525.Az

Dil milli mənliyimiz, mənəviyyatımızdır


 

Dil milli mənliyimiz, mənəviyyatımızdır <b style="color:red"></b>

Ana dilimiz Vətənimizin, Azərbaycanımızın dilidir. Anamızı, Vətənimizi sevdiyimiz kimi, dilimizi sevməli qorumalıyıq. Çünki ana dili millətin diriliyi, həyatının mayası, varlığının daşıyıcısıdır. Böyük şairimiz Səməd Vurğunun dediyi kimi, dil insanın namusudur, qeyrətidir, tarixidir. Dünyada elə bir insan tapmaq çətindir ki, doğma anasının qarşısında baş əyməsin, onu anlamasın, duymasın. Bu mənada, ana dili başa düşmək, anlamaq dilidir. Bu bir həqiqətdir ki, hər bir dil özündə bir tarix yaşadır. Doğma Azərbaycan dili bizim keçmişimiz, bugünümüz sabahımızdır.

Azərbaycan dili eyni zamanda milli mənliyimizin, mənəviyyatımızın tarixi sərlövhəsidir. Dilimiz ulu babalarımızın, nənələrimizin sinəsindən qopan ilkin kəlmələri, bayatıları, laylaları tarixin sınaqlarından çıxararaq xalqımıza, millətimizə çatdırıb, canına, qanına hopdurub. Azərbaycan dili əsrlər boyu yadellilər tərəfindən hücumlara, təzyiqlərə məruz qalıb, sıxışdırılıb, hətta unutdurulmaq təhlükəsi ilə üzləşib. Yadellilər başa düşüblər ki, bir xalqı, milləti məhv etmək üçün torpağını, malını, mülkünü əlindən almaq kifayət etməz, onun gərək dilini əlindən alasan. Buna zaman -zaman çox cəhd ediblər, lakin bacarmayıblar.
 
Dilimiz hər dəfə amansız təqiblərdən, repressiyalardan alnıaçıq-üzüağ çıxıb, mənfur niyyətlər isə alt-üst olub. Elə bu səbəb üzündən ayrı-ayrı dövrlərdə ana dilində yazıb-yaratmaq xalqımızın övladlarına yasaq,qadağan olunub. Ölkədə bir vaxtlar ərəb,fars dilləri, çar sovet dönəmlərində isə rus dili hökmranlıq edib. Təəssüf ki, bir çox görkəmli söz ustalarımız, elm adamlarımız öz əsərlərini yad dillərdə yazmağa məcbur olublar. Lakin buna baxmayaraq, qadağalara məhəl qoymayan, dilimizi bütün varlığı qədər sevən qüdrətli qələm sahiblərimiz ana dilində gözəl əsərlər yaradıb, ədəbiyyatımızı, mədəniyyətimizi zənginləşdiriblər. XIII-XIV, XV-XVIII XIX əsrlərdə qələmə alınmış bədii tarixi əsərlər dilimizin necə bir qüdrətə malik olduğunu aydın şəkildə nümayiş etdirir. Həsənoğlunun, Qazi Bürhanəddinin, Nəsiminin, Füzulinin, Xətainin, Vaqifin, M.F.Axundovun başqalarının  əsərlərini buna misal göstərmək olar.Yad dilləri qəbul etməyən xalqımız keçirilən el şənliklərində,oyunlarında,teatr tamaşalarında, şifahi ədəbiyyat nümunələrində, aşıq yaradıcılığında ana dilimizi yaşatmışdır. Ana dilimizin təmizliyi, onun yad dillərin təsirindən mühafizə olunması,inkişaf etdirilməsi hər bir dövrdə xalqın qabaqcıl nümayəndələrini daim düşündürüb, narahat edib.

Azərbaycan Səfəvi dövlətinin banisi, görkəmli dövlət xadimi şair Şah İsmayil Xətai ana dilini dövlət dili səviyyəsinə yüksəldib. O, başqalarına nümunə olsun deyə, əsərlərini Azərbaycan dilində yazıb, bu dildə yazıb-yaradan qələm sahiblərinin hamisinə çevrilərək onları saraya dəvət edib,ədəbi fəaliyyətləri üçün hər cür şərait yaradıb. Şah İsmayıl Xətainin dil haqqında dedikləri sözlər bu gün çox müasir səslənir müdrik  nəsihət kimi mühüm əhəəmiyyət kəsb edir: "Ey türk övladları, bir ovuc torpağınızı dünyanın var-dövlətinə, dilimizin bir sözünü ləl-cəvahirata dəyişməyin, onları qoruyun, sonrakı nəsillərə çatdırın". Müstəqillik illərində dilimiz əsl müstəqilliyini qazanıb.

Ümummilli lider Heydər Əliyevin doğma  dilimizə olan dərin sevgisi həssas münasibəti hər bir azərbaycanlı üçün örnəkdir. Dilimizin saflığının qorunması hər zaman olduğu kimi bu gün öz aktuallığını ititməyib, mühüm əhəmiyyət daşıyır. Dünya dövlətləri ilə geniş iqtisadi  inteqrasiya, siyasi, mədəni əlaqələr bu sahədə ciddi tədbirlər görülməsini tələb edir. Belə bir şəraitdə dilimizə yad təsirlərin artması danılmazdır. Bəzən mətbuatımızda, televiziya kanallarında, bədii filmlərin, ədəbi əsərlərin tərcüməsində, reklam elanlarda, göstəricilərin yazılışında .s sahələrdə ədəbi dil normalarının kobud sürətdə pozulması halları narahatlıq doğurur. Odur ki, belə hallara qarşı ciddi mübarizə aparılmalı, təsirli addımlar atılmalıdır. Dilimizin korlanmasının qarşısının alınması, onun saflığının qorunması ümumdövlət, ümumxalq işidir. Bu sahədə hər bir kəs öz vətəndaşlıq borcunu yerinə yetirməlidir.

Tərlan Əliyeva,

Azərbaycan Müəllimlər İnstitutu Ağcabədi filialının baş müəllimi.

 





05.02.2014    çap et  çap et