. Səxavət sənətkara yaraşan qəzaya uğradı - maşın qəzasına. Ləyaqətindən yıxılmadı, kişiliyindən qəzaya uğramadı. O, maşın qəzasına uğradı və bu, onu xalqın sevimlisinə çevirdi. Mən 88 nömrəli avtobusla gedirdim. Hamı danışırdı. Birdən radioda Səxavət oxudu və hamı sakitləşdi. Səxavət oxuyub qurtaranda adamlar əl çaldılar. İnsanlar bir-bir, iki-iki dayanacaqlarda düşdülər, amma mahnı hələ uzanırdı. Deməli, Səxavətin səsi indən sonra çox nəsilləri yola salacaq, çox adamlar bu ömür qatarından, ömür avtobusundan, ömür maşınından düşüb gedəcəklər, amma zaman maşının radiosunda o səs həmişə səslənəcək".

Səxavət Məmmədov sənətinin alovlu pərəstişkarı, Ukraynanın tanınmış ictimai xadimlərindən olan Burzu Əliyevlə də sənətkar haqqında həmsöhbət oldum. Burzu müəllim öz xatirələrində Səxavət Məmmədovu əsl vətənpərvər kimi canlandırdı: "Səxavət Məmmədov nə qədər böyük sənətkar idisə, bir o qədər də əsl vətənpərvər idi. O, Qarabağla nəfəs alırdı. Qarabağ münaqişəsi başlanan vaxtlarda toylardan qazandığı pullar ilə silah alıb cəbhədəki əsgərlərə paylayırdı. Qulu Ağsəs, Feyruz Səxavət, Əliyar Məmmədov, Elmir Məmmədov və başqalarının köməyi ilə biz onun 16 diskini ərsəyə gətirdik, haqqında kitablar hazırlandı və yubileylər təşkil olundu".

***

Qarabağın işğaldan azad olunması üçün əks-hücum tədbirləri başlanan gündən vaxtilə məcburi köçkün düşmüş camaatın gözündə bir ümid işığı parıldadı. Elə bir ümid işığı ki, o işıq həsrətdən vüsala gedən bağlı yolları nurlandırdı. Kimisi vaxtında əzab-əziyyətlə qurub yaratdığı ocağına həsrət idi, kimisi sadəcə Vətən havasını udmağa tamarzı idi. Kimisi də, qərib qalan kimsəsiz qəbrindən ötrü için-için yanırdı. Həmişə elə düşünmüşəm ki, necə ki biz o yerlərə həsrətik, eləcə də ordakı əsir ruhlar da bizim yolumuzu gözləyib. Bu gün illərdir gözlədiyimiz qovuşmanın astanasındayıq. Səxavət Məmmədov və onun timsalında gözü yolda qalan ruhlar bizi səsləyir. Abdal-Gülablının işğaldan azad olunduğu gün uzaqda deyil. Səxavət Məmmədovun nisgilli ruhu həmin gün sevinib rahatlıq tapacaq və yəqin ki, 2023-cü ildə sənətkarın 70 illik yubileyi doğulduğu torpaqlarda keçiriləcək. Səxavət Məmmədova Allahdan qəni-qəni rəhmət diləyirəm!

 





24.10.2020    çap et  çap et