525.Az

Qarabağdakı kurort, sanatoriya və istirahət ocaqları bərpa olunacaq


 

AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARİ KONFEDERASIYASINDA “BÖYÜK QAYIDIŞ”LA BAĞLI HAZIRLIQ İŞLƏRİ APARILIR

Qarabağdakı kurort, sanatoriya və istirahət ocaqları bərpa olunacaq <b style="color:red"></b>

“Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayan Azərbaycan Ordusunun əks-hücum əməliyyatı, Qarabağ uğrunda döyüşlərin şiddətlənməsi tarixi torpaqlarımızın azad olunması ilə nəticələnməkdədir. Müharibə davam etsə də, artıq işğal altında olan bir  çox kəndlərimiz və şəhərlərimiz azad olunub”.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) “525”ə verilən məlumata görə, bu sözləri AHİK sədri, millət vəkili Səttar Möhbalıyev bildirib.
 
O, qeyd edib ki, Azərbaycan xalqı işğal onunmuş ərazilərimizin. O cümlədən Şuşa, Xankəndi, Laçın, Kəlbəcər və Ağdamın tezliklə azad olunacağına o qədər əmindir ki, artıq doğma torpaqlarımıza qayıdacağımız günlə bağlı planlar qurur:

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında da “Böyük qayıdış”a hazırlıq işləri aparılır, azad edilən ərazilərdə bərpa işləri ilə bağlı proqramlar nəzərdən keçirilir. Ermənilər torpaqlarımızdan tariximizi, izlərimizi silmək üçün hər şeyi talan ediblər. Bütün tarixi abidələrimiz, muzeylər, qəbiristanlıqlar, məscidlər, tarixi əhəmiyyətli binalar, xatirə niyyətinə salınan bulaqlar xarabalıq vəziyyətinə salınıb. Təəssüf ki, erməni işğalı Həmkarlar İttifaqlarının kurort, sanatoriya və müalicə müəssisələrindən də yan keçməyib”.

Səttar Möhbalıyevin sözlərinə görə, işğaldan əvvəl AHİK-in tabeliyində olan “Kurort” Səhmdar Cəmiyyətinin “Şuşa İstirahət Evi”, Kəlbəcərdə “İsti-Su” sanatoriyası, “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin Qubadlı rayonunda 200 yerlik pansionatı və “Farel” balıqçılıq təsərrüfatı, Cəbrayıl rayonunun Sirik kəndində 320 yerlik uşaq istirahət mərkəzi, Ağdam rayonunun Gülablı kəndində “Gülablı” sanatoriyası və “Nur” uşaq istirahət evi, 255 yerlik sanatoriyası, Azərbaycan Turizm və Ekskursiyalar Şurasının Şuşa şəhərində “Şəfa”, Ağdamda “Şahbulaq” turist bazaları fəaliyyət göstərirdi.  Çox təəssüf ki, bu sağlamlıq ocaqları  erməni vandalizminin qurbanı olub və yerlə yeksan edilib.

AHİK-in tərkibində fəaliyyət göstərən və işğala məruz qalan  kurort, sanatoriya və müalicə mərkəzlərinin fəaliyyətinin tam bərpa edilməsi, yeni müalicə müəssisələrinin, istirahət evlərinin tikilməsi planlaşdırılır:

“Azad olunandan sonra Qarabağ bölgəsi bir turizm cənnəti kimi hər kəsin diqqət mərkəzində olacaq, doğma torpaqlarımızda əvvəlki kimi gözəl sanatoriyalar, müalicə müəssisələri salınacaq, doğma şəhərlərimiz və kəndlərimiz dünyanın ən gözəl güşələrindən birinə çevriləcək.
Eyni zamanda, azad olunmuş rayonlarda Həmkarlar İttifaqlarına aid olan idman meydançaları, şahmat məktəbləri və digər idman qurğuları da yenidən qurularaq gənc nəslin istifadəsinə veriləcək”.

AHİK sədri onu da qeyd edib ki, azad olunmuş şəhərlərimizdə ilk dəfə olaraq  Həmkarlar İttifaqlarının mərkəzləri yaradılacaq və onlar üçün yeni inzibati binaların tikintisi həyata keçiriləcək:
 
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da digər qurumlar kimi bütün quruculuq işlərində var gücü ilə çalışacaq və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək”.

 





27.10.2020    çap et  çap et