525.Az

"Doğma torpağın ruhunu eşitmək... " - El Romanın yazısı


 

"Doğma torpağın ruhunu eşitmək... " - <b style="color:red">El Romanın yazısı</b>

"Gərəkdir ki, əsgərin ardınca gedib bu yurdun qərib, hürkmüş künc-bucağını, dağılmış və dağılmamış evlərini, tikililərini baxışlarınla əzizləyəsən, onun don vurmuş qəddini açasan. Bu zaman sən görəcəksən, yox, sən hiss edəcəksən: odur, baxdığın yerdən sənin baxışına cavab gəldi. Səni tanıdılar. Sənin üzünə gülümsədilər. Bu zaman sən eşidəcəksən. Yox, bu eşitdiyin söz- filan olmayacaq. Sən torpağın ruhunu eşidəcəksən. Bu ruhun səsi hıçqırıq dolu bir pıçıltı olacaq. Bax, o pıçıltını eşidəndən sonra sən yaza biləcəksən" - Xalq yazıçısı Kamal Abdullanın bu sətirlərini oxuduqdan sonra şair və yazıçıların, xüsusilə də həmyaşıdlarımın ortaq yaralı yeri olan Qarabağı niyə tam ürəyincə təsvir edə bilmədiklərini daha yaxşı anladım.

Necə də qəribədir, gözlərini dünyaya açırsan, şüurun formalaşmağa başlayan kimi anlayırsan ki, yurd yerlərimiz, doğma torpaqlarımız işğal altındadır, Qarabağ ermənilər tərəfindən işğal edilib. Sonra işğal tarixlərini əzbərləyirsən, o dövrə aid videogörüntüləri izləyirsən və içindəki övladlıq-vətəndaşlıq məhkəməsində qərar çıxarırsan ki, "Qarabağ Azərbaycandır, işğal altındakı torpaqlar Azərbaycana qaytarılmalıdır". Öz içində qurduğun məhkəməyə o qədər inanırsan ki, bir gün verdiyin o qərarın icra ediləcəyinə, ədalətin bərpa olunacağına əmin olursan.

Dəfələrlə tale səni bu suallarla atəşə tutur: ümumiyyətlə, sən kimsən? Qarabağ sənin kimindir? Sən olmasan, Qarabağ olacaqmı? Ya da Qarabağ olmasa, sən olacaqsanmı? İçin içini yeyir, cavab atəşi ilə susdurmalısan, ancaq yaxşı da bilirsən ki, sən bu sualların cavabını təkcə o torpaqlarda verə bilərsən.
Deyirlər, hazırda o torpaqlara getmək çətindir. Yox, o torpaqlara getməkdən daha çətin şey varsa, o da getməməkdir, gedə bilməməkdir.

Boş yerə deməyiblər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Daşaltı çayının özündənrazı hərəkəti göz bəbəklərini, çıxardığı qürurlu səs qulağının pərdəsini sığallamasa, bu torpağı necə təsvir edəcəksən?

Kamal Abdullanın bu mövzuda narahatlıq doğuran və görünür, onun özünü də xeyli düşündürən suallara qəti bir cavabı var:

"Bəs bütün bunlar nə zaman sözə çevriləcək?! Nə zaman Ana Vətənin ölməz igidlər himnini söz xiridarları silah hay-küyünün kakafoniyasından arındırıb sakit, təmkinli, ötkəm, sərrast sözə çevirəcəklər?! Bu qəhrəmanların unudulmuş, simvollaşmamış halda qalmaları mümkündürmü?! Heç vədə! Heç bir zaman!"

Fikirləş ki, əslən Şuşadansan. Baban o torpaqda doğulub, atan o torpaqda böyüyüb. İllər əvvəl atanın uşaq yaşlarında martda Novruz şənliklərinin birində Cıdır düzündə qaçarkən yıxılıb dizini qanatması xatirəsini əzbər bilirsən. O torpaqları hələ nə qədər atanın gözlərindən seyr edəcəksən? Sənin gözlərin yoxdurmu? Sənin qanamağa dizin yoxdurmu? Sən isə doğulduğun gündən bu günə qədər heç vaxt görmədiyin o torpağın həsrətini çəkirsən. Əskik parçalarını dağıdılmış "Xan mağarası"nın, yerlə-yeksan edilmiş Pənahəli Xanın sarayının, Yuxarı Gövhər ağa məscidinin, Aşağı Gövhər ağa məscidinin, Xurşidbanu Natəvanın evinin, Molla Pənah Vaqifin məqbərəsinin qalıqları ilə bütövləşdirməsən, bu torpağı ideal şəkildə təsvir edə biləcəksənmi?

Böyük Kirs dağı kimi möhkəm olan ürəyin yumşalmasa, gözlərin İsa bulağına çevrilə biləcəkmi?
Ağırdır, çox ağırdır. Həkimi üçün ayrı, müəllimi üçün ayrı, fəhləsi üçün ayrı, şairi üçün ayrı ağırdır. Öldüyün günə qədər haqqının durmadan yeyildiyi ədalətsiz dünyada yaşamağın azmış kimi, sən hələ doğulmamışdan haqqının yeyilməsi qəbuledilməzdir. Ən azından, sən qəbul edə bilmirsən. Qəbul etməməlisən. Sənin övladların da həyata 0:1 geridə başlamamalıdır. Bu haqsızlıq onlara, ümumiyyətlə, gələcək nəsilə edilməməlidir. Sən bir şair olaraq Vətəninin, torpağının gözəlliklərini tam şəkildə təsvir etməlisən. Buna onillər boyu imkan verməyənlərdən isə qisas almalısan. "Qisasda həyat var" deyilir. Bütöv bir həyat. Biz indi öz həyatımızı birlikdə və bütöv yaşamağa, Vətən torpaqları haqqında bütöv düşünməyə, bütöv yazmağa başlamalıyıq.

Və bu fikirlərində də tamamilə haqlıdır Xalq yazıçısı Kamal Abdulla:
 
"Bax, bu olacaq bizim hər birimizin öz-özlüyündə və hamımızın birgə yazdığımız Qarabağ əsəri. Bax, bu olacaq müharibə ilə bağlı ürəyimizin qanı ilə yazılan şeirlər, hekayələr, romanlar, musiqi parçaları, rəsm əsərləri... Belə olmasa, alınmaz".

 





28.10.2020    çap et  çap et