525.Az

Utanc və təəssüf - Türkan Turan yazır


 

Utanc və təəssüf - <b style="color:red">Türkan Turan yazır</b>

İnsan bu dünyanın həm cənnəti, həm də cəhənnəmidir. Bir tərəfdən qurub yaradır, digər tərəfdən vurub dağıdır. Getdikcə daha çox aqressivləşir, daha da vəhşiləşir. Qandonduran cinayətlərə əl atır, öldürməyə, yox etməyə, zərər verməyə hərisliyi daha da artır. Sanki pislik etmək, quyu qazmaq bu dönəm adamlarının zövq aldığı əyləncəsidir.
 
Geriyə dönüb göz gəzdirəndə görürsən ki, əvvəllər bu qədər dəyərsizlik, heçlik, puçluq olmayıb. Ən qanlı-qadalı illərdə belə insanlar bir-birinə sarılmağı bacarıblar. Sunami olur, deyirsən, bu, insanlara dərs olar. Olmur! Savaş başlayır, düşünürsən ki, bu dəfə düzələrlər. Düzəlmirlər! Pandemiya olur, virus dünyanı ağuşuna alır, minlərlə, milyonlarla adam ölür, fikirləşirsən ki, daha bu boyda həngamədən sonra insanlıq sahmana düşər! Düşmür. Əksinə, bütün baş verənlərdən sonra küllərindən yenidən doğmuş kimi dirçəlir və daha betər əməllər törədirlər. Artıq insan sadəcə insana deyil, dünyaya da zərər verir. Təbiətin anasını ağladırlar. Heyvanları öldürürlər, ağacları yandırırlar, suları qurudurlar. Dünyanı dünya edən nə varsa, əlindən almağa çalışırlar. Məsələn, təkcə bu il Niderlandda altı yüz mindən çox su samuru məhv edildi. Səbəb də bu oldu ki, guya virus yayırlar. İlin əvvəlində Avstraliyada on min dəvə çox su içdiyinə görə öldürüldü. Səbəbi əməlin özündən daha dəhşətlidir. Ötən ilin sonlarından başlayaraq bu ilin əvvəllərinə qədər Avstraliyada davam edən meşə yanğınlarıda içlərində nəsli tükənməkdə olan dörd milyondan çox canlı tələf oldu. Hektarlarla ərazi külə döndü. Ardınca dünyanın müxtəlif ölkələrində baş verən meşə yanğınları, terror hadisələri, Beyrutda yaşanan dəhşətli partlayış nəticəsində şəhərin yarısının xarabaya çevrilməyi, Türkiyənin müxtəlif şəhərlərində baş verən meşə yanğınları ard-arda sıralandı. Hamısında insan əlinin olduğu danılmazdır. Artıq elə bir məqam yetişib ki, insan qan çıxartmasa, xarabalığa çevirməsə, öldürməsə, məhv etməsə sakitləşə bilmir. Bunlar olmayanda elə bil bir əskiklik, bir natamamlıq yaşayırlar. Bu günlərdə Aral gölü ilə bağlı xeyli araşdırma apardım. Qarşıma çıxan mənzərələr, izlədiyim sənədli filmlər, oxuduğum araşdırmalar və məqalələr qarşısında donub qaldım. Dünyanın sayca dördüncü ən iri gölü olan Aralı insanlar qurudub. Necə?! Hələ ötən əsrin ortalarına qədər Aral gölünə Şimaldan Sır-Dərya, Cənubdan isə Amur-Dərya axıb tökülürdü. Lakin Sovet dönəmində bu çaylardan pambıq tarlalarının suvarılması üçün istifadə olunmağa başlanıb. Çünki Sovet hökuməti Mərkəzi Asiyada dünyanın ən iri pambıq istehsalını yaratmaq istəyirdi. Bu proses isə dənizin sahəsini daraldırdı. Sahə daraldıqca böyük həcmdə dənizə tullanılan petsid və insektidlərin suda qatılığı artırdı. Bu isə suya zəhərin qarışmasına gətirib çıxardırdı. Zəhər artdıqca göldəki balıqlar qırılırdı. Beləliklə, pambıq sənayesini inkişaf etdirməyi qarşısına məqsəd qoyan Sovet başbilənləri ilk olaraq dənizdəki canlıların məhvinə səbəb oldular. Amma bu həyəcan təbili onları dayandırmadı. Bir dönəm gəldi, Sır-Dəryadan gələn çay tamamilə dayandırıldı, Amur-Dəryadan gələn çayın həcmi isə yarıya endirildi. Düşüncəsizcə atılan addımlar getdikcə gölün çölə çevrilməsinə səbəb oldu. O boyda gölün yeri indi səhraya bənzəyir. Elə bil bir vaxtlar burada nə göl olub, yerli əhalinin dili ilə desək nə dəniz. Çürümüş gəmilərin, paslanmış qayıqların sağda, solda olduğunu görməsən, buna səni heç kim inandıra bilməz.

Gölün quruması yerli iqlimə də təsirini göstərib. Ərazidə yağışlar kəsilib, ot örtüyü quruyub, ətrafda şirin suyu olan kiçik gölməçələr yoxa çıxıb, əvvəllər topa-topa dolanan ceyran sürülərinin nəsli kəsilib. Balıq emalı zavodlarının qapılarından isə çoxdan qıfıllar asılıb.

Aral gölünə ziyan vuran ölkələrdən biri də Özbəkistandır. Bu ölkə öz düyü və pambıq sahələri üçün gölə gələn suyun qarşısını kəsənlərdən olub. Qazaxıstan uzun illərdir gölün bərpası üçün dəridən qabıqdan çıxır, amma bir nəticə əldə edə bilmir. Ən maraqlısı isə Özbəkistan rəsmiləri gölün xilas edilməsində çox da maraqlı deyillər. Hələ üstəlik, dənizin dibində neft və qaz yataqları aşkarlanıb. Rusiya və Koreya şirkətləri köçünü ora salıb, qazıntı işlərinə başlayıblar. Aral gölünün quruması insanın öz əli ilə yaratdığı ən böyük təbii fəlakət olaraq tarixə keçib.

Dünyada heç bir canlı o boyda gölü qurutmaq iqtidarında deyil. Bunu yalnız insan edə bilərdi. Müasir zamandır deyib dəyişdiyimizi düşünürük, amma içimizdə vandal bəsləyirik. İlk fürsətdə gün üzünə çıxardıb, salırıq dünyanın canına. Bütün bunlara şahid olmaq insanı insanlığından utandırır və dərindən nəfəs alaraq sadəcə bir kəlmə deyə bilirsən: Təəssüf!

 





26.10.2020    çap et  çap et