525.Az

"2016-cı ildən bəri Bakıda mənim üçün maraqlı heç nə yox idi" - Müsahibə


 

ORXAN ƏLİBƏYOV: "UCQAR YERLƏRDƏ YAŞAYAN ŞAGİRDLƏRİN SAVADLI MÜƏLLİMLƏRƏ DAHA ÇOX EHTİYACI OLUR"

"2016-cı ildən bəri Bakıda mənim üçün maraqlı heç nə yox idi" - <b style="color:red">Müsahibə</b>

Kənd məktəblərində təhsil alan şagirdlərin savadlı müəllimlərə daha çox ehtiyacları var. Müəllimlik ixtisasına yiyələnlərin böyük əksəriyyəti isə həm şəraitə, həm də öz rahatlıqlarına görə daha çox Bakıda və ya hansısa şəhər məktəbində işləməyə üstünlük verirlər. Amma buna baxmayaraq, təhsilini başa vurub könüllü şəkildə əyalət məktəblərini seçən, ucqar kəndlərə üz tutan gənc müəllimlərimiz də az deyil. Hətta onların arasında elələri də var ki, işğaldan yenicə azad edilmiş kəndlərimizdə dərs demək üçün könüllü olaraq bölgələrə gedirlər. Onlardan biri də bugünkü müsahibimiz "Sonuncu Orxan" ləqəbi ilə tanınan şair Orxan Əlibəyovdur. Orxan Əlibəyov 1992-ci ildə Füzulidə dünyaya gəlib. Füzuli işğal olunduqdan sonra Bakıya gələn Orxan Əlibəyov orta məktəbi burada oxuduqdan sonra ali təhsilini Sumqayıt Dövlət Universitetində alıb. Hazırda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Novruz Aslanov adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənlərini tədris edir.


- Müəllim olmaq çoxdankı arzunuz idi? Necə qərar verdiniz?

- Düzünü desəm, ali məktəbi bitirdikdən sonra müəllim olmaq barədə heç düşünmürdüm. Hərbi xidmətdən qayıdıb bir müddət bankda işlədim. Özümü auditoriyada, şagirdlərin qarşısında dərs deyən müəllim kimi təsəvvür edə bilmirdim. Daha sonra ətrafdakı insanlar vasitəsilə müəllimlərin işə qəbul üçün imtahan verdiklərini öyrəndim. Gənc müəllimlərin ora axın etdiyini, işə qəbul prosesinin şəffaf şəkildə keçirildiyini gördükdən sonra məndə həvəs yarandı. İlk verdiyim imtahanın nəticəsini uğursuz olsa da, ikinci dəfə yüksək nəticə ilə işə qəbul olundum. Müəllim olduqdan sonra mənə çox sual verirlər ki, niyə bank işçisi kimi perspektivli bir sahədən çıxıb müəllimliyə getdim. Hər zaman deyirəm ki, bər-bəzəkli ofisdə oturmaq şərt deyil, hər bir insan özünü rahat hiss etdiyi yerdə işləməlidir. Həm də, məncə, insanın öz ixtisası üzrə işləməsi daha yaxşıdır.

- Bəs niyə məhz Cocuq Mərcanlı?

- 1993-cü ildən Bakıda yaşayırıq. Artıq 2016-cı ildən bəri Bakıda mənim üçün maraqlı heç nə qalmamışdı. Qısaca desəm, burada yaşaya bilmirdim. Ora getməklə bir növ məcara axtarışına da çıxmaq istəyirdim. Həm də hər bir insanın doğulduğu torpağa, kəndə qarşı bağlılığı olur. Mənim də doğulduğum kəndlə dərs keçdiyim kənd arasında 7-8 kilometr məsafə var. Orada özümü çox rahat hiss edirəm. İnsanların mənə qarşı münasibəti, şagirdlərimin sevgisi məni çox motivasiya edir. Həmişə ucqar kəndlərdə yaşayan şagirdlərin yaxşı müəllimə daha çox ehtiyacı olduğunu düşünürdüm. Cocuq Mərcanlıya getmək qərarı alanda da düşündüm ki, ordakı uşaqlara daha çox yenilik öyrədə bilərəm. Əlavə olaraq, Aprel döyüşləri də məni həvəsləndirdi.  Vətənə müəllimliklə də xidmət etmək olar. Ona görə də tərəddüd etmədən Cocuq Mərcanlıya getdim. İndi davam edən döyüşlər başlamazdan öncə Cocuq Mərcanlı Cəbrayılın işğaldan azad olunmuş yeganə kəndi idi. Mənim işlədiyim məktəblə düşmən postu arasındakı məsafə təxminən 700-800 metrdir. Amma buna baxmayaraq, insanlar arasında çox böyük ruh yüksəkliyi var.

- Məlumdur ki, kənd məktəblərində şərait Bakıdakı qədər yaxşı deyil, hansı çətinliklərlə üzləşirsiniz?

- Heç də elə deməzdim, çünki 2016-cı ildə işğaldan azad olunduqdan sonra Cocuq Mərcanlı kəndi yenidən quruldu. Çalışdığım məktəb isə zəngin kitabxanadan tutmuş elektron lövhəyə qədər bütün zəruri avandanlıqlarla təmin edilib.  Bir sözlə, maddi-texniki təchizat tərəfdən heç bir çətinliyimiz yoxdur. Hətta şagirdlərə məktəbli forması da pulsuz verilir. Valideynlər forma almaq problemi yaşamır.

- İlk getdiyiniz zaman nə hisslər keçirdiniz? Şagirdlərin sizə münasibəti necə oldu?

- Düşünürdüm ki, ilk zamanlar bir qədər çətin olacaq. Çünki şagirdlərin mənə necə münasibət göstərəcəklərini bilmirdim. Uşaq psixologiyası fərqlidir, xüsusilə yeniyetmələrlə işləmək çox çətindir. Şagirdlər etiraf edirlər ki, rəsmi geyimdə olduğum üçün məni ilk görəndə elə biliblər ki, nazirlikdən yoxlanış üçün gəlmişəm (gülür). Ancaq ilk gündən münasibətləri çox yaxşı oldu. Getdiyim ilk gündən etibarən hər bir şagirdimə fərdi yanaşmağa çalışıram. Məsələn, sinif rəhbəri olduğum sinifin şagirdləri ilə hər ay fərdi söhbət edir, onları dinləyir, düzgün istiqamətə yönləndirməyə çalışıram. Məncə, bütün sinif rəhbərləri belə etməlidir. Elina hadisəsindən sonra bir daha şahidi olduq ki, bu yaş dövründəki şagirdlərə fərdi yanaşmayanda sonu faciə ilə nəticələnə bilər. Bu, mənim üçün bir növ təcrübə oldu. Nəticədə, mən onlarla necə davranıramsa, onlar da mənimlə o cür xoş davranırlar. Fikrimcə, əgər elə olmasaydı, indiyə qədər orada qalıb çalışa bilməzdim.

- Müəllim olaraq şagirdləriniz üçün nə kimi yeniliklər etmisiniz?

- Müəllim kimi ilk fəaliyyətim 8-ci siniflərlə olub. Onların bilik və dünyagörüş səviyyələrini yoxlamaq üçün sorğu keçirdikdən sonra gördüm ki, yetərincə mütaliə ilə məşğul olan şagird var. Onların mütaliə bacarıqlarını daha da genişləndirmək üçün kitab müzakirələri təşkil etdim. Şagirdlərimin seçdiyi hansısa kitabı oxuyuram və birlikdə fikir mübadiləsi aparırıq. Məsələn, mənim bir şagirdim var ki, əvvəllər ailədaxili sıxıntıları olduğundan dərslərə həvəssiz yanaşırdı. Buna baxmayaraq, onda ədəbiyyata olan həvəsi hiss edirdim. Bir neçə dəfə təklikdə söhbət edərək onunla maraqlandıqdan sonra özü gəlib problemlərini mənə danışırdı. Onunla tez-tez Kafka, Viktor Hüqo, Dostoyevski və digər yazıçıların əsərlərini müzakirə edirdik. Bir dəfə onu motivasiya etmək üçün Feysbukda status paylaşdım. Statusda ədəbiyyatı sevən bir şagirdim olduğunu bildirərək yazdım:
 
"Kim ona kitab hədiyyə etmək istəsə, mənə müraciət etsin". Nəticədə, "Üç alma" nəşr evinin rəhbəri Arzu xanım şagirdlərim üçün 11 kitab göndərdi. Mən də həmin kitabları 1 iyun uşaqların müdafiə günündə şagirdlərə payladım.  Əlavə olaraq, pandemiya dövründə keçirilən onlayn dərslərdə şagirdləri həvəsləndirmək üçün şair, yazıçı Zahid Xəlillə görüş təşkil etdim. Onlayn  görüş ərzində şagirdlər Zahid Xəlillə uşaq ədəbiyyatı, dərsliklərdəki mətnlər və digər mövzularda söhbət edərək ona maraqlı suallar ünvanladılar.



- Şagirdlərin oxumaq həvəsi nə dərəcədədir? Heç valideynləri tərəfindən təhsildən yayındırılan şagirdiniz olubmu? Bu zaman nə etmisiniz?

- Belə hadisə ilə heç vaxt qarşılaşmamışam. Əksinə, valideynlərdən daha çox tələbkarlıq görürəm. Ümumiyyətlə, Cabrayıl rayonunun camaatının təhsilə qarşı marağı çox yüksəkdir.  Şagirdlərin oxumaq həvəsi çox yaxşıdır. Mən özüm də hər zaman təhsilin onların öz gələcəkləri üçün çox önəmli olduğunu izah edirəm.

- Müəllim olmaqla yanaşı, həm də şairsiniz. Deyirlər, vətən sevgisi şairə ilham verər, amma mövzu verməz. Şeiri yazmaq üçün o yerdə yaşamalı, xalqla iç-içə olmalıdır. Bəs sizdə necə, Cocuq Mərcanlıda yaşadığınız müddətdə şeir yazmısınız?

- Poeziya vaxt və diqqət tələb edən sahədir. Düzünü desəm, uzun müddətdir ki, tədris prosesi ilə əlaqədar olaraq, poeziyaya vaxt ayıra bilmirəm. Poeziya elə bir şeydir ki, özünün yaşayıb-yaşamamağından asılı olmayaraq mütləq şəkildə hansısa həyat predmeti sənə təsir etməlidir. Misal üçün, 2018-ci ildə məşhur fudbolçu Maradonanın həyatı haqqında sənədli filmə baxdıqdan sonra bir şeir yazdım. Şeiri sırf Maradonanın həyatından təsirlənərək yazmışdım. Amma çox insan elə bilir ki, özümün yaşadığım hadisələr əsasında yazmışam. Həm vaxtım olmadığı, həm də şeir yazmağım üçün mənə təsir edən bir hadisə baş vermədiyi üçün burda yaşadığım müddətdə şeir yazmamışam.

- Müəllim olmaq istəyənlərə və şagirdlərə nələr tövsiyə edərdiniz?

- Müəllim olmaq istəyənlərə ilk tövsiyəm odur ki, əlçatan yerlər axtarmasınlar. Sevgi hər zaman çətinlikdən yaranır. İşləməyə ucqar yerlərdən başlasalar, müəllimliyə qarşı da sevgiləri artaracaq. Və düşünürəm ki, ucqar yerlərdə yaşayan şagirdlərin savadlı, yeniliyə açıq müəllimlərə daha çox ehtiyacları var. Ona görə də, müəllimlər heç olmasa 3 il müddətində ucqar rayonlarda fəaliyyət göstərsələr, çox yaxşı olar. Çünki artıq şagirdlər də onların şəxsiyyətini aşağılayan ənənəvi müəllim tipindən beziblər, gənc, yaxşı müəllimlərə çox ehtiyacları var. Şagirdlərə nə qədər çox sevgi ilə yanaşsan, o qədər sevgi görərsən.

Aytac ASLAN

 





28.10.2020    çap et  çap et