525.Az

Yaxşı mühitdə yaşamağın düsturu - Müsahibə


 

TƏHSİL PSİXOLOQU HÜSEYN HƏSƏNOV: "YAXŞI MÜHİTDƏ YAŞAMAQ İSTƏYİRSƏNSƏ, O MÜHİT ÜÇÜN ÖZ TÖHFƏNİ VERMƏYƏ DƏ HAZIR OLMALISAN"

Yaxşı mühitdə yaşamağın düsturu - <b style="color:red">Müsahibə</b>

Hüseyn Həsənov ingilis dili müəllimi, təhsil psixoloqudur. Həm moderatorluğu, həm dağçılıqla məşğul olması, həm də təhsil sahəsindəki fəaliyyəti ilə fəal həyat tərzi yaşayan və örnək müəllim modeli olan Hüseyn müəllim həm də müharibə dövründə etdiyi bir təşəbbüslə tanındı.

O, "Əsgərə məktub" layihəsi ilə arxa cəbhədən ön cəbhəyə uzanan mənəvi bağları hər birimizə əyani şəkildə göstərmiş oldu. Bəs nədir bu layihənin məğzi? Bu ideya ilə məktəblilər, azyaşlılar cəbhə bölgəsində düşmənlə üz-üzə dayanan igidlərimizə məktublar yazır, onlara olan inam və dəstəklərini ifadə edirlər.
 
Hüseyn müəllim şagirdlərinin, başqa azyaşlıların, hətta böyüklərin yazdıqları bu məktubları toplayıb əsgər sovqatı ilə birlikdə cəbhəyə aparır. Beləcə, bu məktublar son bir ayda bütün xalqın döyünən ürəyinin cəbhədə, əsgərlərimizin yanında olduğunu onlara bir daha xatırladır.

Əsgərlərimiz bir daha əmin olurlar ki, bu sınaq günlərində, səngərlərdə tək deyillər, kiçikdən-böyüyə hər bir azərbaycanlının duaları, sevgisi onlarladır.

Hüseyn Həsənovla söhbətimizi təqdim edirik. 

***

- Hüseyn müəllim, son günlər hamı sizin göstərdiyiniz bu gözəl təşəbbüsdən danışır. "Əsgərə məktub" ideyası necə yarandı?

- Tarixə düşəcək bu günlərin şahidi olmaq bizə bir çox hissi eyni anda yaşadır. Yeri gəlir çox sevinir, yeri gəlir kədərlənirik. Amma əsasən qürur duyuruq. Bu günlər arxa cəbhə olan bizim də üzərimizə düşən müəyyən məsuliyyətlər var. Dövlətimiz Ordumuzun lazım olan bütün ehtiyaclarını yüksək səviyyədə təmin edir. Buna baxmayaraq, bizim hər birimiz bu mücadiləyə xalq olaraq mütləq bir töhfə vermək arzusundayıq və bu arzu hər keçən gün daha da artır. Biz də iş yoldaşlarımla birlikdə bu istiqamətdə nələr edə biləcəyimizi götür-qoy edərkən belə bir fikir yarandı. Qərara gəldik ki, əsgər məktubları ilə cəbhədə mücadilə verən döyüşçülərimizə mənəvi dəstəyimizi göstərə bilərik. Əslində, mən Türkiyədə işlədiyim dövrdə buna bənzər bir təklif hazırlamışdım, amma müəyyən səbəblərdən qəbul olunmamışdı. O layihənin adı da "Uzaqdakı əllərimiz üşünəsin" idi. Şəhərdəki uşaqlar aldıqları əlcəklərin içinə məktub yazıb qoyur, ucqar kəndlərə göndərəcəkdilər. İnsanın əskik tərəfi hər zaman təkcə maddiyyatla bağlı olmur. Mənəvi çatışmazlıqlar da olur. Hətta deyərdim ki, əksər hallarda mənəvi çatışmazlıqlar daha çox və daha böyük olur. Bizim bu ideyamızın da mahiyyəti eyni idi: maddi dəstəyə ehtiyacı olmayan hərbi heyətə xalqın dəstəyini, sevgisini, səfərbərliyini, şükranlığını göstərmək istədik və görünən odur ki, alındı.

Onu da qeyd edim ki, haqqında danışdığım digər layihə hələ də nəzərimdədir, bəlkə də, onu da bu qış həyata keçirdik. Təbii ki, yenə məktublarla. Bu gedişlə adım poçtalyon qalacaq (gülür).

- Həm də bu məktubları cəbhəyə şəxsən özünüz aparırsınız. Və beləcə, əsgərlərin məktublara reaksiyalarını da müşahidə etmiş olursunuz.

- Bəli, o anı ilk dəfə görəndə "Nə yaxşı ki, bunu etdik", dedik. Bax, bizə "nə yaxşı ki..." dedizdirən o mənzərə, artıq bu təşəbbüsün davam edəcəyinə bir xəbərdarlıq idi. Məktubları bəzən şəxsən əsgərlərə paylayırıq, əllərinə alar-almaz açıb oxuyurlar. Kövrələn də olur, təsirlənən də, balacaların yazdıqları maraqlı məktubları oxuyub sevinənlər də... Hətta "müharibədən sonra bu məktubu laminasiya edib evdə divardan asacam" - deyən də olub. Bəzən də məktubları əsgərlərimiz postdan qayıdanda versinlər deyə, zabitlərə əmanət edirik.

Bir dəfə biz məktubları təhvil verəndə, bir gizir də öz cibindən bir məktub çıxardıb oxudu. Yəqin ki, başqaları da gətirmişdilər və görünür, o, həmin məktubu cibində daşıyırmış. Bu zaman gizirin gözlərindəki işıltını görən dostumla bir-birimizə baxdıq və göz-gözə gəldik. O an bir daha məktubun, mənəvi dəstəyin nə qədər yerinə düşdüyünü, bunun önəmini anlamış olduq.



- Siz həm də, bu layihənizlə böyüklü-kiçikli insanlar arasında ürəkdən-ürəyə olan bağları əyani formada göstərməyin yolunu tapmış oldunuz. Belə bir təşəbbüsü ancaq içində həqiqi vətən sevgisi daşıyan insanlar edə bilərdilər. Bu baxımdan, həmin ideyanın ağlınıza gəlməsi də təsadüfi deyil. Bir müəllim, psixoloq, pedaqoq kimi, sizin üçün vətən nə ifadə edir və gənclər üçün onun nə ifadə etməsini istəyərdiniz?

- Əvvəla, vətənpərvər olduğumu ifadə etdiyiniz üçün təşəkkür edirəm və ümid edirəm ki, dediyiniz həqiqəti əks etdirir. Vətən deyiləndə ağlıma ilk gələn ana torpaq və qürurdur. Torpaqlarımızın işğaldan azad olunması bizlərə sözlə ifadə oluna bilməyəcək bir qürur verir.

Mən azyaşlılara, məktəblilərə vətən anlayışını, xüsusilə də bu günlərdə müharibəni uyğun dillə izah etməyə çalışarkən, onlara aid hər hansı bir əşyanı əllərindən alıram və indi nə edəcəyini soruşuram. Təbii olaraq, cavabları, "səndən geri alacam", - olur. Bəs verməsəm? - deyə soruşuram, yenə də alacağıq, deyirlər. O zaman onlara deyirəm ki, bu gün bizim əsgərlərimiz də məhz bunu edirlər, bizə aid olan əraziləri düşməndən geri alırlar. Onlara izah etməyə çalışıram ki, biz haqqımız olan üçün savaşırıq və haqqımızı alırıq. Bu yolla mən onlara iki mesaj vermiş oluram: əsla haqqın olmayana əl uzatma və əsla haqqın olana əl uzatdırma! Şagirdlərin də vətənimizə, ana torpağımıza qürurumuzun mənbəyi kimi baxmalarını istəyirəm. Mən, mənə aid olanı sevirəmsə, onun hər zaman yüksək tutulmasını istiyərəm və bunun üçün çalışaram. Şagirdlər də vətəni bu cür sevərlərsə, onun bayrağını hər zaman yüksəklərdə dalğalandırmağa çalışarlar. Bəs nədir vətəni yüksək tutmaq? Baxın, elə əsas məsələ də budur. Vətən haqqında 7 səhifə inşa yazmaqdırmı vətənpərvərlik? 13 bənd şeiri əzbərdən bilməkdirmi? Yaxud, işğal tarixlərini əzbərdən bilməkdirmi? Əlbəttə, onların da olması bu uca hissə bir xələl gətirməz, ancaq bu bilgilərlə məhdud qalanda vətənpərvərlik anlayışı bərk ayaqda heç bir işə yaramayacaq. Çalışmalıyıq ki, övladlarımıza, şagirdlərimizə, tələbələrimizə, gənclərimizə vətənpərvərliyi daha geniş prizmadan izah edək ki, 3-5 şeir, inşa və pafoslu cümlələrin içində itib batmasınlar. Vətənpərvərlik ən sadə formada, vətəninin işinə yaramaq, ortaya vətəninə fayda verəcək bir iş qoymaqdır və öz işini haqqı ilə, vicdanla yerinə yetirməkdir.

- Hüseyn müəllim, indi sizin qonaq olduğunuz bu layihəmizin mövzusu gənc nəsildə milli mənlik şüurunun düzgün inkişaf etdirilməsi ilə bağlıdır. Bu günlərdə sizin bu istiqamətdə verdiyiniz əmək göz qabağındadır. Amma mən yenə də bu sualı sizə vermək istəyirəm: bu mövzuda ümumilikdə başqa nələr etmək olar və edilməlidir?

- Düşünürəm ki, əvvəlki sualın cavabında da bu mövzuya qismən toxundum. Bu mövzuya daha ətraflı yanaşsaq, deyə bilərəm ki, bizim birinci məqsədimiz əvvəlcə bu cəmiyyət üçün faydalı insan yetişdirmək, şəxsiyyət formalaşdırmaq olmalıdır. Buna fokuslanmalı, bunun üçün çalışmalıyıq. Əsas məqsədimiz düzgün insan yetişdirmək olmalıdır. Çünki bir vətəndaş yaxşı insan deyilsə, o, yaxşı vətənpərvər də ola bilməz. Düzgün şəxsiyyət kimi formalaşmayan bir insanın səmimi və adekvat bir vətənsevər olmaq ehtimalı da yoxdur. Buna görə də, əvvəla, sadaladığım bu ilk pillələri qoymaq, daha sonra isə növbəti pillə olan vətənpərvərliyi aşılamaq lazımdır. İnsanın vətənpərvərlik anlayışının özülündə bir fikir dayanmalıdır: yaxşı cəmiyyətdə, mühitdə yaşamaq istəyirsənsə, o mühit üçün öz töhfəni verməyə də hazır olmalı və bunun üçün çalışmalısan. Bu arzunun düsturu budur və biz bu düsturu gənc nəsilə aşılamalıyıq.

Əgər toxum əkməsən, nəyin barını dərəcəksən? Vətən də elədir. Onun üçün nəsə edəcəksən ki, qarşılığında istədiyin kimi, azad, hürr yaşaya biləsən. Düşünürəm ki, istər şəxsi həyatda, istərsə də dövlət səviyyəsində azad, hürr, kimsənin haqqını yemədən və öz haqqını kimsəyə yedizdirmədən yaşamaq istəyi insanın şüurunda olmalıdır və biz də gənclərə bunu aşılamalıyıq.

- Hüseyn müəllim, layihənizdən bol-bol danışdıq. İstəyirəm, bir az da sizin özünüzdən danışaq. Siz həm pedaqoq-psixoloqsunuz, eyni zamanda, öz zövqlərinizi, həyat tərzini gündəlik yaşayışınıza əks etdirməyi bacaran birisiniz. Ümumilikdə Azərbaycan təhsil sistemi üçün siz yeni tip müəllim modelisiniz. Yəni təkcə danışmaqla yox, elə duruşunuzla da özünüzü ifadə etməyi bacarırsınız. Bir müəllimin bu cür xüsusiyyətlərə sahib olması şagirdlərinə necə sirayət eləyir?

- Haqqımda dediyiniz fikirlər məni utandırdı. Bu dediklərinizi yaşayan bir müəllim yeniliyə açıq, hər bir fikrə adekvat yanaşan, tənqidə qucaq açan bir insan, bir müəllim modelidir. Ümid eliyirəm ki, mən həmin göstəricilərə uyğun biriyəm. Əslində, bu görünüşümün, bu yaşam tərzimin bir məqsədi də "belə də olur" demək üçündür. Beləcə bu ruh halı, bu yanaşma şagirdlərə də ötürülmüş olur. Necə ki, mən uşaqlıqda qızların saçını dartıb qaçırdımsa, onlar da mənim saqqalımı dartıb qaça bilirlər (söhbət üçüncü siniflərdən gedir). Həmin şagirdlərlə bir neçə dəqiqə sonra daha ciddi bir şəkildə dərsə başlayanda onlar başa düşürlər ki, hər şeyin öz yeri və zamanı var. Şagirdlərdə öz əksini tapmasını istədiyim xüsusiyyət doğru üslubla tənqid etməyi və sorğulamağı bacarmaq qabiliyyətidir. Bu model onlara daha geniş bir baxış tərzi ilə daha geniş bir üfüqü görə biləcəklərini göstərmək üçündür və ümid edirəm ki, mən bunu göstərə bilirəm.

Natəvan ABDULLAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





28.10.2020    çap et  çap et