525.Az

"Qatilə çevrilən sevincimiz" - Məhsəti Musa yazır


 

"Qatilə çevrilən sevincimiz" - <b style="color:red">Məhsəti Musa yazır </b>

Sosial şəbəkələr həyatımıza daxil olandan sonra çox zaman içimizdə boğub öldürdüyümüz hisslərimizi, fikirlərimizi paylaşmaq ehtiyacımızın da qol-qanadı açıldı. Nifrəti də, sevgini də, sevinci də, kədəri də, tənqidi də  sosial şəbəkədə paylaşmaqla rahat şəkildə digər insanlarla bölüşdük. Sosial şəbəkələr bir çox istedadların üzə çıxmasında əvəzsiz rol oynayıb, həyatını büsbütün dəyişib. Beləcə, insanların öz daxili dünyasını, düşüncələrini, duyğularını bölüşmək həvəsi getdikcə tələbata çevrilir. Artıq övladımız bir yaxşı şeir söyləyirsə, bir rəsm çəkirsə, özümüz hansısa  yaradıcı bir iş görürüksə, dərhal onu insanlarla bölüşmək istəyirik. Yaşadığımız bölgəyə məxsus fərqli bir xörək hazırlayan kimi onun fotosunu, hazırlanma qaydasını başqalarına çatdırmağa can atırıq. Hansısa bir uğurumuzu kağızlar, qovluqlar arasında saxlamağı yox, yüzlərlə izləyicimizə təqdim etməyi üstün tuturuq. Digər insanların paylaşdığımız  müxtəlif mövzulara  reaksiyası, münasibəti bəzən doğru yol seçməyimizə, səhvlərimizi düzəltməyə yardımçı olur. Bəzən isə əksinə...

Bir sözlə, ya fikirlərimizi bölüşmək üçün, ya yaradıcılığımızı təqdim etmək üçün, ya da sadəcə yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkələrdən istifadə edirik. Yəni  istəsək də, istəməsək də, onlardan asılılığımız var. Bəzən hansısa məlumat aidiyyatı saytlarda, qəzetlərdə işıqlandırılmazdan əvvəl sosial şəbəkədə yayılır. Və çox təəssüf ki, bir az səbirli olub həmin məlumatı dəqiq mənbədən almaq əvəzinə, çoxumuz sosial şəbəkəyə üz tuturuq. Yanlış addım olduğunu bilə-bilə bu zərərli asılılığımızdan əl çəkə bilmirik.

Bu günlərdə xalq olaraq çox həssas bir dönəmdəyik. Neçə illərin həsrətinə, inamsızlığımıza, ruh düşkünlüyümüzə son qoyulub. Bəlkə də, heç vaxt reallaşmayacağını qəbul etdiyimiz arzularımız həyata keçir. Hər gün qələbə, hər gün zəfər xəbərləri bəzən sevincimizi  elə həddə çatdırır ki, onu tək yaşamağa, səssiz qəbul etməyə gücümüz yetmir. Hisslərimizi gizlətmədən qışqırırıq. Səsimizi ətrafdakılara eşitdiririk. Evdə, işdə, yolda... Xəbəri harda eşitsək, elə oradaca sevincdən ağlayırıq, möhkəm səslə danışmaqdan çəkinmirik... Əzizlərimizə zəng vururuq, təbrik edirik. Təbii ki, bu, bizə bəs etmir. Sosial şəbəkələrə, yüzlərlə izləyicimizə üz tuturuq. Bu gözəl xəbərləri, həyəcanımızı bölüşürük, sevinirik, yazışırıq, daha çox insanın görə bilməsi üçün videolar, fotolar paylaşırıq... Hazırda döyüşdə olan igid hərbçilərimizin, azad edilmiş torpaqlarımızın görüntüsü əks olunan video və fotolar. Hə, bax burda dayanaq.

Bəlkə də, hər birimiz bilməyərəkdən belə görüntülər paylaşmışıq. Sevincimizi çoxaltmaq, böyütmək  üçün... "Bəh-bəh" deyib şadlığımıza şərik olanların çoxluğundan həzz almaq üçün. Əlbəttə, qürurvericidir. İstər dövlət  başçımızın çıxışlarındakı qətiyyətli mövqeyi, istər Azərbaycan əsgərinin bu qətiyyətdən də ruh alaraq göstərdiyi qəhrəmanlıqlar, istər illərlə həsrətini çəkdiyimiz torpaqlarda Azərbaycan bayrağının dalğalanması, o yerlərdən  azərbaycanlıların səsinin gəlməsi... O qədər izaholunmaz hissdir ki, yalnız paylaşmaqla rahatlıq tapırsan.

Məşhurlardan birinin fikridir:

"Dərdi tək də çəkmək olar, amma sevinc üçün iki nəfər gərəkdir".  Bəli, başadüşüləndir hisslərimiz. Yumruq kimi bir olduğumuz vaxtda sevincimizi də birgə yaşamaq istəyirik. Amma nəticə... Sosial şəbəkədə bölüşdüyümüz bu sevinc bəzən qatilə çevrilir axı... Hərbçilərimizin yerini, məkanını düşmənə təqdim etmiş oluruq axı... Bunu mən demirəm ey... Bunu hələ ilk gündən Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciətində  dönə-dönə  xatırladıb, izah edib, xahiş edib, ehtiyatlı davranmağa çağırıb. Mən də sizin biriniz. Bəlkə mən də hansısa görüntünü bilməyərəkdən paylaşmışam...  Amma buna son qoymaq lazımdır. Son günlər bəzi itkilərimizin məhz bizim bu səhlənkar addımlarımızın, paylaşımlarımızın ucbatından olduğu artıq sirr deyil. Sevincimizi niyə sonadək yaşamayaq, niyə onu kədərə, ağrıya çevirək? Bəlkə dayanaq? Bəlkə bir az hisslərimizi cilovlayaq? Bəli, biz Ordumuzun gücünə inanırıq, zəfər çalacağımıza əminik, əsgərlərimizə güvənirik. Düşmənin zəif olduğunu bilirik. Amma bu o demək deyil ki, düşmən yatıb və biz arxayın şəkildə istədiyimizi edə bilərik. Düşmən hiyləgərdir və itirməyə heç nəyi qalmadığı üçün daha da quduzlaşıb, daha da çox heyif çıxmağa israrlıdır. Və belə məqamda biz özümüz də hərbçilərimizi qorumaq üçün çalışmalıyıq. Bu isə çox asandır. Sadəcə barmaqlarımızı dinc qoyub, cəbhə ilə bağlı rəsmi mənbələrə aid olmayan videogörüntü və fotoları paylaşmamaq. Çətin deyil ki? Özünü odun-közün içinə atıb xəyallarımızı gerçəkləşdirən əsgərlərimizə qazandıqları zəfərin sevincini doya-doya yaşamaq şansı vermək... Axı, buna onların daha çox haqqı çatır.  Gəlin, öz sevincimizdən düşmənə pay verməyək!

 





28.10.2020    çap et  çap et