525.Az

İlk müsəlman Respublikası: Azərbaycan


 

İlk müsəlman Respublikası: <b style="color:red">Azərbaycan</b>

(Fransız dilindən tərcümə edən: Əsgər Əliyev, filologiya elmləri namizədi)

Görkəmli ictimai-siyasi xadim, Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından biri, Şərq dünyasında ilk müstəqil Azərbaycan Demokratik Respublikasının ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında məşhur Versal sülh müqaviləsində iştirak etmək üçün Fransaya gedən nümayəndə heyətinin tərkibində dövrünün tanınmış jurnalisti, "Azərbaycan" qəzetinin baş redaktoru, dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin qardaşı Ceyhun Hacıbəyli də var idi.

Azərbaycanda bolşeviklərin 1920-ci il may ayının 28-də hakimiyyətə gəlişi Fransaya getmiş Azərbaycan nümayəndə heyətinin bütün üzvləri kimi, C.Hacıbəylinin də doğma vətənə qayıdış yolunu kəsmişdi. Həyatının qalan hissəsini Fransada keçirməyə məcbur olan Ceyhun bəy fransız dilini mükəmməl bilməsi sayəsində bu ölkədə də jurnalistlik fəaliyyətini davam etdirmişdi.

C.Hacıbəyli ölkəmizin tarixi, azadlıq hərəkatı, Azərbaycanın istilasından sonra orada baş verən hadisələr barədə Parisdə nəşr edilən "Aziatik jurnalı"nda, "İki dünya", "Müsəlman aləmi" jurnallarında, habelə digər mətbu orqanlarda müntəzəm yazılar dərc etdirmişdi.

Fədakar azadlıq carçısı Ceyhun bəy Hacıbəylinin Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması ilə bağlı Mərakeş elmi missiyasının dəstəyi ilə 1906-cı ilin noyabr ayında Parisdə nəşrə başlayan "Müsəlman aləmi" jurnalının ("Revne du monde musulman") 1918-ci ildə çapdan çıxan 36-cı nömrəsində "İlk müsəlman Respublikası - Azərbaycan" sərlövhəli irihəcmli məqaləsi dərc olunmuşdu.

Qeyd edim ki, C.Hacıbəylinin həyat və yaradıcılığından bəhs edən tədqiqatçılar bu məqalənin adını çəksələr də, indiyədək onun nədən bəhs etməsi barədə fikir söyləməyiblər. Məqalədəki faktlar azərbaycanlı oxucuların əksəriyyətinə məlum olsa da, ölkəmizin tarixi, orada baş verən hadisələr barədə fransızlara ətraflı məlumat vermək, onu tanıtmaq baxımından çox qiymətli əsər hesab edilər bilər.

Həmin məqalənin tərcüməsini oxuculara təqdim edirəm.

TƏRCÜMƏÇİDƏN

(Əvvəli 22 oktyabr sayımızda) 

Azərbaycan xalqı rusların işğalı ilə ümidsiz və acınacaqlı yaşayışa məcbur edilmişdi. Azərbaycanlılar rus hakim dairələri tərəfindən siyasi cəhətdən başqa xalqlarla müqayisədə sərt ölçü rejimi ilə qarşılaşdılar. Bu dövrlərdə onların qonşuları olan gürcülərin və ermənilərin öz milli məktəbləri, kilsələri, əsaslı dinləri, milli mətbuatı, xeyriyyəçi təşkilatları, digər sosial və milli idarələri var idi.  Azərbaycanlılar oxşar cəhətlərdən tamamilə məhrum edilmişdi. Əgər azərbaycanlılara yuxarıda sadalananlara malik olmağa icazə verilirdisə, bu, yalnız onların mühüm dəyərlərinə təsir etməklə yaranırdı. Milli dildə məktəblər yox dərəcəsində idi. Rus hökuməti eyni həyasızlıqla müsəlman dini rəhbərini onların siyasətinə tabe olmağa məcbur etdikləri halda, ortodoks kilsəsi qarşısında baş əyirdi, keşişlərə hörmətlə yanaşırdı. Müsəlman ruhaniləri incidilməsinə baxmayaraq, mənsub olduqları xalq tərəfindən  rəğbətlə qarşılanır, müfti və şeyxülislam əhali arasında xüsusi hörmətə malik idilər. Onlar savadlı olub avam camaat arasından seçilirdilər və cüzi məvacib alırdılar.

Məscidlərə məxsus xeyriyyəçilik və yardımlar rus məmurları tərəfindən idarə olunurdu. Ortodoks ruhanilərin icazəsi olmadan məscid tikmək qeyri-mümkün idi. Bir sözlə, kor fanatizm müsəlmanları tamamilə istismar etmişdir. Bundan istifadə edən rus hakimiyyəti fanatizmə görə müsəlmanları istsmarda saxlamağı cəhd edirdilər.

Sosial idarələrə gəldikdə rus hökumətinin icazəsi ilə 1905-ci ildə Bakıda Müsəlman Xeyriyyə Cəmiyyətinin əsası qoyulmuşdur.

Mətbuat, çap işləri və milli dildə teatr tamaşaları rus çinovnikləri tərəfindən çox ciddi şəkildə izlənilir və sərtləşdirilmiş senzuradan keçirilirdi. Uzaqdan gələn bu agentlər keçmiş məskənlərində qeydiyyata düşməmələri sübuta yetirilməyənlər və yaxud ədəbsizliyindən sui-istifadə edərək gözdən düşənlər arasından seçilmişdilər. Onların arasında bəziləri var-yoxu əlindən çıxmış aristokratiyaya məxsus idilər. Qafqaza gəlməkdə məqsədləri öz vəzifələrindən sui-istifadə edib ölkənin hesabına varlanmaq idi.

Şübhəsiz, belə bürokratlar tərəfindən idarə olunan Zaqafqaziya aristokratiyası yoxsul xalqı xoş güzərana əmin edə bilməzdi. Bu qulluqçular ölkənin sosial həyat tərzinin, iqtisadiyyatının, əxlaqının və ziyalılığının inkişafı ilə heç vaxt məşğul olmurdular. Çünki elə bütün Rusiyanın özü bu vəziyyətdə idi. Heç nə etməmək şəraitinə baxmayaraq, Zaqafqaziyada rusların hakimiyyətini daha da möhkəmlətmək məqsədilə mərkəzi hökumətdən aldıqları əmrləri ciddi şəkildə yerinə yetirmək üçün müəyyən hədlər qoymaqla bütün üsullardan istifadə edirdilər.

Bu məqsədə nail olmaq üçün rus siyasəti geniş vüsət alırdı. Milli xarakter alan bütün nümayişlərə, hər şeydən əvvəl, qəti zərbələr vurmaq və müxtəlif xalqlarda baş qaldırmaması üçün onun qarşısını hər vəchlə almaq lazım gəlirdi. Buna görə də, rus çinovniklərinin bütün sərtlikləri təbii olaraq milli ədəbiyyata, dilə, teatra, mətbuata, hətta dinə, xüsusilə, ibtidai məktəblərdən başlamış məktəb idarəsinə qarşı yönəlmişdi. Beləliklə, bütün milli mədəniyyət ciddi nəzarət altında idi.



Çinovniklər rəhbərliyin gözündə özlərini böyütmək üçün yalan məlumatlar verməkdən də çəkinmirdilər. Məsələn, onlara əhəmiyyətsiz bir bəhanə - anonim məktub kifayət edirdi ki, onlar uydurduqları sui-qəsd haqqında yuxarılara məlumat versinlər. Sankt-Peterburqa göndərilən şifrələnmiş məktubda utanmadan "sayıqlıqları" sayəsində bir sui-qəsdin üstünü açdıqlarını, dövlət üsul idarəsinə qarşı terror barədə xəbərdarlıq etdiklərini bildirməkdən belə çəkinmirdilər. Əgər kimsə, hiyləgərlik maskasını çıxarsa, dəhşətli lövhə, təəccüblü baxışlara səbəb olacaq. Bu panorama fonunda bir qədər məğrur-məğrur gəzişən jandarmaların gözü qarşısında baş verən hadisələrə biganəlik göstərilir, məhkəməsiz, yoxlama olmadan məhkum edilən günahsız insanlara əzab vermək üçün dar ağacları qurulduğu, işgəncə səhnəsini görmək olar. Azərbaycanlılar tamamilə polisin nəzarəti altında Allaha ibadət edirdilər. Azərbaycanlılara çox nadir hallarda məscid tikməyə, köhnə məscidləri bərpa etmək üçün lazım olan vəsaiti toplamağa icazə verilirdi. Müsəlman ruhanilərin başçısı şeyxülislam Zaqafqaziya polisinin əlaltısı olan agentin aldığı məvacib qədər əmək haqqı alırdı. 1918-ci il fevralın 27-də baş vermiş böyük rus inqilabından bir qədər əvvəl Bakıdakı ədliyyə nazirliyinin  sədri "tamamilə faydasız əşya" kimi Quranın saxlandığı ibadət zalından çıxarılması barədə qərar verdi. Belə olan halda administrasiyanın və polisin despot rejim altındakı müsəlmanların müqəddəs kitablarına hansı hörmətdən danışmaq olar? Hüquq fakültəsində təhsil almış müsəlmanlar məhkəmə sferasında ədalət nazirinin xüsusi icazəsi olmadan Azad vəkillər kollegiyasına yazıla bilməzdilər. Nədənsə bu şəxsi formallıqlar başqa dindən olanlara şamil edilmirdi.

Məhkəmələr milli dildə aparılmırdı. Mahiyyət etibarı ilə hakimlər ölkə dilini bilmirdilər. Əhali hakimlərə o qədər də etibar etmirdilər. Məhkəmələr tərcüməçilərin vasitəçiliyi ilə çox vaxt şifahi aparılırdı. Bu sistemin nəticələri beləcə göz qabağında idi.

Xalq maarifinin təşkilində milli ideyalar məqsədli şəkildə bərbad vəziyyətə salınmışdır. Azərbaycanlıların doğma dili olan türk dili sayı o qədər də çox olmayan məktəblərdə və gimnaziyalarda bayağı şəkildə tədris olunurdu. Doğma dilin tədrisi üçün həftədə yalnız bir dərsə razılıq verilmişdir. Xalqın doğma dilinin tədrisini məhdudlaşdırmaq qəddarlıq deyildirmi? Qiymətli və müqəddəs olan bir şeyi məxsus xalqın əlindən almaq və əxlaqi həyatını boğmaq nə dərəcədə doğru idi?

Doğma dilin tədrisi məqsədilə yeni ibtidai məktəblərin açılmasına şəxsi təşəbbüs göstərənlər siyasi nöqteyi-nəzərdən şübhəli şəxslərin siyahısına salınırdı. Yəni dövlətin düşməni elan olunurdu. İstibdadın qanun olduğu idarələrdə, polisdə və digər təşkilatlarda inanılmaz hadisələr baş verirdi. İmmiqrasiya xidməti imperalist siyasətini himayə etmək  məqsədilə xarici miqrantlara vermək üçün ən yaxşı torpaqları azərbaycanlı kəndlilərdən zor gücünə alırdılar.

Bu, Azərbaycan əhalisini tədricən və səs-küysüz isti ocaqlarından çıxardaraq onların yerinə xarici ünsürləri yerləşdirməyin analoq siyasəti idi. Biz bura əlavə edək ki,  Azərbaycandan gənclər hərbi xidmətə çağırılmırdı. Lakin bunun üçün çox ağır olan xüsusi vergi ödənilirdi. Biz görürük ki, imperialist siyasəti bütün bir millətin həyatı ilə oynayır, istibdad üsul-idarəsi əlləri bağlı silahsız xalq üzərində asan yolla sanki təcrübə aparır. Belə təhlükə Azərbaycan  əhalisini daima hədələyirdi. Hər yerdə hərbi ustalıq tədris olunurdu. Amma azərbaycanlılara yalnız soyuq silah gəzdirməyə icazə hüququ verilmişdi. Qorxulu şəraitdə ölkələrini, şərəflərini, ləyaqətlərini bütün imkanı bahasına müdafiəyə gələndə azərbaycanlıların əlindən həmin silahlar alınırdı. Mən eyni zamanda qeyd etmək istərdim ki, heç bir hərbi təlim keçməyən çoxlu sayda müsəlman 1905, 1914, 1917 və 1918-ci illərin məlum qanlı hadisələri zamanı amansızlıqla qətlə yetirildi.

Bu dözülməz vəziyyət əsasən Yaponiya ilə müharibədən, Rusiyada başlayacaq tətillərin, inqilabın ilk vaxtları və 1905-ci ildən sonra baş verəcək hadisələrdən sonra davam edəcək. Təfəkkürlərdə oyanış keçirən xalq hökumətdən kateqorik olaraq siyasi islahatlar keçirməyi tələb etməyə başladı.

Despot rejim Qafqaz xalqlarının diqqətini baş verən hadisələrdən yayındırmaq məqsədilə azərbaycanlılarla ermənilər arasında qırğın törətməyə müvəffəq oldu. Nəticədə hər iki tərəf yüz minlərlə qurban verdi, minlərlə ev dağıdıldı. Onsuz da vəziyyətləri ağır olan azərbaycanlıların həyatı tamamilə cəhənnəmə çevrildi. Başlayan bu qırğın İrəvan və Gəncə quberniyalarının bəzi regionlarında axırıncı vaxtlara qədər davam etmişdir.

Bu maneələrə baxmayaraq, sayı əsasən azərbaycanlılardan ibarət olan 25 milyon Rusiya müsəlmanları Qərbi Avropadan gələn və Rusiyada dərinləşən siyasi və dini, böyük mülki azadlıq ideyalarından kənarda qala bilməzdilər. Azadlıq ideyaları imperiyanın tərkibində 70-80 il yaşamış bütün digər millətlərin, hətta Rusiyanın yüksək təbəqələrinin də ümidlərini məşğul edirdi. Hər kəs başa düşürdü ki, bu nəcib ideyalardan bəhrələnmək üçün hər şeydən əvvəl özünü tanımaq, millətini və tarixini tanımaq lazımdır, hazırkı vəziyyətdən, ideyalardan, müasir səylərdən xəbərdar olmaq lazımdır. Bir sözlə, bir milli fizionomiyaya, bir böyük şəxsiyyətə malik olmaq lazımdır.

Zəruri şüur rəsmi zülm ölçülərinə baxmayaraq, Rusiyada bir-birinin  ardınca intellektual qüvvələrin yaranmasına səbəb oldu.

Həqiqətən, son 50 ildə onların arasında ədəbiyyatçıları, şairləri, publisistləri, dramaturqları, texniki işçiləri görmək olardı. Onların əksəriyyəti xarici ölkələrin və yaxud Rusiyanın qabaqcıl məktəblərində və universitetlərində ali təhsil almışdılar. Milli məktəblərin, ədəbiyyatın, milli tarixin, tərcümələrin və dərsliklərin, digər məktəbli dərsliklərinin, tarixi əsərlərin, sosiolgiyaya dair ədəbiyyatın, müxtəlif Avropa müəlliflərinin tərcümələrini üzə çıxarmaq üçün planlar mövcud idi. Sivilizasiyalı millətlərin qabaqcıl ideyalarını, müasir həyatını Azərbaycan türklərinə tanıtmaq məqsədilə siyasi mətbu orqanları, qəzet və elmi jurnallar çap edilməyə başladı. Eyni zamanda, yalnız Qafqaz deyil, həmçinin, Volqa, Türkistan, Sibir və Krım müsəlmanlarının dili və ədəbiyyatı ilə oxşar olan osmanlı türkləri ilə yaxınlaşma başladı.

Azərbaycan türkləri Dumada dörd deputatla təmsil olunurdu. Bu deputatlar Dumadakı Rusiyanın öz azadlıqlarını müdafiə edən digər müsəlman deputatlarla sıx əlaqə yaradaraq parlamentdə birgə fraksiya təşkil etmişdilər.

(Ardı var)

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





27.10.2020    çap et  çap et