525.Az

"Sayıqlığımızı itirməyək" - İbrahim Cəfərov yazır


 

"Sayıqlığımızı itirməyək" - <b style="color:red">İbrahim Cəfərov yazır</b>

Bir aydır davam edən Vətən müharibəsində müzəffər Ordumuz ard-arda qələbələr qazanır. Artıq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrud qəsəbəsi, eləcə də neçə-neçə kəndlərimiz, bir çox strateji yüksəkliklər düşmən işğalından azad edilib. Şuşada, Laçında, Kəlbəcərdə, Xankəndidə Azərbaycan bayrağının dalğalanacağı gün də uzaqda deyil. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistan döyüş meydanında bizim qabağımızda diz çöküb.

Son iki gün ərzində sosial şəbəkələrdə yayılan videolar da erməni ordusunda xaos hökm sürdüyünü sübut edir. Vəziyyət o həddə çatıb ki, son günlər adının qarşısında "baş nazir"dən daha çox "düşük", "təlxək" sözləri yazılan Nikol Paşinyan da erməni əsgərlərin döyüş meydanından qaçdığını etiraf edir: "Əlbəttə, müharibədə plov paylamırlar, müharibə xaos yaradır. Lakin hər kəs bilməlidir ki, döyüş meydanından qaçanı cəzalandırmaq lazımdır və heç bir bəraət qəbul olunmur".

Gah döyüş meydanından qaçanları cəzalandırmaqla hədələyən, gah da Ermənistan sərhəd qoşunları komandanını işdən çıxaran Paşinyan nə edəcəyini bilmir. Ard-arda alınan məğlubiyyətlər ermənilərin daha da azğınlaşmasına gətirib çıxarır. Son günlər Gəncəyə atılan, onlarla dinc sakinin ölümünə səbəb olan raketlər, 90-cı illərin əvvəllərində Bakıda törədilən terror aktları buna bariz nümunədir.

Son günlər Daxili İşlər Nazirliyinin ardıcıl bəyanatları da məhz cəmiyyəti bu təhlükədən xəbərdar etməyə hesablanıb: "Ermənistanın dövlət səviyyəsində terror siyasətini dəstəklədiyini, vaxtilə bizə qarşı çoxsaylı qanlı terror aktları törətdiyini unutmamalıyıq. Gündəlik həyat ritmini pozmadan və təşvişə qapılmadan sayıqlığımızı bir an da olsa itirməməliyik!"

Həqiqətən də, çox diqqətli olmalıyıq. Düzdür, indi ermənilər 30 il əvvəlki kimi planlarını asanlıqla həyata keçirə bilməzlər. Bu gün istər Daxili İşlər Nazirliyi, istər Dövlət Təhlükəsizliyi Xidməti peşəkarlara tapşırılıb. Bu gün Azərbaycan polisi və DTX əməkdaşları düşmənin hər cür təxribatının qarşısını almağa qadirdilər və alırlar da. Amma yenə də vətəndaşlarımız ayıq-sayıqlığı əldən verməməlidirlər. Unutmaq olmaz ki, Ermənistan kimi terrorçu dövlətdən hər şeyi gözləmək mümkündür. Üstəlik, ermənilərin havadarları olan bəzi ölkələr dildə dostluqdan, tərəfdaşlıqdan dəm vursalar da, terroru lənətləsələr də, reallıq tam fərqlidir. Qardaş Türkiyə buna bariz nümunədir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan törədilən haqsızlıqlarla bağlı son günlər yenidən Qərbə tutarlı cavablar verir. Əvvəlcə ABŞ-a xitabən "Qafqazda azərbaycanlı qardaşlarımızın yanında yer aldığımız üçün günahlandırılırıq" deyən Ərdoğan Türkiyəni sanksiyalarla hədələyən amerikalılara da mesaj göndərib:

"Gecikməyin, nə edirsiniz, edin". Daha sonra isə Türkiyə dövlətinin başçısı Fransada Məhəmməd peyğəmbərin təhqir olunmasına etiraz əlaməti olaraq insanları fransız məhsullarını boykot etməyə çağırıb.
Acı təcrübə göstərir ki, deyilən həqiqətləri, haqlı tənqidləri qəbul edə bilməyən qüvvələr hər zaman buna qarşı olaraq Türkiyəni terrorla vurmağa çalışıblar. Ərdoğanın Qərb əleyhinə ardıcıl iki açıqlamasından sonra oktyabrın 26-sı axşam saatlarında Türkiyənin Hatay bölgəsində terror aktı törədilməsi də belə düşünməyə əsas verir. Hatayda antiterror əməliyyatı zamanı terrorçulardan biri özünü partladıb, az sonra isə digəri zərərsizləşdirilib. Terror kimi iyrənclikdən öz məqsədləri üçün istifadə etməyə çalışanlar bir şeyi unudurlar ki, törədilən hər terror aktı əksər hallarda can alsa da, Türkiyə ayaqda durmağı, daha da güclənməyi bacarır.

Srağagün Hatayda baş verən terrora erməni mətbuatı da biganə qalmadı. Yazılan şərhlərdən görünür ki, döyüş meydanında aciz qalan ermənilər terror kimi faciəni sevinclə qarşılayırlar. Bu məqam qarşımızdakı düşmənin əsl xislətini bir daha açıb göstərir. Hətta Mikaelyan soyadlı bir erməni istifadəçi isə sözügedən xəbərə "bu fəaliyyətin növbətisi Bakıda olmalıdır" deyə şərh yazıb. Təkcə elə bu komment bizi daha diqqətli olmağa məcbur etməlidir. Unutmaq olmaz ki, ermənilər faşist ruhludurlar. Onlar döyüş meydanında aldıqları sarsıdıcı məğlubiyyətlərdən diqqətləri yayındırmaq üçün hər cür alçaqlığa əl ata bilərlər.

 





28.10.2020    çap et  çap et