525.Az

Mən əsgərəm, Qarabağ!.. - Vaqif Bəhmənlinin şeirləri


 

Mən əsgərəm, Qarabağ!.. - <b style="color:red">Vaqif Bəhmənlinin şeirləri </b>

Vətən əsgəri

Yurda göz dikənin dərsini verdin,
Yolunu azanlar qorxdu gücündən.
Vətənə qanım da halaldı, dedin...
Məğrurluq boylandı igid içindən -
Ey Vətən əsgəri, Vətən əsgəri!

Qəzəbin daş dələr gərilsə yay tək,
Bir heçdi gözündə min hədə, qorxu.
Gündüzlər Gün kimi, gecələr Ay tək
heç zaman gözünü tutmasın yuxu,
Ey Vətən əsgəri, Vətən əsgəri!

Qoru azad eldə azad gün görən
bu yurdun oğlunu, qızını qoru!
Halal süfrəmizə Allah göndərən
halalca tikəni, ruzunu qoru,
Ey Vətən əsgəri, Vətən əsgəri!

Qoru sərhədləri, yolu, körpünü -
necə ki, əkinci dəni qoruyar.
Qorusan beşikdə yatan körpəni
bil, Ulu Tanrı da səni qoruyar...
Ey Vətən əsgəri, Vətən əsgəri!

Şərəf timsalıdı hünərli paqon,
şərəf qoruyandı əsgər deməli;
Çiynində alışan o zərli paqon
ölkəmin müqəddəs əlidir, əli -
Ey Vətən əsgəri, Vətən əsgəri!

Kim yolun azarsa, düşünsün dərin,
ləkə sala bilməz növrağımıza!
Silahın sinəndə; köksünü gərib
sən ki, and içmisən bayrağımıza,
Ey Vətən əsgəri, Vətən əsgəri!

Geriyə addım da çəkilmək olmaz
düşmən qabağında, satqın önündə.
Heç zaman, heç yerdə əyilmə, yalnız
diz çök ədalətin, haqqın önündə -
Ey Vətən əsgəri, Vətən əsgəri!..
   
Gözünə dönüm

Od ələ daraq-daraq,
Kül olsun allahvara...
Yağı başıma qara
bağlat! Gözünə dönüm!

Qaldır zəfər tacını!
Qaytar Şuşa, Laçını!
Erməninin xaçını
laxlat! Gözünə dönüm!

Adlama asan yolu,
keç tanrı yazan yolu!
Yad ayaq basan yolu
saxlat! Gözünə dönüm!
Vur, sınsın buynuzları,
Yerə gətir dizləri!
Əyri baxan gözləri
oxlat! Gözünə dönüm!

Yaramızın yox sanı -
Düşməni yaxşı tanı!
Mələr qoy, anasını
ağlat! Gözünə dönüm!

Güllələr dedi

"Güllələr demədi" şeirinin müəllifi İsa İsmayılzadəyə.

Güllələr çox diddi havanı, yeri,
Güllələr çox dedi: "qayıdın geri",
Lülələr çox dedi: "qayıdın geri..."
Güllənin sözünə baxan kim idi,
Güllənin gözünə baxırdı hamı!

Kim idi bir qaşıq  qanından ötrü,
Qəlpə deşikləmiş canından ötrü
Vətəni ayağa verən kim idi,
Güllənin sözünə baxan kim idi?! -
Vətənin sözünə baxırdı hamı!

Səngər sərilərdi süfrə yerinə,
Sönmüş ocaqların qoru qalardı,
Müqəddəs qədəmgah, türbə yerinə
Adsız ölənlərin goru qalardı,
Kölə doğulardı körpə yerinə,
Yanmış sarayların taxtapuşunda
Qapqara hörümçək toru qalardı
Güllənin sözünə baxsaydı onlar!..

Qulançar bitməzdi dərələr boyu,
Moruq yetişməzdi kolların üstə.
Şivənə dönərdi ellərin toyu,
Əzab yeriyərdi yolların üstə.

Geriyə yol yoxdu - cığır qan, yol qan;
ümidlər qəlpədən yaralanradı.
Dilsiz üfiqlərdən damırdı al qan,
Ürəklər sinədə yaralı nardı!..

... Güllələr qışqırır, qurğuşun "əkir",
Günəş tək yüksəlir qızıl qan Vətən.
Oğullar geriyə qayıtmır, çünki
"İrəli" əmr edib əzəldən Vətən!

Şairin sübh duası
 
Sübhdən salavat deyib, durdum ilhama gəlib,
Saatı qələbəyə qurdum, ilhama gəlib!

Sözü seçdim dən kimi, qələmi köhlən kimi,
çapdım Qarabağ boyu, yordum, ilhama gəlib!

Otuz il firqət, ilhaq - meydan suladı nahaq...
Haçan tutar yerin haqq? - sordum, ilhama gəlib!

Vaxt itirdik gör kimə, yağı bəndmiş bir himə;
Yenilməz tariximə vardım, ilhama gəlib!

Ağdamı, Kəlbəcəri, Laçını, Xocalını
Ürəyimin içində gördüm, ilhama gəlib!
Qollarımı doladım Füzulinin boynuna,
Zəngilan, Cəbrayılı sardım, ilhama gəlib!

Qanadlanıb Şuşaya, o müqəddəs guşəyə,
Şehli Xarı-bülbülü dərdim, ilhama gəlib!
Şəhid türbələrinə təravət vermək üçün
Pəmbə-pəmbə gül açdı dərdim, ilhama gəlib!
 
Ali Baş Komandanın adınadı ilhamım
İlhamım əmr eləyib, ordum ilhama gəlib!

Qarabağ-Azərbaycan!.. hayqırır bir ağızdan
Qələbəyə şığıyır yurdum, ilhama gəlib!

26.10.2020

Avand olsun
 
Uzan tanrı ətəyinə,
Əlim, işin avand olsun.
Oxşa arı pətəyinə
Dilim, işin avand olsun.

Oddan sıyrıl, suya qatış,
Düzdən adda, dağa bitiş,
Burul, qıvrıl, haqqa yetiş,
Yolum, işin avanda olsun.
 
Tişələ, başdaşımı kəs,
Axmasın, göz yaşımı kəs!
Yurd yolunda başımı kəs,
Ölüm, işin avand olsun.
 
Torpağındı bu baş, bədən,
Sən qalansan, bizlər gedən. 
Karvanını sür üstümdən
Elim, işin avand olsun.
 
Qarabağ
  
Var düzün, qəldi dağın, həm də ki, bağın,
Qarabağ!
Cənnətin ortasına taydı qırağın, Qarabağ!

Hər can altında muğam sirri yatıbdır, bilirik -
Gövhərin məskənisən, dürdü dodağın,
Qarabağ!

İzin Allahdan olub, qan atadan, can anadan;
Nazlı köksündə dəyib ərzə ayağım, Qarabağ!

Arazın lilli suyu kölgə salıb ağ üzümə,
O səbəbdən də solub lalə yanağım, Qarabağ!

Yol tutub geydi çarıq, körpə canım düşdü iraq                                            
Anasan bağrıyanıq, itmiş uşağın...  Qarabağ!                                            

Şəksiz, olmaz qarabaxt, tanrı quran cilvəli taxt,
Qaynar əlbəttə yenə çeşmə bulağın, Qarabağ!

Ulu Zərdüşt qalayıb dağlara tay tonqalını,                                         
Yel əsib qopsa tufan, sönməz ocağın, Qarabağ!

Sancılar bəd nəzərə, kafəri al qan eləyər,
Şər dili dibdən üzər şanlı bıçağın, Qarabağ!

Vaqifin bağrı sənə bağlıdı min bağlar ilə -
Qocaman bir xalısan, mən də saçağın,  Qarabağ!
Şuşa yerindədi, Elnarə!

Səsində ana kədərinin ruhunu yaşadan bənzərsiz xanəndə Elnarə xanım Abdullayevanın "Görən Şuşa yerindəmi" təsnifinin təsiri ilə.

Qoy dolanım, Vətən sənin başına,
Deməsinlər pərvanəsi çatışmır!

Cavanşir Eloğlu.

Batıb Şuşanın dili,
Zili, pəsi çatışmır.
Tarixdi Pənahəli -
Xan nəvəsi çatışmır!

Orman yaşıl daraqdı,
Sıldırımlar yaraqdı,
Şuşa yanar çıraqdı,
Pərvanəsi çatışmır.

Kafər kəsib yolağı,
Kardı Kirsin qulağı!..
Cabbarsız Qarabağın
zənguləsi çatışmır.

İtkin düşüb qonağı,
Sağ şikəstə, sol ağı.
Axır İsa bulağı -
piyaləsi çatışmır!

Halal haqqın payı yox,
Ulduz qəmin sayı yox...
Yurd dərdinin tayı yox -
səlnaməsi çatışmır.

Dağ durur dağ tuşunda -
Dərədi ağuşunda.
Çağlar bulaq başında
El nərəsi çatışmır!

Bürünüb duman Şuşa,
Tökür gözdən qan Şuşa!
Yerindədi xan Şuşa -
Elnarəsi çatışmır.

2014

Bu torpaq elə mətin...

Çayları uzun saçlı,
Bəndi, keçidi çətin.

Bu torpaq elə güclü,
Bu torpaq elə mətin...

Nədən dolaşaq qərib
Yollarında qürbətin?

Tanrı bizlərə verib
Açarını cənnətin!

Qəzəbdən dönüb daşa
zaman-zaman qeyrəti...

Bu torpağa yaraşan
Oğlu gərək millətin!
Qızı gərək millətin!
Mən də əsgərəm, ana!

İndi hamı əsgərə məktub yazır, bu beş məktub isə əsgərin anasına yazdığı məktubdu...

1.Əsgər məktubu

Ana! Bu da mən,
Bu da mənim əsgər paltarım,
Bu da mənim həsrətim,
Bu da mənim qubarım...
İç su yerinə!
Bu da mənim ayrılığım -
düz yanağına,
as kirpiklərinə...
Bu da mən, ana,
bu da mən!
Bu da mənim əsgər sinəm -
orda səhər-axşam
döyünür Vətən!
Əsgər kazarmasından
sənə məktub yazıram...
İkicə il yanına
gəlməyimdən savayı,
nə istəsən, hazıram,
əmr elə, gözüm üstə.
Dizin üstə nə təhər
uzanardım bir zaman
bax o sayaq, ay ana,
avtomatım baş qoyub
uyuyur dizim üstə!
Ana, bu, əsgər çəkmələridir,
İnəyimizin gözü kimi qara,
davamlıdı yağışa, qara.
Lap Arifin malıdı
geyər gələn yazacan...
Bərkiyirəm yavaş-yavaş -
bərkimişəm dizəcən...
Dizəcən
Vətən torpağına
sancılmışam, ana,
Bu, əsgər çəkmələridi -
inəyimizin gözü kimi qara!
Bu, əsgər yeməyidi,
gözümüzə işıq,
qolumuza heydi,
Sən bişirən süddaş kimi
ləzzətli şeydi...
Yeyirik -
təpik vursaq, uçar dağ,
Bir azdan məşq olacaq!
Bu, əsgər məktubudu, ana,
Günlü bir gündə yazmışam -
gün istisində
qızara-qızara...
Özün oxuya bilməsən,
oxudarsan qonşu qızlara...

2. Əsgər sırası

Ana!
Qarşıda iki il var,
Hələ harasıdı bu?
Tərpənə bilmərəm heç yerə
Əsgər sırasıdı bu!
Desələr, uçun, uçarıq -
bir topa quş kimiyik,
Əllərimiz
toxunmasa da bir-birinə
qaynaq olunmuş kimiyik...
Dözüm qazanırıq, ana,
kövrəlməyimizə,
nazilməyimizə baxma,
"Bənövşə - bəndədüşə" oynamırıq,
düzülməyimizə baxma...
Yeriyirik...
Qatar gedir elə bil ki,
tarak-trık...
İki sıra dayananda
kəndmizdən ötüb keçən
relslərə oxşayırıq.
Qanımızı verərik biz
bu torağın uğurunda
ovuc-ovuc, qaşıq-qaşıq,
Bu dünyanın
keşiyində sayıq duran
qatar-qatar patrondaşıq...

3. Avtomat

Nəhayət,
silah payladılar bu gün...
Bu da mənim avtomatım,
barıt görməyib bir atım,
Güllə görməyib bir gilə,
Tüstüsü çıxmayıb burnundan,
siqaret çəkməmiş
yeniyetmədi hələ.
Barmağımın ucunda
tətik gərilməyib,
Vurulmuş düşmən kimi
hələ ki qarşıma
nişangah sərilməyib,
"Qana batmayıb" əllərim,
Sanalı qoz kimidi
güllələrim...
Doğruçu silahdı, ana,
uşaq mağazasından
sən alan deyil bu -
Nə qədər ki, yağı var,
neçə ki, anaların
köksündə oğul dağı,
qəlbində ər dağı var -
boşalan deyil bu!

Bu, avtomatdı, ana,
döyüşdən dönənlərin
taxta ayaqları,
itən qolları deyil bu,
Bu, tətikdi, ana,
üstü güllü qarmonumun
şirmayı dilləri deyil bu...

Gözümdə hərbə nifrət,
Barmağımın ucunda tətik -
qara, himə bənd!..

4. Komandir

Hə, ana, bu da
komandirimizdi bizim
Əmr eləsə, şax yeriməliyik,
əmr eləsə,
sürünməliyik dizin-dizin.
Cavabdehdi o, mənim
uğuruma, günahıma,
dirsəyimi qaldırıb
çiynim bərabərinə
əlimi avtomat lüləsi tək
tuşlamışam gicgahıma.
Ürəyimdə pıçıldayıram;
salam, komandir,
salam, komandirimin
sinəsində, çiynində yanan
rütbə,  nişan, şərəf zəri...
Nə əl şappıldatmaq var,
nə qucaqlaşıb öpüşmək -
Burda
belə salamlayırlar
böyükləri!

Bu komandirdi, ana,
onun eyninə deyil
aclıq səni yormasın, yorsun,
Məşqdən sonra yumşaqdı
pilə kimi -
Qaçay dayımı,
Akif dayımı görmüş gözün
   onu görsün.

Hər səhər
hərbi vəziyyətdən danışır
  bir saat azı,
Hər səhər
kazarmanın həyətində
şar oynadır,
kəpənək qovur
o kişinin kiçik qızı...

5. Hərbi and

Ana!
Avtomatım boynumdan
uşaq kimi sallaşıb,
Dünyanın dili batıb -
sözsüz qalıb, lallaşıb.
...Qəfil gurlayır hər yan,
Göydən əsgər marşının
Gürşad leysanı yağır.
Bir müqəddəs bayrağın
ətəyində dizlərim
bükülür ağır-ağır.
Bu gün and içirik biz!
Sənin əllərin kimi
öpürəm bayrağı mən.
Bir vaxt belə öpərdim
Dum-duru bulağı mən.
Adı qurbanlıq olan
Qumral tüklü quzunu
Huşumu başdan alan
o zalımın qızını
belə öpərdim bir vaxt...

1977

Əsgər olandan

Əsgəri zarafat

Qayığam, nəzərlər dənizindəyəm,
Belə düşünürəm səhər olandan.
Odlu baxışların mərkəzindəyəm,
Qızlar mənə baxır əsgər olandan.

Boyum haçan qalxıb, ucalıb nə vaxt,
Vüqarla keçirəm yolu, küçəni.
Əsgər paltarının hökmünə bir bax,
Dartıb bir azca da uzadıb məni -
Qızlar mənə baxır bəlkə bununçün?

Ucalıq sevinci birləşib gözə,
Ucalıq köksümdə, od qanımdadır.
Özümmü hündürəm, yoxsa möcüzə
Əsgər çəkməsinin dabanındadır?

Dünyada dolaşan o oğlan deyil,
Papağı ulduzlu nağıl, sirrəm mən.
Başım buludlara dəyir elə bil,
Binalar dizimdə...Qulliverəm mən -
Qızlar mənə baxır bəlkə bununçün?

Qızlar mənə baxır dilsiz-ağızsız,
Qəlbimi sevdanın cənginə salır.
Çiynimdə alışan qızılı ulduz,
Nişan üzüyünün rənginə çalır -
Qızlar mənə baxır bəlkə bununçün?

Baxışlar önündə gərək əyiləm,
Yolları öpəm ki, gül-çiçək gəlir.
Mən ki, böyümüşəm, uşaq deyiləm,
Əsgərlik dalınca evlənmək gəlir -
Qızlar mənə baxır elə bununçün?

1977

Əsgər evə dönəndə

Əsgəri zarafat

Ulduzlar pətək-pətək
Göydə güldü, qımışdı,
Ay, ağsaqqal qoca tək
şirin nağıl danışdı -
əsgər evə dönəndə...

Ağacı, gülü dindi
kölgəli bağça-bağın.
Ulduzu birindi,
papağı bir uşağın -
əsgər evə dönəndə...

Ana öpər, sığallar
balasını, oğlunu...
Çəkib yerə yıxarlar
qurbanlığı, toğlunu -
əsgər evə dönəndə.

Evdə güman gələni
gizləyib saxlamazlar,
Sən də, həsrət çəkən qız,
gülərlər ağlamazlar -
əsgər evə dönəndə.

Kim istər könül sına? -
Sevinib gün sürəllər!
Əsgərin bacısına
elçi getsən, verəllər
əsgər evə dönəndə...

1977

Azərbaycan əsgərləri

Şanlı xalqa zəfər gərək,
Şan yaşayır ordumuza.
Gündüz Günəş, gecə Ay tək
Keşik çəkin yurdumuza -
Azərbaycan əsgərləri!

Düşmən gülər yenilsəniz -
Ellər sayır pənah sizi!
Ana yurdu qoruyun siz,
Qoy qorusun Allah sizi -
Azərbaycan əsgərləri!
  
Sən ey, könlü işıq olan,
Yol var haqqa çatan üçün!
Azadlığa aşiq olan
Candan keçər Vətən üçün -
Azərbaycan əsgərləri!
  
Torpaqlarda neçə şəhid,
Ərən yatır, unutmayın!
Hər beşikdə körpə, igid 
Vətən yatır, unutmayın -
Azərbaycan əsgərləri!
  
Yağılardan aman olmaz,
Qanda batar qan-qan deyən!
Qandan keçər, andı pozmaz
Canı yurda qurban deyən -
Azərbaycan əsgərləri!
  
Şahə qalxın axın-axın,
Azərbaycan əsgərləri!
Göyə, yerə bayraq taxın -
Azərbaycan əsgərləri!

 





27.10.2020    çap et  çap et