525.Az

Moldovada Rusiya-ABŞ qarşıdurması


 

Moldovada Rusiya-ABŞ qarşıdurması<b style="color:red"></b>

Noyabrın ilk günü Moldovada prezident seçkiləri keçiriləcək. Oktyabrın son günü Gürcüstanda keçiriləcək parlament seçkiləri kimi, Moldovadakı prezident seçkisinin nəticəsi də geosiyasi nəticələr doğura bilər.

Moldovada əsas rəqabət Moskvayönümlü hazırkı prezident İqor Dodonla müxalifətin əsas təmsilçisi, Qərbyönümlü sabiq baş nazir Mayya Sandu arasında gedəcək. Sorğu mərkəzlərinin namizədlərdən birinə rəğbət bəsləməsi gerçək vəziyyətin üzə çıxmasına imkan vermir. Moskvaya bağlı rəy sorğu mərkəzlərinin keçirdiyi sorğuların nəticələrinə görə, İqor Dodonu seçicilərin 32 faizi, Mayya Sandunu isə 19-20 faizi müdafiə edir. Qərbyönümlü sorğu mərkəzlərinin araşdırmasına görə isə Mayya Sandu ilə İqor Dodon arasında fərq çox kiçikdir. Bütün rəy sorğularının ümumi cəhhəti isə ondan ibarətdir ki, yeni prezidentin seçkinin birinci turunda müəyyən olunacağı şübhə doğurur. Çünki namizədlərdən heç biri seçicilərin yarısında çoxunun səsini qazana bilməyəcək. Seçkinin ikinci turunda isə qalibin kimliyini Andrey Nestase, Renato Usatı və Violetta İvanovanın tərəfdarlarının kimə səs verməsi müəyyən edəcək. Rəy sorğularına görə, seçicilərin 9 faizi Andrey Nestaseyə, 6 faizi Renato Usatıya və 5 faizi Violetta İvanovaya rəğbət bəsləyir. Bu şəxslərin tərəfdarlarının seçkinin ikinci turunda kimə səs vermsi seçkinin qalibini müəyyənləşdirəcək. Andrey Nestasenin Mayya Sandu ilə münasibətlərinin gərgin olduğuna görə bəzi təhlilçilər bu amilin İqor Dodonun xeyrinə işləyə biləcəyini qeyd edirlər. Lakin Andrey Nestasenin tərəfdarlarının Avroatlantik strukturlara inteqrasiya tərəfdarı olmalarını əsas hesab edən təhlilçilər bu amilin Mayya Sandunun xeyrinə işləyəcəyini proqnozlaşdırırlar. Ümumiyyətlə, əksər təhlilçilər hesab edir ki, seçkinin ikinci turunda Mayya Sandu kiçik fərqlə önə çıxacaq. Təhlilçilərə görə, son zamanlar Belarusda baş verən proseslər də Moldova cəmiyyətinin ictimai rəyinə təsir edir. Moskvanın Aeksandr Lukaşenkoya dəstək verməsi Moldovada antirusiya əhval-ruhiyyəsini gücləndirir. Əgər noyabrın ilk gününə kimi Belarusda proseslər daha sərt xarakter almağa başlasa, Rusiyanın Moldovadakı mövqeləri də zəifləyəcək. Belarusda isə artıq ümummili tətilllər başlayıb.

Moskvada hesab edirlər ki, Belarus və Moldovadakı anti-Rusiya hərəkatının arxasında Qərb dövlətləri, xüsusilə ABŞ, Polşa və Rumıniya dayanır. Moskvanın rəsmi dairələri Qərbin Moldovada "rəngli inqilab" hazırladığını da güman edirlər. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi Sergey Narışkinə görə, Qərb, xüsusilə də ABŞ Rusiya ilə həmsərhəd ölkələrdə etirazlar təşkil etməyə başlayıb. Narışkinin sözlərinə görə, ABŞ Dövlət Departamenti Kişinyovdakı səfirliyə göndərdiyi təlimatda Moldova müxalifətini hazırkı prezident İqor Dodonun qalib gələcəyi ehtimalına qarşı indidən kütləvi etiraz aksiyalarına hazırlaşmağa sövq etməyi tapşırıb.

Rusiyayönümlü siyasətçi kimi tanınan hazırkı prezident İqor Dodon isə Belarusdan fərqli olaraq Moldovada hakimiyyət əleyhinə böyük narazılıqların olmadığı qənaətindədir. Eyni zamanda, İqor Dodon da Qərblə qarşıdurmanın Moldova üçün çox ağır nəticələr doğura biləcəyinin fərqindədir. Ona görə də, o, daha çox həm Qərblə, həm də Moskva ilə yaxşı münasibətlərin yaradılmasının tərəfdarı kimi çıxış edir. Rusiyanın dörd il əvvəlkindən fərqli olaraq indi daha zəif olduğunu, Moskvanın Moldovaya iqtisadi dəstək vermək imkanında olmadığını aydın dərk edən İqor Dodon Qərb əleyhdarı kimi görünmək istəmir. Əksinə, son zamanlar İqor Dodonun Avropa paytaxtları ilə təmaslarının artdığı aydın görünür. İqor Dodonala yanaşı, əvvəllər açıq Rusiyayönümlü mövqeyi ilə seçilən bir çox siyasi qüvvələrin də Qərblə əməkdaşlığın zəruriliyi haqqında daha çox danışmağa başlamaları müşahidə olunur. Bu isə heç şübhəsiz, Avroatlantik strukturlara inteqrasiyanın tərəfdarı olan qüvvələrin mövqelərini daha da gücləndirir.

Müşahidələr onu göstərir ki, İqor Dodon seçkinin qalibi elan edilsə, Moldovada kütləvi etiraz aksiyaları başlayacaq. Bu, Rusiyanın Qərb sərhədləri boyunca sabitliyin tamamən pozulması demək olacaq. Moskvada isə belə bir narahatlıq mövcuddur ki, Azərbaycanla Ermənistan arasındakı müharibə Rusiyanın diqqətini Qərb sərhədlərindən yayındırır və bundan istifadə edən ABŞ Ukrayna, Belarus və Moldovanı tamamilə nəzarət altına ala bilər. Buna görə də ekspertlər rəsmi Kremlə xəbərdarlıq edirlər ki, Rusiyanın maraqları üçün ağır nəticələr doğura biləcək addımdan - Azərbaycanla Ermənistan arasındakı müharibəyə qarışmaqdan çəkinsinlər. Əks təqdirdə, Moskvanın diqqəti Qərb sərhədlərindən yayınacaq və ABŞ Ukrayna, Belarus və Moldovanı Rusiyadan qoparacaq.

 





28.10.2020    çap et  çap et