525.Az

"Əhdim var, anamın qəbrini Böyük Mərcanlıya köçürəcəyəm" - Müsahibə


 

CƏBRAYIL RAYONUNDAN OLAN TANINMIŞ ŞAİR İSMAYIL İMANZADƏ: "SÖZ, POEZİYA OLMASAYDI, BƏLKƏ MƏN DƏ DÖZMƏZ, BU GÜNLƏRİ GÖRMƏZDİM"

"Əhdim var, anamın qəbrini Böyük Mərcanlıya köçürəcəyəm" - <b style="color:red">Müsahibə  </b>

Azərbaycan Ordusunun uğurlu əks-hücumu nəticəsində düşmən işğalından azad olunan yurd yerlərimiz sırasında Cəbrayıl rayonu və bu bölgənin onlarla kəndi də var.

Müsahibimiz - tanınmış şair, Azərbaycan Yazıçılar Birliyi Mingəçevir Bölməsinin sədri İsmayıl İmanzadə də Cəbrayıl rayonundandır və bu günlərdə o da doğma el-obanın azadlığa qovuşmasının sonsuz sevincini yaşamaqdadır.

İsmayıl müəllimlə Cəbrayıl rayonu haqqında, ömrünün ən gözəl çağlarının keçdiyi o yerlərin işğaldan qurtuluşun təəssüratı barədə söhbətləşdik. 

- İsmayıl müəllim, hər şeydən öncə Cəbrayılın işğaldan azad olunması münasibətilə bir cəbrayıllılı kimi sizi təbrik edirik. Gözünüz aydın olsun. Nələr hiss edirsiniz?

- Belə bir söz var, sonuncu ümid öləndə insan həyatdan əlini üzür. 27 il az müddət deyil. Getmək mümkün olmasa da, eşidirdim ki, onlar bizim torpaqlarımızda Araz boyu xurma, üzüm, nar bağları salırlar, öz dədə malları kimi istifadə edirlər. Adam istər-istəməz içində düşünürdü ki, bu lənətəgəlmişlər deyəsən, yerlərini möhkəmlədiblər. Torpaq qeyrətdir, namusdur, millətin gələcəyi, varlığı, babalarımızın gorgahıdır.

Burda təxminən 500 nəfərdən artıq Cəbrayıldan məcburi köçkün düşən insan var. Həmişə onlara ümid verirdim, özüm də ümid edirdim. Xəbəri eşidəndə inanın ki, illərlə anasına həsrət qalan uşaq onu bağrına necə basırsa, mən də xəyalən gəncliyimdə gəzdiyim, hər daşına, cığırına bələd olduğum o torpağı bağrıma eləcə basdım. Doğulduğum Böyük Mərcanlı kəndi rayonun ən böyük kəndlərindən biridir. Çox məhsuldar torpağı vardı. Biz tərəkəmə idik. O torpaq bizim ulu torpağımız olub. İndi də gözümü yumub o kəndləri, yerləri sıra-sıra xatırlayıram. Kəndimizdə 2600-ə yaxın ailə, 13 minə yaxın əhali var. Təkcə öz elim üçün deyil, azad olunan bütün torpaqlarımız üçün çox sevinirəm. Dörd il öncə Aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi azad olunanda oraya getdim, fikirləşdim ki, burdan kəndimə cəmi 7 kilometrdir. Öz yurduma kənardan baxmalıyam. Bu qovuşma anlarını həmişə yuxularımda yaşayırdım. Hər zaman elinə, yurduna bağlı, həm də el arasında sevilən olmuşam.

Cəbrayılın alındığını və ordumuzun müxtəlif istiqamətlərdə irəlilədiyini eşidən kimi onun haqqında yazı yazacaqdım. Amma adam sevinəndə donub qalır. Cəbrayıl rayon icra başçısının müavini Fəridə xanım zəng edib gözaydınlığı verəndən sonra dedi ki, istəyirik, sevincinizi oxucularla paylaşan bir yazı yazasınız. Dedim, yazaram. Gəldim, yazdım, eyni zamanda, "Əsgərə xitabən" və "Türkiyə-Azərbaycan" şeirlərimi də ayrı-ayrı parçalarla əlavə elədim və imza qoydum: "Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir Bölməsinin sədri, keçmiş Cəbrayıl rayon məcburi köçkünü". İlk dəfə idi orda "keçmiş" sözünü yazdım. Yazı 15-dən çox mətbuat orqanında çıxdı, adı "Yurd vüsalı ayrılığın sonuymuş". Bu 27 ildə bir gözüm gülüb, biri həmişə ağlayıb. Çox nadir hallarda ürəkdən gülmüşəm.

Cəbrayıldakı evimizdə çox yazıçılar, şairlər qonağım olublar, Cəbrayılı gəzmişik, məktəblərdə, rayon mərkəzində ədəbi görüşlər keçirmişik. Şeirlərimin çoxu yurd həsrətli, nisgillidir. Dünyanın dörd bir yanından dostlar, tanışlar zəng edib təbrik edir, deyirlər ki, daha nikbin şeirlər yazarsan. İnşallah, daha qələbə ruhlu şeirlər yazacam, ordumuzu vəsf edəcəm. Allah Azərbaycanı və mənəvi dəstəyimiz Türkiyəni var eləsin.

- Azad olunan kəndlər arasında Sirik də var. Bilirik ki, o kəndin də sizin həyatınızda mühüm yeri olub. Bizim kimi oraları görməyənlər üçün Siriki necə tanıdarsız?

- Deyərdim ki, Sirik Cəbrayılın ən möcüzəli yerlərindən biridir. Siriyi heç vaxt görməmişdim, amma adamlarını tanıyırdım, çox vuran-yıxan, cəsur insanlar idilər. Sonradan Sirik çox şəhidlər verdi. Mən oranı pioner düşərgəsinə gedəndə tanıdım. Sirikdə meşə kəndin üst tərəfindədir. Kəndlə arası heç yüz metr deyil. Kənd yamacdadır, dərə boyu yerləşir. Yaz vaxtı getmişdik. Gördük ki, hər yan çəmən, bulaqdır, çiçək əlindən tərpənmək olmur. Dərədən də Sirik çayı axır. Hər tərəfi qarışıq meşə və qayalar idi. Qala dağının başında Sirik qalası vardı. Onun tarixini İslamdan da öncəyə aid edirlər. Qalanın başı sonradan bir az dağılmışdı. Deyirdilər ermənilər dağıdıb.

Kənd adamlarının özünəməxsus ləhcəsi var. Ağsaqqala, ağbirçəyə çox böyük ehtiram göstərirlər. Deyərdim, dünyanın ən qızğın futbol azarkeşləri Sirik cavanları idi. Yamacda balaca futbol meydançası vardı. Sirik həm də dini-mənəvi mərkəz idi. Çələbi Hacı Qaraman babanın ocağı orda idi. Cəbrayıl camaatının hamısı ona inanırdı. Onun orda məscidi, mədrəsəsi vardı. Şair Molla Vəli Vidadi bir müddət həmin mədrəsədə işləyib. Sirik Azərbaycanın özünəməxsus gözəlliyi olan kəndlərindən biridir. Orda mənim ən gözəl günlərim keçib. Oranın havası o qədər soyuq idi ki, yayın qızmar vaxtlarında yorğansız yatmaq mümkün deyildi. Bulaqlarının buz kimi suyu vardı. Siriyin əvəzi yox idi. O kəndin bir qəribəliyi də Novruz adətləri idi. Cəbrayılda yeganə kənd idi ki, özlərinə məxsus tərzdə keçirirdilər. Tamaşa, oyun kimi idi. Şah seçir, dar ağacı düzəldirdilər, fərraşları olurdu. Şərtləri də bu idi ki, şah nə vaxt gülümsəsə, taxtdan enməlidir. And içirdilər ki, orda bir kişi olub, 40 il onu taxtından düşürə bilən olmayıb. Çünki çox ciddi insan imiş.

İşğaldan sonra onların bir qrupu Beyləqanın Örənqala kəndində toplaşdılar. Ora əvvəldən onların məskəni idi, bir hissəsi oradaydı. Sonradan digər qismi də oraya getdilər.

- Bayaq adını çəkdiyiniz pioner düşərgəsindən nələr yadınızda qalıb?

- Deməli, 1981-ci ilin may ayında rayonun birinci katibi Fikrət Vəlixanov məni çağırdı. Qurucu, çalışqan insan idi. Cəbrayılı çox gözəl abadlaşdırmışdı. Dedi ki, Sirikdə uşaq pioner düşərgəmiz var. İndiki dillə desək, uşaq-gənclər istirahət mərkəzi. O düşərgədə vəziyyətin yaxşı olmadığını, dağıldığını bildirdi. Sonra da əlavə elədi ki, büronun qərarıyla məni ora göndərir. Dedim, mən yaradıcı adamam, işlərimə mane ola bilər. O da dedi ki, partiyanın adından bir əsgər kimi göndərirəm. Razılaşdım. Sadəcə xahiş elədim ki, icazə verin, özümlə inandığım adamları aparım.

Düşərgə ikinövbəli idi, bir növbədə 250-dən çox uşaq olurdu. Avqustun axırına, məktəb açılana yaxın yekunlaşdırırdıq. Orda 4 il işlədim. Həyatımın ən enerjili vaxtını orda keçirdim. Əvvəldən yazı-pozu əhli kimi insanların mənə etimadı vardı. Orda da öz övladlarını mənə etibar edirdilər. Müxtəlif siniflərdə oxuyan uşaqlar vardı. Uşaqlarla bizim yediklərimiz eyni qazandan olurdu, çox yaxşı təmin olunurdular. Nəzarət, səliqə-səhman yüksək səviyyədə idi. Hər yay pedaqoji təmayüllü institut və texnikumların 2-3-cü kurs tələbələri ora təcrübəyə gəlirdilər. O illərdə bizim Sirikdəki pioner düşərgəmiz ölkəyə səs saldı. Mətbuatda dəfələrlə haqqımızda silsilə məqalələr çıxdı. Rayon qəzetində bizim üçün daimi rubrika açılmışdı.

- Müharibədən sonra oraya qayıdanda yenidən belə bir düşərgə yaratmaq istərdinizmi?

- Əlbəttə. Yol açılan kimi qayıdacam və imkan olsa, ona bənzər düşərgəni yenidən yaradacam. Orda biz "Ümid" ədəbi klubu yaratmışdıq, sədri mən idim. Rayon avqustda işğal olundu, maya kimi ayda bir dəfə toplaşardıq. Bakıdan qonaqlarımız da olurdu. Məclis iştirakçılarının ədəbi nümunələrini ölkənin ən tanınmış mətbuat orqanlarında verirdik. Vaxtilə orda olanların 14 nəfəri sonradan Azərbaycan Yazıçılar Birliyinin üzvü oldular.  Köçkünlük zamanında Mingəçevirdə Birliyin bölməsinin açılması da sanki onun davamı kimi oldu. Bu, mənə qucaq açan Mingəçevirə töhfəm oldu. İkinci töhfəm isə 2008-ci ildə çap etdirdiyimiz "Mingəçevir leysanı" adlı jurnal oldu. Üç ayda bir dəfə çıxırdı. Jurnalın 3, 5 və 10 yaşlarını həm burda, həm də Bakıda birliyin “Natəvan” klubunda keçirdik. Həmin vaxt üç almanax da buraxdıq: "Aranın söz sovqatı", "Uzaqdan gələn səs" və "Bir ocağın şöləsiyik". Sonradan jurnalın adını dəyişdik, "Bənövşə" elədik. İki il yarımdır, jurnal bu adla çıxır. İndi də, inşallah, ömür vəfa eləsə, Cəbrayıla qayıdıb həm yenidənqurma işlərində iştirak edəcəyik, həm də bu ədəbi işlərimizi davam etdirəcəyik.

- Cəbrayıla qayıdanda ilk gedəcəyiniz yer hara olacaq?

- Kəndimizə - Böyük Mərcanlıya gedəcəyəm. Bilirəm ki, orda heç nə qalmayıb, amma olsun, dünya malı dünyada qalır. Ömür vəfa eləsə, o evimizi təzədən tikəcəm. Ordan Çoban bulağına qalxacam. Onun suyundan ovuclayıb içəcəm. Atamın, babamın qəbirləri Cəbrayıldadır. Onların qəbrini tapacam, ruhlarına dua oxuyacam. Nəslimizdən 14, kəndimizdən isə 100-dən artıq şəhid var. Anam, bacılarım, qardaşım isə köçkünlük zamanında dünyasını dəyişdilər. Əhdim var, dövlətdən icazə alıb, anamın qəbrini doğma kəndimizə köçürəcəyəm. Vətəndə qərib olmaq böyük bəladır. Qərib qəbir isə insanı daha çox yandırır. Söz, poeziya olmasaydı, bəlkə mən də dözməz, bu günləri görməzdim. Çünki dərdimi, nisgilimi sözə yüklədim. Söz mənim dərdimdən çat-çat oldu. Tək özümün yox, bütün bu xalqın dərdini sözlə ifadə elədim həmişə.

Sonra da maşınla gedəcəyəm Cəbrayılın mərkəzinə. Cəbrayılda 150-dən çox tanınmış bulaq, 60-dan çox kəhriz vardı. Onların hamısını ziyarət edəcəm, dost-tanışa baş çəkəcəm, sevincimizi birgə bölüşəcəyik.

- Sirikdən sonra Turşsuya da bir şey qalmayıb...

- Bəli, ordan ora nə yoldur ki? İnşallah, tezliklə oraların da azadlıq xəbərini alacağıq. Sirik dağın döşündə idi, meşənin üst tərəfində o zonanın ən böyük dağı olan "Ziyarət" dağı yerləşirdi. Ordan Kirs, Şuşa sanki ovcunun içində imiş kimi görünürdü. Deyirdilər ki, həmin dağdan Şuşaya at yoluyla 18, hava yoluyla isə 8 kilometr məsafədir.

Həmişə deyirəm ki, Cocuq Mərcanlının qədəmləri yüngül oldu. Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı azad edildi. Digərlərinə də lap az qalıb. İnşallah, Laçın dəhlizi də azad ediləndən sonra qələbə bizim olacaq. Allah şəhidlərimizə rəhmət eləsin! Ali Baş Komandanımıza Allah cansağlığı versin. Əsgər və zabitlərimizə bütün Azərbaycan xalqı kimi mən də minnətdaram. Eyni zamanda, Türkiyə başda olmaqla, bizi dəstəkləyən ölkələrə təşəkkür edirəm.

Qəmər YUNUSOVA
Şahanə MÜŞFİQ

 





28.10.2020    çap et  çap et