525.Az

İkinci "Ədibin evi" müsabiqəsinin qalib hekayələri - Mətn


 

İkinci "Ədibin evi" müsabiqəsinin qalib hekayələri - <b style="color:red">Mətn</b>

Xəbər verdiyimiz kimi, bir müddət öncə "Ədibin Evi" tərəfindən keçirilmiş Mir Cəlal adına İkinci Hekayə müsabiqəsi başa çatıb. Müsabiqədə 539 müəllif iştirak edib.

Münsiflər heyəti müsabiqədə birinci yer üzrə mükafatın tələblərini doğruldan hekayənin olmadığı qənaətinə gələrək birinci yer üzrə qalib seçməyib. İkinci yer üzrə iki, üçüncü yer üzrə isə üç qalib müəyyən olunub. Birinci yer üçün ayrılan pul mükafatı isə həvəsləndirici mükafat qismində 6 iştirakçı arasında bərabər qaydada bölünüb.

Belə ki, ikinci yer üzrə Tural Turan "Xalça oğrusu", Sevinc Nuruqızı isə "Kəpənək ömrü" adlı hekayələrlə qalib olub. Üçüncü yerə Fuad Əliyev "Lödi Qellert Uayt", Vaqif Nəsib "Badamlar çiçəkləyəndə" və Mirmehdi Ağaoğlu "Yapon balığı" adlı hekayə ilə layiq görülüblər.

"525-ci qəzet" qalib əsərləri təqdim edir.

*** 



Tural TURAN

Xalça oğrusu

Məscidin həyətinə toplaşmış kənd camaatı qaşlarını düyünləyib bir qolu polis serjantının biləyinə qandallanmış Sayalı xalaya baxırdı. Sayalı arvad başını yerdən qaldırmırdı. Arabir şalını gözünün üstünə çəkirdi ki, ona baxan qonum-qonşuları ilə göz-gözə gəlməsin.

Kəndin cavan dindarları bir qolu qandallı arvada atmaca atmağa başladılar:

- Əxlaqsız!

- Allah sənin o əlini qurudacaq!

- Tutduğu işə bax!

- Ayıb olsun!

Sonra müstəntiq Sayalı arvada birinci sualını verdi?

- Nə vaxt oğurladın xalçanı?

- Gecə birə işləmiş. Axund gedəndən sonra...

- Niyə oğurladın Allah evinin xalçasını?

- Evimiz soyuqdur. Üzr istəyirəm, uşaqlar körpədi. Balacanın 5 yaşı var. Titrəşirdilər. Ürəyim dözmədi. Yoldaşım şəhiddi. Ailəni mən dolandırıram. Səhərdən axşama kimi xəstəxanada oluram. Uşaqlar da torpaq döşəməli damın altında qalır. Birdən ağlıma gəldi ki, məscidin xalçasından birini evə gətirib uşaqların ayağının altına salım. Xalçanı evə gətirdim. Sonra da ürəyim durmadı. Gedib "uçasqovıya" dedim...

Müstəntiq tutuldu. Camaatın zilə qalxan tənəli sözlərini bir qədər yumşaltmaq üçün ikinci sualını verdi:

- Bəs qorxmadınmı Allahın qəzəbinə tuş gələrsən?

- Bu 45 ildə Allahdan 3 metrlik xalça oğurlamışam. Allah böyükdü, rəis. Bağışlayar yəqin... Məni bağışlamasa da, atasız tifillərimə görə keçər günahımdan...

Ara sakitləşdi. Sayalı arvadı polis maşınına mindirib aparmaq istəyəndə məscidlə üzbəüz qəbiristanlığa - müharibədə həlak olmuş ərinin məzarına baxdı:

- Məni bağışla, kişi. Uşaqlarımızı sənə tapşırıram...

***



Sevinc NURUQIZI

Kəpənək ömrü

Kənd camaatı arasında belə düşünənlər çox idi: "Zibər dünyaya gəlib ki, öz yekə bədəni,  kələ-kötür quruluşu ilə Allahın da, kənd əhlinin də zibərini aparsın". Kənd ona tuhaf adam kimi baxırdı. Cüssəsinin yekəliyinə görə yox, lal-dinməzliyinə, inamsızlığına görə. Gör müharibə nə vaxtdı bitmişdi. Zibər artıq yeganə qızını böyütmüş, ev-eşik eləmiş, nəvə-nəticə yiyəsi olmuşdu. Amma o, hələ də "Hitlerlə döyüşməyə" getmiş ərinin yolunu gözləyirdi. Aldığı qara kağıza bircə dəfə baxmışdı. Onu da məktub bilib açmış, elə o dəqiqə də cehizlik sandığının dibinə saldığı müşəmbənin arasına qoymuşdu. Bir qoymuş və qayıdıb bir də götürməmişdi. Arada bir öz-özünə gülümsünüb demişdi: "Hitler də mənim başıma corab hörür. Ta demir ki, məni fələk də aldada bilməz. Şəmildən heç Allah verdiyi canı ala bilmirdi... Şəmilin fırıldağıdır. Allah bilir, kimin cibinə pul basıb ki, götür mənim evimə qara kağız göndər. Özü də düşüb bir nemes qızının dalıynan, gedib keyfə. Gələcək. Keyfini sürüb, damağnı çağ eliyəndən sonra gələcək üstümə" . Şəmil onun gözündə elə döydümölməz idi ki,  gedib öz əli ilə yuyub basdırsaydı da, bir gün onun qəzəbli gözlərinin yataq otağının pəncərəsinə üst-üstə çəkdiyi kartonun, müşəmbənin, çadırın arasından yatdığı dəmir çarpayının üstünə zillənəcəyi anı  gözləyirdi. Qorxusundan Şəmil gedəni saçına qayçı vurdurmamış, üzünə sap saldırmamışdı. Kül kimi boz-bulanıq saçlarını boynunun donqar yerində topalayıb, yekə bir kündə eləyirdi. Qırış-qırış buxağından sallanan tükləri, az qala, hörüyə gəlirdi. Amma Zibər üzünü sapa, telini qayçıya həsrət qoymuşdu. Günlərin bir günü nemes arvadından bezib üstünə qayıdacaq Şəmilin zəhər kimi baxışlarının, kinayəli gülüşünün qurbanı olmamaq üçün dəymirdi heç nəyinə. Bilirdi ki, Şəmili şübhəyə salsa, günü qara olacaq...

Zibərin günü onsuz da qara idi. Şapalaq boyda Şəmilin xəyalı onun Günəşini elə batırmış, səmasını elə qara buludlara bələmişdi ki, Zibər olmuşdu bir daş heykəl... Bəlkə də daşın canında bir xuruş olardı, amma Zibərin canında heç nə qalmamışdı...

Danışırdılar ki, kənddə yetim Camal deyilən biri var imiş. Bir ayağı bir az gödək olduğundan müharibəyə getməmişdi. Şəmilin ölüm xəbəri çıxandan sonra bir gün dəyirmana dən aparan Zibəri atının tərkinə alıb çaydan keçirtmişdi. Sonra elə çayın sahilindəcə gözləyib, onu kəndə qaytarmışdı. Danışırdılar ki, Camal Zibərə elə vurulmuşdu ki, başını itirmişdi. Amma deməyə cəsarət etməmişdi. Çünki Zibər elə o çayı keçdiyi gündən bir qara daşa dönüb, düşmüşdü evinin bir küncünə. Qorxmuşdu özündən Zibər. Hiss etmişdi ki, deyəsən, başında bir az al-əlvan fikirlər dolaşır, elə həmin andan da özünü dustaq eləmişdi. Öz-özünə pıçıldamışdı: "Zibər deyil, kölgəsidi. Ölmüşdü Zibər ki, özünü Şəmilin təpiyinin altına sala". Beləcə, ta Camalın ölüm xəbəri çıxan günə qədər Zibər özünü ölümdən qorumuşdu. Onun üçün ölümün bir adı var idi - Şəmil. Ölü Şəmil, ya diri Şəmil. Heç bir fərqi yox idi.

Üzünə gün doğmuşdu qızından bu xəbəri eşidəndə:

- Bu gecə Camal keçinib...

- Camal keçinib?!

Üzü işıqlanmışdı Zibərin. Yanağına işartı qonmuşdu. İlk sualı bu olmuşdu:

- Görən niyə?

- Nə deyim. Elə yatdığı yerdə. Deyir, sinəsi göyəribmiş. Deyirlər, vurğun vurub.

Zibər ürəyindən belə keçirmişdi: "Vurğun vurmayıb... Gəlsinlər, mən deyim, nə vurub onu. Camalı Şəmil öldürüb. Yəqin eşidib-bilib ki, məni atının tərkinə alıb, gecəynən çöküb sinəsinə. Şəmilin əlində Camal nədir ki?! Qarışqa..." Sonra bir anlığa bir Şəmili gözünün qabağına gətirmişdi, bir də Camalı. Camalın kürəyində, yalan olmasın, beş Şəmil gizlənərdi. Amma Zibər yenə də düşünürdü ki, Camalın gecəynən Şəmil gəlib nəfəsini kəsib... Onun evinin həndəvərində dolaşdığı üçün.

Amma Camalın ölüm xəbəri çıxandan sonra Zibər üzüqoylu necə düşmüşdüsə, elə də qalmışdı. Darıxmışdı Zibər. Elə bil bütün ümidləri kəsilmişdi. Camalın atının tərkində çayı keçəndə eşitdiyi tək cümlə onun qapqara dünyasında var olan tək səs kimi gedib-gəlib qulaqlarında səslənmişdi:

- At farağat duran deyil, bərk yapış məndən.

Sonra özünü birtəhər ələ alıb beyninin dumanını qovmağa çalışmış, öz-özünə pıçıldamışdı: "Deyəsən, başın pozulur ha, Zibər. İstəyirsən, gecələrin birində vurğun vurmuş Şəmil gəlsin çöksün sənin də sinənə, desin indi gör kiminsə atının tərkində oturmaq, qollarını kiminsə belinə dolayıb, başını onun kürəyinə sıxmaq nə deməkdir". Elə o gün, bu gün gecə-gündüz bu aralarda dolaşan Camalı görməsin deyə yataq otağının pəncərəsinə üst-üstə çəkdiyi karton, müşəmbə, çadır örtükləri çıxartmamış, "Belə yaxşıdır", -  deyib, öz zülmətinə qapılmışdı. Bu zülmətdən sızan bir işıq teli belə bəzən onu qorxutmuşdu. Hərdən kefi babat olanda donqar boynunun dalında kündə kimi dolayıb yığdığı saçını açıb tökür, dişləri tökülmüş qırıq daraqla darayır və birnəfəsə pıçıldayırdı:

- Səni andıra qalasan. Düyün-düyündü...

Bu düyünlərin açılmağı heç çəkməsə, iki saat çəkərdi. Sonra Zibər haldan düşər, körük kimi enib-qalxan sinəsini götürüb özünü güc-bəla ilə çarpayısına çatdırardı.

Bəzən Zibər elə bu çarpayının üstündəcə havaya qalxıb uçar, xəyalları onu mavi səmaya doğru uçurardı. Zibərin boz-bulanıq saçları açılıb tokülər, havaya qalxan çarpayının ardınca qaranlıq gecədə  parıldayan bəmbəyaz qar kimi uçardı. Sonra çarpayı mavi səma ilə zümrüd rəngli çəmən arasında asılıb qalar, quş lələyi kimi yüngülcə çiçəkləri sayrışan çəmənə enərdi... Kəpənəklər uçuşub gələr, cırcıramalar şən nəğmələrini oxuyardı... Sonra bir at qanadlanardı, üstündə də pəhləvan cüssəli bir gənc... At  düz çəmənin ortasında yerə enər, tərkindəki gənc əlini Zibərə uzadıb pıçıldayardı:

- Gəl...

- Camal...

...Və elə həmişə bu yerdə Şəmil gələr, çıxıb Zibərin sinəsinin üstündə oturar, onu boğmağa başlayardı... Zibər iki əlini boynuna aparıb onun kilidlənmiş əllərini açmağa çalışar, nəfəsi kəsilər, xırıldayar və qan-tər içində oyanardı... Tez də yerindən qalxar, paslanmış dəmir parçalarından yamaq-yamaq darvazanı açıb özünü tozlu-torpaqlı kənd yoluna atardı.

Arxasınca Şəmil gəlirmiş kimi xoflu-xoflu irəliləyər, başını qaldırıb sağına-soluna baxmazdı. Hətta o qədər baxmazdı ki, kənd camaatının dilində lətifəyə çevrilən bir əhvalat da baş vermişdi.

Deyir, günlərin birində, Zibər cüt əlləri büzdümünün üstündə, topa saçı donqarının ortasında, yol gedirmiş, Qumru arvad da təndirə çörək yapırmış. Çörəklər gün işığında qızıl imperial kimi par-par yanır, quşlar çörəyin ətrinə coşub elə oxuyurmuşlar ki, Qumrunun təndiri dönüb olubmuş cənnətin tən ortası. Qumru da bir əli təndirdə, bir əli gözünün üstündə başlayıb Zibəri çağırmağa:

- Ay Zibər, gəl çörək kəs...

- Yemirəm, ay Qumru, yemirəm... Qumru qayıdıb bir ağız da deyər... Zibər yenə də çörək kəsməz. Yoluna davam edər. Elə bu yerdə Qumru gurultuyla aşıb düşər təndirə...

Qumru qışqırar:

- Zibərrrrr... Yandım...

Zibər geri qanrılmaz, deyinə-deyinə yoluna davam eləyər:

- Ay bacı, niyə yanırsan, dedim yemirəm dana...

Zibər gedər... Kimsə handan-hana gəlib Qumrunu təndirdən çıxardar. Amma Qumru çox yaşamaz... Gedər Zibərin badına...

Bu söhbət kənddə Zibərin tuhaf olduğunu bir daha təsdiqləmiş, bu haqda bütün şübhələrə son qoymuşdu.

Həmin gün lap sübhdən oyanmışdı... Yuxudan qalxan kimi də kartonun, müşəmbənin, çadırın cırıq-süzük yerlərini hamarlamış, iynə ucu boyda işıq sızan yerləri dartıb bərkitmişdi. Pıçıldaya-pıçıldaya qalmışdı:

- Allah, sən saxla. Allah, sən saxla...

Bircə dəfə Camalın atının tərkinə minməsəydi, bəlkə də içində bu qədər qorxu, qəsvət olmazdı. Amma... "Lənətə gələsən səni, at (Lənətə gələsən səni, Camal" deməyə dili gəlmirdi) Hardan çıxdın o yerlə-göylə oynayan çayın ortasında?! Qoymazdın, girəm boğulam öləm orda?! O gündən bəri ölüb-dirilirəm onsuz da hər gün. Heç bilirsən, ölüb-dirilmək necə ağırdır?! Ölməyə nə var ki?! Ölüb-dirilmək həyat deyil ki...

Allahım, nə ola, mənə bir kəpənək ömrü verəydin. Bircə gün əlvan qanadlarımla dolaşaydım çiçəkləri ləçək-ləçək... Otların arasında itib-bataydım, günəş şəfəqləri ilə sığallanaydım, günün sonunda deyəydin "Bitdi ömrün". Mən də yığışıb köç edəydim. Qanadlarımda çiçək ətri, ağzımda bal ləzzəti, gözlərimdə çəmən şəkli... Vermədin. Bir kəpənək ömrü ilə, bir çəməni çox gördün mənə. Vermədin..."

Uçalandı... Hiss etdi ki, başı bədəninin üstündə dayanmır. Bütün gecəni Şəmili görmüşdü yuxuda. Sinəsinin üstündə oturmuşdu. Əlləri daraq kimi bir-birinə keçib boğazına sarılmışdı... Zibər pıçıldadı:

- Harda olsa, indilərdə gələcək...

Sürünə-sürünə gedib yataq otağının qapısını kilidlədi. Özünü çarpayısına çatdırdı. Uzandı. Elə dərindən nəfəs aldı ki, ciyərləri hava ilə ağızbaağız doldu. Son dəfə dodaqları açılıb-yumuldu. Və...

Otaqda bir kəpənək peyda oldu. Qanadları solğun, heysiz... Ora-bura vurdu özünü. Divarlara çırpdı... Qəfildən qanadları işım-işım işıldadı, göyqurşağının yeddi rənginə çaldı. Pəncərələr qarşısında taybatay açıldı... Və o, çəmənə, bir günlük ətir və səadət dolu kəpənək ömrü yaşamağa uçdu... 

***



Vaqif NƏSİB 

Badamlar çiçəkləyəndə 

(Qürbət ömürlü Lütfi Zadəyə) 

Həmin gün Xəzər sahilindəki küləklər şəhərinə yağış yağmırdı. Elə bil bu həndəvərin dəli xəzrisi gecikmiş bir məhəbbət görüşünə qara durnan kimi uçub gəlmiş bir qonağına əməlli-başlı xidmət etməyə çalışmışdı. Göy üzündəki yağmurların nəhəng qu quşlarına bənzəyən buludları şəhərin başı üzərindən pələsəng salmışdı.

Küləklər şəhərinin həmin yağmursuz günündə onun Moskvadan uçub gəlmiş bir ağbirçək qonağı, mərkəzi küçələrin biriylə, özünün boyatlanmış bir görüşünə doğru yol alırdı. Həm də bir tək onun getdiyi yol boyunu yağmurlu hesab etmək olardı. Çünki bir tək onun üzərinə yağış yağmağında idi. Həm də onu seyr edənlərin heyrətli nəzərlərindən. Bu şəhərin otuzuncu illərinin şagirdlərinin paltarını geydiyindən. Elə həmin libasının içində də öz ilk məhəbbətinin möcüzəsiylə ötən günlərinin içinə düşə bilmişdi.

Bakının ortasında, onun beş küçəsini birləşdirdiyindən özünə Parapet adı almış bağından bir az aralıda orta məktəblərdən biri yerləşirdi. On altı nömrəli məktəb otuzuncu illərin birinin payızında özünün məktəbli baharını yaşatmağa hazırlaşırdı.

Durnalarını səf çəkdirib köçürmüş payız həmin il on altı nömrəli məktəbin beşinci sinfinə şimaldan durnaboğaz qız balasını göndərmişdi.

Beşincilər yenicə ilk dərslərinə başlayanda məktəbin direktoru yeni şagirdlə sinfə daxil oldu.

- Züleyxa Rüstəmzadə yeni sinif yoldaşınız olacaq. Ailələriylə Moskvadan köçüb gəliblər. Atası Rüstəm müəllim Universitetimizə dəvət olunub...

Yeni şagirdə göz qoyandan beşinci sinfin oğlanlarını (bir tək Lütfəli adlı birisindən başqa) özünün lalə rənginə çəkildi.

Şəhər məktəblərinin çoxundan fərqli on altı nömrəli siniflərində, parta arxasında qızlarla oğlanlar yanaşı otururdu. Bir tək Lütfəli arxa cərgələrin birində tənha qalmışdı. Öz daxili aləminə qapalı həmin şagirdin payına qız yoldaşı düşməməsi ürəyindən olmuşdu. Elə ona görə məhəbbət dərsini keçməyə başladı. Oğlan qızın görkəmindən duruxan kimi oldu. Ona elə gəldi ki, həmin qız onun çox sevdiyi bir xalq mahnısından pərvazlanıb bura gəlmişdi.

Lütfəlinin atası mərkəzi qəzetlərin birinin müxbiri kimi Azərbaycana göndərilmişdi. Onlar doğma yerlərdən uzaqlarda yaşadıqları zaman atası ona sanki hər gün xalq mahnılarından nəğmə dərsi keçməli olmuşdu. Atasının patefonunu hələ yeddi yaşlarından Lütfəlinin üzünü görmədiyi Vətəninin nəğmə yuvası, valları da onun quş balaları olmuşdu. Valın birini sanki zaman səsləndirirdi: 

Üzündə var xal bunun,
Başında var şal bunun,
Bir dəli şeytan deyir
Dur qadasın al bunun. 

Züleyxanın üzündə xal, başında şal var idi. Bircə qadasını almaq qalırdı ki, arıq, cılız, qarıyayovuşmaz Lütfəli bunu özü üçün Bisütun dağı kimi çapılmaz hesab edirdi.

Bir müddət sonra ona baxmadan içində öz sevimli nəğməsini oxuyan Lütfəlidən Züleyxa soruşmalı olmuşdu:

- Sənin heç yoldaşın yoxmu? Heç kəslə qaynayıb-qarışmırsan?

- Bax onda Lütfəli istər-istəməz qıza baxmalı olmuşdu. Bu dəfə gözlərini gizlədə bilməyib, ürəyinin aynası kimi necə var elə göstərə bilmişdi. Demək istəmişdi:  Ürəyimdə bir Lütfəli də var, o, sizə mahnı da oxuyur. Qız onun ürəyindəki Lütfəlinin nəğməsini eşidə bilməmişdi. Amma zahirdəkini bütün saflığı, təmizliyi, dərinliyi ilə seyr etməyi bacarmışdı.

- Tənəffüslərin birində onun yerini dəyişdirmək istəyən rəfiqəsini cavabıyla təəccübləndirmişdi:

- Sinfin ən yaxşı yeri mənə düşübmüş. Oğlanlar arasında ən qiymətli şagird də Lütfəli imiş.

- Züleyxa cavab tapa bilmədiyi cəhətlərini, sualını verdi:

- Bir dəfə də əlini qaldırıb dərs danışmırsan, niyə?

- İlin axırına kimi səbr etsən biləcəksən...

- Demə, Lütfəlini müəllimə anası onu bütün fənlər üzrə hazırlaşdırırmış. Onun diləkçəsiylə oğlu imtahan verib birbaşa yeddinci sinfə keçəcəkmiş.

- Demək, birdən-birə iki yaş böyüyəcəksən.

Həmin kəlmələri qız gözləri böyüyə-böyüyə söyləmişdi. Oğlan ürəyindən keçirmişdi: Bilsəydim sinif yoldaşım Züleyxa olacaq, tələsməzdim.

Bunu Züleyxa eşidə bilmişdi. Və qürurlanıb oğlana ən mehriban təbəssümünü bəxş etmişdi. Bu dünyanın ən saf gülüşü bir yeniyetmənin bütün varlığını sonradan qürbətdə alacağı qızıl medaldan öncə öz qızılına çəkmişdi.

Lütfəlinin ürəyini onun sevimli nəğməsindən ilk məhəbbət mələyi kimi uçub gəlmiş qız, həmin mahnının valına çevirmişdi. O da hər gün ümidli gözlərini Züleyxaya dikib mahnısını eşidib-eşitməyəcəyini öyrənmək istəyirdi.

Nəhayət, yazağzı, dünya baharla şura gələn zaman eşitdirə bildi.  Bu da biologiya müəlliminin yaz müjdəsi sözlərindən sonra başa gəldi (Bəkir müəllim hər kəlməsini həmin yazın qaranquşlarından əvvəl uçurmağa çalışmışdı):

- Növbəti dərsimizi təbiət qoynunda keçirəcəyik. Elə hesab edin ki, bu il baharı orda qarşılıyacağıq. Həmin məkanı şəhərimizin yaza açılan qapıları da hesab etmək olar. Ora badam ağaclarıyla yazı ilk qarşılayan güşəmizdi.

- Həmin gün on altı nömrəli məktəbin beşinci sinif şagirdləri yaz üstə köklənmişdi. Onların üzündən-gözündən sevinc çiçəkləyirdi. Badam ağaclarının görüşünə onlara bənzər şəkildə cərgələnmişdilər.

- Demə, Bəkir müəllimin uşaqlığı, yeniyetməliyi Badamdar qəsəbəsində keçmiş, buranın hər qarışına bələdmiş. Şagirdlərinə də qəsəbənin üst yanında, ən mənzərəli "sinif otağı" seçə bilibmiş. Həmin yerin alt tərəfindən şəhər görünür, dəniz sahili tovuzquşu kimi cilvələnirdi. Üst tərəfindən cığırlar, yollar uzanıb üfüqlərə calanırdı. Uşaqların bahar dərsi müəllimin ağzı açılmamışdan başlamışdı. Onların hamısı baharın üfüqlərdən qopub durna qatarıyla buralara gələcəyini,  badamların tumurcuqlarını çiçəkləndirəcəyini, sonra Badamdardan enib yolunu şəhərə salacağını, həm düşünür, həm də gözləyirdi.

- Həmin gün və qışdan sıxılmış 30-a qədər uşağın Badamdar laylasında ilk baharla ilkin görüşləri baş tutdu. Onlar ağırlıqlarını-uğurluqlarını töküb yaza çəkilə bildilər. Badam ağaclarıyla bərabər çiçəkləndilər, yaz qaranquşlarının, onları qarşılayan göyərçinlərin səmada atəşfəşanlığının şahidi oldular.

- O günü uşaqlar hərəsi bir tərəfə dağılışanda Züleyxa  ilə Lütfəli nə edəcəklərini hələ bilmirdilər (Bəlkə də ətraflarındakı bahar həsrətli ağacların birinin budağının dirijor çubuğuna çevrilib onları hərəkətə gətirəcəyini gözləyirdilər). Meh əsib budaqları tərpətdi və Bəkir müəllimin son kəlmələrini də nəğmə kimi səsləndirdi:

- Yazağzı indi bir yerdə durub qalmayın. Yoxsa siz də məktəbli fidanlar kimi kök ata bilərsiniz...

- Onlar da ələləşə tutuşdu. Ürəklərini tutuşdura-tutuşdura xeyli addımladılar. Bahar hər ikisinin dilini də aça bilmişdi. Həmin gün ürəkləri qaynar söz çeşməsinə dönmüşdü (Bulaqlar yer altda xeyli yol keçdikdən sonra üzə çıxır). Onların kəlmələri də xeyli zaman sonrası qaynamağa başlayırdı.

- Züleyxa:

- Mən skripka çalıram. Son aylar havalarımı səsləndirəndə səni gözüm önünə gətirirdim.

- Mən səni özümün nəğmə mələyim hesab edirəm. Elə bilirəm ki, ən çox sevdiyim bir mahnıdan uçub gəlmisən. Hər gün həmin mahnını ürəyimdə sənin üçün oxumuşam.

- Bu gün necə, ürəklə oxuyarsanmı?

- Lütfəli üzünü bahar gələn yollara çevirmişdi. İlk məhəbbətinin çiçəyinə bu qaradinməz oğlanı həmin an tale oxuda bilmişdi:

Üzündə var xal bunun, 

Dərs ilinin sonunda Lütfəli qız qarşısında qara buluda dönmüşdü.

- İki sinif qabağa atlanmağının fikrini eləmə. Onsuz da məktəbimiz bir olacaq.

Qız Lütfəlinin sözlərinin yağmuruna batmalı olmuşdu.

- Biz Təbrizə köçürük.

Zorla özünə və sözünə gələ bilmişdi.

- Amma mən qayıdacağam. Hökmən görüşünə gələcəyəm. Badamlar çiçəkləyəndə...

Məktəbli formasındakı ağbirçək baxış yağışları altda Fəxri Xiyabana çatdı. Məzarüstü bir abidənin qarşısında dayandı. Ondan həmin kəlmələr həm eşidildi, həm də eşidilmədi. Badamlar çiçəkləyəndə gələ bilmədin. Tale yolları da kəsdi, Badamdarın ağaclarını da. İndi onlar ancaq o qəsəbənin quru adında çiçəkləyir.

Abidə də öz mahnısını oxudu, ya oxumadı: 

Bir dəli şeytan deyir,
Dur qadasın al bunun. 

Həmin an dünyanın ən qəmli güşələrinin birində saçları badam çiçəyinə dönmüş bir ağbirçək vardı.

Bir də nəğməsiylə bərabər boyatlaşmış bir məzar...

 





26.10.2020    çap et  çap et