525.Az

Kəndimizə son 5 kilometr... - Rəhman Mirzəlizadədən yeni yazı


 

Kəndimizə son 5 kilometr... - <b style="color:red">Rəhman Mirzəlizadədən yeni yazı </b>

Nənəm Füzulinin işğaldan azad olunması xəbərini eşidəndə durub bizə gəlmişdi ki, ay bala, sən savadlı uşaqsan, o xəritədə mənə göstər görüm, Qubadlıya çox qalıb? Son günlər isə Qubadlıda şiddətli döyüşlərin getdiyini eşidəndən yazıq arvad içini yeyirdi.

Son xəbər proqramı başa çatır. Yəqin işğaldan azad edilmiş yeni əraziləri sabah deyərlər düşüncəsiylə televizorun səsini azaldıb söhbətə davam edirik. İki gündür, hansısa kəndin, yaxud da şəhərin alınması müjdəsi gəlmədiyindən sosial şəbəkələrdə olduğu kimi, evimizdə də durğunluqdur. Qəfil telefonuma bildiriş gəlir: "İlham Əliyev: Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

- Qubadlı azad edilib!!! - səsim titrəyir.

Qubadlını heç vaxt görməyənlər, yəni ora işğal ediləndən sonra doğulanlar - əmilərimin övladları, qardaşım və mən sevincimizi bağıraraq, bir-birimizə sarılaraq bölüşürük. Orada doğulub böyüyənlər -  atam, əmilərim və nənəm isə susublar, daha doğrusu, donub qalıblar.

Əmim dediklərimə inanmır:

- Dəqiqdir? Prezident tvit atıb?

- Hə, ay əmi, indicə yazdı, dəqiqdir.

Prezidentin atdığı tviti əmimə göstərirəm. Deyəsən, yavaş-yavaş hamının "donu açılır". Hamı bir-birinə qarışır, səs-küy qoparır, sevinir. Nənəm isə bütün bu səslərin fonunda ağlaya-ağlaya nələrsə danışır, şükür edir. Atam zəng edib bir-bir qohumlarımızı müjdələyir. 2 yaşlı əmim oğlu heç nə başa düşməsə də, hamının sevindiyini görüb ora-bura qaçır, gülür.

Mənə ilk təbrik zəngi dostum Fehruz Rzadan gəlir:

- Təbriklər, Rəhman, ailəni də əvəzimdən təbrik et. Bir də qonaqlığım yadından çıxmasın.

Qardaşım pəncərədən boylanır:

- Qulaq asın, gəmilər siqnal verir!

Pəncərənın qabağına gəlirik. Jurnalistlərin yaşadığı qarşımızdakı binadan qışqırıqlar, alqış səsləri eşidilir, binanın həyətindən himnimiz səslənir.

- Daha nə qaldı ki, Qubadlıdan bizim kəndə - Tarovluya 5 kilometrlik yoldur. -  Əmim əlləri ilə dizlərini ovuşdurur. - Maşını yaxşı sürsən, 15 dəqiqəyə kəndimizdəsən.

- Hə, Qubadlı şəhərindən çıxan kimi yuxarı yol qalxır, o yolla çıxıb təpəni aşırsan, bizim kəndimizdir. - Atam təsdiqləyir.

- Ata, indi getsək, oradakı evimizi tapa bilərsən? Yeri yadında qalıb? - Qardaşım soruşur.

Nənəm atamı gözləmədən cavab verir:

- Bəs nə, bala, kəndin girişindən gözlərimi bağlasalar, əllərimlə toxuna-toxuna taparam evimizi, - Əlləri ilə kəndin rəsmini çəkir - bax, kəndə girən kimi birinci Yediyargilin evidir, sonra bir az qabağa gedirsən, Şəkəralı əmingilin evi var. Məzahirgilin talvarından sağa dönüb bir az qabağa gedirsən, bizim evimizdir. - Nənəmin gözləri yaşarır. - Sağ tərəfdə də rəhmətlik babanın Bəhrəm dayısıgilin evidir. - Hiss edirəm ki, nənəm Bakıda yaşadığı 28 il ərzində öz ləhcəsində unutduğu bəzi sözləri də artıq Qubadlı şivəsində deyir.

- Bir də Tarverdi dərəsi var. - Əmim əlavə edir.

- Niyə ona Tarverdi dərəsi deyirlər? - Qardaşım maraqlanır.

- Tarverdi bizim ulu babamız olub. Elə kəndimizi də Tarverdi baba salıb.

- Doğrudan? - Bunu indiyəcən bilməməyimə təəccüblənirəm.

- Hə, indi danışım necə olub, - Əmim həvəslənir. - deməli, iki qardaş olublar - Tar və Allahverdi. Onlar əvvəl Teymur Müskanlı kəndində yaşayırmışlar. Sonra bir qan davası düşüb, bir qardaşlarını öldürüblər. Onlar da qardaşlarını qətl edən adamı öldürüb o kənddən çıxıblar. Onda hələ bizim kənd yox idi. Meşənin ortasında bir tala idi. Gəlib bu talada kənd salıblar. Tar babanın əsl adı Tarverdi olub, Tar ləqəbi idi. Elə sonradan kəndə də onun adını veriblər -Taroğlu, yəni Tarın oğullarının kəndi. Amma ad sonradan təhrif edilib, olub Tarovlu.

- Uşaqlar, sizə maraqlı bir şey danışım, - Əmim stolunu qabağa çəkir. - Bizim kənddə bir arx var idi, ermənilər donuzlarını gətirib orada suvarırdılar. Nənəniz bizim mal-qaranı o arxa su içməyə qoymurdu, deyirdi, erməninin donuzu su içib oradan, iyrənirəm.

- Ay nənə, heyvandı da ikisi də. - Qardaşım gülür.

- Yox, bala, donuz murdar heyvandır, o, ağzını vuran yerdən bizim heyvanlar necə su içsin?

Nənəm əmimi dindirir:

- Görən, ermənilər Mir Məhəmmədin qəbirinə dəyməyiblər? - Burasını nənəmin öz ləhcəsində yazmasam, olmaz - Allah erməninin əvini yıxsın, həylə millətin gərək kökü kəsilsin! Gül kimi yerlərimizdən qavdılar bizi.

Mir Məhəmmədin adını evdə tez-tez eşidirdim, həmişə onun qəbirinə and içirdilər. Deyirlər, ağır seyid olub.

Atam tez-tez pəncərənin önünə gəlib siqaret çəkir. Nənəm sakitcə durub yan otağa keçir. Arxasıyca gedirəm. Babamın divardan asılmış şəkilini öpür, nəsə pıçıldayır.

Bu şəkil bizim ailənin işləmək üçün Qubadlının işğaldan azad edilməyini gözləyən yatmış saatı idi...

 





27.10.2020    çap et  çap et