525.Az

"Zəfər nəğmələri yazılır indi..." - Təranə Arifqızının şeirləri


 

"Zəfər nəğmələri yazılır indi..." - <b style="color:red">Təranə Arifqızının şeirləri </b>

HAQQIN QILINCI

Ürəyim qabar-qabar,
Söz sevincdən boğulur.
Göyün mavi sinəsi,
Gözlərimdə doğulur!

Dişim dişimi kəsir.
Xeyir şəri öldürür.
Gözümdəki damlalar
Dodağımı güldürür.

Ölür illərin səbri,
Səbrimi atanacan!
      Yüzlərlə can, haqq!- deyir
Tanrıya çatanacan.

Gözümdə heyrət yanır,
Dodağım od içində.
Bu hiss nədir, İlahi!
Adı yox ad içində!

Qaçır şərin ağası,
Zər tutan oyunda yox.
İblis yolun sonunda,
Oynayan toyunda yox.

Tanrı mənə bəxş edib
Yenilməz mətanəti!
      Qırıram zəncirləri,
Sevinir Əmanətim.

Azadlıq qürurumun
Qanlı tiyəsindədir.
İndi Haqqın qılıncı
Əsil yiyəsindədir! 

ZƏFƏR NƏĞMƏLƏRİ YAZILIR İNDİ

Tarix yazır kürsülərdə ağıllar,
Tarix yazır səngərlərdə oğullar,
Otuz ildir, bitdi daha nağıllar.
Qəhrəmanlıq yola iz salır indi,
Zəfər nəğmələri yazılır indi!

Üçrəngli  bayrağım Xudafərində,
Savaş gedir irəlidə, dərində,
Oturtmuşuq düşməni öz yerində.
İşğal zəncirləri çözülür indi
Zəfər nəğmələri yazılır indi!

Cəbrayılı, Füzulini almışıq,
Zəngilanı ağ dəftərə salmışıq,
Haqqımızdır!-deyib, yurda dolmuşuq
Hər qarış qanınla yaz olur indi.
Zəfər nəğmələri yazılır indi!

Bax, açılır yurda gedən yolumuz,
Naxçıvanı qucaqlayır qolumuz,
Rahat yatsın məzarında ulumuz.
İğidlər sipər tək, düzülür indi,
Zəfər nəğmələri yazılır indi!

Hər tərəfdən gəlir halal çörəklim,
Döyüşdədir mənim cəsur ürəklim,
Şəhidlərim- nurüzlüm, nər biləklim.
Biri ölsə, mini dirilir indi,
Zəfər nəğmələri yazılır indi!

Yenidən doğulan yaşın mübarək!
Azaddır torpağım, daşım, mübarək!
Vətən, Zəfər Qayıdışın mübarək!
Göz yaşım fəxrlə süzülür indi!
Zəfər nəğmələri yazılır indi!

ƏSGƏR QARDAŞIMA

Can, əsgər qardaşım, salamlar olsun,
Bir məktub yazıram torpaq ətirli.
Vətəndən vətənə arzularımı
Ürəkdən ürəyə sevgi gətirir.

O qırğı gözlərin nə uzaq baxır?
Şuşayamı gedib, yoxsa Laçına?
Qəlbindəki sevgi yetər, igidim,
Qovuşdursun bizi Vətən tacına!

Oyanıb içimdə bütün duyğular,
Gün boyu xəyallar qurur ürəyim.
Elə unudulub bütün qayğılar,
Səngərdə səninlə vurur ürəyim!

Sənlə silah tutub, mərmi atıram.
Səngərdən səninlə birğə çıxıram.
Atdığın gülləyə dönüb bir anda,
Od olub, düşmənə -“Atəş!-sıxıram!

Bu artıq son döyüş, geriyə yol yox!
Tök qanın, sən qala düşmən leşini!
Xocalı yadından çıxmasın sənin,
Namərdə nifrətlə sən sıx dişini!

Kəlbəcər dağları qalanız olsun,
Laçına, Şuşaya gedən yoldasız!
Cəbrayil, Qubadlı, Zəngilan gülür,
Ya bu gün, ya sabah Qarabağdasız!

Qanınla yuduğun azad torpağı
Öpürəm, bağrıma basıram, qardaş!.
Azadlıq qoxulu Vətən bayrağın
Səninlə hər yerə asıram, qardaş!

Arxada millətim, Baş Komandanım,
Bu birlik, bu sevgi əməyin olsun.
Vətən sənə, sən vətənə əmanət,
Ulu Yaradanım köməyin olsun!

Təranə ARİFQIZI

 





26.10.2020    çap et  çap et