525.Az

BAMF BMT-nin qurumuna müraciət ünvanladı


 

BAMF BMT-nin qurumuna müraciət ünvanladı<b style="color:red"></b>

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan hüquqlarını pozan və xalqların öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməyə mane olan vasitə kimi Muzdlulardan istifadə üzrə İşçi Qrupun sədri Kris M. A. Kvacaya müraciət ünvanlayıb.
 
Bu barədə AZƏRTAC-a Fondun prezidenti Umud Mirzəyev məlumat verib.

Müraciətdə Ermənistanın Azərbaycana qarşı müharibədə qanunsuz olaraq muzdlulardan istifadəsinin qınanılmasına və bu kimi halların baş verməməsi üçün müvafiq addımların atılmasına çağırılır.

Müraciətdə deyilir:

"Hörmətli xanımlar və cənablar!

Dərin narahatlıq hissi ilə bildiririk ki, bu yaxınlarda Azərbaycan Respublikası Baş Prokurorluğu müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici vətəndaşların muzdlu şəxs qismində Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi və Ermənistan tərəfindən ölkəmizə qarşı istifadə edilməsi faktını müəyyənləşdirib.

Beləliklə, hərbi əməliyyatlar zamanı zərərsizləşdirilən döyüşçülər arasında Suriya, Livan, ABŞ, Kanada, Yunanıstan və Fransadan çox sayda muzdlu aşkar edilib və onların Ermənistan tərəfindən münaqişə bölgəsinə gətirildiyinə dair sübut var.

Bundan əlavə, PKK terror təşkilatının işğal olunan Azərbaycan torpaqlarında hərbi bazalar qurduğu və Ermənistanın təşəbbüsü ilə Azərbaycana qarşı vuruşduğu barədə əsaslı məlumatlar var.

Bildiyimiz kimi, “muzdlu” termini 12 Avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarına Əlavə Protokolun və Beynəlxalq Silahlı Münaqişələrin Qurbanlarının Müdafiəsinə dair Protokolun (Protokol I, 1977) 47-ci maddəsində öz əksini tapmışdır. Bu maddəyə görə, muzdlunun döyüşçü və ya hərbi əsir statusu almaq hüququ yoxdur. Bu o deməkdir ki, muzdluların hərbi münaqişədə iştirakı beynəlxalq humanitar hüquqa ziddir.

Muzdlulardan istifadə ilə mübarizədə əsas hüquqi vasitə 4 dekabr 1989-cu il tarixli 44/34 saylı qətnamə ilə BMT Baş Məclisinin 44-cü sessiyasında muzdluların işə götürülməsinə, istifadəsinə, maliyyələşdirilməsinə və təliminə qarşı qəbul edilmiş Beynəlxalq Konvensiyadır.

Göründüyü kimi, muzdlular beynəlxalq hüquqa görə cinayətkar kimi tanınır və beynəlxalq cinayətkarlar kimi mühakimə olunmalıdırlar. Muzdlulardan istifadə ilə bağlı universal yurisdiksiya "aut dedere aut judiciare" ("ekstradisiya və ya təqib etmək") prinsipinə uyğun olaraq müəyyən edilmişdir.

Ermənistan muzdluları Azərbaycana qarşı müharibəyə fəal şəkildə cəlb edərək beynəlxalq hüquq normalarını bir daha kobud şəkildə pozur.

Azərbaycanda fəaliyyət götərən QHT olaraq, muzdluları münaqişəyə cəlb edən Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulmasını kəskin şəkildə qınamağa və bu kimi halların baş verməməsi üçün müvafiq addımlar atmağa çağırırıq".


 





26.10.2020    çap et  çap et